Mirzəyevçilik - ən yüksək
vətənpərvərlikdir
Dünən igid komandir Şirin Mirzəyevin
şəhid olduğu gün idi... 18 iyun! Bu gün vicdanı, əməlləri,
düşüncəsi, arzuları, bütövlükdə
varlığı Azərbaycan adlı bir Vətənin, bir
millətin məcmusu olan, bugünkü müstəqil Azərbaycan
dövlətinin milli ordusunun ilk yaradıcısı, 836
saylı Ağdam ərazi özünümüdafiə
alayının komandiri, döyüş fədakarlığının
və igidliklərinin, hərbi savadının, düşmənə
qarşı nifrət və qəzəbinin əvəzi olmayan
Vətənə sədaqət timsalı olan, Azərbaycanın
Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli
oğlu Mirzəyev şəhid olduğu gündür.
Şirin Mirzəyevin- xalqına sadiq əsl
vətəndaş olan bir insanın, çox da uzaq olmayan
tariximizi öz qəhrəmanlığı ilə zənginləşdirən,
bəzəyib-düzəyən, öz həyatının Vətənə
məxsusluğunu sözü və əməli ilə bariz
şəkildə göstərən, şərəfli
ölümü ilə mənsub
olduğu Vətənin şöhrətini artıran, əməlləri
ilə qəhrəmanlıq, şəhidliyi ilə əbədiyyət
zirvəsini fəth edən, Qarabağ müharibəsindəki
saf və təmiz, gələcək nəsillər
üçün rəşadət, mərdlik məktəbi
olan igid komandirin indi yeri görünür. Artıq unudulmaz sərkərdəmizin
müqəddəsliyə qovuşduğu həmin tarixin 20 ili
tamam olur.
Şirin Mirzəyev! Adı Vətənlə
qoşa çəkilən, mənalı, hamımıza
örnək ola bilən ömür sahibi, xalqımızın
öyünc və güvənci "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adına halallıqla layiq görülmüş sərkərdəmiz-Şirin
Mirzəyev, sanki doğma yurdu Azərbaycana gərəkli
olduğu üçün doğulmuşdu.
Tanrı bu xalqı amansız bir
müharibəyə düçar edəcəyini bilib, onu bir
Simurq quşu kimi qoruyub saxlamış, bu xalqı bu müharibənin
dəhşətlərinin girdabından qurtaracaq xilaskar kimi pay
vermişdi Azərbaycana.
Əfsuslar olsun ki, biz belə bir
tanrı qismətini vaxtında dəyərləndirə və
qoruya bilmədik.
Əzəmətli bir dağın sinəsindəki
sal qayadan tökülən şəlaləyə baxanda
adamın ürəyi necə açılırsa, həvəslənirsə,
ona da baxanda qəlbin qürurla dolur, qarşındakı
düşməni saya salmır, çöp yerinə belə,
qoymursan. Kişiliyin özünü, qeyrətin təcəssümünü
duyursan.
Qarabağ müharibəsinin ilk günlərindən
onun ürəyində, gözlərində sevinclə kədər,
sanki üz-üzə dayanıb, amansız bir mübarizə
aparırdı. Bu sevinc qələbəyə inamdan, kədər
isə bu ağır yolda veriləcək qurbanların
ağrısından doğurdu. O, əbəs yerə demirdi:
"Qələbəmiz üçün qurbanlar vermək
lazım gələcək, buna hazır olmaq lazımdır".
Onun özü də doğma Vətən;
Qarabağ uğrunda, qələbə yolunda, namus və şərəf
üçün qurban oldu.
...Məni xəlq edən atamı,
işıqlı dünyaya bəxş edən, şirin
laylasıyla, təmiz südüylə məni böyüdən,
həyatda əzabımı çəkən anamı itirsəm
belə, onu-Şirin Mirzəyevi itirdiyimiz gündə
ağladığım, sızladığım qədər
ağlayıb-sızlamayacağam. Çünki, mən də
başqaları kimi atam ölsə, tək atamı, anam
ölsə, tək anamı itirəcək, aylar, illər
ötdükcə torpağın soyuq üzü məni
onlardan az da olsa, soyutduracaq. Uzağı, milyardlar kimi mən də
valideynsiz qalacağam.
Ancaq o, həlak olanda sanki dalağım
sancdı ki, tək onu deyil, deyəsən, elə
Qarabağı da itirdik. Məni şübhələr
boğdu ki, deyəsən belə getsə, valideynsizlik dərdindən
min qat ağır, dözülməz olan
Qarabağsızlıq dərdi tapacağıq! Qarabağsız
qalacağıq!
Tək mən yox, onu tanıyanlar da,
yaxından bələd olanlar da, haqqında eşidənlər
də görkəmində əsl azərbaycanlı kişinin əzəməti
yaşayan bu insanın simasında Azərbaycan xalqının
vətənpərvərliyinin, qəhrəmanlığının,
mərdlik və cəsurluğunun, qorxmazlıq və cəsarətinin,
əzəmətinin portretini görür və
polkovnik-leytenant Şirin Mirzəyev deyəndə
Qarabağı, Qarabağ deyəndə polkovnik-leytenant
Şirin Mirzəyevi düşünürdülər.
Bu, mübaliğəsiz belə idi...
Əlimdə çarə olsaydı,
öz həyatımı belə, "uf" demədən əsirgəməyib,
səmimi ürəklə, canü-dildən qurban edərək
yaşamasını istədiyim, ömrü minlərlə
insan kimi mənim də müqəddəs amalıma, həyatımın
mayakına dönən, varlığı bəşər məxluğuna
xas olan ən pak və ülvi hisslərdən yoğrulmuş
bir Vətən oğlu haqqında neçə illərdən
bəri ürəyimdə sanki bulaq kimi qaynayıb,
özünə göz açmaq istəyən bu kitab
Şirinsiz yaşadığımız 20 illik bir
ağrılı acılı zamanın bəhrəsidir.
Ölməzliyin, əbədiyyətin
zirvəsi şəhidlikdə bitir.
Qarabağın-bütöv Azərbaycanın itirib, sonradan
yana-yana heyfsləndiyi güvənc, inanc yeri-Vətənin dar
günündə gənəşmədən ölüm
meydanlarına atılan fədai oğulların
düşünən beyni, ürəklərinin təpəri
olmuş, hər qarışı yurdun qeyrətli
övladlarının al qanı ilə sulanan
dilsiz-ağızsız torpaqlarımızın da belə,
göz dikdiyi, ağlına, Vətənin ağır
günündə zəkasına, qüdrətinə
inandığı polkovnik-leytenant Şirin Mirzəyevin də
döyüş qabiliyyəti hərb sənətinin peşəkarlıq
zirvəsi sərkərdəlikdə
bitir, bu adda öz əksini olduğu kimi tapır.
Əsl insanların qəlbində ən
ülvi, saf və pak hisslər-insanpərvərlik, vətənpərvərlik,
sədaqətlilik, səxavətlilik, doğruçuluq, qətiyyətlilik,
səmimilik, müqəddəs Vətənə, doğma
yurda, ata-baba əmanəti olan torpağa bağlılıq,
ana təbiətə məhəbbət, vurğunluq və digər
təmiz hisslər və duyğular yaşayır. Bu hiss və
duyğular həmin insanları bütün ömrü boyu məhək
daşı kimi saflaşdırır, həyatını
parladır, Günəş kimi şölələndirir.
İnsan ömrünü zinətləndirən
sadaladığımız bu müqəddəs duyğular
adamların qanına, canına, ruhuna nə havadan, nə sudan,
nə də ki, hər hansı bir qidadan keçir. Hər bir
saf hissi və duyğunu zaman yetişdirir, o zamanın
barıdır, kamil insanlarsa ondan bəhrələnirlər.
Təbii ki, torpaq çönüb Vətən
olandan vətənpərvərlik hissi, torpaq, Vətən
sevgisi yaranır. Müqəddəs and yeri xilqət olub, onda sədaqətlilik
hissi doğulub. Bax, beləcə hər ülvi, saf duyğular
zamandan törəyib.
20 ildir ki, təkcə onu yaxından
tanıyanların, daxili-mənəvi zənginliklərinə
bələd olan insanların yox, bütöv
xalqımızın bətnində bir hiss, bir duyğu maya
tutub, baş qaldırıb kök atır, şaxələnir.
Bu müqəddəs hiss və duyğu Mirzəyevçilik
hissi, Mirzəyevçilik duyğusudur. Bu hiss və duyğu da
zamanın, yaşadığımız bir tarixin bəhrəsidir.
Həyatda hər bir şeyin
oxşarı olduğu kimi insanın hiss və
duyğularının da bir-birinə çox oxşarı, bənzəyişi
var. Mirzəyevçilik hissi vətənpərvərlik hissinin nəinki oxşarı, onunla
eyni olan zirvədir. Bəli, Mirzəyevçilik ən yüksək,
ən uca vətənpərvərlikdir.
Vətəni müqəddəsləşdirən,
onu ən şirin varlığa, əvəzolunmaz nemətə
çevirən insanın Vətən torpağında
ata-babasının uyuması, əcdadlarının əl izlərinin,
nişanələrinin yaşaması, insanın həmin
torpaqda dünyaya göz açması, ayaq açıb-yeriməsi,
dövran sürüb-dolanmasıdır. Bundadır Vətənin
dadı. Ona görə də hər könüldə yeri
olmaq, hər ürəkdə sevgiyə, məhəbbətə
bələnmək, hər qəlbdə nəğməyə
dönmək Vətənə aiddir. Biz bunu belə
bilmişik, belə də biləcəyik. Ancaq onun da hər
bir ürəkdə vətən qədər yeri, sevgisi, nəğməsi
var. Ona görə də o da Vətən qədər müqəddəs
bir varlıqdır, Vətən qədər şirin bir
duyğudur, Vətən kimi and yeridir.
Bəli, Mirzəyevçilik həm də
ən yüksək, ən uca vətənpərvərlik
duyğusudur. Ona görə ki, bu hiss təkcə vətənpərvərlikdən
deyil, insanlıq, səmimilik, qorxmazlıq, mərdlik, qətiyyətlilik,
dönməzlik, kişilik, qeyrət və qəhrəmanlıq
hisslərindən qaynaqlanmışdır.
Kiminsə qəlbində Mirzəyevçilik
duyğusu varsa, onda Vətənpərvərlik hissi olmasına
heç bir şübhə yerin qalmasın. O kəs mütləq
vətənpərvərdir.
...Fikir-xəyalımda 20 il sanki
qaranlıq bir zindana salıb, yaşatdığım, mənə
rahatlıq verməyən, bütün hisslərimə hakim kəsilən
bu təəssüratlarımı qəmli notlarla yazıb,
işıqlandırmaq, əlbəttə, mənim
üçün çox çətin idi.
Ona görə çətin idi ki, onu dərindən
tanıdığıma görə şərəfli
ölümü, vaxtsız itkisi, yarımçıq qalan
arzuları milyonlarla azərbaycanlının ürəyində
qəm dağına dönüb, gündən-günə
böyüyən
polkovnik-leytenant Şirin Mirzəyevin şölələnmiş
ömrünün vaxtsız-vədəsiz çatan
sonluğunu taleyin yazısı kimi tamamladığı onun
ruhu önündə özümə günah sayıram.
Axı belə olmalı deyildi. Mən onun haqqında bu
yazını o, Xankəndinə,
Şuşaya müstəqil Azərbaycanın üçrəngli
bayrağını sancandan sonra yazacaqdım. Özü də
oxuyacaqdı. Lakin... Tale yar olmadı...
...Ancaq nə qədər ağır
olsa da, bəxtə, düşmənə acı gəlsin deyə,
bu ağırlığı çəkdim. Çünki biz
bu ağırlığı çəkdikcə onun da şərəfi
artır, ruhu öyünür, rahatlanır... Bizim də onun
çiynimizdə olan haqqı bir qədər yüngülləşir...
Qüdrətli sərkərdəmizin
ruhu qarşısında baş əyirəm!
Baxşeyiş
ABBASOĞLU
Təzadlar.-
2012.- 19 iyun.- S.12.