Ayaqqabı 

 

(Hekayə)

 

Rza qonşuluğuna yenicə köçən professor Hidayət müəllimin dəvətini qəbul edib onlara təşrif buyurmuşdu. O, bu evə ikinci dəfə idi ki, gəlirdi. İlk gəlişi isə o zaman olmuşdu ki, Hidayət müəllim 10 gün əvvəl Rzanın köhnə qonşusunun satlıq evini almışdı və külfətini yeni mənzildə məskunlaşdırarkən, Rza qonşuluq və insaniyyətlik göstərib onlara yardım etmişdi.

Hidayət müəllimin evinə Rza bu səfər öz ailəsi ilə gəlmişdi. Axı, onlar qapı-qonşu idilər və ailəlikcə bir-birini tanımalı idilər. Onlar ailəlikcə qonaq otağında əyləşib çay içib söhbət edirdilər.

- Hidayət müəllim, keçən səfər mənə söz vermişdiniz ki, bu evin gözəgəlimli yerində saxladığınız bu bir cüt köhnə uşaq ayaqqabısının söhbətini mənə danışacaqsınız.

Hidayət müəllim xəyalən keçmişə qayıtdı:

- Rza bəy, 50 il qabaq soyuq, şaxtalı bir qış günü idi. 4-cü sinifdə oxuyurdum. Ayaqqabım köhnəlmiş, tamam sıradan çıxmışdı. Tərslikdən həmin gün bacımla birgə bəslədiyimiz məstan pişik ayaqqabımın bir tayını parça-parça eləmişdi. Atılası bir hala gəlmişdi. O vaxta kimi dərsdən qaldığım və ya qaçdığım yadıma gəlmir. Həmin gecə çox ağladım. Balaca bacımla qonşumuz Məsmə nənənin himayəsində qalırdıq. Atam çoxdan vəfat etmişdi, anam isə həmin günün dünəni. Məsmə nənə sakitləşdirib məni yatızdırdı. Anam evimizin yaxınlığında bir-iki yeşik mer-meyvə satıb pul qazanırdı, qazandığı qəpik-quruş olurdu. O yaman xəstə idi. Həmin günün dünəni ayaqqabım pis gündə idi deyə, o pulla mənə ayaqqabı alacaqdı. Amma iki gün əvvəl onun pulunu oğurlamışdılar. Anam sonra xəstəlikdən vəfat etdi.

- Allah rəhmət eləsin.

- Allah ölənlərinizə rəhmət eləsin! Nə isə... Sabah açıldı. Dərsə getməli idim, amma, ayaqqabım yox idi. çox ağladım. Bacım məndən balaca idi və bərk xəstələnmişdi deyə, dərsə o gün getməyəcəkdi. Yatağından öskürə-öskürə qalxıb ürkək səslə "mənim ayaqqabılarımı geyinib get dərsə" dedi, mən isə onun üstünə qışqıraraq- "sən dəli olmusan, qız ayaqqabısı ilə gedim dərsə?" dedim. O gün son qərarım idi, səfalət içində yaşamaqdansa, dərsə getməməyi və qonşumuz Əli əminin dükanında işləməyi fikirləşmişdim. O əliaçıq və səxavətli kişi idi. Çox zaman elə bizə o yardım edirdi. Həmişə də  deyərdi ki, əl tutmaq Əlidən qalıb. Anama deyərdim: mən işləyim, sən işləmə, qoymurdu. Həmin gün oturub başımı masanın üstünə qoyub ağladım. Dərsin başlamasına yarımca saat qalmışdı. Yerimdən qalxıb pəncərəyə yaxınlaşdım. Gördüyüm hadisədən təsirləndim. Pəncərədə sağ ayağı olmayan və şikəstlərə məxsus alətlərə dayanaraq yeriyən və çox şən, gülərüzlü bir adam göründü. O zaman "şükür", ¸həmd" sözlərinin mənasını o qədər də bilmirdim, amma uşaq olsam da, qəlbimdən belə hisslər keçirdi. Dedim: Allahım, mənim ayaqqabım yoxdur deyə, dərsə getmək istəmirəm, utanıram bayıra çıxmağa. Amma bu kişinin ayaqqabısı bir yana, heç ayağı da yoxdur, amma utanmır, mıs-mırıq sallamır, hələ gülür də, o, sənə şükür edir. "Şükür" sözünü anam mənə öyrətmişdi. Gözümün yaşını silib çantamı götürdüm, bayırlıq paltarlarımı və bacımın ayaqqabılarını geyinib bayıra çıxdım. Doğrusu, utanırdım, ağacların arası ilə gedirdim ki, ayaqqabılarımı görməsinlər. Məktəbə çatdım. Zəng vuruldu və hamımız daxil olduq sinif otağına. Müəllim "dərsə kim hazırdı"- sualını verdikdə mən əlimi qəsdən qaldırmadım. Axı, yazı taxtasının qarşısına necə çıxacaqdım. Müəllimim bilirdi ki, mən dərsə hazıram, çünki əlaçı idim. Mən qabağımdakı partada oturan Cəfərin arxasında gizlənməyə çalışırdım. Müəlliməm məni qaldırmadı. Dərsi Leyla adlı bir qız danışdı. Sonra Akif, Ağaverdi, Yədullah və başqaları. Müəllimə yeni dərsi izah etdi. Dərsin bitməsinə 10 dəqiqə qalmış olardı. Müəlliməm mənə niyə əlimi qaldırmadığımı soruşdu. Mən isə yalan danışa bilməzdim, doğrusunu da deməyə utandım. Hıqqıldanıb qaldım. Arxa partada oturantez-tez mənə sataşan, tez-tez  dalaşdığım Rüfət gülə-gülə "müəllimə, o qız ayaqqabıları geyinib, ona görə"- dediuşaqlar gülüşdülər. Müəlliməm "axı, burada gülməli heçyoxdur, onun ayaqqabısı yoxdur deyə, dərsə gəlməsinmi?"- dedi. Sonra mənə "afərin" dedi. Daha sonra yazı taxtasının qarşısına çıxıb "uşaqlar, mənim də sizin boyda uşağım var. Sizlər də mənim balamsınız. O da sizdən iki sinif yuxarı oxuyur. Dünən yerdən pul tapıb, mənim yanıma gətirdi, mən də ona dedim ki, bunu aparım dərsdə baxarıq- kim imkansızdır, verərik ona. İndi görürəm ki, ayaqqabı almaq üçün bunu Hidayətə verməliyəm...

O an sevindim. Amma sevincimi gizlətdim. Pulu almaq istəmədim. Müəlliməm zorla mənə o pulu verdi. Alıb təşəkkürümü bildirdim. Müəlliməmə zəng vurulandan sonra uşaqlar tənəffüzə çıxanda- anamın ölməsini, pulumuzun oğurlandığını, o pulla ayaqqabı alacağımı nəzərdə tutduğumuzu- hamısını danışdım. Evə gəldim, hal-qəzanı Məsmə nənəyə nəql elədim, o da, "Allah ondan razı olsun" dedi. Sonra həmin gün mənə təp-təzə ayaqqabı aldı. İndi o ayaqqabıları xatirə olaraq saxlayıram. O gün həmin bu gördüyün ayaqqabıları müəlliməmin verdiyi pulla Məsmə nənə aldı o ayaqqabılar indi gördüyün bu ayaqqabılardır. Mən isə artıq, o səfil şagir yox, professoram, imkanım da ki, şükür Allaha, yaxşıdır. Ailə həyatı da qurmuşam. O vaxt dərs danışmaq üçün yazı taxtasına çıxan Leyla da indi mənim həyat yoldaşımdır.

Professorun balaca oğlu Sərdar maraqlı söhbətə qulaq asa-asa yuxuya getmişdi.

 

 

Qasımbala Səfərov

 

Təzadlar.- 2012.- 2 may.- S.14.