Vətən uğrunda şəhidliyi üstün tutan Sənan Rüstəmov

 

İnsan üçün ən böyük bədbəxtlik Allahın nəzərindən kənarda qalmasıdır

 

...Yazımı Şeyx Şamilin bir fikri ilə başlayıram: "ölümün gözünə dik baxan, şəhidliyi qarşılayan insanlara əsarət təklif etmək boş və gülünc bir şeydir...

 

Ey vətən dağlarının bənzərsiz zinəti olan şərəfli qoruyucuları! Azadlığı yalvarışla almaq qeyri-mümkündür, onu zorla almalıyıq.

Bizdən nəvələrimizə qalacaq ən böyük miras, istiqlal və hürriyyət uğrunda vuruşmaq, yeri gələndə bu yolda şəhid olmaqdır. Məhv olsun səfil xəsarət, yaşasın şanlı və şərəfli ölüm".

Doğrudan da şəhidlik yolu şərəfli və çox uca bir zirvədir, elə bir zirvə ki, onu hər kəs fəth edə bilməz. Yalnız amalı, vicdanı, imanı güclü olanlar bu zirvəni fəth edə bilərlər. Şəhidlər həmişə Allah-Təala tərəfindən yad edilir, vay olsun unudulanların halına. İnsan üçün ən böyük bədbəxtlik Allahın nəzərindən kənarda qalmasıdır.

"Casiyyə" surəsinin 34-cü ayəsində oxuyuruq: "Bu günlə rastlaşacağınızı unutduğunuz kimi, bizbu gün sizi unuduruq". Bu o demək deyil ki, bəzi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi nemətlərindən məhrum ediləcəyindən gedir.

 

***

 

Qarabağda gedən döyüşlərdə ölüm-dirim savaşına girən, vətən yolunda, torpaq uğrunda şəhidliyi üstün tutan oğullarımız çox oldu. "Mən şəhid olum, təki vətən sağ olsun!" - deyən gənclərimizdən biri də Sənan Əkbər oğlu Rüstəmov idi. Hacı Əkbər üç oğlu ilə 1988-ci ildən ermənilərə qarşı döyüşlərin önündə gedənlərdən olmuşdu. Hacı Əkbərin ortancıl oğlu Sənan "Qarabağ bülbülləri" ansamblının üzvü (tar çalardı), sambo güləşi üzrə 16 yaşında ikən kişilər arasında Azərbaycan çempionu, bir neçə ümumittifaq yarışların qalibi olmuşdu.

Mənfur ermənilərin vətənimizin Qarabağ bölgəsinə hücumları vaxtı Sənanla birlikdə dostları neçə-neçə əməliyyatlarda iştirak edərək, düşməni məhv etmişdilər və hər dəfə də zəfərlə geri dönmüşdülər. Əlbəttə, bütün döyüş səhnələrini bu yazıda canlandırmaq mümkün deyil və Sənan Hacı Əkbər oğlu Rüstəmovun döyüş yolu haqqında Elçin İsgəndərzadənin yazdığı, əsasən döyüş yoldaşlarının söylədikləri əsasında "Sənan əfsanəsi" kitabını oxumaq kifayət edər.

Sənanın sonuncu döyüşü Abdal-Gülablı uğrunda 15 may 1992-ci ildə olmuşduorada şəhidlik zirvəsinə yüksələrək, əbədi olaraq insanların və Sənansevərlərin qəlbində özünə yer salmışdır.

Bir neçə məqamı dəqiqləşdirmək üçün Hacı Əkbərə sual verdim və yenə də söhbət Sənanın şəhidliyinə gəlib çıxdı. Soruşmaqda peşman oldum. Hacı haldan-hala düşdü. Cavab verdi ki, övlad itirmək çox acıdır. Ancaq vətəni itirmək ondan da acıdır. Hacı gülümsündü ancaq bilirdim ki, heç kimə hiss etdirmədən için-için ağlayırdı. Hacının danışdıqlarını dinləmək mənim üçün çox mühüm idi. Hacı Sənan hıqqında danışmağı xoşlamır, axı bütün şəhidləri öz övladı və qardaşı bilir.

Beləcə, 15 may 1992-ci ildə qeyri-bərabər döyüşdə Sənan Hacı Əkbər oğlu Rüstəmov əsl qəhrəmanlıq göstərərək şəhid oldu. Hərbi hissədən göndərilən və onun qəhrəmanlığı haqqında məlumatlar bir neçə dəfə Müdafiə Nazirilyinə göndərilsə də, hələ də Sənana Milli Qəhrəman adı verilməyib.

Sənan qorxmaz, mətin, cəsarətli, mərd bir qəhrəman olaraq daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin! Amin!

 

 

Hacı Nizami oğlu Qəhrəmanov

 

Təzadlar.- 2012.- 8 may.- S.12.