Ağdamsızlığın 19 ili - 19 ilin Ağdamsızlığı

 

Əgər Ayaz Mütəllibov vəzifədən getməsəydi, Qarabağ işğal olunmazdı...

 

Həyatda hər kəsin idarə olunması ilahi qüvvə tərəfindən tənzimlənir. Görünür, mənim də qismətimə Qarabağ probleminin həlli yolunda gecəli-gündüzlü düşünmək düşüb. Allahın bəxş etdiyi bu payın özübir səadət olmaqla, vətənə olan məhəbbətdən, sevgidən irəli gəlir. İllər keçdikcə, Qarabağ məsələsi uzandıqca, on doqquz il ərzində Qarabağın gözü və dilbər guşəsi olan rayonlarımızın erməni tapdağı altında qalması hər bir qarabağlı kimi mənim də içim qan ağlayır. 

Vətənimizə, xalqımıza, onun hər bir vətənpərvər övladına dəyən zərbə, torpağına olan xəyanətin aradan qaldırılması yollarının həyatı çətin dərk edən insanların, dövlətlərin əlində olması içimdəki narahatlığı daha da artırır, hətta bəzən ümidsizliyə qapılmağa gətirib çıxarır.

Azərbaycanın işğalda qalan şəhər və kəndlərinin azad olunması istiqamətində uzun illərdir ki, bir çox beynəlxalq qurumların, xüsusilə də ATƏT-in Minsk qrupu, Avropa Birliyi, ABŞ-ın və BMT-nin üzvü olan dövlətlər səviyyəsində həyata keçirilən tədbirlərin səmərəsizliyi insanlarımıza mənfi təsirini göstərir. On illərlə ATƏT-in həmsədrləri səviyyəsində aparılan danışıqların nəticəsiz olduğu göz önündədir.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, dövlətçiliyin müdafiəsi sahəsində mübarizə aparan, onun keşiyində dayanan xalqımızın sayəsində məcburi köçkünlərimizin öz yurdlarına qaytarılması sahəsində artıq həlledici mərhələyə keçid dövrü yetişməkdədir.

Rusiyada baş verən son hadisələrlə bağlı artıq qonşu dövlətlərdə də məsələlərin həlli sahəsində yumuşalmalar özünü göstərməkdədir. Məsələn, Gürcüstanda əhalinin Rusiyaya gediş-gəlişi sahəsində viza rejimi ilə bağlı atılan addımlar və s.

Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanması uğrunda mübarizə aparan hər bir azərbaycanlı kimi, bizlər də qarabağlı olaraq ötən on doqquz il ərzində üzləşdiyimiz çətinliklərə sinə gərərək, itirilmiş mənəviyyətımızın bərpası naminə əlimizdən gələni etməyə çalışmışıq.

Mən özüm mətbuatda, televiziyada Qarabağla bağlı gedən hər bir verilişə, baş verən hadisələrə, səsləndirilən ifadələrə olduqca həssaslıqla yanaşır, götür-qoy edirəm. 12 mart 2012-ci il tarixdə Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun Qarabağonun həlli yollarında Rusiyanın rolundan söz açması itər-istəməz uzun illərdi bu hadisə ilə bağlı hər bir azərbaycanlını düşündürən bu ciddi məsələyə aydınlıq gətirilməsində çox böyük əhəmiyyət kəsb edən dəlil oldu.

Qarabağın bugünkü vəziyyətini seyr edərkən onun rayon və şəhərlərinin tar-mar olmasında əli olan, ona şərait yaradan bəzi qüvvələrin törətdikləri hadisələrdən birini açıqlamağı özümə borc bilirəm. 1992-ci ilin 7 mart tarixi Qarabağın taleyinin həlli anı kimi tarixə düşməli vacib günlərdəndir. Belə ki, Qarabağın ermənilər tərəfindən zəbt edilərək "böyük erməni imperiyası" yaratmaq xülyası günü-gündən vüsət aldığı bir vaxtda ölkədə regionların rəhbərlikləri işdən azad edilərək yerinə səriştəsiz adamlar təyin edilirdi. Azərbaycanın sabiq ilk prezidenti Ayaz Mütəllibov ölkəmizin üzləşdiyi ağır vəziyyətdən çıxış yolu olaraq Dağlıq Qprabağda fəaliyyətdə olan Livan və digər ölkələrdən gətirilmiş saqqallılardan təmizlənməsi və birdəfəlik Qarabağda Azərbaycan bayrağının ucaldılmasını təmin etmək məqsədilə çox mühüm bir tədbirə əl atdı. O nə idi? Rusiya generalı olan Şerbakın əli ilə böyük bir əməliyyatı həyata keçirmək. Bu məqsədlə Prezident Aparatının yeddi nəfər məsul rəsmisi ilə Ağdamda mənim yaşadığım evdə binanın mansar hissəsində qırx nəfərlik yeri olan rahat bir mənzildə 1 mart 1992-ci ildən 7 mart 1992-ci il səhəri saat 10:00 radələrinədək bir yerdə olmuşuq. Aparılan söhbətin nəticəsi olaraq Ağdamın Şelli kəndinin dağ ətəyinə 90 tank gətirildi. Həmin tankların 30 ədədi Əsgəran, 30 ədədi Xankəndinə, 30 ədədi isə Şuşaonun ətraf kəndlərində olan saqqallılardan təmizlənərək və muvaqif qaydada 1500 hərbçi həmin şəhərlər arasında bölünərək on gün müddətində Qarabağ ərazisindəki ermənilər tərksilah edilərək prezident Ayaz Mütəllibova təhvil verilməli idi. Bunun üçün qonaqlar "hazırlıqlı" gəlmişdilər. Məsələdən xəbər tutan bəzi qüvvələr və onların havadarları qəsdən Bakıda xalqı 5 mart 1992-cə il tarixdə ayağa qaldırdılar. Buüçün edildi? Əgər Ayaz Mütəllibov Qarabağdan yaraqlıları təmizləmiş olsaydı, hakimiyyətə gəlmək və Ayaz Mütəllibovun yıxılması mürəkkəb oyunlar tələb edərdi. Ona görə də mən 5 mart 1992-ci ildə axşam saat 18:00 radələrində evimdə qonaq olan Prezident Aparatının rəsmilərindən birinin Bakıya getməsini xahiş etdim. Məqsəd ayağa qalxmış qüvvələrin rəhbərlərinin 6 mart 1992-ci ilə qədər həbs olunması üçün göstəriş verməsi idi. Əgər bu tədbirə Ayaz Mütəllibov getmiş olsaydı, ölkədə dövlət çevrilişi baş verməzdi. Ayaz Mütəllibovun humanistliyi, riskli addım atmaması hesabına fəsadlarla üzləşirik.

Dövlət rəsmisi 5 mart 1992-ci ildə axşam Ayaz Mütəllibova bu tövsiyəni çatdırarkən onun cavabını aşağıdakı yazıda olduğu kimi oxucaların nəzərinə çatdırmaq yerinə düşərdi. "Mənə belə vəzifə lazım deyil ki, mən xalqıma silah qaldıram, insanların qanına əl bulayam, türməyə saldıram. Qoy, bu işin arxasında kimlər dayanıbsa, arzusuna çatsınlar. Vaxt keçəcək hər şey aydın olacaq. Onda da hər şey gec olacaq. İnsanlar uzun müddətdən sonra özlərinə gələrkən kiminsə küyünə getdiklərinə peşman olacaqlar".

Dövlət rəsmisi 6 mart 1992-ci ildə səhər saat 11:00 radələrində Bakıdan Ağdama qayıtdı. O, həmkarları ilə görüşüb Ayaz Mütəllibovun fikrini bəyan etdi: "Mənə belə vəzifə ehtiyac deyil. Qoy, xalqı aldadaraq pul buraxıb onu ayağa qaldıran cəbhəçilər hakimiyyətə gəlsin, sonrakı hadisələri gördükcə mənim qədrimi biləcəklər". Bu açıqlama otaqda olan ziyalıları və məni çox məyus etdi. Dözməyib ürək sözümü deməyə özümdə qüvvə tapa bildim. Dedim ki, "onun evi yıxıldı, bizimbelimiz qırıldı. Siz görərsiniz, bu gün Ayaz Mütəllibovu taxtdan salacaqlar". Digər şəxslər də öz narahatlıqlarını bildirirdilər. Əfsuslar olsun ki, 6 mart 1992-ci ildə axşam saat 18:00 radələrində Ayaz Mütəllibovu vəzifədən uzaqlaşdırdılar. Onlara kənardan dəstək verən vəzifə düşkünləri hadisəni çox böyük tənətən ilə bayram etdilər. Gecəni çox narahat yatan qonaqlar 7 mart 1992-ci ildə saat 11-ə işləmiş bundan sonra xalqın başına gələcək faciəli günlərə görə pərişanlıq hissi keçirən Prezident Aparatının rəsmiləri nəzərdə tutulan əməliyyatın baş vermədiyini görüb Bakıya yola düşdülər. Getməzdən öncə general Şerbaka hadisə ilə bağlı son sözlərini deyib getdilər. Vəziyyəti belə görən general Şerbak 90 tankın, 1500 rus əsgərin Ağdamın çöl yolu ilə yarısını Xankəndi istiqamətində, yarısını isə başqa istiqamətdə yola saldı. Bununla da Dağlıq Qarabağın saqqallılardan və yaraqlılardan təmizlənmə əməliyyatı başa çatdı. Bu, Azərbaycan üçün böyük zərbə oldu. Əgər bəzi qüvvələr və onların havadarları xalq ayağa qaldırılmasaydı, Ayaz Mütəllibov vəzifədən uzaqlaşdırılmasaydı Qarabağ əldən getməzdi. Qarabağlılar bu gün respublikanın ərazisinə səpələnməzdi. Ağdamımız, Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Zəngilanımız, Qubadlımız, FüzulimizE tar-mar edilməzdi.

Əgər Azərbaycanda rus qoşunlarının bir polku belə qalsaydı, Qarabağın işğalı baş verməzdi. Elə o zaman Qarabağ probleminin həll olunacaq fürsətinin əldən verildiyini görcək qəti bir qərara gəldim. ölkə daxili çəkişmələr, ermənilərin aramsız Azərbaycan əleyhinə çıxışları, Moskvanın ermənilərə olan dəstəyini açıq-akşar gördükcə yaranmış gərgin vəziyyətlə bağlı Azərbaycana bir əlində "Qurani-Kərim", o biri əlində avtomat olan xalqın düşdüyü vəziyyətdən çıxaran müdrik bir rəhbərə böyük ehtiyac olduğu qənaətinə gəldim. O dövrdə dövlətin, xalqın idarə olunmasında böyük risklər tələb olunurdu. Bütün qələbələr edilən riskin nəticəsində əldə olunur. Bu seçimi Ayaz Mütəllibovun vaxtında etməməsi sözsüz ki, sonluğu faciəli başa çatdı. Atalar deyib ki, dəmiri isti-isti döyərlər. Rəhbərlik rəhmli olmağı sevmir. Zaman keçdikcə keçən hadisələri xatırlayarkən diqqət çəkən bir sıra baş verən hadisələr insanı hiddətə gətirir. Bəzən də öz-özünə düşünürsən, görəsən, deyilənlərə kimsə inanırmı?

Ayaz Mütəllibov dəfələrlə tribunadan dediyi sözlər bu gün də yadımdadır. O, deyirdi ki, gəlin o biri respublikalar necə edirsə, biz də elə edək. Əfsuslar olsun ki, buna heç kim getmədi. Nəticədə, ərazimizin dəyərli torpaqlarının 20 faizinin itkisinə şərait yaratdıq.

 

***

 

Son illər məcburi köçkünlərin mənzillərə olan təlabatının ödənilməsi ilə bağlı çadır şəhərcikləri aradan qaldırılıb, yeni müasir qəsəbələr salınıb ki, bütün bunlar dövlət qayğısından xəbər verir. Ancaq Qarabağsızlıq dərdi daha betərdir. Bir tərəfdən də məcburi köçkünlərin respublikanın onlarca şəhər və qəsəbələrinə yerləşdirilməsi onları pərişan edir. Yoxsa, bu, bir daha Qarabağa qayıtmayacağımızdan xəbər verir?! Qəzetlərdə məcburi köçkünlər üçün tikiləcək evlərin rayonlar üzrə siyahısını görəndə ürəyim qovruldu. Sözsüz ki, hər birimizə mənzil ehtiyacı bu günün reallığıdır. Ancaq məsələnin həllində seçimin bu şəkildə qəbulu qəbuledilməzdir. Ərazi bütövlüyümüzün, Qarabağın tam şəkildə azad olunmasında son sözü deməyin artıq məqamı yetişib.

Sözsüz ki, güclü ordumuz, müasir hərbi texnikamız, döyüşən xalqımız var. İqtisadi göstəricilər baxımından yüksək zirvələri fəth edən ölkənin vətəndaşlarıyıq. Belə bir şəraitdə xalqın həmrəyliyinə nail olunmaqla ölkəmizi yaranmış vəziyyətdən çıxara bilərik. Onu da unutmaq lazım deyil ki, ATƏT-in həmsədrləri öz açıqlamalarında bizləri gülüş vəziyyətinə salıblar. Deyirlər ki, özünüz iki dövlət məsələnizi həll edin, biz də razılıq verənin biri. Bu fikrin arxasında çox ciddi siyasi oyunlar dayanır. Odur ki, Qarabağın həlli yolunda "Rusiya kartı"ndan ancaq ərazi bütövlüyümüzün qorunması şərtilə bəhrələnməliyik.

Mətbuatdakı açıqlamalar gecolsa, Qarabağın həlli məsələsinin açarının və kodunun Moskvada olmasının təsdiqini tapması axır ki, reallığa xidmət edir. Əgər belədirsə, ərazi bütövlüyümüzü dəstəkləyən dünya ölkələrinin köməyi ilə yanaşı, son olaraq Rusiyanın həlledici rolunu da unutmamalıyıq.

Dünya ölkələrinin maraq dairəsinə çevrilən Qarabağ məsələsi indi həlli astanasındadır. Son olaraq Rusiya dövləti üçün alətə çevrilmiş Qarabağın həlli yolunun yalnız iki dövlət səviyyəsində tapılacağı gündəmdədir. Problem Rusiya-Azərbaycan dövlətlərinin bir-birinə inamı çərçivəsində həllini tapacaq.

Azərbaycanın BMT səviyyəsində yüksək mövqe əldə etməsi bizim haqq səsimizin ucaldılmasında, torpaqlarımızın azad olunması, məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması sahəsində çoxsaylı təbdirlərimizi 2012-2013-cü illərdə son il olaraq əzmkarlığımızı davam etdirməklə Qarabağda dövlət bayrağımızın qaldırılmasında bəhrəsini verəcək. Belə mürəkkəb, keşməkeşli yolda Allah xalqımıza dayaq olsun!

 

 

Amil Ağalar,

Azərbaycan Kommunist Partiyası

Ağdam şəhər komitəsinni 1-ci katibi

 

Təzadlar.- 2012.- 4 may.- S.11.