"Suriya vətəndaş müharibəsi
astanasındadır"
Rufiz Hafizoğlu:
"Liviyadan fərqli olaraq
Suriyaya beynəlxalq güclərin
müdaxiləsi qeyri-mümkündür"
TREND İnformasiya Agentliyində
Yaxın Şərq və Ərəb ölkələri
redaksiyasının müdiri, siyasi analitik Rufiz Hafizoğlunun
"Təzadlar"a müsahibəsi
-
Rufiz bəy, Yaxın Şərqdə baş verən hadisələri
izləyən şəxs kimi deyə bilərsinizmi, bu gün
Suriyada nə baş verir?
- Bu
gün Suriyada baş verən hadisələr Tunisdən
başlayan Ərəb baharının bir hissəsi olsa da, əslində
bu, Suriya tarixində yeni bir qiyam deyil. Tarixə nəzər
salsaq, oxşar qiyamların Hafiz Əsəd hakimiyyəti illərində
də baş verdiyinin şahidi
olmuş olarıq. Təbii ki, hazırkı vəziyyət bir
qədər fərqlidir. Əgər bir vaxtlar Hafiz Əsəd
ölkədəki qiyamları yatırmaq üçün
islam amilini ortaya atdısa, hal-hazırda Bəşər Əsəd
məhz İslami müqavimət amilindən (İsrailə
qarşı İran, Suriya və Hizbullahın simasında Livan
bloku) istifadə edərək hakimiyyətdə qalmağa
çalışır (Ən azından Bəşər Əsəd
hakimiyyəti özünü İslam müqavimətinin
ayrılmaz hissəsi kimi təqdim edir).
Əslində
isə hadisələri diqqətlə izlədikdə, bu vaxta
qədər Suriya hakimiyyətinin İsrailə qarşı
ciddi bir müqavimət göstərmədiyinin şahidi
olarıq. Ən azından ona görə ki, bu ölkə bu
vaxta qədər 1967 ci ildə İsrail tərəfindən işğal
edilən Colan yüksəkliklərinin geri qaytarılması
üçün addım atmayıb.
Əslində
isə Suriya bu gün bəzi dövlətlərin və siyasi
dairələrin təqdim etdiyi kimi, "İslam müqavimətinin"
ayrılmaz hissəsi yox, İran və Livan (Hizbullah)
arasında dəhliz rolunu oynamaqdadır. Təbii ki, bu dəhlizdən
İran vasitəsilə təqdim edilən köməkdən
fələstinli qrupların, xüsusən də İslami
Cihad qruplaşmasının faydalandığını inkar
etmək olmaz.
Suriya
hakimiyyəti ölkədə baş verən toqquşmalara
başqa don geyindirməyə çalışsa da, ölkədə
Əl-Qaidə terror təşkilatının və ya digər
islamçı radikal
qrupların nizami orduya qarşı mübarizə
apardığını söyləsə də, reallıq
bunu əks etdirmir.
Bu
gün Suriya küçələrində konkret olaraq
üç qrup mübarizə aparır: dövlət ordusu,
hakimiyyətə sadiq əksəriyyəti ələvilərdən
ibarət olan mülki geyimli dəstələr və nizami
ordudan ayrılan və hakimiyyətin fərari
adlandırdığı "Azad Suriya Ordusu".
Təbii
ki, haqlı olaraq sual yarana bilər ki, "Azad Suriya ordusu"
kim tərəfindən silahlandırılır? Son dəfə
Suriya müxalifəti ilə görüşüm zamanı
müxalifət qonşu dövlətlərin silah dəstəyi
verdiyini, lakin bunun cüzi olduğunu etiraf edərək, Azad
Suriya ordusunun silahı dövlət ordusundan pulla
aldığını bildirdi.
Bu
gün Suriyada baş verən hadisələrə müxtəlif
prizmadan yanaşmaq olar, lakin hesab edirəm ki, Suriya vətəndaş
müharibəsi astanasındadır.
-
Sizcə, Bəşər Əsəd hakimiyyətini qoruyub
saxlaya biləcəkmi?
-
Hadisələrin bu templə gedişatı (dinc əhalinin qətl
edilməsi) onu söyləməyə əsas verir ki, Bəşər
Əsəd hakimiyyətdə qala bilməyəcək. Bəşər
Əsədin islahat etmək şansı olsa da, hesab edirəm
ki, o, bu fürsəti əldən verdi. ölkədə
baş verən toqquşmalar nəticəsində on mindən
çox din sahibi həlak olub, ümumilikdə yüz əlli
mindən çox qaçqın var, bütün bunlardan sonra
hakimiyyətdə qalmağın mümkün
olacağını hesab etmirəm.
-
Maraqlı olan odur ki, Misirdə, Liviyada hakimiyyət dəyişikliyi
uğurla başa çatdı. Amma Suriyada dirəniş davam
edir. Bunun səbəbini nə ilə
bağlayırsınız?
- Bir
şeyi xüsusi olaraq vurğulamaq istərdim ki, Tunis qismən
istisna olmaqla, nə Liviya, nə də Misir inqilabı öz hədəfinə
tam çatıb. Regionun super güc dövləti olan Misirdə
bir çox strukturlarda hələ də H.Mübarək
zamanından qalan kadrlardır. Dolayısı ilə, ərəb
ölkələrindəki demokratikləşmə prosesi uzun və
ağrılı bir prosesdir. Ərəb ölkələri
demokratikləşsə belə, bu bizim
düşündüyümüz və ya qərbdəki
demokratik idarə sistemi olmayacaq.
Bu
ölkələri Suriyadan fərqləndirən əsas
xüsusiyyətlərdən biri də geosiyasi vəziyyət
olmaqla yanaşı, etnik və dini tərkibidir. Tunis, Liviya və
Misirdə isə əsas oxşar məqamlardan biri də əsasən
etnik və dini monoton olmalarıdır. Təbii ki, Misirdə
Qipti (xristian misirlilər) amili var.
Suriyada
isə hər şey tam fərqlidir. Belə ki, Suriyada müsəlmanlar
və xaçpərəstlər olmaqla yanaşı,
sünni, şiə, ələvi, druz və təbii ki,
kürd amili də mövcuddur. Digər bir tərəfdən,
bu ölkədə, sadəcə, İranın
maraqlarının deyil, eyni zamanda fars körfəzi dövlətlərinin
və Türkiyənin maraqlarının olmasıdır.
Suriya
hər nə qədər ərəb dövləti olsa da,
siyasi strukturu ilə İrana daha yaxındır, hətta Suriya
regionda olan "şiə ayparasının" bir hissəsidir.
Təbii
ki, ərəb dövlətləri cidd-cəhdlə
Suriyanı nəyin bahasına olursa-olsun İranın təsir
dairəsindən çıxarmağa
çalışırlar. Bu vasitə ilə olsa belə, hesab
edirəm ki, ərəb dövlətləri buna razılıq
verəcəklər.
Suriyada
Bəşər Əsəd rejiminin hələ də hakimiyyətdə
qalmasının səbəbləri bununla bitmir. Etiraf etmək
lazımdır ki, hal-hazırda Suriya müxalifətində
ölkənin gələcək üsul-idarə sistemi barəsində
belə ciddi fikir ayrılığı mövcuddur. Təbii ki, bunlarla yanaşı,
başqa səbəblər də var. İran, Rusiya və
çin faktoru da təsiredici məqamlardan biridir.
Bildiyiniz
kimi, Suriya və İran arasında təhlükəsizlik
haqqında razılaşma mövcuddur və bu
razılaşmaya əsəsən Suriya ərazisinə hər
hansı hərbi müdaxilə İrana hərbi müdaxilə
kimi qiymətləndirilir. Bu razılaşmanın olması
qonşu dövlətləri daha ehtiyatlı davranmağa məcbur
edir.
-
Bildiyiniz kimi, Suriyada baş verən hadisələri ən
çox sərt təpki göstərən ölkələrdən
biri də rəsmi Ankaradır. Türkiyənin bu
davranışı Suriyada necə qarşılanır?
- Əslində
Suriyada baş verən hadisələr dünyanın heç
bir yerində birmənalı olaraq qarşılanmır. Hər
nə qədər maraqlı olsa da, İslam dünyası belə,
bu məsələdə yekdil fikrə sahib deyil. Ankaranın
Suriya məsələsində tutduğu mövqe, sadəcə,
Suriya rəsmi dairələrində deyil, eyni zamanda Türkiyə
daxilində bəzi siyasi
qüvvələr tərəfindən xoş
qarşılanmır.
Təbii
ki, qonşu dövlət olaraq Türkiyə Suriyanda olan
qaçqınların qəbul edilməsi, onlara humanitar
yardımın göstərilməsi məsələsində
hər cür köməklik göstərib. Suriyada baş verən
hadisələrdən əziyyət çəkən xalq
Türkiyənin bu təpkisini alqışlayır. Lakin
müxalifətin Ankaradan istədiyi əslində bu deyil,
Suriya müxalifəti Ankaradan silahlı dəstək istəyir.
Bu isə o qədər da asan məsələ deyil. ümumiyyətlə,
Suriyada baş verən hadisələrə, sadəcə,
Türkiyə prizmasından yanaşmaq doğru olmaz. Əslində
regionda hazırda Türkiyə və İran arasında ciddi rəqabət
gedir. İlk baxışdan Ankaranın yetirdiyi
"qonşularla sıfır problem siyasəti" ərəb
dövlətlərində uğurlu hesab edilsə də, məsələyə
diqqətlə baxdıqda bunun heç də tam olaraq belə
olmadığını görmək olar.
Hesab
edirəm ki, Ankara başda Livan olmaqla, İraq və Suriya siyasətində
İrandan geridə qalıb.
- Əsəd
daha çox qan tökməyə davam etsə, beynəlxalq
qüvvələrin bu ölkəyə müdaxiləsi
mümkündürmü?
-
Liviyadan fərqli olaraq Suriyaya beynəlxalq güclərin
müdaxiləsi qeyri-mümkündür və BMT TŞ əsla belə bir qərar
qəbul etməyəcək. Suriya böhranının həlli
üçün ən uğurlu vasitə isə ölkə
müxalifətini maksimum silahlandırmaq olacaq. Hesab etmirəm
ki, bu, problemin həllində maraqlı olan tərəflərə
bir o qədər də asan başa gəlsin. çünki
Suriya İran üçün həyat əhəmiyyətli
bölgədir. İran Suriyanı itirmək təhlükəsini
hiss etsə, regionda stabilliyin pozulması üçün bir
çox vasitələrdən istifadə edə bilər.
İstisna deyil ki, İranın belə bir addımının
qarşısını Türkiyə və ərəb ölkələri
asanlıqla ala bilsinlər. Təbii ki, Suriya
böhranının daha təhlükəli tərəfi var, o
da problemin Yaxın Şərqdə məzhəblərarası
toqquşmaya çevrilə bilməsidir.
Elnur Eltürk
Təzadlar.- 2012.- 12 may.- S.11.