"O vaxtlar ermənilərin nəinki Qarabağda, heç Qafqazda belə izi-tozu yox idi"
Firudin Cəlilov: "Belə
çıxır ki, mən də, Nəsib bəy də orada
veriliş apardığımız üçün İrana
işləyirik?"
Azərbaycanın keçmiş təhsil
naziri, professor Firudin Cəlilovun "Təzadlar"a
müsahibəsi
-
Firudin müəllim, sizi bir necə gün öncə qeyd
etdiyiniz 65 yaşınızı ürəkdən təbrik
edir və can sağlığı arzulayırıq. 65 yaş
sizin üçün deməkdir?
- Diqqətiniz üçün təşəkkür edirəm! Deyərdim ki, bu 65 il 65 gün kimi gəldi, keçdi. İllər necə keçir, insanın heç xəbəri də olmur. Əsas odur ki, bu ömrü mənalı yaşamağa və millətinə xidmət etməyə çalışasan. ümumiyyətlə, xalqa sərf olunan ömür "mənalı ömür" olur. 14-15 yaşımdan əmək fəaliyyətinə başlamışam. Bu gün təqaüddə olsam da, yenə də elmi araşdırmalarımı davam etdirirəm. Özünüz də görürsünüz ki, stolumun üstündə kitablar var və yeni araşdırmaların üzərində işləyirəm.
- Ad gününüz ərəfəsində "Qarabağın sehirli bir basırıq xalısı" adlı kitabçanızın çapdan çıxmasını ad gününüzə gözəl bir hədiyyə kimi qiymətləndirərdim...
- Elədir. Deyim ki, bu elə də böyük əsər deyil. Amma bu, böyük bir əsərin yığcam variantıdır. Dünyanın ən qədim Pazırıq xalısının 2500 il yaşı var, Ermitajda saxlanılır. Qarabağın oğuz-türkmən boyu tərəfindən toxunub. Ermənilər bundan istifadə etməyə çalışılar ki, bu xalı onlara məxsusdur. Almaniyada bir neçə xalçaşünas alimi də buna cəlb ediblər və o alimlər də bu xalının ermənilərə məxsus olduğunu iddia edirlər. Əsas bəhanə olaraq onu gətirirlər ki, o zaman Qarabağda türk olmayıb, onlar Altayda yaşayıblar. Bu kitabça vasitəsilə onların yalanlarını üzə çıxartmışam, o vaxtlar ermənilərin nəinki Qarabağda, heç Qafqazda belə izi-tozu yox idi. Hesab edirəm ki, bu əsər onlara yaxşı elmi cavabdır.
- İkinci kitabınız "Lidiya çarı Kirez Azərbaycanda" adlanır. Ümumiyyətlə, Lidiyanın türklərlə hansısa bir bağlılığı varmı?
- Lidiya türk
dövləti olmayıb. Anadolunun batı ərazisində
bir dövlət olub.
Sadəcə olaraq, Lidiya
Pers imperiyası ilə sərhəd olduğu üçün
daim mübarizədə olublar
və sonrada o Pers hökmdarı Kuruşa
əsir düşüb və onun müşaviri olub. Məhz Krezin
taktikası ilə massagetlərə hücum
edən Kuruşu Tomris
məğlub edir və onun
başını kəsir. Onu da bildirim ki,
bu kitabça ilk dəfə olaraq Yusif Bağırzadənin kolleksiyası əsasında
yazılıb, buradakı şəkillər ilk
dəfə çap olunur.
Tomrisin Kuruşu məğlub
etməsi də dəqiqləşdirilib və tarixçilərin
bu savaşın Orta Asiyada baş verdiyini yazmasının
yanlışlığı göstərilir. Biz
Tomrisin Kuruşu Azərbaycanda
məğlub etdiyini tarixi-coğrafi
bəlgələrlə veririk.
- Buradan
aydın görünür ki, yüz ildən sonra da Firudin Cəlilov
imzası hər zaman diqqət mərkəzində olacaq və
türk dünyasını öyrənmək, kəşf etmək
istəyən insanlar Firudin Cəlilov dünyasına baş
vuracaqlar...
- Təbii ki, hamı kimi mən də əbədi deyiləm, amma mənim əsərlərim yaşayacaq və Azərbaycanın və türk dünyasının tarixini öyrənmək istəyən insanlar bu əsərlərə baş vuracaqlar. 30 ildən çoxdur ki, Azərbaycan türklərinin Güney Azərbaycanda və İki çay arasının (Mesopatomiya) doğu bölgələrində yaşadıqlarını yazıram. Urmu nəzəriyyəsinə söykənən fikirlərimi bu gün də müdafiə edərək demək istəyirəm ki, Azərbaycan türkləri bu yerlərin ən qədim insanlarıdır.
- Bildiyimiz qədər Azərbaycan türklərinin islama qədərki tarixi ilə bağlı yazdığınız IX cildlik əsəriniz çap edilməyib. Belə önəmli əsər nə üçün çap edilmir?
- çox təəssüflər olsun ki, 20 il bundan öncə tamamladığım kitablar maliyyə imkansızlığından hələ də çap edilməyib. Amma artıq "Millətçilik" qəzeti çap etməyə başlayıb. Pərviz bəy sağ olsun ki, əsərləri insanlarımıza tanış edir. İndi nə qədər çap edəcəklər, onu bilmirəm, əsas odur ki, çapa başlanılıb.
- Sizin də iştirakınızla keçirilməsi gözlənilən, Ankarada Güney Azərbaycan Forumu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Ankara forumuna qatılacağam. Oradakı məruzələrdən, alınan qərarlardan bəkləntim çoxdur, çünki Güneyin müstəqilliyi uğrunda aparılan mübarizənin artıq o mərhələsidir ki, mütləq sağlam və hamının qəbul etdiyi bir təşkilat yaranmalıdır. Məncə, Camal bəyin təklif etdiyi Konseyin yaranması bu bəkləntimin gerçəkləşməsi üçün son fürsətdir. Bu məsələdə artıq gecikmək olmaz, bölgədə gedən geosiyasi hadisələr İrana yaxınlaşır, biz isə hələ təşkilatlana bilmir, yaranan təşkilatlar da bir-birini qəbul etmirlər.
Yaranan konseydə üzvlər, şura və idarə heyəti əsasən güneylilər olmalıdır, Avropa, Rusiya, Türkiyə, Quzey Azərbaycan təmsilçiləri isə konseyin sözçüləri ola bilər. Mən bir daha forumun uğurlu olmasını arzu edir, başarılar diləyirəm.
- Bildiyiniz kimi, bu yaxınlarda Dünya Azərbaycanlıları Konqresinin qurultayları keçirildi. Bu haqda nə deyə bilərsiniz?
- DAK 1997-ci ildə Amerikada yarananda mən də orada iştirak edirdim və çıxışımda bu təşkilatın düzgün qurulmadığını qeyd etdim.
Hesab edirəm ki, DAK-ın rəhbərliyində olan insanlar daha çox Güney Azərbaycandan olmalıdırlar. DAK-ın həmsədri Azərbaycanda olmamalıdır. Əgər onun həmsədri Azərbaycanda olarsa, o, müstəqil qurum olaraq fəaliyyət göstərə bilməyəcək və asılı bir təşkilata çevriləcək.
- Millət vəkili Sabir Rüstəmxanlı ANS-də çıxışında GünAz TV-ni İranın "Səhər" kanalı ilə eyniləşdirib. Siz özünüz də GünAz TV-də tarix, ideoloji və elmi mövzularda verilişlər aparırsınız. Bu, məsələyə münasibətinizi bilmək istərdik?
- Bu, yaxşı hadisə deyil. GünAz TV-ni İranın "Səhər" kanalına bənzətmək isə bu TV-nin 8 il İran rejiminə qarşı apardığı mübarizəni gözdən salmaqdır. Belə çıxır ki, mən də, Nəsib bəy də orada veriliş apardığımız üçün İrana işləyirik? GünAz TV-ni "Səhər" kanalı ilə eyniləşdirmək ayıb bir şeydir. İran rejimi onsuzda GünAz TV-nin fəaliyyətinə kölgə salmaq üçün gecə-gündüz işləyir. Mən bir ağsaqqal olaraq hər iki tərəfi səbrli və təmkinli olmağa dəvət edirəm, buna ərkim çatır.
E.Eltürk
Təzadlar.- 2012.- 12 may.- S.10.