"Şuşanı
müdafiə etmək olardı"
Fəxrəddin Səfərov:
"İstintaq materiallarında var ki, Şuşanın
işğalında Sovet ordusunun
62 keçmiş polkovniki
və polkovnik-leytenantı iştirak edib"
Şuşa
özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin
Səfərovun "Təzadlar"a müsahibəsi
- Fəxrəddin
bəy, keçmiş hərbçi olaraq Şuşanın
işğalının əsas səbəblərini nədə
görürsünüz?
- Əvvəllər bizə belə suallar ünvanlananda
cavablandırmağa çətinlik çəkirdik. Zaman keçdikcə və hadisələri sonradan təhlil edərkən çox
şey aydın olur. İndi faktlar ortaya çıxır ki,
366-cı motoatacı alay və xaricdən
gətirilən muzdlu əsgərlər
Şuşanın işğalında rol
oynayıblar. Amma o zaman əmr vardı ki,
366-cı alay Qarabağı tərk etməli
idi. Bu alay Qarabağı tərk etmədi
və erməni birləşmələrinə
torpaqlarımızın işğalında dəstək verdi. İstintaq məlumatlarına
görə və hətta dəqiq rəsmi qeydiyyatda
var ki, işğalda
62 keçmiş sovet
ordusunun polkovniki və
polkovnik-leytenantı iştirak edib.
Moskvadan bir dəyərli soydaşımızın bizə gətirdiyi məxfi məlumata görə, təkcə Şuşa və Laçının işğalında 14 min keçmiş sovet ordusunun zabiti və əsgəri iştirak edib. Ermənilər o vaxt bir çox xarici ölkələrdə ofis tutmuşdular və pulla muzdlu döyüşçü toplayıb, onları Qarabağa göndərirdilər. Həmin döyüşçülərin hər birinə 5 min dollar verirdilər. Hətta PKK üzvləri də bizə qarşı döyüşürdülər. Sonradan onların meyitlərini Kərkiçahanda, Ağdərədə gördük.
Bakıda isə siyasi hakimiyyət uğrunda çəkişmələr gedirdi. Laçın işğal olunurdu, amma bizim əsgərlər güllə tapmırdılar ki, düşmənə atsınlar. Bunun əvəzində Bakıda ali sovetin binasını güllələyirdilər. Hakimiyyət uğrunda gedən siyasi-hərbi çəkişmələr Şuşanın işğalına təsir etdi.
- Belə çıxır ki, Şuşa təxribatın qurbanı oldu? Şuşanın özündə vəziyyət necə idi?
- Bəli, təxribat vardı. Nə qədər əsgər və polis ezamiyyətə buraxılmışdı. Döyüşən qüvvələr arasında rabitə yox idi. Şuşada olan digər batalyon komandiri rəhmətlik Tofiq Oğuz mənə bildirdi ki, ermənilər hansı istiqamətlərdə hücum edəcəkləri ilə bağlı onda xəbər var. Briqada komandiri bizə məlumat vermirdi. Və o zaman belə təsəvvür yarandı ki, briqada komandiri şəhəri tərk edib və bu da ruh düşkünlüyünə səbəb oldu. Halbuki heç kimin xəbəri olmadan briqada Kosalar kəndinə getmişdi.
Şuşa 22-24 istiqamətdən artileriya atəşinə tutulurdu. Ən çox qradı Xocalıdan atırdılar. Biz isə qrad qurğularımızı tapa bilmirdik. İki qrad qurğusu var idi. Biri Şuşa işğal olunanda ermənilərin əlinə keçməsin deyə dağdan atmışdılar, birini isə gizlətmişdilər. İş peşəkarlara tapşırılmamışdı. Şuşada Şamil adında yaxşı qrad atan var idi. SSRİ miqyasında güclü qrad atan sayılırdı. Ona qradı vermirdilər ki, düşmən mövqelərini vursun. Həmin vaxt qrad qurğusu Adil adında oğlanda idi. Deyəndə ki, onu Şamilə ver, deyirdi ki, bunu mənə bəy verib, daha hansı bəy, onu bilmirəm. Yəni belə hallar vəziyyəti çətinləşdirirdi. Bu da mövqelərimizin zəifləməsinə səbəb olurdu.
Hər gün 20 saatdan çox döyüşlər gedirdi. Mən belə döyüşləri sonradan Kəlbəcər və Ağdərədə gördüm. Hər yer şəhid cənazələri ilə dolu idi. Heç meyitləri yerdən götürə bilmirdik. Düşmən şahmatvarı silahlarla bizi vururdu. Rəhmətlik Albert Aqarnov erməni tankını Şuşanın girəcəyində vurdu. O, öz heyəti ilə geri dönərkən yolda meyitləri götürmək istəyəndə ermənilər onları vurdular.
- Bu gün cəmiyyətdə belə fikir hakimdir ki, Şuşa döyüşsüz təslim olub. Amma fikirlərinizdən aydın olur ki, Şuşada əsl döyüşlər gedib...
- Bu gün
deyirlər ki, Şuşa
döyüşsüz təslim olub. Mən bu fikri qəbul
etmirəm. Əsgərlərimiz 23 saat köməksiz
döyüşüblər. Şuşanın işğalı günü 196 əsgərimiz
şəhid oldu və 400-ə yaxını
isə yaralanmışdı.
1992-ci il mayın 8-də, səhər
saat altıya iyirmi dəqiqə işləmişdən, saat
on birin yarısına
qədər mənim batalyonum Xankəndinin giriş hissəsində demək olar ki, 3-4 saat fasiləsiz
olaraq döyüşürdü.
Həmin dövrdə Azərbaycanın
qəhrəman oğullarının
mərd, cəsur simalarını gördüm. Sizə
bir faktı deyim: elə əsgərim olub ki, döyüşə silahsız atılırdı.
Mən ona deyəndə ki, niyə silahsızsan,
deyirdi ki, komandir, Allah eləməmiş
birdən bir əsgərimiz yaralansa və ya şəhid
olarsa, onun silahını götürüb
düşmənə qarşı
döyüşəcəm. Əsgərlərimiz Məcnun məhəbbəti
ilə döyüşürdürlər.
çox təəssüf ki, əsgərlərimiz arasında
döyüş ruhunu
inamsızlıq qırdı.
- Ümumiyyətlə, Şuşanı
müdafiə etmək
mümkün idimi?
- Əgər mümkün
idisə, onda soruşa bilərsiniz ki, niyə buradayıq? Amma müdafiə
etmək olardı.
Həmin
zaman orada olan qüvvə ilə Şuşanı ancaq bir gün
saxlamaq mümkün idi. Döyüşlərin qızğın cağında belə bir əmr gəldi
ki, canlı qüvvə və texnika Şuşanı tərk etməlidir. Əmrdə yazılırdı ki, Azərbaycan qaranquşları
(qırıcılarımız) Şuşanı yandırıcı
bombalarla vuracaqlar.
Sizə onu da deyim
ki, bu xəbər
ildırım sürətilə
bütün şəhərə
yayıldı. Maraqlıdır ki, məxfi əmr necə sürətlə şəhərə
yayıla bilərdi.
Hansı
qüvvələr tərəfindən
yayılırdı və
əhali arasında mənəvi-psixoloji ruh düşkünküyü yaratmaq
istəyirdilər. Bu təxribatın yayılması
yerli əhali içərisində xof yaratdı və bu da şəhərin
tərk edilməsi ilə nəticələndi.
Ermənilər Qayalıda yolu bağlayıb əhalini Xocalı kimi qırmaq istəyirdilər. Həmin axşam
əsgərlərimizi götürmək
üçün yenidən
Şuşanın mərkəzinə
qayıtdım, onda gördüm ki, ermənilər üzeyir Hacıbəyovun, Bülbün
büstünü vurub
yerə salmışdılar.
Ermənilər Şuşaya xüsusi
diqqət ayırırdılar
və onların indiki prezidenti mətbuta verdiyi açıqlamasında bildirib
ki, Şuşanı ələ keçirməsəydik,
Qarabağı tutmaq mümkünsüz olardı.
Ermənilər Şuşanı almaqla Qarabağa gedən işğalçılıq
planlarını sürətləndirdilər.
- Bu gün Qarabağı azad etməyin yolunu necə görürsünüz?
- İndi Azərbaycan
ordusu çox güclüdür və Qarabağı azad etməyə qadirdir. Beynəlxalq güclər
Qarabağın azad olunmasına imkan vermirlər. Onlar bizi
ləngidirlər. Ermənistandan fərqli olaraq bizim insan potensialımız
çoxdur. Azərbaycanda on minlərlə Mübariz İbrahimov kimi vətənpərvər insanlarımız
var. Keçmiş Qarabağ
döyüşçüləri indi də müharibəyə
hazırdırlar. 60 yaşımın olmasına
baxmayaraq, özümü
tam hazir hesab edirəm ki, əlimə silah alıb düşmənə
qarşı savaşım.
Bu gün Qarabağı
azad edib tariximizə şərəfli
gün kimi yazmalıyıq. Həmin gün
kişilər bayramı
kimi tariximizə düşməlidir.
Elnur Eltürk
Təzadlar.- 2012.- 9 may.- S.11.