Ölməz sənətkar Eldəniz Zeynalov anıldı

 

Neçə illərdən bəri fəaliyyətsiz qalmış, başlıbaşına buraxılmış "Azərbaycanfilm" kinostudyasının ərazisində həyatın tədricən normal, işgüzar ahəngi bərpa edilməkdədir. Dünya standartları səviyyəsində tikilmiş və ölkə başçısının iştarakı ilə istifadəyə verilmiş Dövlət Film Fondunun binasında bərqərar olan qaynar yaradıcı fəaliyyət buna ən parlaq nümunədir. Belə ki, adlı-sanlı kino xadimdərimizin əlamətdar yubileyləri burada yüksək səviyyədə qeyd edilməkdədir. Həmin gözəl ənənənin davamı kimi bu günlərdə Film Fondunun geniş salonunda xatirəsi hər birimiz üçün əziz olan, unudulmaz sənətkar, xalq artisti Eldəniz Zeynalovun 75 illik yubileyi yüksək səviyyədə qeyd edildi.

Hər dəfə Eldəniz Zeynalovun adı səslənəndə istər-istəməz adamın çöhrəsinə ilıq bir təbəssüm qonur. Belə məqamlarda onun otuza yaxın kinofilmdə və "Mozalan" satirik kino jurnalında yaratdığı irili-xırdalı obrazları, eləcə də illərdən bəri Az.TV-də yayımlanan "Kinoklub" verilişində söylədiyi duzlu-məzəli lətifələri xatırlayırıq. Onun ilk mükəmməl kino işi 1963-cü ildə Rüstəm İbrahimbəyovun ssenarisi, Eldar Quliyevin rejissorluğu ilə ekranlaşdırılmış "Bir cənub şəhərində" filmində yaratdığı obrazı oldu. Məhz bu obrazı ilə o, kifayət qədər yüksək yaradıcılıq potensialına malik olduğunu sübuta yetirdikino tariximizə sanballı sənət möhürünü vurmuş oldu.

Mədəniyyət kanalının və Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev yubiley tədbirində giriş nitqi söylədi və sənətkara məxsus nadir foto görüntülərin Fondda qayğı ilə qorunub-saxlanıldığını diqqətə çatdırdı. O, xüsusi olaraq qeyd etdi ki, foyedə qurulmuş zəngin fotosərginin köməyi ilə biz E.Zeynalovun keçdiyi mənalı və zəngin yaradıcılıq yoluna səfər etmək imkanına malik oluruq.

Tanınmış kinoşünas, professor Aydın Kazımzadə çıxış edərək, görkəmli sənətkarın daha çox mahir gülüş ustası kimi yaddaşlarda silinməz izlər qoyduğunu vurğuladı. O, qeyd etdi ki, dahi rejissor Adil İsgəndərovun ekranlaşdırdığı "Əhməd haradadır?" kinofilmində Eldəniz adi, epizotik bir obraz yaratsa da, təbii və inandırıcı göründüyü üçün seviliryadda qalır. O, həmçinin teatr, kinoteleviziya ekranları ilə yanaşı, özünün yaratdığı estrada studiyasında aşıb-daşan enerjisini tamaşaçı ilə paylaşmağı, insanlara xoş ovqat bəxş etməyi bacarırdı.

Sonra xatirə gecəsində rejissor Ələkbər Muradovun E.Zeynalova həsr etdiyi sənədli film nümayiş olundu. Bir neçə il əvvəl istehsal edilmiş bu filmdə mərhum sənətkarlardan Mikayıl Mirzənin və Telman Adıgözəlovun Eldəniz barədə söylədiyi xatirələr salonda həzin, kövrək bir ovqatın yaranmasına səbəb oldu.

Hər kəsin xoş ovqatla, kövrək duyğularla qatıldığı bu maraqlı tədbirdə ölməz aktyorun ailə üzvləri, tanınmış mədəniyyət xadimləri Amaliya Pənahova, Şeyx Əbdül Mahmudbəyov, Tariyel Qasımov, Ramiz Məlikov, Şamil Süleymanov, Elxan Qasımov, Baba Vəziroğlu, Flora Kərimova, Elza Seyidcahan və başqaları iştirak edirdilər.

 

 

Bayram Afurcalı,

 

İsmət Səmədqızı

 

Təzadlar.- 2012.- 17 mart.- S.15.