Yaşasaydı, bu gün doğum
gününü qeyd edərdik...
Milli Qəhrəman
Şahlar Şükürov onu sevənlərin qəlbində
həmişə yaşayacaq
Azərbaycanın
ilk Milli Qəhrəmanı. Bu, 1952-ci il may ayının 17-də
Kəlbəcərin Zülfüqarlı kəndində
dünyaya göz açan Şahlar Əvəz oğlu
Şükürovdur. Şahlar məndən bir ay 9 gün
böyük idi.
Dünyaya gəlişi bahar fəslinə təsadüf
etdiyindən, Şahlar xasiyyətcə də elə bahar tərafətli,
həlim xasiyyətli idı.
Uşaqlığımız
və orta məktəb illərimiz bir yerdə keçdiyindən
onun itkisi bu gün də məni çox göynədir.
Şahlar 1-ci sinfə 6 yaş 4 ayın tamamında getdiyindən
orta məktəbi bizdən bir il qabaq bitirdi. O, hələ
uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa
can atırdı. Şahlar istedad və
bacarığı ilə nəinki müəllimləri,
bütün yaşıdlarını da heyran edirdi. Məktəbdə və kəndarası
keçirdiyimiz voleybol, futbol və digər idman
yarışlarında hər kəs Şahların
komandasında olmağa can atırdı. Çünki onun
komandası, nədənsə, heç vaxt məğlub
olmurdu. Şahlar idmanın bütün növlərinə təlimsiz
yiyələnə bilirdi. Biz onun fiziki
sağlamlığına, qamətinə həmişə qibtə
edirdik. Onun əsas xobbisi kəndimizin ətəyindən axan
Tutqu çayından balıq tutmaq idi. O qarmağına
düşən balıqları özündən kiçiklərə
pay verməklə onları sevindirirdi. çox səliqəli
və ünsiyyətcil idi.
Demək olar ki, kənddə hamı
bir-birilə qohum idi. Biz əmoğluluqdan dolayı
yaxın dost idik. Şahlar etibarlı dost idi. O dost yolunda hər
cür fədakarlığa hazırıydı. Orta məktəbi əla qiymətlərlə bitirən
Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı
İnstitutuna qəbul olundu və 1972-ci ildə oranı əla
qiymətlərlə başa vurdu. Ordu
sıralarına yollandı. Sonra Rostov Milis
Akademiyasında təhsil aldı, 1986-cı ildə
akademiyanı yüksək göstəricilərlə başa
vurdu. Əmək fəaliyyətinə Ucar
rayon milis şöbəsində əməliyyat rəisi kimi
başladı. 38 yaşında mayor rütbəsinə
yüksəldi və Zədab rayon milis şöbəsinə
rəis müavini təyin edildi. Şöbədə
hamının güvənc yerinə çevrilən əməliyyatçıya
ən ağır işlər etibar edildi. Məzuniyyət
müddətində kəndə gələndə vəzifə
və titullarından aslı olmayaraq uşaqlıq
dostlarıyla təbiətin qoynunda dincəlməyə
üstünlük verər, kənddəki qoca və xəstələrə
baş çəkərək, onların
qayğılarıyla maraqlanardı. O, kəndə gələndə
orta məktəb illərindəki futbol
yarışlarımız yenidən gündəmə gəlirdi.
Şahlar ucqar dağ kəndində sanki bir idman
məktəbi yaratmışdı. Hər
kəsi sağlam görmək istəyirdi. Sanki onun daxili gözəlliyi ilə surətində
bir vəhdət vardı. Şahların
atası Əvəz Şükürov ötkəm bir təsərrüfat
rəhbəri idi. Ona görə də bəzən
ondan narazı olanlar da olurdu. Bunlara
baxmayaraq, bu narazı olanlar belə Şahları çox
sevirdilər. Şahlar gənc bir polis
(milis - A.D.) kimi Ucar rayonunda işə başladığı
gündən hamının sevimlisinə çevrilməklə
Aran Qarabağda Kəlbəcərin adını yüksəltmiş,
elinə-obasına şərəf gətirmişdi. Ən çətin işlərin
araşdırılmasında, şübhəlilərin
axtarışında, tutulmasında Şahların
qorxmazlığından, savadından və fiziki
sağlamlığından bütövlükdə şöbə
bəhrələnirdi. Bu gün də onun cəsurluğundan
keçmiş iş yoldaşları ağızdolusu
danışır. Amma...
İgid baxtlı olaydı,
Gül budaqlı olaydı,
Düşmən mərd vuruşaydı,
ölən haqlı olaydi...
- deyən
Ağdabanlı şair Əlqəmənin həmin
misraları bu gün də dillər əzbəridi. Şair Şahların millətə, elə
bağlılığını onun ömrünün 38-ci
baharında əbədiyyətə qovuşmasını
ürək ağrısı ilə misralayıb ürəklərə
yazmışdı.
***
1988-ci ilin hadisələri artıq Azərbaycanın
rahatlığını pozmuşdu. Hər
tərəfdən düşmən əhatəsində qalan Kəlbəcərin
Ağdərədən keçən yolu erməni
quldurları tərəfindən bağlandığından
rayonun təchizatı uzaq Ağcabədi, Beyləqan,
Laçın yolu ilə çox ağır başa gəlirdi.
Erməni əhatəsində olan Kəlbəcər
yollarında hər gün neçə-neçə
soydaşımız həlak olur, itkin düşür, şikəst
olurdular. Bu mənzərə Şahları
da rahat buraxmırdı. O, Zərdab polis (milis - A.D.)
şöbəsində işləməyinə baxmayaraq, dəfələrlə
raport yazaraq cəbhə bölgəsində olmağı
bildirmiş və elə ona görə də rəhbərlik
onun bu xahişini nəzərə alaraq döyüş
bölgələrinə getməsi arzusunu
reallaşdırmışdı. 1988-ci ildən
bu hadisələrin ardıcıl
iştirakçılarından biri kimi deyə bilərəm
ki, Şahlar qeyrətinin və qorxmazlığının qəhrəmanı
oldu. O, başqa cür ola da bilməzdi.
çünki ölmək və
öldürmək üçün cəsur ürək
lazımdır.
Azərbaycan xalqı 1990-cı ilin
qanlı yanvarından yenicə çıxsa da, hər gün
sərhəd kəndlərindən qara xəbərlər gəlməkdə
idi. Kəlbəcərlilər isə Tərtərdən
rus əsgərlərinin müşayiəti ilə 159 km yolu
karvanla gedib-gəlirdilər. Ruslar azərbaycanlı
sürücülərin maşınında hər hansı
bir dəmir, ağac, eləcə də çilingər alətlərinin
gəzdirilməsinə imkan vermədiyi halda, ermənilər
yol boyu postlar qurur, ov tüfəngləri ilə keşik
çəkirdilər. Əsgərlər
bu quldur dəstəsinə güldən ağır söz
demirdilər. Bundan istifadə edən ermənilər
pusqular qurur, imkan tapdıqca karvanı güllə-boran edir,
dinc, əliyalın insanları öldürürdülər.
Mən də Kərəmlidəki əhaliyə
kömək üçün 11 iyun 1990-cı ildə Tərtərdən
Kəlbəcərə getdim. Kalon
xətasız ötüşdü. Həmin
gün günorta karvanı ilə döyüş bölgəsinə
gələn Şahlar ermənilərin Otaq qaya deyilən dar
keçiddə qurduqları pusquya düşür. Əli
silahsız əhalinin qırılacağını görən
qəhrəman tabel silahı ilə təpədən-dırnağa
silahlanmış quldurlarla atışmalı olur. Qocaların, uşaqların, qadınların
olduğu böyük bir karvanı Şahlar qanı
bahasına döyüş zonasından çıxarır,
yaralı olsa da karvanın uzaqlaşmasını əmr edir.
Təəssüflər olsun ki, elini qurtaran
Şahlar doğması çimnaz xanımı və
özünü xilas edə bilmir. Əslində
o, özünü yox, böyük bir avtomobil
karvanındakı insanları düşünərək
şüurlu surətdə döyüşə girmişdi.
Beləliklə, bu gün həmin karvanın
sağ qalanları Şahların igidliyini fəxrlə
xatırlayırlar.
11 iyun 1990-cı il. Günəş qüruba yaxınlaşdıqca sanki
qara buludlar da Şahlara tərəf tələsirdi. Bu qara buludların qara geyimli quldurları əvvəlcədən
karvanın keçəcəyi yolu böyük
dağıdıcı zərbəyə malik tratillə
minalayaraq yüksəklikdə "ovun" bərəyə gəlməsini
gözləyirlər. Pusqu elə bir yerdə
qurulmuşdu ki, buradan kimsənin sağ çıxması
mümkün deyildi. Ancaq bu cəsur qəhrəman
öz qani ilə yüzlərlə kəlbəcərlini bu
pusqudan xilas edərək, əbədiyaşar bir zirvəyə
ucala bilmişdı. Şahlar qan içində
tratili zərərsizləşdirərək ağır nəticələr
verəcək partlayışın qarşısını
almış, karvanı xilas edə bilmişdi. Mən
keçdiyim 4 illik müharibə tarixində belə vəziyyətlərlə
az qarşılaşmışam. Bunları yalnız filmlərdə görmək
mümkündür.
Deyirlər, qara xəbər tez
yayılar. Artıq bu xəbər
bütün Azərbaycana yayıldı. Şahları
tanıyanlar respublikanın hər yerindən onunla
vidalaşmağa gəlmişdilər. Canı, qanı
ilə Zülfüqarlıya, Kəlbəcərə,
ümumiyyətlə, vətənə, torpağa bağlı
bu Azərbaycan oğlunun qanı hələl də ermənidə,
məzarı isə doğulduğu Zülfüqarlıda
düşmən əlindədir... Şahlar bahar
fəslini, təbiəti çox sevirdi. O, baharda
doğulub, baharda da sevdiyi torpağa döndü.
Bahar vaxtı bağçasına qar
yağdı,
Ölüm deyil, sinəmizə bu
dağdı,
Dərdim mənim nə xəstədi, nə
sağdı,
Tərsə döndü nərdivanı
Şahların.
Bülbülü gül ağladı,
Saranı sel ağladı ,
Öləni öz anası,
Şahları el ağladı,
- deyən şair
gördüklərini elə bulağından su içdiyi
Şəmşirsayağı qələmə
almışdı.
Bu dərd ağır dərd oldu,
Tale çox namərd oldu.
Nəğməli könlüm evi
Dərdə, qəmə yurd oldu...
Əvəz Şükürovun ailəsində
üç qız, üç də oğul
böyümüşdü. Onlar
çox mehriban bacı-qardaş idi. Ancaq
Şahlar elin sevimlisi olduğu kimi, ailənin də sevimlisiydi.
Bu gün həm Kəlbəcərini, həm də
gəlin köçdüyü Ağdamını itirən
Elmira xanım Şükürova Şahlara çox
bağlıydı. Bacı
üçün bundan ağır dərd olarmı? Ancaq təsəlli ondadır ki, Şahlar
özünü ölümün pəncəsinə atmaqla bu
gün həyatını xilas etdiyi yüzlərlə insan
yaşayır və həmişə də onu
xatırlayırlar.
***
1992-ci ildə mənim qərargahım
Şahlar Şükürov adına orta məktəbdə
yerləşirdi. Balaca Sənan həmişə
hərbi geyimli əsgərlərin yanına gələr, sanki
Azərbaycan əsgəri olmağa tələsirdi. Bu gün şükürlər olsun ki, o,
uşaqlıqdan arzusunda olduğu peşəni seçməklə
atasının yarımçıq qalan arzularını davam
etdirməkdədir. Heç şübhə yoxdur ki, Sənan
Şükürov da atasının adına
layiq övlad kimi peşəsinin öhdəsindən layiqincə
gələcək. Şahların
doğmalarına bildirmək istəyirəm ki, bu itki mənim
də ağrılarımın bir hissəsidir və bu
şeir isə imzamdır.
Ağla qardaşını özün, ay
bacı,
O Dönməz deyilən
talanmış mənəm.
Dağın zirvəsində harayı qalb,
Obası odlara qalanmış mənəm.
Əsir getdi qoca, qarı, qız, gəlin,
Ürəyimdə şırım dərin,
iz dərin,
Kəlbəcərdən nakam baxan gözlərin,
Min dəfə başına
dolanmış mənəm.
Ürəyim yaradı, başa-baş
ahdı,
Gözümün leysanı dəryacan
axdı,
Xəyanət birləşdi evimi
yıxdı,
Quduz ağzı dəyib
dalanmış mənəm.
Azərbaycan tarixinə qızıl həriflərlə
yazılmış qəhrəmanların sırasında ilk
Milli Qəhrəman Şahlar Şükürov onu sevənlərin
qəlbində həmişə yaşayacaq.
Şahlar Şükürov göstərdiyi igidliyə görə
8 oktyabr 1992-ci ildə prezident Ə.Elçibəyin 264
saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
Şahlar yaşasaydı, bu gün şəhid olduğunun
22-ci baharını deyil, doğumunun 60 illiyini qeyd edərdik...
Dərin hüznlə,
Allahverdi Xasay
oğlu Zamanlı
Təzadlar.- 2012.- 17 may.- S.11.