QARDAŞIM

 

(Şuşanın işgalının 20-ci ilində, Qarabağ şəhidlərinin əzizi xatirəsinə ithaf edirəm)

 

İçim qan ağlayır, üzdən gülürəm,

Gecələr yuxumu qırxa bölürəm,

Göz yaşımı bayramlarda silirəm,

Dönübdü zəhərə süfrədə aşım,

Məni torpağıma yetir, qardaşım!

 

Gen üfüqlər xəyalıma dar gəlir,

Yurdsuz qalmaq nər kişiyə ar gəlir,

Bu ağrıya dözmək mənə zor gəlir,

Tək diləyim- vətənimə ulaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Qaldı deyilməmiş sözlər dilimdə,

Sındı çalmadığım sazlar əlimdə,

ümidim yol gözlər Vətən çölündə,

Sönmür ürəyimdə yanan atəşim,

Məni torpağıma yetir, qardaşım!

 

İçimdə ah qalıb, sinəmdə haray,

Atam da, babam da, nənəm haray!

Yol gözləyən gəlin Sənəm haray,

Buna görə ağrım, acım, təlaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Yaman çəkdi tarix bizi sınağa,

Hardan gəldi vaxtsız xəzan bu Bağa?

Tər çiçəklər səpələndi torpağa,

Fəsilləri caşdı baharım, qışım,

Məni torpağıma yetir, qardaşım!

 

Dilim piltə-piltə alovdu, oddu,

Ahım göyə qalxdı, cahanı tutdu,

Dünya bu vəhşəti necə unutdu?

Qarabağda qaldı, kəsilən başım,

Məni torpağıma yetir, qardaşım!

 

Daha dünən bizim olan o yerlər,

Oldu nədən bu gün yalan, o yerlər?

Dədə-babalardan qalan o yerlər,

Əsarət altında tarix sirdaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Məndə qalan Şuşa, Ağdam, Füzuli,

De! Kimlə bölüşüm düşdüyüm halı?

Taleyinə küsüb, ağlar Xocalı,

Gəlsin elim-obam, dosdum, yoldaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Sel-suları nazlı-nazlı axardı,

Gözəlləri yaylaqlara çıxardı,

Xocavənd baharda cənnət qoxardı,

İndi ona ağı deyir göz yaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Yol gözləyir Hadrut, Kəlbəcər, Laçın,

Bağlanan yolları yenidən açın,

Külək olub əsin, quş olub uçun,

Zəfər gününədək sürsün savaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Ağdərədə axan qanı unutma!

Cəbrayılı, Zəngilanı unutma!

Xankəndini, Əsgəranı unutma!

Nəsillərə keçsin qanlı yaddaşım,

Məni torpağıma yetir, qardaşım!

 

Qazın məzarımı yolunun üstə,

Yatım sinəsində, qolunun üstə,

Doğma vətənimin, elimin üstə,

Azadlıq rəmzi tək qoyulsun daşım,

Məni torpağımda basdır qardaşım...

 

 

Abduklkadir İnaltəkin,

Almaniya,

Berlin çatmaq

 

Təzadlar.- 2012.- 5 may.- S.14.