"ABŞ Orta Şərq bölgəsindən əl çəkməyəcək"

 

Ərəstun Baxşəliyev: "çünki tarixən bu bölgə uğrunda gərgin mübarizələr getmiş, qanlar tökülmüşdür"

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin elmi işçisi, politoloq Ərəstun Baxşəliyevin "Təzadlar"a müsahibəsi

 

- Ərəstun bəy, bu gün Türkiyənin xarici siyasətində ciddi dəyişikliklər müşahidə olunur. Siz Türkiyənin Ərəb dünyasına yönəlik yürütdüyü xarici siyasətin səbəbini nə ilə bağlayırsınız? Qərb amili bu siyasətdə nə dərəcədə yer almaqdadır?

- Bilirsiniz, Türkiyə çox böyük bir dövlətdir. Zamana dayanan çox əzəmətli bir tarixi, dövlətçilik ənənələri, hətta daha da irəli gedərək deyərdim ki, dünyaya hökm edə bilən tarixi təcrübəsi və səriştəsi var. Ola bilər ki, bu dövlət nə zamansa, hardasa çətinliklər yaşasın. Ancaq dünyaya 600 illik hökm etmək bacarığı olan bir dövlətdən danışdıqda, hər hansı bir məqamda bu dövləti heçə almaq, fikrimcə, bu, düzgün yanaşma olmazdı. Bəli, bu gün Türkiyə regionda yürüdülən siyasətə olduqca aktiv bir şəkildə müdaxilə edir və bu taktika getdikcə daha da artan bir tərzdə davam edəcəkdir. Çünki hazırkı Türkiyə 10 il, 20 il bundan öncəki Türkiyə ilə müqayisəyə gəlməyə biləcək dərəcədə güclüdür. On illiklərdir ki, Türkiyənin bu duruma gəlməsi üçün olduqca ağır zəhmət çəkilmişdir. Bu bir zaman idi ki, yetişdi və bu zamanı Türkiyənin başbilənləri yerində və qaydasında dəyərləndirə bildi. Bilirsiniz ki, 70 ilə yaxın bir müddətdə şərqlə qərb arasındakı mövcud əlaqələr Sovet Rusiya imperiyasının tam nəzarəti altında olmuşdur və bu səbəbdən Türkiyə istər Qafqazda, istərsə də Yaxın Şərqdə öz istəkləri prizmasından davrana bilməmişdi. Türkiyə Sovet təhlükəsindən qorunmaq üçün NATO-nu seçdi. Daha doğrusu, NATO ya dəvət aldı. Çünki o dövrdə Şərqi Anadolu torpaqlarının işğalı ilə bağlı Sovet Rusiyasında Stalinin çox ciddi planları vardı. Ancaq bu gün isə durum tam fərqlidir. Nə Sovet Rusiyası var, nə də Rusiyanın bu gün üçün irticaya qol qoya biləcək gücü. Buna heç izin də verməzlər. Dünyada isə soyuq müharibənin hələ də Rusiya və Amerika timsalında davam etməsi hər iki cəbhənin kifayət dərəcədə aktiv fəallıq göstərməsinə çətinlik yaradır. Doğrudur, ABŞ bu səpkidə Rusiyadan fərqli hərəkət etdi. İraq və Əfqanıstanla bağlı problemlərinə çözüm gətirməyə çalışdı. Ancaq yenə də istədiyi uğuru əldə edə bilmədi. Demokratiya yönündən məsləyə baxanda, deyə bilərik ki, İraqda ABŞ siyasəti tamamilə iflas oldu. Burada ABŞ əslində Türkiyə və müsəlman faktorlarına kifayət qədər dəqiq yanaşa bilməmişdi. Əvəzində, nə oldu? ABŞ istər müsəlman dünyasında, istərsə də tərəfdaşları çərçivəsində öz mənafeyi uğrunda yürütmüş olduğu siyasəti tamamilə ifşa etmiş oldu. Bu isə ona və mənafeyinə o qədər də xeyir gətirmədi. Tam əksinə, müsəlman dünyası ilə münasibətləri tamamilə kəskinləşmiş oldu.

Hazırda isə müsəlman dünyası içərisində öz imicinə görə daha modern və daha müasir dövlət Türkiyədir.

Məlum olan bir faktdır ki, ABŞ hələ də Yaxın Orta Şərq bölgəsindən əl çəkməyəcək və bunu etmək heç marağında da deyil. Çünki bu bölgə elə bir bölgədir ki, tarixən bu bölgə uğrunda gərgin mübarizələr getmiş, qanlar tökülmüşdür. Buraya sahib olmaq dünyaya sahib olmaq anlamı daşımaqdadır həm də. Bunu ABŞ da gözəl dərk edir. Məhz ona görə "Fələstin düyünü" deyilən bir düyün bu gün də bu bölgədə hökm sürməkdədir. Vaxtilə ticarət yolları hesab olunan bu bölgə bu gün enerji resurslarının ən zəngin olduğu, eyni zamanda onların Qərbə daşınması üçün strateji önəm daşıyan tranzit əhəmiyyətinə malikdir.

Məlum İraq müharibəsi zamanı Türkiyənin bu müharibədə yer almaması ABŞ tərəfindən çox ciddi etirazla qarşılandı və bu sonrakı Türkiyə-ABŞ münasibətlərinə də təsirsiz ötüşmədi. Türkiyə daxilində PKK terror təşkilatının fəaliyyətində aktivlik müşahidə olundu, İraqın şimalında Amerika siyasətçilərinin düşüncəsi ilə desək, Türkiyə üçün ciddi təhdid mənbəyi olan Kürdüstan Muxtar Vilayəti yaradıldı. Bunun ən pik nöqtəsi isə türk əsgərlərinə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi oldu. Atılmış bu addımlar qarşısında isə Türkiyənin məsələlərə baxış bucağı demək olar ki, tamamilə dəyişdi. Çünki bir təşkilat daxilində yer alan müttəfiq dövlətlərdən biri kimi ABŞ-ın Türkiyəyə qarşı lüzumsuz hərəkətlərə yol verərək, onun qurmuş olduğu siyasi dəngələri zədələyərək hərəkət etməsi, doğrudan da, yolverilməz idi. Axı Türkiyənin burada səhvi nə idi ki, ABŞ bu kimi hərəkətlərə yol vermiş oldu? Beynəlxalq Hüquq dilindən çıxış edərək, normal demokratik səsvermələr keçirərək İraqa müdaxilə ilə bağlı qərar çıxarmaqda, sizcə, qüsurmu vardı? Əsla, yox! Xatırlıyıram, o zaman ABŞ heç BMT-nin qərarlarını belə, gözləmədən İraqa qoşun çıxartdı. Bu, əslində dünyaya demokratiya, insan hüquqları aşılamaq istəyən ABŞ siyasəti üçün çox ciddi bir qüsurdur.

Söylədiymiz kimi, Türkiyə regionda yaranmış durumdan maksimum dərəsədə faydalanmağa və əhatə dairəsini genişləndirməyə çalışır. Bu, əslində Türkiyəyə daha çox dividendlər və daha çox əl-qol açmalar vəd edir. Bunun üçünsə Türkiyə ABŞ-ın bölgədə yaratmış olduğu mənfi ab-havanı haqlı bir tərzdə öz lehinə dəyişmək istəyir. Hadisələrə kənardan baxan bir seyrçi kimi demək istərdim ki, əslində bütün bunlar bir blokda yer alan hər iki dövlətin region uğrunda aparmış olduğu mübarizədə mehriban düşmənçilikdən başqa bir şey deyildir. Bu həm də Türkiyənin bəşəriyyətə sülh və əmin-amanlıq çağırışları ilə də birmənalı şəkildə bağlı olan bir məqamdır... Sizcə, Qəzza bölgəsində ölən 5 yaşlı uşaqlara hansısa bir türk, müsəlman ölkəsinin, eyni zamanda əsrlər boyu qardaş olaraq iç-içə yaşamış hansısa bir insanın öz vicdanı naminə səs çıxarmamasını düzgün addım olaraq qiymətləndirmək olarmı? Əsla, yox! Bu gün dünya hər bir informasiyanı təkcə qulaqları ilə almır, o həm də bu vəhşilikləri görür. Türkiyədə əhalinin böyük əksəriyyətinin İslam ideyaları ilə nəfəs aldığı bir ortamda isə xalqın seçmiş olduğu bir liderin bu kimi məsələlərə biganə qalması səhər o liderin özünün iflası demək olar. Baxın, indiki Türkiyə iqtidarı neçənci dəfədir ki, xalqın səsi ilə hakimiyyətdə qalır. Bu xalqın seçiminə Türkiyə hakimiyyəti, sizcə, biganə qala bilərmi? ABŞ, İsrail bunların əleyhinə nə qədər çalışsa da, bu, qeyri-mümkün görünər. Türkiyə artıq öz içində də təmizləmə işlərini məharətlə aparmaq üzrədir. Sizcə, bədii filmlərdəki bəzi məqamlar doğrudanmı xəyal ürünləridir? Xeyr! Tam əksinə. Əslində bu kimi bədii filmlər xalqı daha oyanıq hərəkət etməyə çağırır. Əfsuslar olsun ki, bunu başa düşməyən, qərbin və İsrailin lehinə işləyən qüvvələr də var. İsrail bölgədə yürümüş olduğu siyasətə təcili bir tərzdə düzəlişlər etməlidir. O, artıq regionda təklənmə siyasəti ilə üz-üzədir. Bu gün Türkiyə İsrailin sözünü söyləmir. Haqqının və haqlının sözünü deyir. İsrailin bölgədə yürütmüş olduğu siyasət kökündən səhv olan bir siyasətdir. Türkiyə bu dövlətə çox yardımlar edib, onun ayaqda durmasına şərait yaradıb. Təsadüfi deyildir ki, İsraili tanıyan ilk dövlətlərdən biri də elə Türkiyənin özü olmuşdur. Ancaq bu gün İsrail bir dövlət olaraq bütün bunları görməzdən gəlir. Türkiyə söyləmir ki, İsrai dövləti olmasın və ya xalqı bu bölgələrdən harasa köç etsin. Türkiyə onu söyləyir ki, bölgədə haqq-ədalət bərqərar olmalıdır. Fələstin dövləti bərqərar olmalıdır. Xalq öz dövlətini qura bilməlidir. İsrail isə o xalqa məxsus torpaqları qəsb etməməlidir. Bu gün dünya o köhnə tendensiyalarla yaşamır. İsrail bəyan edir ki, biz İbrahimin oğullarıyıq və bu torpaqlar bizlərə ata-babalarımızdan qalıb. Bu, birincisi, belə deyil. İkincisi isə, məsələlərə əgər bu konteksdən yanaşsaq, onda gərək Amerikadakı əslən ingilis, fransız, ispan və portuqallar bütövlükdə Amerika qitəsini tərk edələr. çünki bu torpaqlara bu qövmlərin heç bir aidiyyəti yoxdur. İsrailin bu yanaşması tamamilə səhvdir.

Sualınızın ikinci tərəfinə gəlincə, mən bir az məsələyə daha aydın bir şəkildə yanaşmaq üçün ictimaiyyət üçün bəzi qaranlıq məqamları çatdırmaq istərdim.

Qeyd edim ki, Şimali Atlantika İttifaqının, yəni NATO-nun Şimali Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətləri öz başlanğıcını hələ "soyuq müharibə" dövründən götürür, amma onda blokun siyasətində cənub yox, məhz şərq istiqaməti üstünlük təşkil edirdi və Aralıq dənizi regionu yalnız ikiqütblük kontekstində qəbul olunurdu. Buna müvafiq olaraq, Aralıq dənizi regionu "NATO-nun cənub cinahı" hesab olunurdu və ikinci dərəcəli əhəmiyyətə malik idi. Əslində o dövrdə bunu qanunauyğun hal kimi də qəbul etmək olardı. Bloklararası qarşıdurmanın başa çatmasından sonra isə qlobal nüvə münaqişəsinin yaranması ehtimalı keçmişdə qaldı, fəqət İraqın Küveytə hücumu, Balkanlarda böhran kimi məhəlli münaqişələr, həmçinin "terrorçuluğun" "fəallaşması" təhlükəsi artdı və Şimali Atlantika İttifaqı, ələlxüsus, bu blokun qurucusu olan ABŞ bu problemlərə seyrçi kimi baxa bilmədi. Belə olan təqdirdə, ABŞ NATO-nun "Böyük Ortadoğu Projesi" kontekstində özünün bölgə ilə bağlı yeni layihəsi olan "Aralıq dənizi dialoqunu" ortaya qoydu. Bu layihə əslində nəyə xidmət etməli idi? Bu sualın cavabı birmənalı olaraq səbəbə bağlı bir cavabdır ki, bu da bölgədə təhlükəsizliyin bərqərar olması üçün kollektiv müdafiə prinsipinin reallaşması, böhranların həll olunması, "sülh yaradıcılığı" və nüvə silahının yayılmaması rejiminin qorunub saxlanması və s. ilə bağlı olaraq götürülür.

Aralıq dənizi dialoqunun faktiki başlanğıcı 1994-cü ilin yanvarı hesab olunr. Belə ki, bu zaman daxilində NATO ölkələrinin dövlət və hökumət başçıları Brüsseldəki sammitdə bögədəki vəziyyəti nəzarət altında saxlamaq üçün Yaxın Şərq ölkələri arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək etmək niyyətlərini açıqlayırlar. 1994-cü ilin sonunda isə NATO regional sabitliyin möhkəmlənməsinə kömək etmək məqsədilə Aralıq dənizinin alyansa daxil olmayan ölkələri arasında birdəfəlik əsasda əlaqələr yaratmağa hazır olduğunu bəyan edir. Bunun ardınca - 1995-ci ilin fevralında Misir, İsrail, Mavritaniya, Mərakeş və Tunisə Aralıq dənizi dialoquna qoşulmaq barədə formal dəvətnamələr göndərilir. Daha sonra isə belə bir dəvətnaməni İordaniya alır. Aralıq dənizi regionunun NATO ilə qarşılıqlı fəaliyyətə və dialoqa başlayan yeddinci ölkəsi isə Əlcəzair olur. 2000-ci ilin fevralında Alyansın baş katibi Corc Robertsonun göndərdiyi rəsmi dəvətə Əlcəzair hökuməti dərhal razılığını bildirmışdi.

Maraqlıdır ki, Şimali Afrikanın ərəb ölkələri ilə yanaşı, NATO-nun bu proqra-mında İsrail də iştirak etmişdir. Çünki o dövrdə belə hesab olunurdu ki, İsrail Aralıq dənizi dialoqundan kənarda qala bilməz, ona görə ki, əgər bu hal baş vermiş olardısa, onda Yaxın Şərqdə sülh prosesi pozula bilərdi və bu ikitirəliyə yol açmış olardı. Yəni NATO-nun ərəb ölkələri ilə birbaşa tərəfdaşlıq münasibətləri qurması İsrail tərəfindən Qərbin qərəzsiz vasitəçilikdən islam ölkələrinə açıq dəstək verməyə keçidi kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən, İsrailin bu proseslərdən uzaq tutulması, bu ölkə ilə sıx hərbi-texniki və siyasi əlaqələrin uzunmüddətli ənənələrinə malik olan ABŞ tərəfindən də qəbuledilməz olardı. Bu addımın atılması isə özü-özlüyündə Yaxın Şərqdəki real aktyorun yenə də məhz ABŞ-ın olduğu fikrini ortaya qoymuşdur. Maraqlıdır ki, ABŞ-ın NATO simasında Yaxın Şərqdə cərəyan edən hadisələrə özünün daha yaxın müttəfiqi ilə bərabər bir şəkildə müdaxilə etməsi və ya bu hadisələrə daxil olması hər iki tərəf üçün də hədsiz dərəcədə əsrarəngiz görünürdü.

- Sizcə, ABŞ-ın NATO simasında çıxış etməsi, əslində regionda baş verə biləcək müvəqqəti uğursuzluqların məsuliyyətini NATO-nun çiyinlərinə qoymaq üçün olduqca sərfəli məqam deyildimi?

 

(Davamı var)

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2012.- 8 may.- S.7.