Əqidəmin rəssamı
Nəvai Məmmədoğlunun könül
dostu, ustad şairimiz Məmməd İlqar
yazır ki:
Üç
rəssamın anasıdır İncə Dərəsi-
Biri Məmməd, biri Qafar, bir də
Nəvai.
Bir məkanın sultanıdı
indi hərəsi-
Göydə - Məmməd, suda - Qafar, yerdə - Nəvai.
Mürşüdüm Akif Səməd olmasaydı, bəlkə də mən hələ gözəlim İncə dərəsinin
möhtəşəm rəssam
üçlüyündən iki nəfəri - göylərlə əlləşən
Məmməd Dəmirçioğlunu
və İncə dərəsinin yerdən sorumlu rəssamı Nəvai Məmmədoğlunu
bu qədər yaxından tanıyıb sevə bilməzdim. Qafar Sarıvəllini
isə özüm tanımışam. Qafarı
mənə lap əvvəl
üzünün işığı,
sonra da ecazkar və koloritli rəsimləri nişan verib.
Nəvainin söhbətinə gəlirəm. Mürşüdüm
Akif Səməd Nəvai Məmmədoğlu
haqqında belə deyirdi: "Rəssam var təkcə adam şəkli
çəkə bilir.
Rəssam var ki, təkcə mənzərə
çəkə bilir.
Rəssam da var ki, özünün nə çəkdiyini bilmədiyi üçün
adını "izim"
qoyur. Ancaq qadasını aldığım
Nəvai isə mənzərə də çəkir, adam
da çəkir. Hələ üstəlik yeri düşəndə at da
çəkir, it də
çəkir".
Yerin behişt
olsun, Akif Səməd, Sənin izinlə tanıdım Nəvaini. Yoxsa mən bir də Allah bilir nə vaxt tanıyardım
Nəvai Məmmədoğlunu.
Sağ olsun, bunu özü də bilir. Bəziləri də olur ki, Akifin işığına
bələnib, sonra da elə güman
edirlər ki, öz işıqlarıdır.
Bir də Akifdən uzaqlaşanda ayılırlar ki, ehh, kaaaş sən demə... Nə fayda. Peşmançılıq
fayda vermir...
Nəvai Məmmədoğlunun rəssam
kimi bir üstünlüyü də
ondan ibarətdir ki, o, əqidəli rəssamdır. Turan sevdalısıdır. Bütöv Azərbaycançıdır.
Bütün incəlilər kimi
millətçi-demokratdır. Ustadına bərəkallah, Nəvai.
Ustadı demişkən, Nəvainin
müəllimi ulu öndər M.Ə.Rəsulzadənin
rəssam nəvəsi
Rəis bəy Rəsulzadədir. Məktəbin hökmünə bax ki, əlacı olsa, bayrağı uca olmuş Türkiyəni Azərbaycana
birləşdirər Nəvai
Məmmədoğlu. Yaxud da əksinə. Əsas odur
ki, güc birlikdədir deyir Nəvai. Axır vaxtlar yaman mehirlənib Türkiyəyə.
Az qala
su yoluna döndərib oraları. Bir dəfə səfərdən
qayıdanda Nəvaidən
soruşdum ki, Türkiyədə nə var, nə yox,
oralar necədir?
Cavabında nə desə
yaxşıdır? "Qadasın alem Türkiyənin, Türküyədə
vəziyyət elə
Türkiyədəki kimidir",
- dedi. Nəvainin oğlunun adı
Təbrizdir. Təbrizin seçdiyi
qız da bəynişan bir Dərbənd Türkünün
qızıdır. Allah
onları qoşa qarıyandan, yardan yarıyandan, bəxti sarıyandan eləsin, inşallah. Əlbəttə ki, bütün
bunlar öz-özünə
baş vermir. Hər şeyi o yazan yazır. Elə ona görə
də Nəvai ilə xasiyyətimiz kimi, əqidələrimiz
də sac fətiri kimi üst-üstə düşür. Bəlkə
də elə bu səbəbdəndi ki, Nəvainin yaratdığı əsərlər
sarı yağ
kimi canıma yayılır. Atatürkün, yalan olmasın,
bəlkə də 50 portretinə baxmışam,
lakin Nəvainin işi ən şah işdir. Eləcə də Məmmədhüseyn
Şəhriyarın, Yaşar
Nurinin, Adil Mirseyidin, Oqtay Rzanın, aşıq Əli Quliyevin portretləri. Həmişə
cavan şairimiz Oqtay Rza yazır
ki:
Al-əlvan şəklini heyrətlə süzdüm,
Əvvəl danışmayıb, susdum, Nəvai!
Sonra ağ kağızda
sətirlər düzdüm...
Yaşasın əqidə dostum
Nəvai!
Şərəfli əqidə belə şeydir. Hər yerdə hörmət
artırır. İnsanı cavan saxlayır. Mübarizə ruhu verir.
İncə dərəsinin şairlərinin
sayı, maşallah olsun, az
qala elə incəlilərin sayı qədərdir. Lakin etiraf edək
ki, bu üç
para kəndin vur-tut, cəmi-cümlətanı
üçcə rəssamı
var. Lakin buna baxmayaraq, çox vaxt şahidi oluruq ki, İncənin
rəssamları şairlərindən
güclü çıxır.
Məsəlçün, İncənin şairləri
şəkil çəkə
bilmirlər. Ancaq rəssamları
şeir yazır.
özü də əməlli-başlı.
Qafar Sarıvəllisi sözlə
elə qol-boyun olub ki, Məmməd
Dəmirçioğlunun rəsimlərindən
çox, hamı şeirlərindən, bir də yapdığı mübarək büstlərdən
danışır. Nəvai də
ki, maşallah. İbrahim İlyaslı bir söz ismarlamışdı
Nəvaiyə. Nəvai gözünə
döndüyüm də
eləməyib təmbəllik
görün nə yazıb?
Ay İbrahim, bilirsənmi,
Araz boyu nələr gördüm?
O dağları bizə sarı
Baxan, ağlar
mələr gördüm.
Bir qurbanı olammadıq,
Bir başına dolanmadıq,
çiçəyini yolammadıq,-
Həsrət əyən güllər gördüm.
Arazın
suları gurdu,
Damarımda qanım durdu.
Elə bir ildırım vurdu,-
Alovlanan çöllər gördüm.
Onu da deyim ki, bu
misralar Nəvai bəyin sinəsinə Naxçıvanda hərbi
xidmətdə olan kiçik oğlu Elbəylə görüşüb
geri dönəndə,
Araz çayının
Cənubi Azərbaycan
sahilləri boyu yol gələrkən qonub. Arazın o üzündən hələ də əsirlikdə qalan dağlarımızı görəndə
qəlbi qübar eləyib, ürəyindən
keçənləri qələmə
alıb. Gəlin etiraf
edək ki, elə şairlər var, hələ də belə şeirlərə yol gəlirlər.
Nəvai
həm də Məmməd İlqar, Nizami Cəfərov, Yaşar Nuri, Oqtay Rza, Etimad
Başkeçid, Dilman
Astanbəyli, Adil Mirseyid, Məmməd Dəmirçioğlu, Ehtiram
İlham, İbrahim İlyaslı, Qafar Sarıvəlli, Hacı Hacıyev, Firdovsi Əfəndi, Rüstəm
Kamal, Çingiz Eyyuboğlu, Sakit İlkin, Şaiq Vəli, Elnur Astanbəyli, İlham Namiq Kamal... kimi dostları ilə güclüdür.
Və təbii ki, bunların lap başında UCA TANRIDAN aşağıda dostlar şahı, dostlar ziynəti olmuş Akif Səməd durur. Bəli, Nəvai bu
şərəfi və
məsuliyyəti qazanmış
adamdır. Nəvainin dostlarından
biri də Azərbaycan Rəssamlar İttifaqının üzvü
İlqar Əkbərdir.
Nəvai
İlqarla çox uğurlara birgə imza atıb. Ötən il
Rəssamlar İttifaqının
Vəcihə Səmədova
adına Sərgi Salonunda birgə sərgiləri ilə Azərbaycan sənətsevərlərinin
rəğbətini qazanan
bu rəssam dostlar bu dəfə
də bayrağı uca olmuş qardaş Türkiyə Cümhuriyyətində öz
rəsm əsərlərini
nümayiş etdirdilər.
Fevralın 9-da İzmir Dövlət
Rəsm və Heykəl Muzeyinin rəsm qalereyasında
"Doğudan Batıya,
Batıdan Doğuya Kardeş Sergiler" adı altında düzənlənən sərgidə
nümayiş olunan əsərlər türkiyəli
sənətsevərlər tərəfindən
rəğbətlə qarşılanıb.
Uğurlu yaradıcılıq işlərinə görə
hər iki sənətçi yerli təşkilatlar tərəfindən
müxtəlif təşəkkür
diplomlarına layiq görülüblər. Təbrik
edirik!
P.S. Nəvaiyə dedim ki, bu qədər
işlər görürsən
millət üçün,
istəyirəm sənin
haqqında bir yazı yazım, nə deyirsən?
Bir dəfə Azərbaycan Rəssamlar İttifaqının
qurultayında Fatma xanım Abdullazadə respublikanın xalq rəssamı, əslən
Bakıdan olan Mirzağa müəllimə
deyir:
- Siz də sənədlərinizi
hazırlayın, Mirzağa
müəllim. Sizin də
təqaüd vaxtınız
çatıb. Sizə də
təqaüd verək.
Mirzağa müəllim də
qayıdıb ki:
- Fatma xanım, elə hey vərərük...
vərərük... deyirsüz,
ancaağ heç vərmirsüz. Vərəndə də elə
vərirsüz ki, vərməsöz ondan yaxşıdır. Vərirsiniz vərin,
vərmirsiniz də, heç vərmiyin.
İndi
Mirzağa müəllim
demiş: yazacam, yazacam... deyirsiniz, ancaq heç yazmırsınız,- dedi.
Həmid ORMANLI
Təzadlar.- 2012.- 3 mart.- S.15.