20 il Şuşasız

 

...Şuşanın tarixi uzaq yüzillərə gedib çıxmasa da, bizim üçün tarixlərdən çox ucadır. O yerlərdə yaşayan soydaşlarımızın bu gün Şuşalı çağlardan böyük bir nisgillə danışması ürək parçalayır. Dərd dərdə calanır: Qarabağın azadlığının ip ucu isə görünmür. Qarabağ probleminin həlli müşkülə dönüb, çıxılmaz dalana dirənib...

"Qarabağ problemi - ümumtürk problemidir": bu, Mütləqə İnam Fəlsəfəsinin və Ocağının Yaradıcısı İnam Atanın (Asif Atanın) fikridir. Qarabağ problemi başlayandan İnam Ata bu məsələyə münasibətini ardıcıl olaraq bildirib. Uzun illərdən sonra bu mövzuda Ata düşüncələrinə qayıtmaq, ondan yararlanmaq olduqca gərəklidir. İnam Ata gününün bir neçə saatını məcburi olaraq siyasətə ayırırdı. Xalqın Ata sözünə, görümünə gərəyi vardı. O, olayların mənasını, mahiyyətini xalqa anladırdı. Ö bu haqda deyirdi: "Təəssüf ki, dediklərim düz çıxır. Kaş Ata bircə dəfə yanılaydı..."

Görüşlərin birində Atadan soruşmuşdular: "Qarabağ alınsaydı, hansı hisləri keçirərdiniz?" Ata belə cavab vermişdi: "Qarabağın alınması Atanın ömrünü uzadardı".

Bəli, kədərimız böyükdür, ancaq kədərdən güc almağı bacarmasaq, o zaman ruhumuz yenilər. Ata bu münasibətlə deyirdi ki, fəlakət insanı, xalqı dağ da edə bilər, dağıda da bilər. Fəlakətdən güc almaq gərək.

Atanın uzun illər bundan öncə Qarabağ problemi ilə ilgili yazdıqları birmənalı olaraq zamandan üstünlüyüxilas yolu göstərməsindədir.

İnam Atanın Şuşanın Qarabağın tarixi taleyində əvəzsizliyi barədə 1988-ci ildə yazdığı fikri olduqca maraqlıdır: "Qarabağın əsl, təbii, tarixi başşəhəri Şuşadır. Stepanakert - süni, qondarma, yalançı, başşəhərdir. Dağlıq Qarabağ muxtariyyatı - qondarma, süni, zorakı bir düzəltmədir: Xəlqi birliyi pozmaq, yağılıq közünü alışdırmaq, "Oğru yadına daş salmaq" niyyətinə xidmət eləyir. Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! Ya Azərbaycanın Dağlıq Qarabağ üzərində səlahiyyəti formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı formallaşmalıdır. Üçüncü yol yoxdur. Qarabağda erməni muxtariyyatını formallaşdırmaq gərək, son nəticədə yox etmək!"

Ata hələ adıçəkilən münaqişə başlayanda çıxış yolunu belə göstərmişdi: "İlk addım: Azərbaycan qaçqınlarını Dağlıq Qarabağda yerləşdirmək, demoqrafik vəziyyəti dəyişdirmək! Erməni sionizmi murdarlığını Qarabağdan təmizləmək gərək. Azərbaycana qarşı xain qəsd! Qorunmalı, gözləməli, verməməli!"

Bir az sonra konkret həll yolları haqda Ata yazırdı: "Birinci mərhələ: Vilayəti Azərbaycan ərazisində saxlamaq. İkinci mərhələ: Vilayəti Azərbaycanlaşdırmaq: demoqrafik vəziyyəti kökündən dəyişmək. Üçüncü mərhələ: Yağıyla döyüşmək".

Təəssüf ki, Atanı eşitmədilər... İndi Qarabağ problemi təpədən-dırnağa beynəlxalqlaşdırılıb, ona görə də çıxış yolu görünmür.

Ata sözün gerçək mənasında fəlakətlərimizdən çıxış yolunu onun istədiyi səviyyədə xalqın yaranmasında görürdü. Az sonra durumu dərindən təhlil edən İnam Ata bu qənaətə gəldi: "Cənubi Azərbaycan problemini həll etmədən - Qarabağ problemini həll etmək olmaz. Əslində Qarabağ problemi Cənubi Azərbaycan probleminin bir hissəsidir".

O, şübhəsiz, burada Qarabağ probleminin tam həllini nəzərdə tuturdu. Həmişə görüşlərdə, izharlarında vurğulayırdı ki, siyasi dünya Nəsimi, Füzuli tanımır, ərazi böyüklüyünü, əhali çoxluğunu, iqtisadi gücü tanıyır. Böyük ruhaniyyat imkanı, qabiliyyəti olan xalqın həm də gerçək siyasi dünyada varlığını qorumaq üçün gücü olmalıdır. Ona görə də xalq Mütləqə İnam əsasında zaman-zaman varlığını ortaya qoymalıdır.

Bu, çətin yoldur, çoxlarına hətta mümkünsüz də görünə bilər, ancaq başqa yol yoxdur. İnam Ata heç zaman asan yolun uğuruna inanmırdı.

Erməni isə gerçək siyasi dünyanın halına tamamilə uyğundur. Ermənilər istəklərinə çatmaqdan ötrü hər sayaq murdarlıqlara əl atdılar və atmaqdadırlar. Ancaq İnam Ata erməninin qətiyyən sabahını görmür: "Bir xalq kimi gələcəkləri yoxdur, arxdırlar - axacaqları çayları, dənizləri yoxdur, özləriylə də dostluq eləmək olmaz, yola çıxmaq olmaz - satarlar, satılarlar, qapıdan içəri qoyulası deyillər, çünki evinə yiyələnərlər".

Bu gün "humanist" görünən dünyanın Qarabağ probleminə yanaşmada bəhrəsiz səy göstərməsi məsələsi ilə bağlı Ata hələ 1990-cı illərin əvvəllərində bunları yazırdı: "Dünyanın Qarabağ Davasına qatılması - Dünyanın üzərimizə yeriməsidir".

Erməninin niyə sabahı yoxdur? Bəşər mədəniyyətinə heç bir dəyər verməyən erməni sabahda sərmayəçilik, bicliklə var ola bilməz. Ata yazır: "Pul kisəsi, xəyanət kanı olmaq; hər ikisi dünyanın halına uyğundur. Bəli, dünya xəyanəti pisləyir. Əslində isə siyasətdə xəyanət yaşayır. Xəyanətlə dünyanın məhəbbətini qazanmaq olmaz. Bu səbəbdən də erməninin dostu yoxdur. Ona görə də müəyyən dövrdən sonra erməni tək qalacaq. Bu, mənə gün kimi aydındır. "Böyük Ermənistan" ideyası puçdur. Dünyanı erməniyə görə heç kəs bölməyəcək".

Türkmənçay müqaviləsi Azərbaycan türklərinin vahid tarixi torpaqlarını parçaladı. Həmin bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik.

O çağdan ermənilər Qarabağın axar-baxarlı yerlərində məskunlaşdırıldılar.

Azərbaycan türklərinin parçalanmış xalq olduğu deyilməlidir. Tarixi ərazilərimizin böyük bir hissəsinin İranın əsarəti altında olduğu soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır.

Əgər Azərbaycan türkü sözün əsl mənasında milli vüqarını, bir fərd olaraq aqibətini yaratmasa, tarixi taleyinə yiyə durmasa, başına gələn, gətirilən fəlakətlərdən güc almasa, Vətənimizin sabahını yarada bilməyəcəyik.

Faciəsini unudan millət var olmur. Tarix boyunca faciələrlə üz-üzə gəlməyimiz həm dünyanın türkü sevməməsilə bağlıdır. Dünyanın xilasını türklüyün var olmasında, onun yaratdığı Mütləqə İnam dünyabaxışının təsdiqində görürəm.

 

 

İşıqlı Atalı,

Mütləqə İnam

Ocağının Yükümlüsü

 

Təzadlar.- 2012.- 9 may.- S.13.