Qarabağa səyahət

 

(Sənin üçün darıxmışam, Qarabağ!)

 

(Əvvəli ötən saylarda)

 

...Miryusif ağadan soruşuram:

 

- Hacı, necə oldu ki, Seyid Lazım ağa burada dəfn olundu?

- Çəmənli kəndinin yüzbaşısı Alı bəy Seyid Lazım ağanın türbəsi tikilmiş bu torpağı o zaman dostuna hədiyyə edib. Ona görə də Seyid Lazım ağa burada dəfn olunmasını vəsiyyət etmişdi.

- Hacı, bilgi verdiyiniz üçün çox sağ olun.

- Sizsağ olun. Ağamın cəddi köməyiniz olsun.

Ziyarətə gələnlər çox olduğuna görə Seyid Miryusif ağa ilə görüşüb ayrıldıq.

...Elman evdə bizi gözləyirdi. Telman mənim çəmənlidə olmağımı və Ziyəddin Səlimlə görüşmək istədiyimi ona xəbər vermişdi. Biz süfrə ətrafında əyləşirik. Məclisin şirin məqamında Ziyəddin Səlim  dostu Rizvan Əfqan oğlu ilə darvazadan daxil olurlar. Bizi Ziyəddin Səlimlə Rizvan tanış edir. Qohumum Quliyev Rəhimin əziz xatirəsinə həsr etdiyi "Mərzilinin kişiləri" şeirinə görə Ziyəddin müəllimə təşəkkür edirəm. Məclisimiz onlar gələndən sonra bir az da qızışır. Ziyəddin müəllimlə Qarabağda yaşayan ədiblərlə əlaqələrin zəifliyi haqqında danışırıq. Söhbət əsnasında məlum oldu ki, Ağdamda ədəbi mühitin yenidən formalaşması üçün Ağdam rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqovun da dəstəyinə ehtiyac var. Məqsədimiz 70-80-ci illərdəki Ağdam ədəbi məclisini bərpa etmək və AYB-nin  Qarabağ bölməsində fəallığı artırmaqdır. Biz həm də yazarlar arasında əlaqə yaratmaq istəyirik.

Şair Ziyəddin Səlimlə ilk görüşdən doğmalaşırıq. Çəmənli kəndində olasan, gözəl şairimiz mərhum Şahmar Əkbərzadəni, onun sevimli dostu, dünya şöhrətli alim Xudu Məmmədovu xatırlamayasan. Öz qeyrətləri ilə tanıyanların xatirəsində əbədiləşən Mikayıl Gözəlovu, Cümşüd Bəxtiyarovu yada salmamaq mümkün deyil.

Məclisimiz axşam qaranlıq düşənə qədər davam edir. Ziyəddin Səlimlə Rizvan məni Əhmədağalı kəndinə (evlərinə) dəvət edirlər. Başqa vaxtı gələcəyimə söz verirəm. Bizimlə xüdafizləşib getməzdən əvvəl Ziyəddin müəllimə təzə çapdan çıxmış "Payızın qəmli notları" kitabının bir nüsxəsini hədiyyə etdim. Mən bu məclisə, göstərdikləri isti münasibətə görə Elmana və xanımı çiçəyə minnətdarlığımı bildirirəm.

Əhliman məni məcburi köçkünlərə tikilmiş "Baharlı" qəsəbəsində məskunlaşmış bacım Sevilgilə aparır. Yolüstü Əhmədağalı kəndinə gedib Ziyəddin Səlimin evindən onun 2008, 2010 - cu illərdə çıxmış hər kitabından bir nüsxə və bir neçə əlyazmaları götürürəm.

Biz "Baharlı" qəsəbəsinə çatanda artıq qaranlıq düşmüşdü. Bacımın həyat yoldaşı Saleh Behbutov Zərdab rayonundakı bir toyun operatoru olduğuna görə evdə yox idi. Atası Şahin evdə idi. Bacım uşaqları - Seymur, Sadiq, Orxan gəlişimizə çox sevinirlər.

Şahingildə olduğumuzu eşidib şair dostum Sovet Sadiq gəlib bizimlə görüşür. Burda qonşudurlar. Sovet müəllim "Baharlı" qəsəbəsindəki məktəbdə həm biologiyadan dərs deyir, həm də məktəbin direktor müavinidir. 2 şeirlər kitabı çapdan çıxıb.

Sovet müəllim özünün satirik, lirik şeirlərindən və qəzəllərindən danışıb könlümüzü oxşadı. Gələcəkdə hekayə janrına da müraciət edəcəyini vurğuladı.

Biz gecə saat 24:00-a kimi söhbət etdik. Sonra Əhliman məni orada qoydu özü çəmənliyə qayıtdı.

Sarıcalı kəndində həmin gün bir toy mərasimi keçirilirdi. Bu toyun da operatoru Saleh idi. O, mənə zəng etdi ki, şair dostun Abdal Qəhramanı istedadlı xanəndəmiz Firuz Səxavəti bu toyu idarə etməyə çağırıblar. Gəlsən, görüşə bilərsən. Vaxt itirmədən Sarıcalıya getdim. Xoşbəxtlikdən onlar fasiləyə çıxmışdılar. Qəhrəmanla, Firuzla elə toy evinin həyətində görüşdüm. Qəhramanla bir yerdə işlədiyimiz Ağdamlı günlərimizin xatirələrini yada saldıq. Özümüz bilmədən yaşadığımız firəvan həyatdan danışdıq. O zaman Qəhramanın şeirləri rayonda çıxan "Lenin yolu" qəzetində çap olunurdu. Həmin dövrdə qəzetin redaksiyasında "Gənc qələmlər" ədəbi birliyi fəaliyyət göstərirdi. Bu ədəbi birlikdə German, Qulu Ağsəs, Nadir Qədimov, Roza Qarabağlı, Əjdər Qiyaslı, Fəxrəddin Sofulu, Ziyəddin Səlim başqa şairlər toplaşardılar. Onların şeirləri nəinki "Lenin yolu" qəzetində, eləcə respublikanın ədəbi - bədii qəzet jurnallarında, başqa mətbuat orqanlarında da çap olunardı. O zaman bu o qədər asan deyildi. İndi şeir ya hansısa məqaləni qəzetlərdə çap etdirmək çox asandır. Biz həmin gündən yadigar olaraq birlikdə şəkil çəkdirdik. Görüşümüzün burada baş tutması hər üçümüzə gözlənilməz oldu.

Sarıcalı kəndinə gəlmişkən Qarabağ müharibəsi veteranı Əlini soraqlayıb tapdım. Xatırladım ki, xalam oğlu Telman 1991-ci ildə ermənilər tərəfindən girov aparılmışdı. Bizim igid oğullar da Telmanın dəyişdirilməsi üçün Yenikənd ərazisindən 7 ermənini tutub gətirmişdilər bu əməliyyatda  Əli iştirak etmişdi. Bu əməliyyat təhlükəli olsa da, çəkinmədən, qorxmadan erməniləri gətirmişdilər.

Onunla görüşdüm, sonra xudahafisləşib çəmənliyə qayıtdım. Gecəni burada-xalam uşaqlarının yanında qaldım uşaqlıq, gənclik illərimizi xatırladıq. Xəyalən Kəlbəcər yaylaqlarındakı, Dəli dağdakı, Laçın dağlarındakı günlərimizdən söz açdıq. Qırxqızın, İsti suyun, Qaranlıq dərəsinin bir - birindən gözəl saf bulaqlarından, baldırğanından, can dərmanı olan quzu qulağından, dərman bitkilərindən söhbətlər etdik. Bir zamanlar o yaylaqlarda dövran sürmüş babalarımızdan, nənələrimizdən indi kövrək xatirələr qalıb. Həmin dağların, yaylaqların, yurdların indi həsrətindəyik. ümidimiz bir Allahadır. Odur ki, səhər tezdən durub Mingəçevirə qayıtmaq istəyəndə yenidən üzü Murova baxdım, il boyu başı qarlı olan bu əzəmətli dağ ürəyimizə dağ çəkən xatirələrin indi yeganə uzaqdan görünən xatirəsidir... ürəyimdə deyirəm: "Sənin üçün darıxıram, Qarabağ!"

 

 

Məmməd Gürşadoğlu

 

Təzadlar.- 2012.- 10 mart.- S.11.