"Borçalı"da Dədə
Camal məclisi
"Borçalı"
İctimai Cəmiyyətində
"Borçalı ədəbi mühitinin
formalaşma tarixi və
bu günü" mözvusunda növbəti 29-cu Dədə Camal məclisi keçirilib.
Bu barədə "Təzadlar"a
göndərilən məlumatda qeyd olunur. Məlum olur ki, tədbiri giriş sözü ilə professor
Elxan Məmmədli açıb. O,
iştirakçıları salamlayıb, Novruz
bayramı münasibətilə təbrik edib.
Daha sonra bu yaxınlarda dünyasını dəyişmiş dəyərli ziyalı,
"Borçalı" İctimai Cəmiyyətinin
fəxri üzvü, Qarabağ
ağsaqqalı Teymur bəy Hacıyevin (Alban) xatirəsi
bir dəqiqəlik sükutla
yad edilib.
Cəmiyyətin
sədri Zəlimxan Məmmədli hamını salamlayaraq ötən bir ay ərzində "Borçalı" İctimai Cəmiyyətinin gördüyü
işlər haqqında məlumat verib. Yeni üzvlərin
cəmiyyətə qəbul olunması, el
məclislərinə səlahiyyətli nümayəndələrin
təyin olunması, Abxaziyadakı seçkilərlə
bağlı qurumun adından
yazılmış etiraz bəyanatı, Gürcüstan prezidenti M.Saakaşvilinin Bakı səfəri və səfərlə
əlaqədar qurumun Saakaşviliyə
ünvanlanmış müraciəti,
Gürcüstandakı torpaq məsələləri
ilə bağlı Qardabani rayonunun Nəzərli və Kosalı kənd
camaatının Tiflisdəki keçirdikləri piket və s. məsələlər
haqda iştirakçılara məlumat verib.
İdarə Heyətinin
üzvü M.Coşqun
18-23 mart tarixində
"Borçalı" Cəmiyyətinin nümayəndə
heyətinin Qardabani, Marneuli,
Bolnisi, Dmanisi
rayonlarında, həmçinin Rustavi, Tiflis şəhərlərində Novruz şənliklərində iştirakı
haqqında məlumat verib.
Mövzu ətrafında
tədqiqatçı, filoloq Müşfiq çobanov
danışıb. O, Borçalı ədəbi mühitinin çox zəngin
olduğunu və bu
sahədə aparılan tədqiqatları diqqətə
çatdırıb. Qeyd edib
ki, "tarixi Azərbaycanın
ərazisi yalnız Azərbaycan Respublikasının indiki sərhədləri hüdudlarında
olmamışdır. Borçalı,
Göyçə, Dəmirqapı Dərbənd mahalları da ən qədim dövrlərdən türk torpaqları olmuş,
burada tarixən Azərbaycan türkləri
yaşayıb-yaratmışlar. Əslən Borçalıdan
olan ədəbiyyatşünas alimlərdən
- mərhum D.Əliyeva, Ə.Saraclı, Ş.Qurbanov,
A.Hacıyev, A.Mişiyev, V.Osmanlı,
V.Hacıyev, eləcə də M.çobanov,
H.Vəliyev, Ş.Məmmədli, H.Məmmədli, E.Məmmədli,
R.Məmmədli, Ş.Şamıoğlu,
T.İsabalaqızı və digərləri bu
sahədə bir sıra təqdirəlayiq
axtarışlar aparmışlar".
Natiq deyib ki,
"Qədim tarixə malik olan Borçalı ədəbi mühitini üç
dövrə bölsək, deməliyik ki, xalq ədəbiyyatının zənginliyi ilə
seçilən Borçalı ədəbi mühitinin
I dövrünün barı hələ tam toplanıb öyrənilməyib. Borçalı ədəbi mühitinin
I dövrünün zənginliyini sübut etmək üçün
bircə onu qeyd etmək
kifayətdir ki, ensiklopedik
zəkası ilə bütün Şərqdə
məşhur olan görkəmli Azərbaycan
filosofu Hübeyş Tiflisi hələ XI əsrdə Tiflis şəhərində
yaşayıb-yaratmışdır. Əgər həmin
dövrdə güclü ədəbi mühit olmasaydı, sözsüz
ki, H.Tiflisi kimi dahi yetişməzdi.
Borçalı ədəbi mühitinin II
dövrü XIX-XX yüzillikləri, daha dəqiq desək, XIX əsrin əvvəlllərindən
XX əsrin 20-ci illərinədək olan dövrü əhatə edir. Borçalı ədəbi mühitinin III dövrü,
yəni XX yüzilliyin 20-30-illərindən
daha da canlanmağa
başlamışdır. Azərbaycan Milli
mətbuatının yaranmasında və inkişafında da Tiflis ədəbi mühitinin xüsusi rolu olmuşdur".
Məruzəçi
çıxışını bu sözlərlə
bitirib: "Borçalı dedikdə saz-söz yada düşür, saz-söz
dedikdə Borçalı... Nə qədər ki,
Borçalı var, bir
o qədər də saz-söz var, nə qədər ki, saz-söz olacaq, bir o qədər də
Borçalı var olacaq!"
Daha sonra mövzu ətrafında şair
Abbas Abdulla, əməkdar
jurnalist İlyas
Adıgözəlli danışıblar. İlyas
Adıgözəlli Borçalı mühitinin
aşıq havaları üstündə kökləndiyini xüsusi vurğulayıb.
Nəhayət, meydan el sənətkarlarına
verilib. Borçalıdan gəlmiş ustad sənətkar aşıq Məhəmməd
Sadaxlı, aşıq Əşrəf, aşıq Fikrət və
gənc ifaçı Sənan öz gözəl ifaları və avazları
ilə ovqatlara, tədbirə daha da rəng qatıblar.
Sonda söz yenə
Zəlimxan Məmmədliyə verilib. O, qeyd edib ki, Azərbaycan ədiblərinin və gənc
şairlərin şeirlərinin gürcü
dilinə tərcüməsi və bu
istiqamətdə proqramlar işlənib
hazırlansa çox yaxşı
olardı. Bu məclisdə bütün bölgələrdən
iştirakçıların olduğunu və
"Borçalı" Cəmiyyəti üçün
bölgələr arasında sərhədlərin
olmadığını vurğulayan natiq təklif edib ki, aprel ayının 5-də
"Borçalı" Cəmiyyətinin ofisində
tanınmış ziyalı Teymur bəy
Hacıyevin anım mərasimi keçirilsin
və Teymur bəyin oğlu
Rövşən Hacıyev "Borçalı" Cəmiyyətinin
fəxri üzvü elan
edilsin.
Elbar
Təzadlar.- 2012.- 29 mart.-
S.15.