Dizi bərk
kişi
Hər ömrün öz köçü var, karvanı var əzəldən,
Səadət karvanının sarvanı var əzəldən.
(Nizami
Gəncəvi)
Mən
onu uşaqlıq illərindən tanıyırdım. Sovet
hakimiyyətinin ilk illərində dövlət əhalini
savadlandırmaq üçün tək-tək kəndlərdə
məktəb binası tikdirir, orada adamlara əlifba öyrədilirdi.
Az da olsa, məktəblərdə təhsilli müəllimlər
fəaliyyət göstərirdi.
Belə
müəllimlərdən biri də Surxay Qurbanov idi. Sadəcə
Surxay müəllim. Təxminən 25-26 yaşlarında, uzun
boylu, göyçək bir oğlan idi. Məktəbə dərs
hissə müdiri təyin edilmişdi. Məktəbin direktoru
Şamil müəllim, rus dili müəllimi Bəylər Fərzəliyev
idi.
1937-38-ci
dərs ilində məktəbin 1-ci sinifində oxuyurdum. Sinif
müəllimimiz Surxay müəllimin həyat yoldaşı Səidə
müəllimə idi. Orta boylu, yaraşıqlı qadın
idi. Uşaqlara analıq edirdi. O qədər mehriban idi ki, zəng
vurulanda da çölə çıxmırdıq, ondan
ayrılmaq istəmirdik.
Bir gün xəbər çıxdı ki, Surxay müəllimi rayonun başqa bir məktəbinə direktor göndərirlər. Tənəffüs vaxti idi. Gördük ki, məktəbin həyətinə bir fayton gəldi, faytonçu faytonu düz pilləkənin yanına sürdü. Məktəbin müəllimləri, nədənsə, Surxay və Səidə müəllimlə görüşürdülər. Biz heç nə başa düşmürdük gördüklərimizdən. Birdən Səidə müəllimə üzün bizə çevirib "əziz balalar, mən gedirəm, daha sizə dərs deməyəcəm" dedi və ağladı. Biz də ona qoşulduq (10-15 nəfər idik), qucaqlaşdıq, ağladıq, müəllimlər də bizə qoşuldular. Xeyli belə ağlaşma getdi, məktəbin koridoru ilə darvazanın arası 100-120 metr olardı. Müəllimə ilə ağlaya-ağlaya darvazaya qədər getdik. Axırda Surxay müəllim Səidə müəlliməyə "Səidə, bəsdi də, uşaqlardan əl çək", - dedi. Biz ayrıldıq.
Mən 7 illik məktəbi bitirəndən sonra Ağdamda pedaqoji məktəbdə, 2 illik müəllimlər institutunda oxudum, ali təhsil aldım. 1951-ci ildən müəllimliyə başladım. 1952-53cü illərdə rayonun "Lenin yolu"qəzetində işlədim. 1955-56-cı illərdə Bağbanlar 8 illik məktəbində direktor, 1957-65-ci illərdə Novruzlu məktəbində direktor muavini, 1966-cı ildən 1993-cü ilə kimi həmin məktəbin direktoru, 1994-cü ildən 2011-ci ilin sentyabrına kimi Bakıda fəaliyyət göstərən Ağdam rayonu 71 saylı orta məktəbində direktor işlədim.
İşlədiyim müddətdə həmişə Surxay müəllimlə maraqlanmışam, onun fəaliyyəti haqqında məlumatım olub.
"Hər insan bir aləm, bir dünyadır" -
deyirlər. Hər bir insan dünyaya gəldiyi gündən
dünyadan köçənə qədər özünəməxsus
yol keçir, özünəməxsus tarix yaradır. Surxay müəllim belə iz qoyanlardan idi. Onun yolu-vəzifəsi özünə, xalqına,
ağıl-kamala xidmət etmək, həyatdan faydalanmaq idi.
Tarixən insana müxtəlif təriflər veriblər:
-
İnsan - Yerin, Göyün şöhrətidir;
-
İnsan - Dünyanın şərəfidir;
-
İnsan - Dünyanın incisidir;
-
İnsan - Könül quşudur;
-
İnsan - Yaradıcı varlıqdır;
- İnsan - Allahın bəndəsidir.
Surxay müəllimin böyüklüyü onda idi ki, bu
xarakterlərin hamısı onda vardı. O. yüksək
səviyyəyə ona görə yüksəldi ki, həyat
hadisələrinin dalınca sürünmədi, iradəsini kənar
qüvvələrə tabe etdirmədi, tale qulu olmadı.
O, harada işlədisə, kişi kimi
işlədi. Müəllim oldu, direktor oldu,
hüquqşünas oldu, prokuror oldu, böyük vəzifələrdə
çalışdı. Həmişə, hər yerdə
yaxşı insan oldu, yaxşı adam oldu.
Onun böyüklüyü onda idi ki,
özünün əqli, fiziki, etik-estetik, mənəvi-ruhi tərbiyəsi
yüksək idi. O, kamil insan şərəfinə layiq adam idi. O, nəcibliyinə, xeyirxahlığına,
uzaqgörənliyinə, sədaqətliliyinə, hünərinə,
qüdrətinə, kamalına, incəliyinə,
paklığına görə böyük adam
idi. O, çay deyildi, ümman idi,; zərrə deyildi, tükənməz
xəzinə idi. O, yolu düz, sözü düz, alnı
açıq, şən insan idi.
Surxay müəllim həyatda daim dəyişən,
inkişaf edən, dinamik insan idi. O, olduqca mədəni, diqqətcil, təmənnasız
qayğı göstərən, humanist, dostcanlı adam idi.
Yadımdadır, 1952-ci illərdə Azərbaycan KP MK ilə
yanaşı Gəncə vilayət partiya komitəsi, habelə
inzibati orqanlar da yaradılmışdı. Surxay müəllim Gəncə
Vilayət Prokurorluğunda istintaq idarəsinin rəisi işləyərkən
Böyük Vətən müharibəsi illərindən
yaxşı tanıdığı bir dostunun cinayət işi
onun əlinə
düşür. Qərəzçiliklə o adam mütləq həbs olunmalı imiş. Surxay müəllim tərəddüd edir, ya vəzifədə
qalmaq üçün onu həbs etmək, ya da buraxmaq, vəzifədən
getmək. Surxay müəllim vəzifəni
dostluğa, haqqa-ədalətə qurban verir.
Surxay müəllim ömrünün son vaxtlarında
Ağdam rayon Maarif Şöbəsində inspektor, sonralar isə
şəhər 3 ¹-li məktəbin direktoru işlədi. O zaman Novruzlu kənd orta məktəbinin
nəzdində axşam kəndli-gənclər məktəbi də
vardı. Bir dəfə məktəbdən
Maarif Nazirliyinə bir neçə adamın imzası ilə məktub
göndərilmişdi.
Məktubdakı imzalarda sadə adamların adı idi,
amma məktub savadlı yazılmışdı. Yazmışdılar
ki, axşam məktəbində dərs keçilmir, uşaq
yoxdur, yalandan müəllimlər jurnal yazır, əmək
haqqı alırlar.
O zaman
qorxulu idi, imzasız məktubla adamları ləkələyir,
vəzifəli adamları işdən çıxarirdılar.
Surxay müəllim bir qrup adamla məktəbə gəldi, məktubun
məzmunu ilə məni tanış etdi,
bəzi müəllimlərdən, valideynlərdən izahat
aldı. Axşam dərsinin başlanmasına
bir qədər qalmışdı. Surxay
müəllimlə məktəbin qarşısında
dayanıb söhbət edirdik. Bir də gördük bir
nəfər yoldan binaya tərəf ucadan danışa-danışa
gəlir: "Ə, bu nə yoxlamadı, bu nə məktəbdi,
mənim adımı ora kim yazıb, burda məktəb
var?"
Həmin adam bizə yaxınlaşmamış Surxay
müəllim soruşdu ki, bu adam kimdir? Dedim, filan müəllim
var, onun qardaşıdır. Dedi ki, məktubu filan müəllim
yazıb, məktubda yazılanların hamısını o adam dedi.
Surxay müəllim sorğu aparmamış məktub
yazanı tanıdı və yoxlamaya gələnləri
götürüb şəhərə qayıtdı.
Surxay müəllim həmişə deyirdi ki, ədalət,
doğruluq insanın tacıdır. Belə tacı
uşaqların, gənclərin başına qoymaq bizim
borcumuzdur.
Surxay müəllim uzun müddət şəhər 3 ¹-li
məktəbin direktoru işlədi. Məktəb şəhərin
Muradbəyli deyilən ucqar yerdə, "4" yol
ayrıcında yerləşirdi. Kənardan
gəlib-keçənlər sinif otaqlarının pəncərəsindən
içəri baxa-baxa gedirdilər. Məktəbdə
intizam yox idi, uşaqlar bir-birilə, gəlib-gedənlərlə
dalaşırdılar, adamlara sataşırdılar. Uşaqlar arasında xuliqanlıq baş alıb
gedirdi.
Surxay müəllim məktəbə direktor təyin
oldunandan sonra müəllimlər, şagirdlər arasında
dedi-qodu hərəkətləri kəsildi. Məktəbin həyətinə
daşdan barı çəkildi, möhkəm
intizam yaradıldı. Gündə dava-dalaş
salan uşaqlar sakitləşdilər. Məktəbin
şanı-şöhrəti şəhərə
yayıldı. Əvvəllər məktəbdə
işləməkdən imtina edənlər sonradan xahiş
edirdilər ki, onları oraya göndərsinlər. Uzun müddət məktəbin adı 3 ¹-li yox,
"Surxay müəllimin məktəbi" adlanırdı.
Surxay müəllim humanist insan idi. O, ailədə, məhəllədə,
məktəbdə, ictimai yerlərdə, insanları əhatə
edən mikro və makro mühitdə humanist ab-hava yaratmağa
çalışır, köməyə ehtiyacı olanlara öz
böyüklüyünü edərdi. Rayonda
yaxından tanıdığım çox böyük
humanist, gözəl insan, xeyirxah bir din xadimi vardı. Bu adam çox savadlı idi, dini ədəbiyyatı,
habelə klassik şərq ədəbiyyatını dərindən
bilirdi. Lakin ali dini təhsili olmasına
görə onu məktəblərdə işləməyə
qoymurdular. Sovet ideologiyasına zərərli
hesab olunurdu. Surxay müəllim heç
bir hədə-qorxuya baxmayaraq, onu əvvəlcə məktəbin
kitabxanasına müdir, sonralar isə dil-ədəbiyyat
müəllimi götürdü. Surxay
müəllimin qayğısı həmin adama, həmin müəllimin
də yaxşı işləməsi, Nizamini, Füzulini gənclərə
dərindən öyrətməsi Surxay müəllimə
hörmət gətirdi.
Məlumdur ki, şəxsiyyətin hərtəfli
yetişməsində ilk məktəb həyatının
böyük rolu var. Surxay müəllim rəsmi iclaslarda,
yığıncaqlarda çox zaman tribunaya çıxmazdı,
fikir və tövsiyələrini yerdən deyərdi. Uşaqların
qayğısına qalmaq, onları düzgün tərbiyə
etməyi valideynlərdən tələb edərdi. Valideynləri və ya qəyyumluğu olmayan, valideyn
qayğısından kənarda qalan uşaqlara himayədarlıq
edərdi, onların sağlamlığına, mənəviyyatına
nəzarət edərdi, belə uşaqlarla çox mehriban rəftar
edərdi.
Surxay müəllim yoldaşlıqda, dostluqda çox
alicənab idi.
1970-90-cı illərdə Sovet ideologiyasının zərərli
cəhətlərindən biri o idi ki, hər il
sentyabrın 1-də dərslər başlanan kimi məktəbləri
məhsul yığımına cəlb edirdilər, xüsusilə,
pambıq yığımı zamanı məktəblərə,
hər bir uşağa məcburi norma qoyulurdu, hər axşam
nəticə müzakirə olunurdu, adamlar gərgin vəziyyətə
salınırdı, məktəb direktorları tənqid, təhqir
edilirdilər. Yadımdadı, bir dəfə
gündəlik yığımın nəticəsi
Xındırıstan kəndinin klubunda müzakirə olunurdu.
O zaman rayon partiya komitəsinin 1-ci katibi Göytəpə kənd
məktəbinin direktorunu o qədər danladı,
söydü, təhqir etdi ki, yazıq direktor oturduğu yerdə
dünyasını dəyişdi. Onu da deyim ki, Sovet rejimi o qədər
qəddar idi ki, heç kim qorxusundan bir
söz deyə bilmirdi. Belə vaxtlar çox
olurdu. Bəzən belə vaxtlarda Surxay
müəllim ayara qalxar, gərgin vəziyyəti
yüngülləşdirərdi.
Bir dəfə yığıncaqların birində
raykomun 1-ci katibi pambığın becərilməsində,
suvarılmasında rayon su idarəsinin müdirini çox
danladı, təhqir etdi. O zaman su idarəsinin müdiri Maarif Şübəsində
inspektor işləyən bir nəfərin oğlu idi. O adam BVM iştirakçısı, ordenli,
medallı idi. O zaman ata yerindən qalxdı və 1-ci katibi mədəni
danışmağa dəvət etdi, hətta partiya biletini
cibindən çıxarıb 1-ci katibin stolunun üstünə
atdı. Belə gərgin bir vəziyyətdə
Surxay müəllim ağsaqqallıq elədi, onları
barışdırdı.
Bax, Surxay müəllim belə sayılıb-seçilən
ağsaqqal idi.
Surxay müəllim yaşından aslı
olmayaraq hər kəslə yoldaşlıq edərdi. Amma öz tay-tuşları ilə oturub-durardı.
Xüsusuilə, Ənvər Hüseynov, Şahmar Kərimov, Əhəd
Ələkbərov, Bilal Quliyev, Qulam Ağayev,
İldırım Cəfərov, Rüstəm Səlimov, Qara
Hüseynov, Əli Eyvazov və digərləri ilə söhbətləşərdi.
Surxay
müəllim xalqımızın güvənc yeri olan, qeyrətli,
dizi bərk kişi idi. Tez-tez
belə bir ifadə işlədirlər ki, "yaxşı
kişilər gəldilər, yaxşı atları mindilər
getdilər". Bəli, burada həqiqət
var. Lakin mən hesab edirəm ki, yaxşı kişilərin
yaxşı, qeyrətli övladları da olur.
Bu mənada, Surxay müəllim yaxşı ailə
başçısı idi. Həyatda o adam xoşbəxtdir ki,
sonradan adını, əslini-nəslini hörmətlə
yaşadanı var. Bəli, Surxay müəllimin özü
kimi yaxşı adları, əməlləri,
xeyirxahlığı ilə tanınan övladları var.
Atalarının yolunu ləyaqətlə davam etdirən Namiqi,
Şamili, Niyazisi, Nizamisi, Habili var. Bu gün onların hər
biri müdrik, ziyalı, işıqlı, nəcib, xeyirxah
insan, yaradıcı, etik normaları hamıya nümunə
olan insandır. Hər biri elmlər doktoru,
professor, dövlət məmurudur.
Əzizim Surxay müəllim, 20 ildir gördüyün
torpaqlarımız, yurd yerlərimiz ermənilərin
işğalı altındadır. Siz yaxşı ki,
bunları görmədiniz, rahat yatın. Allah sizə rəhmət
eləsin!
Deyirlər ki, yaxşı adamlar heç vaxt
ölmürlər, sadəcə, bizim yanımızda olmurlar.
Bəli,
Surxay müəllim həmişə bizimlədir, ruhu şad
olsun!
Səlim Əzimov,
əməkdar müəllim
Təzadlar.- 2012.-
17 mart.- S.14.