"Məndə mənlər yaşar, neçə mən mənəm..." deyən şair

 

...Şahin Fazil doğma Azərbaycanımızın qarşısında, xüsusilə onun tarixi, ədəbiyyatşünaslığı, dilimizin inkişafi və təkmilləşdirilməsi sahəsində misilsiz xidmətləri olan alimlərimizdəndir. Onun elmi naliyyətləri, Azərbaycanda maarifçiliyin inkişafında xidmətləri göz qarşısındadır. Olduqca maraqlı bir şəxsiyyət olduğu üçün onun son vaxtlar çapdan çıxan "Üçüncü divan" kitabı qarşımdadır.

 Şeir və qəzəllərini oxuduqca onun şair obrazı gözümün qarşısında canlandı və hörmətli şairimizin yaradıcılığı haqqında aşağıdakı fikirləri deməyi özümə borc bildim.

 Şahin Fazil demək olar ki, bütün şeir növlərindən: qəzəl, qoşma, rübai, dibaçə, qitə, təzmin, təxmis, sürud, mürəbbe, müsəbbe, müstəzad, hayku, təəssüfnamə, dördlük, səkkizlik, təkbeyt, bayatı, xatimə, sərbəst şeirlər yazmaqla poeziya dünyamızı zənginləşdirmişdir.

Şahin Fazilin yaradıcılığının ən böyük məziyyəti  yazdığı şeir və qəzəllərin Azərbaycan dilində, hamının başa düşəcəyi dildə olmasıdır. Şair ərəb, fars dillərində olan sözlərdən demək olar ki, istifadə etmədən, bugünkü müasir Azərbaycan dilində yazmaqla bu günün özündə də gözəl qəzəllər yaratmağın mümkünlüyünü sübut edir:

 

Dedilər gərçi şəfa cövrü cəfadan yaxşı,

Aşiqə amma cəfa oldu şəfadan yaxşı.

Ey qaranlıq diləyən kəs, nə görübsən qarada,

Görmürəm mənsə işıqdan və ziyadan yaxşı.

Başqa bir qəzəlində:

Verələr gər cahanı aşiqə canan əvəzi,

İstəməz, çünki cahan olmayacaq can əvəzi.

Çünki canan elə candır, can isə canandır,

Alalar canı fəqət Azərbaycan əvəzi.

 

Füzulisayaq yazdığı, lakin orijinallığı ilə fərqlənən məzmunlu bir qəzəlində:

 

Saxlasın pərvərdigar əqlin bəlasından məni,

Etməsin hər dəm kənar eşqin ziyasından məni.

Ey məhəbbət göylərində parlayan bəxt ulduzum,

Sönmə, yan. Yan eylə, dövranın qəzasından məni.

deyimi qədər gözəldir.

 

Şahin Fazil olduqca məhsuldar şairdir. Onun üçün mövzu qıtlığı yoxdur. Ətraf mühitə olan diqqətinin, reaksiyasının nəticəsidir ki, yaradıcılığı, mövzu zənginliyi cəhətdən insanı düşündürür onu ovundurur. Müxtəlif  vəznli şeirlər silsiləsindən olan "Özümün özümə sözü", "İki səhər", "Mənim ürəyimdə ölü uşaq var", "Nadinc istək", "Dərdin dərdi", "Əlin ayağı", "ürək xörəyi", "Yaşıl ümidimin gülləri qara", "Bənd olduğum iki bənd söz", "Bəhər verən quru ağac" şeirlərini buna misal göstərmək olar.

 

Günüm  tək gözümün qaraldı ağı

Qarası böyüdü, ağı qalmadı.

Rəhmin göyə uçdu, tüstü sayağı,

Mənim ürəyimin yağı qalmadı.

 

Özünəməxsus orijinal üslubda yazdığı şeirlərində işlətdiyi qanadlı fikirlər insanı heyran edir:

 

Öldürüldü Əli tək

Həzrəti bəs hardan alım?

Zülfüqar tapmaq olar,

qüvvəti bəs hardan alım?

İsa kimi peyğəmbərə çarmıx edər ki,

Çarmıxa çəkənlər yerə, İsa göyə getdi.

 

Şahin Fazil xeyirxah, dostluqda möhkəm yararlı insandır. ¸Əl tutmaq Əlidən qalıb", -deyirlər. Şahin qardaşım bunu da bir ideya kimi qəlbinə əkmiş ondan bəhrələnir. Desəm ki, onun düşməni yoxdur, heç yanılmaram. O, öz Məninə güvənən, ona qiymət verən insandır.

"Məndə mənlər yaşar, neçə mən mənəm" şeirində:

 

Dostum düşmənimdən dəfələrlə çox,

Düşmən dostlarımla bacara bilməz.

Elə ağıram ki, yüngüllüyüm yox,

Məni nər dəvə apara bilməz.

 

Göylərə qalxmaq, göylərə uçmaq mövzusu çox şairlərin yaradıcılığında yer tutmuşdur. Şahin Fazil bu mövzuya baş vurmuş oxucuya şirin bir dildə öz gərəkli tövsiyələrini vermişdir.

"Göy arzusu" şeirində yerin qəmindən, tənhalığından, şadlığının azlığından, şərin, kədərin çoxluğundan bezdiyindən şikayətlənir.

 

Axı şahin quşuyam mən,

Gərək göydə yaşayam mən.

Yer mülkündə naşıyam mən,

Allah, məni göyə çağır.

 

Şahin Fazil  vətəndaş şairdir. Vətənpərvərlik ruhu onu heç vaxt tərk etmir.  Ömrünün bu çağında onu yaşadan, həyat eşqini artıran ən böyuk duyğu məhz onun vətənpərvərlik ruhudur.

Üçüncü divanında toplanan 1381 səhifəlik şeirlər toplusundakı yüzlərlə şeirində Qarabağ adı, Qarabağ nisgili, Qarabağ həsrəti, Qarabağ ağısı səslənir. O, bunu özünə məxsus ustalıqla  baçarıqla oxuculara çatdırır. Onları bu hisslərə qonaq edir, düşündürür.

 

"Xəstə gün" şeirində oxuyuruq:

 

Ər tək ayaq açmasam,

Getməsəm Qarabağa.

Şahin kimi uçmasam,

Yetməsəm Qarabağa.

Bu xəstə gündə əlac,

Etməsəm Qarabağa.

Canımı didim-didim,

Didər günlərim,

Didərginlərim.

 

"Yalan söylə sən canın" şeirində nağılbaz Gülzar nənəyə üzünü tutub ¸Kimin var ixtiyarı əlindən ala dili", ¸"Ana dili " var idi, yaratdın "Bala dili""  deyəndə Qarabağı unutmur.

 

Haçandır Qarabağda

İşlər düşüb əngələ.

Deyirsən "Kişi dili"

Yaradacaqsan hələ?

 

Başqa bir şeirində Qarabağ dərdini açıqlayaraq, ürək göynərtisi ilə:

 

Qarabağı satdılar,

İgidin günahı?!

"Öl" deyib aldatdılar,

Şəhidin günahı?!

Şahin uça bilmirsə,

Ceyran qaça bilmirsə,

Açan aça bilmirsə,

Kilidin günahı?!

 

deməklə, o, Qarabağın  açarının kimlərinsə əlində olduğuna işarə edir. 

Xocalı faciəsini anarkən, bu soyqırım faciəsinin  gəlişini obrazlı bir fikirlə oxuculara çatdırır:                             

 

Deməmişdi "gəlim" gəldi,

Bir anda min ölüm gəldi.

Xocalıya zülüm gəldi,

Qardaş, ölüm nəmənədir?!

 

Yuxarıda qeyd etdiyim kimi, Şahin Fazilin yaradıcılığında Qarabağ mövzusunu ümumiləşdirmək istəsək ona ad vermək istəsək "Qarabağnamə" adlı bir kitab düzələr. Fikrimi Qarabağla bağlı şairin:       

 

Sinəmə dağ basıb Qarabağ dərdi,

Hələ ağlayıram, gülmürəm hələ.

Önümdə görəndə neçə namərdi,

Neyçün yaşayıram, ölmürəm hələ?

sözləri ilə bitirirəm.

 

Mövzunu "Uçan adam" şeirində davam etdirərək: "Mən yerdə o qədər yer görmüşəm ki,

 

Göylərə uçmasam qorxuram öləm,

Ürəyimdə qala ürəyimdəki

 

Kimi ifadə edərək şair göylərə uçmaq səfərini yeni, yer həyatına vida etmədən, xəyal təyyarəsi ilə göyün yeddi qatına uçmaq, sabahkı bu günü, bugünkü dünəni unutmaq istəyini bildirir.

Ömür-gün yoldaşının qəbri üstündə yazdığı həcmcə kiçik, məzmunca böyük, qəlbləri göynədən dərin poetik boyalarla təsvir etdiyi "Daş ilə danışıram" şeirinə nəzər salaq:

 

Bir canım var üzülən,

Qəbrinin başındayam.

Gözlərimdən süzülən,

Yaş ilə danışıram.

 

Ruhun göyə çəkilib,

Cismin məzar içində.

Baş daşını baş bilib,

Baş ilə danışıram.

 

 Sonda şeirini daha obrazlı: "daş dilidir elə bil, çaramı Allah kəsib, indi səninlə deyil, daş ilə danışıram" sözləri ilə bitirir. Şeirin ecazkar qüvvəsi qarşısında baş əyməyə bilmirsən.

Çoxumuz gecələrin tez keçməsini, sabahların tez açılmasını səbirsizliklə gözləyirik, lakin gecə keçmir ki, keçmir. Şair bu hissi keçirərkən özünə məxsus poetik ruhla çox gözəl bir məzmunda, "Gecənin ayağı" şeirində deyir:

 

Cırmır çadrasını gündüzün əli,

Gecənin ayağı niyə yerimir?

Gecənin bu gecə gəlmir əcəli,

Gecənin ayağı niyə yerimir?!

 

Mövzu sadə olsa da  Şahin Fazil rəngarəng obrazlı deyimlərlə bu şeirdə qədər oxucunu sehirləyən qanadlı fikirlər işlədir: "Önünü saxlayan əlmi olubdur, gündüzün əlləri şilmi olubdur, elə bil asılıb daş ayağından, gecənin ayağı niyə yerimir".

Şahin bütün dünya dərdlərini öz dərdi kimi bilir, özününküləşdirir bu hisslərini oxuculara çatdırır. ölənlər bir dəfə ölür, mənsə dərdlərimlə hər gün ölürəm. Günü qara Qarabağ hələ özgədədir-öldüm, Fələstin alışır, Livan odlanır-öldüm. Haqqın ədalətin yuxusu gəlir-öldüm, günahkar ölmədi günahı ilə-mən öldüm.

 

Şairin "öldüm" şeirindən götürdüyümüz bu fikirlər belə qurtarır:

 

Yenə peyda olur xanlar, əmirlər-öldüm.

Yaltaq elədilər filan şairi-öldüm.

Padşahdan Allahın qoxusu gəlir-öldüm.

 

 Dahi şairimiz Füzulinin "Hər illətə gərçi bir səbəb var, ayə səbəbi kim etdi izhar" sözlərinə nəzirə yazdığı "Bu gül niyə qurudu?" şeiri olduqca səmimi məzmunludur.

 

Susuz qalıb yandımı?

Bülbülə qısqandımı?

Gül-gülə qısqandımı?

Bu gül niyə qurudu?

 

Deyib böyük sənətkar,

Hər illətə səbəb var.

Ey səbəb, ey sənətkar,

Bu gül niyə qurudu?

Bax, budur poeziya, budur fikrin obrazlı ifadəsi, şeirin ecazkarlığı.

 

Əziz qardaşım Şahin! Sənə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy, ilham pərisi hər an başının üstündə olsun!

 

Hörmətlə,

 

Yaşar Əliyev,

fəlsəfə doktoru,

Azərbaycan MEA-nın Fəlsəfə,

 Sosiologiya və Hüquq İnstitutunun

sektor müdiri, Respublikanın

fəxri prokuror işçisi      

             

Təzadlar.- 2012.- 4 may.- S.13.