İnsanlığın
zirvəsində
Cəbhəyə
yollanan elmlər doktoru Salman Rzayev tariximizin yaddaşına ilk
döyüşçü alim kimi düşdü
Yaxşı
insan, dəyərli şəxsiyyət, mənəviyyatlı
ziyalı... Bu keyfiyyətlərə
malik nəcib, xeyirxah, mərd oğullarımızla daim fərəhlənib,
qürur duymuşuq. Belə insanlar həyatda mərdliklə
yaşamaq, özündən sonra iz qoymaq üçün
insana ləyaqət və şərəf hissinin yetərli
olduğunu sübuta yetiriblər. Onlar həmişə cəmiyyətdə
sağlam mənəvi idealların möhkəmlənməsinə
önəm vermiş, çevrəsindəkiləri nəcib məqsədlərə
yönəltmək məramı ilə yaşayıblar.
Fəaliyyəti
ilə cəmiyyətə böyük fayda verən dəyərli
ziyalılar respublikamızda da daim rəğbətlə,
ehtiramla anılır, onların xatirəsi əziz tutulur. Belə
insanlardan biri də dəyərli ziyalı, fizika-riyaziyyat elmləri
doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi
üzvü, professor Salman Rzayevdir.
İnsanın
formalaşmasında, kamillik zirvəsinə ucalmasında
istedadla, biliklə yanaşı, yaşadığı
mühit, mənsub olduğu nəsil də öz
sözünü deyir. Salman müəllimin nəcib şəxsiyyət
və dəyərli ziyalı kimi formalaşmasında bu məfhumlar
da istisnalıq daşımır. Görkəmli şəxsiyyət,
alovlu vətənpərvər və böyük alim S.Rzayevin
xatirəsinə həsr olunan və bu günlərdə
işıq üzü görən "Salman" kitabında
da məhz yuxarıda toxunduğumuz keyfiyyətlər
çözələnir, həyat və ömür yoluna
işıq salınır. Kitabda həmçinin şərəf
tariximizə ilk döyüşçü alim kimi
adını əbədi həkk etmiş S.Rzayevin
doğmalarının, onu tanıyanların fikirləri və
xatirələri toplanıb.
Kitaba
ön sözü Azərbaycan Dövlət Aqrar Universitetinin
rektoru, əməkdar elm xadimi, professor Mirdamət Sadıqov
yazıb. Kitabın məsləhətçiləri Kamran
Rzazadə və Fərman Rzayeı, tərtib edəni Ehtiram
İlham, redaktoru Həmid Qaralovdur (Həmid Ormanlı). Kitab
qardaşlarından və bacısından Salman Rzayevin ruhuna ərməğan
edilib.
Ön
söz müəllifi görkəmli ziyalı ilə
tanışlığının xoş bir təsadüflə
bağlı olduğunu qeyd edir. Və bu tanışlıq hətta
onları bir yerdə işləməyə gətirib
çıxarıb. Təhsil sisteminin də bir cəbhə
olduğunu vurğulayan M.Sadıqov Salman müəllimin
regional təhsilə çox böyük qayğı ilə
yanaşdığını bildirir: "Öz rahat iş
yerini -Elmlər Akademiyasındakı vəzifəsini qoyub Gəncəyə
gəlib buradakı təhsil mühitini
formalaşdırmağı, ziyalılığa önəm
verməyi onun yüksək vətənpərvərliyindən
irəli gəlirdi. O, əsl vətən oğlu kimi cəbhədə
əlinə silah alıb vuruşduğu illəri
ömrünün ən xoş illəri kimi
xatırlayırdı. Elə insanlar həyatda tək-tək
olur. Elmlər doktoru olasan, cəbhədə uzun müddət
vuruşasan və hər yerdə öz mənəviyyatını
qoruyasan...
O,
auditoriya qarşısında da özünün Allaha, millətə
və torpağa bağlı olduğunu göstərə
bilirdi. O, əsl mənəvi tərbiyə məktəbi idi.
Gənclər onun şərəfli ömür yoluna baxıb,
vətəni qorumağa həmişə hazır
olduqlarıını bildirirdilər. Aqrar fizika və riyaziyyat
kafedrasının özü də elmdə bir yenilikdir.
"Salman Rzayevin məktəbi" deyirdilər bura. Onun bu sahədə
gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan
Dövlət Aqrar üniversitetinin müəllimləri və
tələbələri bu işıqlı insandan ancaq xoş
əməllər öyrənə bilərlər.
Bir
gün söhbətimizdə mənə bildirmişdi ki,
regionlarda ziyalılıq səviyyəsini artırmaq
üçün ölkənin ən yaxşı
ziyalıları dəvət edilməli və Gəncə təhsilinin
əvvəlki şöhrətini özünə qaytarmaq
üçün daha genişmiqyaslı işlər
görülməlidir.
Salman
müəllim kimi insanlar dünyaya az-az gəlir...
Salman
müəllimin yolu Azərbaycan elmində - aqrar fizika və
riyaziyyat sahəsində həmişə qalacaqdır... Qoy indiki və gələcək nəsillər onun
ömür yolundan ibrət alsınlar".
...Zaman-zaman
tarixin müxtəlif sınaqları ilə üz-üzə
dayanmış uca məmləkətimiz ötən əsrin
80-ci illərinin sonunda da növbəti bir fəlakətlə
qarşılaşmal oldu. Mənfur erməni
daşnaklarının torpaqlarımıza təcavüzü
yenidən xalqımızı səfərbər etdi.
Qeyrətli vətən oğulları silaha sarılaraq
müsəlləh əsgər kimi vətənin keşiyində
dayandılar.
Bunların arasında adları fəxrlə
çəkiləcək təəssübkeş və
torpaqcanlı Azərbaycan övladları olan Salman, Kamran və
Fərman Rzayev qardaşlarının xüsusi yeri var.
Məmləkətimizin əsrarəngiz yerlərindən
biri olan Gədəbəydə bu qardaşları, onların
atası, əsl el ağsaqqalı olmuş Qədimalı
kişini yaxşı xatırlayır, tanıyır və
sevirlər.
El
arasında "Doktor Qədimalı" adı ilə
tanınan Tomiyev Qədimalı Rza oğlu oğlanları hələ
yeniyetmə olarkən onların qabiliyyət və
istedadlarını nəzərə alıb belə bir
uzaqgörən söz işlədib: "Salman alim, Kamran
raykom, Fərman isə prokuror olacaq". Və
sonradan zaman bu müdrik atanın bəlkə də arzu və
istək dolu bu öncəgörüşünü təsdiq
etdi. Salman alim oldu, özü də böyük alim... Kamran öz doğma rayonunun icra
başçısı seçildi. Fərman isə
prinsipial və nüfuzlu prokuror vəzifəsində çalışdı...
Salman Qədimalı oğlu Rzayev 1949-cu ildə Gədəbəy
rayonunun Qızıl Torpaq kəndində anadan olub. Ailəsi
Novoivanovka kəndinə köçdüyündon orta məktəbi
də burada bitirib. 1971-ci ildə Şimali
Osetiya Universitetini fərqlənmə diplomu ilə bitirdikdən
sonra doğma rayonuna dönüb. Bir
müddət burada müəllim kimi fəaliyyət göstərdikdən
sonra Bakıya üz tutan S.Rzayev "yarımkeçiricilər
və dielektriklər fizikası" ixtisası üzrə Azərbaycan
Elmlər Akademiyasının Fizika İnstitutunun
aspiranturasına daxil olub. Eyni zamanda Moskva
Molekulyar Elektronika Elmi Tədqiqat İstitutunda defektlərin
silisium inteqral mikrosxemlərdə elektrik aktivliyinə dair tədqiqatlar
aparıb və bu sahə üzrə 1980-ci ildə namizədlik
dissertasiyası müdafiə edib.
1980-ci illərin
əvvəllərində Azərbaycan Elmlər
Akademiyasının toplantısında qurumun prezidenti, akademik Həsən
Abdullayev SSRİ EA-nın yekun iclası barədə məlumat
verərək bildirir ki, Yuri Osipyan adlı erməni alimi həmin
qurumun vitse-prezidenti seçilib və o öz sahəsini bundan
sonra inhisara alaraq heç kimin qabağa getməsinə imkan
verməyəcək. Erməni xislətinə
yaxşı bələd olan akademik H.Abdullayevin bu sözləri
gənc Salmana təsir edir və məhz həmin sahə
üzrə fəəliyyətini daha da genişləndirib elmi
axtarışlara başlayır.
Uzunmüddətli gərgin fəaliyyətdən sonra həmin
sahə üzrə - kristallarda defektlərin elektrik aktivliyi ilə
bağlı olan problemin həllinə nail olan S.Rzayevin
apardığı elmi axtarışlar və təcrübələr
çox böyük maraq doğurur. Moskvanın və
Sankt-Peterburqun ən görkəmli alimləri fakt qarşısında
qalırlar. Azərbaycanlı alimin həllinə nail
olduğu və müəyyənləşdirdiyi mexanizm
Osipyanın irəli sürdüyü elmi nəticələrdən
dəha dəqiq və əhatəli olur. Nəhəyət,
1992-ci ildə çox böyük müvəffəqiyyətlə
S.Rzayev doktorluq dissertasiyasını müdafiə edir. Onu da qeyd edək ki, Azərbaycan fizikləri içərisində
öz düsturu olan ilk alim kimi Salman Rzayev həmçinin təklənmiş
dislokasiyanın keçiriciliyini öyrənmiş və onun
yarımkeçiricilərdə elektron proseslərə təsirinin
modeli və mikromexanizmini dünyada ilk dəfə olaraq irəli
sürmüşdür.
Bu dövr artıq o zamanlar idi ki, ermənilər təkcə
Dağlıq Qarabağa yox, digər həmsərhəd
rayonlarımıza da ardıcıl hücumlara
başlamışdılar və Azərbaycan torpaqlarında
müharibə başlanmışdı. Böyük elmi uğurlara
imza atsa da, doğma Gədəbəydə vəziyyətin gərgin
olması S.Rzayevi bir an belə rahat
buraxmır. öz yaxınlarına təkidlə
müharibəyə getmək fikrində olduğunu bildirən
Salman müəllim, nəhayət, arzusuna nail olur. 1993-ci ilin sonunda fizika-riyaziyyat elmləri doktoru Salman
Rzayev əyninə hərbi libas geyinərək cəbhənin
odlu nöqtələrindən biri olan Gədəbəyə
yollanır. Doğma qardaşları - həmin dövrdə
Gədəbəy rayon Milli Müdafiə Şurasının sədri
vəzifəsini şərəflə daşıyan Kamran
Rzazadə və Uzaq Şərqin Xabarovsk diyarında 12 rayona
prokurorluq edən, lakin doğma vətənindəki hadisələrdən
narahatlıq keçirərək Azərbaycana dönən və
çox böyük təkid və əziyyətdən sonra
Qazax hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə
göndərilən Fərman Rzayevlə birgə sərhədin
ən qaynar yerlərində torpaqlarımızın müdafiəsində
dayanır. Onlar təkcə Gədəbəyin
deyil, həmçinin Qazaxın və Tovuzun qorunmasında da
köməkliklərini əsirgəmirlər. Baş
leytenant rütbəsində hərbi hissə komandirinin şəxsi
heyətlə iş üzrə müavini vəzifəsini
daşısa da, əlində silah bütün
döyüşlərdə həmişə ön cərgədə
vuruşur Salman müəllim. Döyüşlərdə
göstərdiyi böyük şücaətə görə
komandanlıq tərəfindən "Şah İsmayıl Xətai"
Fəxri Fərmənına layiq görülür.
Beləliklə, 44 yaşında fizika-riyaziyyat elmləri
doktoru olaraq cəbhə bölgəsinə döyüşməyə
yollanan Salman Rzayev həm də tariximizin yaddaşına ilk
döyüşçü alim kimi düşür.
1996-cı
ilin yayında ordudan tərxis olan Salman müəllim yenidən
Fizika İnstitutuna qayıdıb baş elmi işçi kim fəaliyyətini davam etdirir. Eyni
zamanda Azərbaycan Milli Ensiklopediyasında redaksiya müdiri
kimi də fəaliyyət göstərir. Bir
müddət də Azərbaycan Dövlət Aqrar Universitetində
kafedra müdiri olaraq çalışır. Onu da qeyd edək ki, böyük elmi uğurlarına
görə Salman Rzayev hələ 1995-ci ildə ölkəmizin
fizikləri arasında ilk dəfə Nyu-York Elmlər
Akademiyasına həqiqi üzv seçilir.
Salman müəllim eləcə də İslam dini və
onun mahiyyəti ilə dərindən maraqlanmağa
başlayır. Bu mövzuda öz fundamental kitab ("Quran həqiqətləri"
"Quran həqiqət meyarıdır" və "Quran və
müasir elm") yazan alim, dinin elmi cəhətdən
izahını çox dəqiqliklə ifadə edə bilib.
Salman müəllim həm də gözəl ailə
başçısı olub. Oğlu Əli Moskvada Bloxin adına Beynəlxalq Onkoloji Mərkəzdə
çalışır. Elmi işlə də məşğul
olan Əli Salman oğlu Rzayev namizədlik
dissertasiyasını müdafiə etməyə hazırlaşır.
Salman müəllimin qızı Əzət
xanım isə ailəsi ilə birlikdə Rusiyada
yaşayır.
Dağlar
qartalı kimi həmişə ucalarda olmağı xoşlayan
görkəmli şəxsiyyət, alovlu vətənpərvər
və böyük alim Salman Qədimalı oğlu Rzayev 2011-ci
ilin mart ayının 31-də bu dünyaya gözlərini əbədi
yumsa da, əməlləri və işıqlı xatirəsi
onu tanıyanların və xalqımızın
yaddaşında həmişəlik qalacaq.
Qeyd etdiyimiz kimi, kitabda S.Rzayevin həyat tarixçəsindən,
ömür yolundan söz açılır, onu
tanıyanların, yaxınlarının,
doğmalarının diliylə çözələnir hər
şey.
Kitabı ərsəyə gətirənlərin məqsədi
həm də şərəfli bir insanın timsalında
şöhrətli bir nəslin tarixini danışmaq və
tanıtmaq idi.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə
tutulub.
ELBAR
Təzadlar.-
2012.- 31 mart.- S.15.