Rauf Hacıyev anıldı

 

Ötən həftə paytaxt ictimaiyyəti iki gün ərzində Azərbaycan mədəniyyətinin aparıcı sahələrinə rəhbərlik etmiş, bir çox mütərəqqi islahatlara ilk dəfə öz imzasını atmış görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycan Respublikasının xalq artisti Rauf Hacıyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərə qatıldı. Ölkə başçısının sərəncamı ilə qeyd olunan bu əlamətdar hadisə iştirakçıların hafizəsində silinməz izlər buraxdı.

Əvvəlcə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkarın yubileyi şərəfinə "Anam doğma vətənimsən, Azərbaycanım" adlı konsert proqramı təşkil edildi. Yeri gəlmişkən, uzun illərdən bəri Rəşid Behbudovdan başlamış bir çox görkəmli mahnı ifaçılarının repertuarında möhkəm yer tutmuş adı çəkilən mahnının müəllifi də Rauf Hacıyev olub.

Gecəni ölməz bəstəkarımız Emin Sabitoğlunun yadigarı, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova açaraq Azərbaycan musiqisini öz orijinal və təkrarsız bəstələri ilə bəzəmiş Rauf Hacıyevin zəngin və çoxşaxəli yaradıcılığından söhbət açdı, sonra isə tədbiri aparmaq üçün sözü əməkdar artist Gülyanaq Məmmədovaya verdi.

Gülyanaq Məmmədova qeyd etdi ki, Rauf Hacıyev çoxlu sayda populyar mahnıların müəllifi olmaqla yanaşı, 7 operettaya, o cümlədən "Əhməd haradadır", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" kimi filmlərə musiqi bəstələməklə milyonların qəlbində özünə əbədi abidə ucalda bilmişdir. Tədbirdə xalq artisti Bilal Əliyev Rauf Hacıyevin Səməd Vurğunun dillər əzbəri olan "Azərbaycan" şeirinə bəstələdiyi eyni adlı mahnını, "Qaya" dövlət ansamblının solistləri isə bəstəkarın müxtəlif bədii filmlərə yazdığı musiqilərdən nümunələr ifa etdilər. Mahnı Teatrının solisti Vaqif Şıxəliyev və Firuzə Quliyevanın ifasında "Saçlarına gül düzüm" və "Sevgilim" mahnıları, əməkdar artist, cazmen Salman Qəmbərovun ifa etdiyi kompozisiya, operaBalet Teatrının solisti Fərid Əliyevin ifasında "Bakı haqqında mahnı", əməkdar artistlər Gülyaz Məmmədova və Teymur Əmrahın duet şəklində ifa etdikləri "Bahar sənsiz" və digər çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Rauf Hacıyevin operetta janrı sahəsindəki fəaliyyəti daha diqqətəlayiqdir, belə ki, onun yazdığı 7 operettadan "Talelər qovuşanda" dünyanın 70-dən çox, "Romeo mənim qonşumdur" əsəri isə 20-dən çox teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

Gecənin sonunda ölməz bəstəkarın qızı, tanınmış pianoçu Nanə Hacıyeva çıxış edərək, atasının 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün sərəncam imzalamış ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinə, gecənin təşkilatçılarına və qonaqlarına minnətdarlığını bildirdi.

Öz mədəniyyəti və qabiliyyəti ilə yüksək dövlət dairələrinin dərin rəğbətini qazanan Rauf Hacıyev 1964-cü ildə Dövlət Filarmoniyasının direktoru, 1965-ci ildə isə Azərbaycan mədəniyyət naziri vəzifələrinə təyin edilmişdir. Təsadüfi deyil ki, o, sonralar bir müddət Bəstəkar İttifaqına da rəhbərlik etmişdir.

Ertəsi gün Rauf Hacıyevin əziz xatirəsinə hədsiz ehtiram bəsləyən yüzə yaxın tanınmış mədəniyyət xadimi və ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək onun məzarını ziyarət etdilər və məzarın üstünə qalaq-qalaq güliçək düzdülər. Əvvəlcə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Rauf Hacıyevin bir bəstəkar kimi titanik fəaliyyətindən, Azərbaycan musiqi xəzinəsindəki əzəmətli yerindən və rolundan söhbət açdı. R.Hacıyevin qohumu, xalq artisti, tanınmış kino-rejissor Eldar Quliyevxalq artisti, bəstəkar Ruhəngiz Qasımova da ziyarətçilər arasında idi. Bəstəkarın qızı Nanə Hacıyeva atasının xatirəsinə göstərilən dərin ehtiramı yüksək qiymətləndirərək ziyarətə gələnlərə səmimi minnətdarlığını bildirdi.

Həmin gün axşam isə Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında Rauf Hacıyevin 52 ildən bəri Musiqili Komediya Teatrının repertuarından düşməyən "Talelər qovuşanda" operettası nümayiş etdirildi. Tamaşadan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova çıxış edərək Rauf Hacıyevin çoxşaxəli yaradıcılığı barədə məlumat verdi.

O, qeyd etdi ki, Rauf Hacıyev yaxın dostuqohumu Tofiq Quliyevlə birgə Azərbaycan estrada mahnı janrının təməlini qoymuşdur: "Dahi üzeyir bəyin xeyir-duası ilə musiqiyə gələn Qara Qarayev kimi nəhəng bəstəkarın tələbəsi olan Rauf Hacıyev Azərbaycan estrada orkestrini yaratmış və bir çox gözəl başlanğıcların əsasını qoymuşdur. Azərbaycan Dövlət Xor Kapellasının, Mahnı Teatrının və Xalça Muzeyinin yaradılması da bilavasitə onun adı ilə bağlıdır. Təsəvvür edin ki, o, Bəstəkarlar İttifaqına rəhbərlik edərəkn Əlcəzairdə peşəkar operabalet məktəbini yaratmışdır".

L.Hüseynova sözünə davam edərək qeyd etdi ki, bu gün nümayişinə toplaşdığımız operetta ilk dəfə 1960-cı ildə "Qonşular" adı ilə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub: "Əsər o qədər böyük uğur qazanır ki, həmin ilin dekabrında Moskva Operetta Teatrında "Talelər qovuşanda" adı ilə tamaşaya qoyulur və bəstəkarın məşhur "Sevgilim" mahnısı da bu tamaşaya daxil edilir. 1963-cü ildə Şamil Mahmudbəyov bu əsəri ekranlaşdırır və rejissorun böyük kinoda ilk böyük işi olan "Romeo mənim qonşumdur" filmi milyonların rəğbətini qazanır".

Sonra pərdələr açıldı və tamaşaçılar birbaşa ötən əsrin 60-cı illərinin sehrinə düşdülər.

Tamaşada əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Emil Heydərov, Emma Məlikova, ülviyyə Heydərova öz ifaları ilə yaddaqalan təsir bağışladılar. Əsas partiyaları isə tanınmış volkalçı Nərgiz Kərimova (Nərgiz) və müsabiqə yolu ilə teatra qəbul edilən gənc solist Elvin Əliyev (Əli) ifa etdilər.

 

 

Bayram Afurcalı,

 

Nərmin Qədirli  

 

Təzadlar.- 2012.- 25 may.- S.15.