Ağdam teatrı-20 ildən sonra

 

Fəxrəddin Hacıbəyli: "Biz təkcə 20 il əvvəlki ənənəni deyil, həm də iyirmi il əvvəlki Ağdamlı günlərin xatirələrini tamaşaçılarımıza qaytarmaq istəyirik"

 

...Kommunistlərin dahi rəhbəri olmuş V.İ.Lenindən söz düşəndə həmişə belə bir hakimi-şüar səslənərdi: "Lenin yaşayıb, yaşayır və yaşayacaq!". Leninin kimliyi barədə nəsə deməkdən xeyli uzağam, amma şüar çox maraqlı bir qənaəti özündə ehtiva edirdi. Mənim də ürəyimdə bir hakimi-qənaət var ki, Ağdam yaşayıb, yaşayır və yaşayacaq! Ağdam Ağdamda yaşayıb, Ağdam köçkünlükdə yaşayır, Ağdam yenidən Ağdamda yaşayacaq! Buna heç bir şübhəm yoxdur...

Xocalı soyqırımının 20-ci ildönümü günlərində Ağdamda oldum. Hələ Bakıdan Ağdama-Ağdamın varlığını bir model olaraq özündə əks etdirən Quzanlıya yola düşəndə eşitdim ki, həmin gün Ağdam Dövlət Dram Teatrında Xocalı soyqırımı ilə bağlı səhnələr göstəriləcək. Ağdamın işğalından sonra ötən illərdə ilk dəfə idi ki, bu səhnədə əsil Ağdam teatrı göstəriləcəkdi.

Ağdam rayonunun mərkəzi sayılan Quzanlıya çatandan sonra dost-tanışlarla söhbətlərimizdə hamı həmin səhnələrin təəssüratlarından danışırdı. Odur ki, fürsəti əldən vermədən birbaşa Ağdam Dövlət Dram Teatrına baş çəkdim. 4-5 ay əvvəlki binadan əsər əlamət yox idi. Bina ən yüksək arxitektura üslubunda təmir edilmişdi, tanınmaz görkəm almışdı. Şübhəsiz ki, özünün 110 illiyinə hazırlaşan teatrın binasının daxili də zahirinə uyğun olmalı idi.

 

Ağdama teatr mədəniyyətinin qayıdışı

 

Hələ Bakıda olanda xəbər almışdım ki, Ağdamda təkcə teatr binası təmirdən çıxıb təzələnməyib. Həm də burada rəhbərlikdə təzələnmə-dəyişmə var. Son vaxtlara kimi hamımızın yaxşı tanıdığı tele-jurnalist Fəxrəddin Hacıbəyli bir müddət idi ki, Ağdam rayon İcra Hakimiyyətində çalışırdı. Təzəlikcə isə onun teatra direktor təyin edildiyini öyrənmişdim. Elə teatrın parkında Fəxrəddin Hacıbəyli ilə qarşılaşdım... Təbriklərdən sonra binaya daxil olduq, içəridəki super təmir və texniki avadanlıqlarla təchiz olunmuş teatr səhnəsinin, dekorasiyaların quruluşunun, tamaşaçı salonundakı rahat kresloların, bir sözlə, hər şeyin 110 illiyinə hazırlaşan Ağdam Dövlət Dram Teatrına yaraşdığının şahidi oldum.

Bu da Fəxrəddin Hacıbəyli. İllər boyu Ağdam təəssübünü çəkən, içində Ağdam ağrısını və həsrətini yaşadan bir dəyərli, yaradıcı insan.  Söhbətimizə başlayırıq:

- Fəxrəddin müəllim, bu da bir qismətdir ki, Allah-Təala bizi döyüş meydanında görüşdürmək əvəzinə, hələki bu meydanda-teatr səhnəsində görüşdürür. Təbii ki, Ağdama qayıtmaq üçün bu da bir mənəvi dünya səhnəsidir. Biz mənən, ruhən Ağdamda olmasaq, o yurdu dəyərləndirməsək və içimizdə yaşatmasaq, Ağdama qayıdışımız da mümkünsüz olar... Bu arzu ilə Sizi təbrik edirəm, Tanrıdan arzu edirəm ki, bu səhnədəki əsərlərə tezliklə Ağdamın özündə qurulacaq teatr səhnəsində baxa bilək...  

- Əvvəla, öz yurd yerinizə çox xoş gəlmisiniz. Mən çox şadam ki, Azərbaycan mediasında özünə məxsus çəkisi və vətənpərvərlik duyğusu olan bir qəzetə müsahibə verirəm. Bilirsiniz ki, Ağdam Dövlət Teatrının 110 illiyi qeyd olunur. Bu teatr 1902-ci ildən mövcuddur. Təməlini böyük dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyev qoyub. özü də Ağdamın Seyidli kəndində. Və Əbdürrəhim bəyin özünün qələmə aldığı "Bəxtsiz cavan" və "Dağılan tifaq" tamaşaları bu teatrın səhnəsində ilk oynalınan əsərlər olub. Zaman beləcə keçdi... 1993-cü ildə Ağdamın işğalı ilə Ağdam Dövlət Dram Teatrı da özünün ən ağır dövrünü yaşamalı oldu. Təsəvvür edin, teatr didərgin düşdü. Kollektivin belə bir vəziyyətində yaradıcılığını və gün-güzəranını təsəvvürünüzə gətirin... Bütün bunlar teatrın özünə, Ağdam mədəniyyətinə, Azərbaycan teatr ənənələrinə böyük zərbə idi.

- Teatr bir müddət Bərdədə məskunlaşmalı oldu...

- Bəli, bu məskunlaşma bu günümüzə qədər çəkdi... Mən cənab Prezident İlham Əliyevə minnətdaram ki, böyük maliyyə vəsaiti hesabına gördüyünüz bu təmirli teatr binası ərsəyə gəldi. Yeni avadanlıq alındı, kollektivin sosial qayğısı barədə yeni layihələri ortaya qoya bildik. Mən mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayevə təşəkkür edirəm ki, onun təşəbbüsü və iştirakı ilə bu bina bu səviyyədə istifadəyə verildi. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Sadıqova minnətdaram ki, burada təmir başlanan ilk gündən diqqətini əsirgəmədi, səhnənin tərtibat quruluşundan tutmuş avadanlıqların harada və necə quraşdırılmasınadək, hər bir işi nəzarətində saxladı, müntəzəm olaraq iş icraçılarının məsləhətçisi oldu. O, ürəyini, canın və Ağdama sonsuz məhəbbətini ortaya qoydu. Elə bu məhəbbətin nəticəsi kimi gördüyünüz Ağdam Dövlət Dram Teatrı istifadəyə verildi.

- Fəxrəddin Hacıbəylinin bu məsul və peşəkarlıq tələb edən bir sahəyə direktor təyinatı da şübhəsiz səbəbsiz olmayıb...

- Bilirsiniz ki, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmışam. 1986-cı ildə isə Ağdamda məhz bu teatrda əvvəlcə direktor müavini, sonra isə direktor işləmişəm. Taleyə baxın ki,  yenidən Ağdam teatrına qayıtdım... Mən təzə təyinat alanda təhlil apardım, açıq deyim, məlum oldu ki, nə var idisə, elə Ağdamda qalıb. Yəni, sənədləşmə yox, nizam-intizamdan, yaradıcı işdən danışmaq isə çətin idi. Bir sözlə, vəziyyət nəinki arzu olunan, həm də istənilən səviyyədən çox aşağıydı, yerində saymaqda idi. Sonuncu dəfə səhnədə hansı əsərin oynanıldığını belə xatırlamırdılar. Texniki avadanlıqlar toz basmış vəziyyətdə idi və s. Bir sözlə, teatrın yalnız adı var idi və bir də bu ad altında dövlətin dotasiyası hesabına əmək haqqı alan bir qrup insan. Ola bilsin ki, nazirlikdə də rayonun işğal altında olmasını əsas tutaraq bəzi məsələlərin fərqində olmamışdılar. Amma kollektiv də gərək özünü ətalətdən çıxarma yolunu axtaraydı. Ağdam cəbhə bölgəsidir və əsgərlərimiz qarşısında çıxış etmək üçün hər cürə imkan və şərait ki var idi.

- Bəs sizin təyinat hardan və necə ortaya çıxdı?

- Ötən ilin noyabrında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun təqdimatı və cənab nazir Ə.Qarayevin əmri ilə məni bu teatra direktor təyin etdilər...

- İşə nədən başladınız?

- İlk növbədə kollektivi yenidən toplamaq və onları iyirmi illik ətalətdən çıxarmağı qarşıma məqsəd qoydum. Aktyorları qınamıram, onlar tamaşa üçün darıxmışdılar. Aktyora nə lazımdır? Tamaşaçı alqışı, səhnə, yeni əsərlərin yeni quruluşu... Bunlar yox idi. Onlar depressiya vəziyyətində idilər, ruh düşgünlüyü hökm sürürdü. Kollektivi topladım. Mən onların yaradıcılıq və sosial problemlərin həllinə söz verdim, onlar isə yaradıcılıq üçün öhdələrinə nə düşürsə ona. Təsəvvür edin, bu insanlar ömrünü səhnəyə bağlayıb, səhnəyə gedən yol isə bağlıdır, tamaşaçı üzünə həsrətdirlər. Və işə başladıq. Tamaşaçılara  "Bu kənd bizim kəndimizdir" adlı teatrlaşdırılmış təqdim etdik. Quruluşu özüm verdim. Dedim ki, bu səhnələrə baxan hər kəs düşünməlidir ki, haqqında bəhs olunan o dağılmış kənd bizimkidir-istər Qarabağda olsun, istər Zəngəzurda, istərsə İrəvanda olsun... Biz bu gün (fevralın 25-də - red.) həmin tamaşanı təqdim etdik.

- Bir sözlə, Ağdam teatrına yeni nəfəs gəlir...

- Teatra yeni nəfəs, kollektivə isə yeni həvəs gəlməkdədir... Bilirsiniz ki, qarşıdan M.F.Axundzadənin anadan olmasının 200 illiyi gəlir. Biz böyük ədibin "Sərgüzəşti Vəziri-Xani Lənkəran" əsərini tamaşaya hazırlayırıq, artıq son məşqlərimiz gedir. Qarşıdan isə Azərbaycan teatrlarının festivalı gəlir. İnanıram ki, Ağdam teatrı bu festivalda öz sözünü deyəcək.

 

"Bəlkə bunun bir səbəbi də ondadır ki, Ağdam camaatı 17 il idi Həsən Sarıyevin "teatrına" baxırdı, amma bundan sonra əsil Ağdam teatrına baxacaq..."

 

- Elektron texnologiyanın inkişafı müstəvisindən baxanda, etiraf edək ki, bir müddətdir insanlar teatrlara həvəssizdir. Teatr zallarımız boşdur, bu boşluq səhnələrə də ayaq açır təbii olaraq. Belə bir vaxtda, üstəlik, Ağdam işğalda, Ağdam Dövlət Dram Teatrı isə Quzanlıda yerləşdiyi bir vaxtda, Fəxrəddin Hacıbəyli bu teatrın salonunu tamaşaçı ilə doldurmaq üçün hansı layihələrin icrasını vacib sayır?

- Əvvəl dedim, bizim aktyorlar tamaşaçı acıdırlar. Ağdam tamaşaçıları da tamaşaların acıdır. Onlar az qala 17 ildir ki, Ağdam səhnəsində teatr görmürdülər... Bunun isə çoxsaylı səbələrini bilirsiniz, bəzilərini yuxarıda izahladım. 

- Bəlkə bunun bir səbəbi də ondadır ki, Ağdam camaatı 17 il idi Həsən Sarıyevin "teatrına" baxırdı, amma bundan sonra əsil Ağdam teatrına baxacaq...

- Bilirsiniz, rayondakı ictimai-siyasi, müharibə vəziyyətinin də də bu sahədə təsiri siz deyən kimidir... Bilirsiniz, Ağdam səhnəsi Ağdamda tanınmış aktyorların ifalarını görmüşdü və bu ifalar tamaşaçı alqışları ilə yaşayırdı. Amma Ağdamın işğalı ilə bunlara, sanki nöqtə qoyuldu. Sonrakı illərdə isə süstlük, həvəssizlik və ruh düşgünlüyü hər şeyi problemə çevirdi. Mən tam əminliklə deyirəm ki, bizdə tamaşaçı problemi olmayacaq. Sadəcə, tamaşaçını yavaş-yavaş o yadırğalanmış vəziyyətdən çıxartmaq lazımdır. Ağdamdakı tamaşaçı ruhunu, tamaşaçı alqışını teatra qaytarmaq üçün isə bizlər çalışmalıyıq. Tamaşaçı kimdir? Sən, mən, onlar, bizlər... Biz Ağdam ünvanlı səhnədə dərdimizi, ümidimizi, torpağa qayıtmaq arzularımızı görəndə, həmin səhnəni qəbul edəcəyik.

- Yəqin ki, aktyorlar və rejissor da nəzərə almalıdır ki, əvvəla, Ağdam tamaşaçısı Bakı tamaşaçısı deyil, ikincisi, indiki Ağdam tamaşaçısı həm də 19 il əvvəlki Ağdam tamaşası deyil...

- Şübhəsiz ki, bunlar nəzər alınacaq. Ağdamın böyük bir hissəsi işğal edilib, insanlarımız respublikanın 61 rayonuna-bölgəsində məskunlaşıb. Bu insanların dərdini, torpaq həsrətini, məskunlaşdıqları bölgələrdəki yaşam və uyğunlaşma problemlərini və s. səhnəyə gətirib çıxarmaqla böyük tamaşaçı rəğbəti və diqqəti qazana bilərik. Dərdimizin böyüklüyünə baxın: bilirsiniz ki, Ağdamın özünə məxsus koloriti və adət-ənənəsi, yaşam qaydaları, mədəniyyəti var idi. Böyüyə hörmət, qürurluluq, zəhmətkeşlik, özünə güvənmək və başqasına əl açmamaq, əksinə, əl tutmaq! Hər bir bölgəmizdə bu keyfiyyətlər vardır, amma Ağdamın özünə məxsus cəhəti də seçilən idi. İndi həmin insanlar məskunlaşdıqları ərazilərdə  yerli şəraitə uyğunlaşmalıdırlar. Buraya adət-ənənədən tutmuş, qız alıb-qız verməyə kimi, çox şərtlər aiddir. Ağdamın həm də özünə məxsus yas və toy mərasimləri qaydaları var idi. Bunları indi-61 yerə parçalanaraq necə qoyuyub saxlamalı? Və nəhayət, Ağdama qayıdandan sonra bu 61 yerə parçalanmış və istər-istəməz dəyişikliyə məruz qalmış adət-ənənələrin daşıyıcısı olan insanları yenidən Ağdamlı etmək necə mümkün olacaq? Demək istəyirəm, arzu və istəklərimizdən biri də budur ki, teatr olaraq səhnəmizdə həm də bu təbliğatı quracaq səhnələr oynamalı və tamaşaçıya həmin adət-ənələri qoruyub saxlamağı diqtə edən sözümüzü deməliyik. Onu da nəzərə alaq ki, bizim oturduğumuz bu yerdən ermənilərin dayandığı səngərə kimi bir neçə km-lik, bəzi yerlərdə isə bir neçə yüz metrlik məsafə var. Bu insanların qulağı hər gün güllə səsi eşidir, hər gün erməni hərbi birləşmələrinin işğal etdiyi əraziləri necə od vurub yandırmasını görür. Həmin ərazilər onların doğma kəndi, yandırılan onların evidir. Bu insanların nələr çəkdiyini təsəvvür edin. Biz həm də bu hissləri səhnəyə gətirmək, tamaşaçını bu dəhşətlərə qarşı mübarizəyə, torpaqlarımızın işğaldan azad edilməsinə hazır olmağa hazırlamalıyıq. Rayon rəhbəri kimi hörmətli Nizami Sadıqov da tövsiyyə edib ki, biz səhnədə də hüznlü əhval-ruhiyyədən çıxmalıyıq. Səhnədə hamını qələbəyə və düşmənlə mübarizəyə səsləyən əsərlər nümayiş etdirməliyik.

 

"Biz Ağdam tamaşaçısına daha çox Ağdama-itirilmiş torpaqlara necə qayıtmağın və o torpağı necə qaytarmağın yolunu göstərməliyik"

 

- Təbii ki, müharibənin gətirdiyi faciəni və ağrıları,  öz həyatında yaşayana teatr səhnəsində bunları göstərməyə ehtiyac da yoxdur...

- Tamamilə doğrudur. Biz Ağdam tamaşaçısına daha çox Ağdama-itirilmiş torpaqlara necə qayıtmağın və o torpağı necə qaytarmağın yolunu göstərməliyik. Biz insanlara ümidli olmağı, unutqan olmamağı təbliğ etməliyik. Hazırda İsi Məlikzadənin "Gəl qohum olaq" komediyasını səhnələşdiririk. Oradakı hadisələr də Qarabağın bir parçası olan Ağcabədinin Qaradolaq kəndində cərayan edir. çox maraqlı əsərdir. Bir vaxtlar əməkdar artist, istəkli aktyorumuz Tofiq Qarayev bu əsərdə baş rolu çox gözəl ifa edib. Biz həmçinin tanınmış dramaturq Əli Əmirlinin "Kişi və qadın" əsərini səhnələşdirmək fikrindəyik. Qeyd edim ki, Əli Əmirli özü də Ağdamdandandır, Ağdam teatrının bünövrəsini qoyanlardan olmuş Məmməd Əmirovun oğludur. Bundan əlavə, Ağdam musiqi, muğam beşiyi olub. Bu məzmunlu əsərləri səhnələşdirib tamaşaçılarımıza təqdim etmək istəyirik. Qarabağda, Ağdamda yumor hissi güclü olan insanlar çox olub, indi də var. Odur ki, repertuarımızda həm də komediya janrına üstünlük vermək istəyirik. Bilirsiniz, tamaşaçı səhnələşdirilmiş əsərləri, hətta ən tanınmış aktyorların ifasında belə Bakıda da görə bilər. Amma biz fərqli səhnə tərzi, məhz yerli şəraitin ənənəsinə uyğun əsrləri və mövzuları seçib təqdim etməliyik ki, Ağdam tamaşaçısı səhnədə həm də özünü, keçmişini və gələcəyini görüb duya bilsin, xəyalən Ağdama qayıda bilsin. Biz, həmçinin Azərbaycan və dünya klassiklərinin əsərlərinə müraciət etməyi qarşımıza məqsəd qoymuşuq. Müasirliklə keçmişin sintezini özündə ifadə edən çox maraqlı əsərlər vardır, onları səhnələşdirəcəyik. Sizə çox maraqlı faktı deyim. Bu gün Xocalının işğalının 20 illiyi ilə bağlı "Bu kənd bizim kəndimizdir" adlı kompozisiya-tamaşanı təqdim etdik. Tamaşa bitdi, alqışlar salonu titrədirdi. Amma 300 nəfərlik zal ayaq üstə idi. Heç kim teatrın salonunu tərk etmək istəmirdi.

- Niyə?

- Ona görə ki, əvvəla, tamaşaçılarımız iyirmi il idi ki, Ağdam teatrının səhnəsini görmürdülər... İkincisi, tamaşaçı özünün qəlbindən keçənləri səhnədə görürdü. Biz Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun təklif və tövsiyyələri ilə səhnənin arxa planında Ağdamın modelini yaratmışıq və dekorasiyada Ağdamın mərkəzi küçəsi təsvir edilmişdir. Tamaşaçılar sonda bu səhnəni görəndə bir anlığa Ağdama qayıtmış oldular, gözlərinə inanmırdılar. Hamı kövrəlmişdi (özü də kövrəlir - red.). Teatrın, sənətin gücü də bundadır. Ağdam tamaşaçısı bu səhnədə vaxtilə Qurban Mirzəyevi, İbrahim Yusifovu, Narış Məlikovanı, Tofiq Qarayevi, Siyavuş Sultanovu, Yusif Əsgərovu, Vaqif Qasımovu, Simuzər Namazovanı, Simuzər Hətəmovanı, Məmməd Əmirovu... görmüşdülər. Onlar korifey sənətkarlar idilər. Tamaşaçılar indi də onların adını və özünü, həm də izini Ağdam teatrının səhnəsində görmək istəyirlər. Bu da hər kəs üçün Ağdamlı günlərdən bir təsəllidir. Ağdam teatrında yetişən onlarla sənətkarlar sonralar böyük səhnələrə gəliblər, Bakıda çalışıblar. Ağdam teatrının belə bir ənənsi olub... Təbii ki, Qarabağda başlanan müharibə, Ağdamın işğalı bu ənənənin davamçılarını məyyus etdi, hamımızı ruhdan saldı...

 

"Tamaşaçı problemini, adətən, kollektiv, bir də rejissor yaradır"

 

- Deməli, tamaşaçı problemi olmayacaq..

- Tamaşaçı problemini, adətən, kollektiv, bir də rejissor yaradır. Yəni tamaşaçıya istədiyini verməsək, tələb olunanı ortaya qoymasaq, təbii ki, o problemi yaşayacağıq. Amma o potensial ki, bizdə var, niyə də həmin problemi yaşamalıyıq? Buna haqqımız gərək olmasın. Yaradılan şəraiti, müasir texniki avadanlığı gördünüz. Belə yaraşıqlı səhnədə çalışmamaq, tamaşaçını ələ almamaq günah olardı. İkincisi, Ağdam teatrının 110 illik tarixi və ənənəsi var. Biz buna necə sadiq olmaya bilərik? Buna haqqımız yoxdur...

 

"Bəzən görürük ki, tamaşaçı teatra, konsert salonuna öz ayağı ilə gəlmir, onu gətirirlər..."

 

- Adətən, bəzi teatrlarda, yaxud konsert salonlarında "tamaşaçı təşkili" problemi də olur...

- Bu ənənə hələ elektron texnolrogiyaların, televiziyanın çox inkişaf etmədiyi Sovetlər dönəmində də var idi, indi də var. Salonun dolması üçün bilet satışı, dəvətnamə paylanması və s. kimi üsullardan istifadə olunur. Təbii ki, bunlarda məqsəd pul qazanmaqdır və pul olan yerdə də teatr olmur. Teatrın rəhbərliyi çalışmalıdır ki, tamaşaçı teatra yox, teatr tamaşaçıya tərəf "gəlsin". Yəni, teatr tamaşaçısını ələ ala bilərsə, teatrın rəhbərliyi tamaşaçı-teatr körpüsünü qurmaq gücündə olarsa, inanın, tamaşaçı teatra necə deyərlər, öz ayağı ilə gələcək. Hərçənd, əvvəl dedim, bəzən görürük ki, tamaşaçı teatra, konsert salonuna öz ayağı ilə gəlmir, onu gətirirlər...

- Fəxrəddin müəllim, inciməyin, axı, tamaşaçı neyləsin ki, bu gün əksər hallarda onu səhnədən, ekrandan, teatrdan küsdürmə siyasəti aparanlar da var...

- Mən təəssüf hissi ilə deyirəm ki, bəli, indi xüsusən də telekanallarda təzə aktyorlar peyda olub, onların hansısa sponsorun "saqqızını oğurlama" üsulu ilə efirə yol tapması və serial səhnələr, filmlər göstərməsi sayəsində tamaşaçıda bütövlükdə teatrdan, efirdən, telekanaldan üz çevirmə instinkti əmələ gəlir. Rejissorluqdan xəbəri olmayanlar tele-seriallar çəkirlər, səhnələr quraşdırırlar, teatr göstərirlər. Bütün bunlar isə sonda tamaşaçıda fərqli mövqe və rəy formalaşdırır. Axı Azərbaycanda teatr və kino sənətinin öz ənənəsi var və bunu qoruyub saxlamaq lazımdır.

 

"Yadıma düşəndə yanıb tökülürəm, Səməndər Rzayevin, Hacıbaba Bağırovun, Yaşar Nurinin, Siyavuş Aslanın...Ağdamdan ayağı kəsilməzdi, təəssüflər olsun ki, indi onların gəlməyə Ağdamı yoxdur"

 

- Bir zamanlar Bakıdakı tanınmış aktyorlar, sənətkarlar rayonlara gələrdilər, təcrübə mübadiləsi edərdilər, həm də tamaşaçılar yerlərdəki teatrların diqqətdə olmasını görərdilər. Açıq deyək ki, çoxdandır belə bir hala rast gəlmirəm. Siz necə, məqam ikən, bu görüb-götürmə ənənəsini bərpa etmək istərdinizmi?

- Çox maraqlı sualdır. Bəli, bizim niyyətimizdir ki, Bakıda yaşayan tanınmış aktyorların və rejissorların Ağdam teatrında yaradıcılıq gecəsini keçirək. Tamaşaçılarla görüşlərini təşkil edək. Onların baş rolda oynadıqları tamaşaları Ağdam teatrının səhnəsində qoymaq istəyirik. Məsələn, yaxın vaxtlarda Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlham Namiq Kamalı teatrımıza dəvət etmək istəyirik. Ardınca xalq artistləri Rasim Balayevi, Ramiz Məliki, Allahdan tezliklə sağalmasını arzulayırıq- xalq artisti Yaşar Nurini Ağdama dəvət etmək istəyirik...Yadıma düşəndə yanıb tökülürəm, Səməndər Rzayevin, Hacıbaba Bağırovun, Yaşar Nurinin, Siyavuş Aslanın... Ağdamdan ayağı kəsilməzdi. Nəsibə xanım gələrdi Ağdama... Təəssüflər olsun ki, indi onların gəlməyə Ağdamı yoxdur. Ağdam onlara necə qucaq açırdı...

- İndiki Ağdam o Ağdama oxşayırmı?

- (Susur və başını yırğalayır). Bunu yazmaya da bilərsiniz, amma ürəyim deşilir... Mən üç ildi buradayam, sənin, mənim vaxtilə tanıdığımız o Ağdamı görə bilmirəm... Görün müharibə, torpaqların işğalı nəyə gətirib çıxardı. Mən insanların mənəvi dünyası baxımından deyirəm. Sən demə, müharibə təkcə yurd-yuvamızı deyil, həm də mənəvi dünyamızı dağıdıb... Ağdamlıların müharibədən və işğaldan sonra ölkənin 61 rayonunda, 75 məntəqəyə paylaşması çox şeyi dəyişib. Mənim uşaqlığım və gəncliyim Ağdamda keçib. Hərdən istəyirəm ki, o vaxtkı istiliyi, xətir-hörməti, ruhu görəm. Amma görə bilmirəm... Bircə şeyə sevinirəm ki, Ağdamda doğulmayan uşaqlar o yurd yerlərini eşidib-tanıyır, adını çəkirlər...

 

"Biz təkcə itən Ağdamı deyil, həm də itirilən ağdamlılığı özümüzə qaytarmalıyıq!"

 

- Ötən parlament seçkilərində seçicilərə xitabən bir şüarım vardı: "Biz təkcə itən Ağdamı deyil, həm də itirilən ağdamlılığı özümüzə qaytarmalıyıq!" Və seçki təbliğatı dövründə bircə şeyə sevinib təsəlli tapırdım. Hansı qapını döyüb seçicilərlə görüşürdümsə, əvvəlcə köçkün evinin darvazasını balaca uşaqlar açardı. İlk sualım "Haralısan?" sualı olurdu. Ağdamı görməmiş və Ağdamda doğulmamış bu uşaqlar dərhal "Ağdamlıyam...", deyirdilər...

- Mən Fəxrəddin Hacıbəyli kimi bircə şeyə sevinirəm: nəhayət, son üç ildə onu görürəm ki, bugünkü Ağdamda qoyub gəldiyimiz Ağdama qayıdış ruhu yaranır, bərpa olunur. Səmimiyyətimə inanın, Nizami Sadıqovun Ağdama rəhbər təyinatından sonra bu istiqamətdə çox dəyişikliyin şahidiyəm. Cənab Prezident İlham Əliyevin N.Sadıqovun Ağdama RİH başçısı təyin edilməsi barədə 2009-cu il tarixli sərəncamını qoyub gəldiyimiz Ağdama yaxınlaşmağımızın əsas şərtlərindən biri hesab edirəm. N.Sadıqovu əvvələr də tanıyırdım. Amma rayonda onun rəhbərliyi altında çalışdığım ötən qısa müddətdə onun nə qədər dövlət və vətənsevər, insanlarla ünsiyyətdə peşəkar olmasının şahidi oldum. N.Sadıqovda məmur-inzibatçılıq cəhətlərini tamamlayan bir ziyalılıq, mədəniyyətə, musiqiyə, mənəvi dünyaya bir önəmlik var. Məsələn, Nizami Sadıqovun təşəbbüsü ilə Ağdamda "Bu kənd bizim kəndimizdir" adlı sənədli film çəkilib. Filmdə Ağdam "Şur" ansamblının ifasında müxtəlif muğamlar, həmçinin "Qarabağ şikəstəsi" xor ifasında oxunur. Bu ilk dəfədir eşidilir. Mürəkkəb musiqi və sujet xətti olan bu filmdə, inanın, bütün çəkilişlərin rejissoru məhz onun özü olub. Yüksək musiqi-muğam duyumu və kino sənəti sirlərinə bələdçilik, Ağdamın tarixi və bugünkü vəziyyəti, sabaha inam, insanların döyüş ruhu bu filmdə itirilmiş torpaqlara qayıdışın leytmotivi kimi göstərilir. Bir sözlə, Ağdamın canlı abidəsini musiqi dili ilə və canlı kadrların təsviri ilə yaradan rejissor-Nizami Sadıqov bu sahədə də peşəkar olduğunu sübut edir... Bax məni rəhbər olaraq onun bu keyfiyyəti çox duyğulandırır, sevindirir. Deməli, qoyub gəldiyimiz Ağdama nə vaxtsa, Allah bunu lap tez eləsin, əliboş qayıtmayacağıq...Mən onda ağsaqqallığı, böyük-kiçik yolunu gözləyən, məsləhətkeş, intellektual duyuma malik insanlığı-ziyalılığı tapmışam. Allaha and olsun, bunu onun rəhbərliyi altında çalışdığıma görə demirəm. Bunu həm də ona görə deyirəm ki, əvvəlki rəhbərlərdə bu keyfiyyətləri görməmişəm...

- Mən bir məqamı əlavə edə bilərəm ki, bir vaxtlar Bakıda yaşayan ziyalıları Ağdamda görə bilməzdik. Çünki kim Ağdama gəlib hansısa, hətta ən adi bir vəzifəli qohumu ilə görüşürdüsə, dərhal həmin qohum işdən çıxarılırdı ki, "Sən Bakıdan gələn qohumunla nə barədə danışırdın?"

 

"Məqsədimiz belədir ki, biz təkcə qonaq qəbul etməyək, həm də qonaq gedək"

 

- Mən sizə bir misal deyim. Bu yaxınlarda akademik Adilə Namazovanın 85 illik yubileyi Ağdamda elə yüksək səviyyədə keçirildi ki, buna, ancaq sevinmək olar. Adilə xanım elə sevinirdi, inanın, elə bil onu yenidən qoyub gəldiyimiz o Ağdama aparmışdılar. Həyat budur, yaşamaq budur. O, öz həmyerlilərinin, doğmalarının əhatəsində necə də xoşbəxt idi. Bu tədbir də Nizami müəllimin təşəbbüsü ilə oldu. Nəzərdə tutmuşuq ki, bu cür görüşləri tez-tez edək. Bunun üçün dəyərli ziyalılarımızın Ağdam insanları ilə görüşlərini keçirək. Bunlar ağdamlılıqdır, Ağdamlı olmaqdır, Ağdamı unutmamaqdır! Görüşə gələnlər necə sevinirdilər, hamının gözü gülürdü. Nizami müəllimin qənaəti belədir ki, biz təkcə qonaq qəbul etməyək, həm də qonaq gedək. Məsələn, Ağdam cəbhə bölgəsidir və ordu hissələrimiz yerləşir. Proqramımız belədir ki, bundan sonra teatr olaraq səyyar səhnələrimizi hərbi hissələrdə quraq. Əsgərlər qarşısında çıxışlar, teatr səhnələri təşkil edək, konsertlər verək. Bəzən Bakıdan Ağdama konsert verməyə müğənnilər gələndə düşünürəm ki, niyə biz özümüz bu konsertləri təşkil etməyək? Və inşallah, bunları da edəcəyik... Burada hamı əsgərdir. Mən Bakıda yaşayanda bunu hiss etmirdim. Amma indi burada çalışıram, bu hissi yaşayıram. Biz burda düşmənin dayandığı sərhədin o tayındakı torpaqlarımıza gedə bilmirik. Qəzəb bizi boğur, içimizdə düşməni məhv edəcək bir dəli hiss baş qaldırır. Ona görə də hiss edirəm ki, bu bölgədə olan insanların özündə bir fərqli xarakter var.

- Bakıda yaşayan Ağdam sakini bunu o qədər də hiss etməz...

 

"Mən sizə açıq deyirəm, düşmən də bunu yaxşı bilir: Ali Baş Komandanın əmr etdiyi anda müharibə Ağdamdan başlayacaq!"

 

- Çünki məsafə bunu istisna edir. Amma burda hər gün düşməni və onun hərəkətlərini, meşələrimizi necə yandırmasını, dinc sakinləri necə güllələməsini görürlər... Mən sizə açıq deyirəm, düşmən də bunu yaxşı bilir: Ali Baş Komandanın əmr etdiyi anda müharibə Ağdamdan başlayacaq! Gənclərin burda düşmənə qarşı necə acıqlı, şəhidlərimizin qisasını almaq üçün necə dəliqanlı olduqlarını açıq görürəm. İnanın, onlar bir əmrə, himə bəndirlər. Bu məni çox sevindirir.

- Fəxrəddin Hacıbəyli üçün Ağdamda qoyub gəldiyimiz o teatrla burdakının fərqi nədədir?

- Bilirsiniz, Ağdamda qoyub gəldiyimiz teatr bir məktəb idi, ruhumuz və tariximiz idi. Mən burda özümü necə hiss edə bilərəm? Sözün kökündə "Ağdam" varsa, deməli, bu teatr da Ağdamda olmalıdır. İnsanın mənəviyyatı və dəyəri onun ruhu ilə ilə ölçülür. Mən canlı insanın ruhunu-mənəviyyatını nəzərdə tuturam. Bu teatrda bütün kollektiv özünü qonaq kimi hiss edir və hərdən düşünəndə ki, Ağdam Dövlət Dram Teatrı Ağdamın özündə yox, onun hansısa bir kəndində məskunlaşıb, adam dəli olmaq istəyir. Neyləməli, rəhmətlik Məşədi Abbasın təməlini qoyduğu bir teatr vardı-qalıb Ağdamda. O teatr müqəddəsdir. Bizi məhz o teatrda işləmək və yaratmaq istəyirik... Bunlar çox ağırdır. Amma indi təsəllimiz nədədir? Ağdama qayıdanda artıq Ağdam teatrı özfəaliyyət formasında deyil, dövlət dram teatrı kimi işə başlayacaq. Biz o müqəddəs günə hazırlaşırıq. Bizi ruhlandıran, içimizdən əzilməyə qoymayan da elə budur. Yoxsa, Ağdamsız nə Ağdam teatrı? Biz bütün sahələrdə bu ruhu saxlamalıyıq. Ağdam yoxdur deyə, hər şeyi könülsüz etmək olmaz, əksinə, Ağdamlı günlərə daha yüksək səviyyədə hazır olmalıyıq. İstər təhsil sahəsində, istər mədəniyyət, istərsə də digər sahələrdə olsun...

- Fəxrəddin müəllim, Allah eləsin, tezliklə bu teatrdan o teatra qayıdasınız... Sonda elə bu arzu ilə sizə yaradıcılıq uğurları arzulayırıq. Bəlkə ürəyinizdən elə bir söz demək keçdi ki, cavablandırmaq üçün sual vermədim...

- Xahiş edirəm, bu söylədiklərimi olduğu kimi yazasınız. Niyə ilk geniş müsahibəmi məhz  "Təzadlar" qəzetinə verdim? Mən Fəxrəddin Hacıbəyli üçün bu qəzet ən çox ürək qızdırdığım, ərk elədiyim və sevdiyim qəzetdir. Bu qəzetin səhifələrindən işğal olunmuş torpaqlarımızın harayı eşidilir, bu qəzetdən Qarabağın iyi gəlir, Ağdamın nəfəsi duyulur. Mən bilirəm ki, sizin üçün Azərbaycanın hər guşəsi doğmadır, amma insan bəzən doğulduğu yurdu, göz açdığı həyəti, evi, yaşadığı keçmişi ilə insanlaşır. Bu kövrək duyğunu bu qəzetdə görürəm. Nə vaxt məni narahat edən bir hiss, problem olubsa, kağıza köçürüb "Azərbaycan" nəşriyyatına, 6-cı mərtəbədəki bir ünvana - redaksiyanıza gəlmişəm. Böyük hərflərlə yazın ki, bəli, "Təzadlar" qəzeti həmişə həqiqətin, problemlilərin, haqqın yanında olub. Mən də bu yolda sizlərə uğurlar arzulayıram. Allah bizləri qoyub gəldiyimiz Ağdamda görüşdürsün...

 

 

Asif Mərzili

 

Təzadlar.- 2012.- 1 mart.- S.12-13.