Məhsəti Gəncəvinin Şərq və Qərb tədqiqatçıları
Bəzi tədqiqatçılar belə
bir sənətkarın, ümumiyyətlə, bu dünyada
yaşamadığı, bir xəyal məhsulu olduğu qənaətinə
gəlmişlər
Məhsəti
Gəncəvi Azərbaycan ədəbiyyatında həyat və
yaradıcılığı, doğum və ölüm tarixləri,
digər tarixi şəxsiyyətlər və sənətkarlarla
münasibəti, əsərlərinin sayı haqqında fərqli
fikirlər söylənən, adı əfsanələr
dumanına bürünmüş böyük şairimizdir. İş
o yerə çatmışdır ki, bəzi tədqiqatçılar
belə bir sənətkarın, ümumiyyətlə, bu
dünyada yaşamadığı, bir xəyal məhsulu
olduğu qənaətinə gəlmişlər. Məhsətinin
kişi olduğunu iddia edənlər də olmuşdur. Belə
bir fikir ayrılığının əsas səbəbi Məhsəti
haqqında orta əsr Şərq mənbələrinin kifayət
qədər olmamasından, olanlarının da bir sıra məsələlərlə
ziddiyyətli, bir-birini inkar edən məlumatlar verməsindən
ibarətdir. Şairin adının oxunuşunda belə fikir
birliyi yoxdur. Ənənəvi olaraq Azərbaycanda onun
adını "Məhsəti", Tacikistanda "Məhəsti"
kimi tələffüz edirlər. Bundan başqa, "Məhisti"
variantı da vardır. Akademik Y.E.Bertels Məhsətinin
xüsusi ad deyil, Səlcuq hökmdarları sarayında bir
titul olduğu fikrini söyləmişdir. Prof. Rafael
Hüseynovun buna verdiyi cavabla biz də razıyıq:
"Doğrudur, "Məhsəti" sözü vaxtilə
fəxri titul olub, lakin zaman keçdikcə bu titul xüsusi
ada çevrilib və belə şeylər çox olur. Həm
də "Məhsəti" sözünün titul olduğu
vaxtlar çox qədimdir". Tacik alimi Mir Abbas Məhsətinin
əsl adının Mənicə, Mənigə, Munijə kimi
variantları olduğunu göstərir.
Məhsətinin
gəncəli olduğunu təsdiqləyən kifayət qədər
ciddi tədqiqatçılar olmuşsa da, onun nişapurlu, xocəndli
olması kimi səhf fikirləri irəli sürənlər də
olmuşdur.
Diqqətlə
nəzərdən keçirdikdə görürük ki,
Avropa, Rusiya, Azərbaycan tədqiqatçılarının Məhsətinin
həyat və yaradıcılığına dair gəldikləri
bəzi səhv qənaətlərin əsas səbəbi
onların istinad etdikləri qaynaqların, təzkirələrin
ziddiyyətli məlumat verməsidirsə, digər səbəb
bəzi araşdırıcıların fakta əsaslanmadan təxəyyülə
güc vermələridir. Taci Usman kimi tədqiqatçıların
Məhsətini nəyin bahasına olursa-olsun tacik şairi kimi
təqdim etmək üçün faktları qəsdən təhrif
etmələrini (bax: Toci Usman. Şoira Maxasti. Duşanbe, 1963)
də nəzərə almaq lazım gəlir.
Həmdullah
Qəzvini 1330-cu ildə yazdığı “Tarixi-qozide” əsərində
Məhsətinin əri Tacəddin Əhməd ibn Xətibi-Gəncə
haqqında yazır: “O, Sultan Mahmud Qəznəvinin müasiri
olub, yaxşı şeirləri var və arvadı Məhsəti
ilə şeirləşməsi çox gözəldir”. Bu mənbəyə
istinad edən Əmin Əhməd Razi 1593-cü ildə
yazdığı “Həft iqlim” təzkirəsində
yazır: “Məhsəti və onun əri Sultan Mahmud Qəznəvinin
müasiri olublar”. Belə çıxır ki, Məhsəti X
əsrin sonu, XI əsrin əvvəllərində
yaşamış Sultan Mahmud Qəznəvinin (998-1030)
müasiri olmuşdur. Əslində isə orta əsr müəllifləri
Sultan Mahmud Qəznəvi ilə XI əsrin əvvəllərində
yaşamış, Sultan Səncərin (1118-1158) Azərbaycandakı
canişini, qardaşı oğlu Sultan Mahmud ibn Sultan Məhəmməd
ibn Məlişkahı səhv salmışlar. Bu səhvi hələ
XVI əsrdə düzəldən tarixçi Qiyasəddin Xondəmir
“Həbibüs-siyər” əsərində
yazmışdır: “Müxtəsər Cəlali tarixi”ndə
qeyd edilmişdir ki, Məhsəti və Gəncə xətibinin
oğlu Sultan Mahmud Səlcuqun (1118-1131-ci illərdə
hökmranlıq etmişdir) müasiri olmuşdur. “Tarixi-qozidə”
müəllifi onları Sultan Mahmud Qəzvininin müasiri kimi
göstərir. Bunu ya o özü səhv etmişdir, ya da katib
qələt yazmışdır”.
Müasir
dövrün tədqiqatçıları A.Y.Krımski, Taheri,
Şəhab, Yan Ripka bu fikrin yanlış olduğunu
bildirmişlər. Lakin orta əsr mənbələrindəki
səhvlərə əsaslanıb Məhsətinin
yaşadığı dövrü səhv salan
araşdırıcılar kifayət qədərdir. Məşhur
ingilis şərqşünası Edvard Braun bir neçə məqaləsində,
Azərbaycan alimi Məhəmmədəli Tərbiyət
“Danişməndane-Azərbaycan” əsərində bu
yanlışlığı təkrar etmişlər. Sonradan
Braun 1906-cı ildə çapdan çıxmış
“İran ədəbiyyatı tarixi” əsərində səhvini
düzəltmişdir.
Məhsətinin
Şərq tədqiqatçılarından danışarkən
xüsusilə qeyd etmək istərdik ki, bir sıra fasrdilli ədəbiyyat
tarixlərində, Cəlaləddin Hümayi, Şəfəq
Rzazadə, Zəbiulla Səfa kimi müəlliflərin
kitablarında Məhsətinin adına rast gəlmirik. Məhsətinin
həyat və yaradıcılığının tədqiq
tarixini nəzərdən keçirən prof. X.Yusifli haqlı
olaraq göstərir ki, bunun səbəbi Məhsətinin Azərbaycan
şairi olması deyildir: “Belə olsaydı, onlar Qətran Təbrizi,
Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani,
Nizami Gəncəvi və b. Azərbaycan şairlərindən
də bəhs etməz, onlara xususi yer verməzdilər. Bunun əsas
səbəbi odur ki, şairənin əsərləri barədə
mötəbər mənbələrdən son dövrlərə
qədər kifayət qədər nümunə əldə
edilməmiş, onun ədəbi irsi layiqincə öyrənilməmişdir”.
Bununla bərabər, bir sıra araşdırmalarda Məhsətidən
bəhs olunmuşdur. Məşhur urdu yazıçısı
Şibli Nemani “Şeirül-əcəm” adlı əsərində
şairədən qısaca bəhs etmiş, onun Sultan Səncər
ilə yaxınlığını, bədahətən
şeir deməkdə mahir olduğunu göstərmişdir.
İran alimi Rəşid Yasəmi 1925-ci ildə “İrannəşr”
jurnalında çap edilmiş məqaləsində Məhsətini
Sutan Səncər dövrünün sənətkarı kimi təqdim
etmiş, şairə ilə əlaqədar bəzi məsələlərə
aydınlıq gətirməyə
çalışmış, rübailərindən bir
neçəsini dərc etdirmişdir. Səid Nəfisi “Həkim
Nizami Gəncəvi” əsərində, “Farsca şeir yazan
qadınlar”, “Yeddinci əsrin Azərbaycan şairləri”
adlı məqalələrində şairin tərcümeyi-halının
bəzi məsələlərinə dair fikirlərini söyləmişdir.
Kəşavərz Sədr “Farsca şeir demiş qadınlar.
Rabiədən Pərvinə qədər” adlı kitabında
Məhsəti Gəncəviyə xüsusi yer vermiş, onu
Rabiə Quzdaridən sonra farsca yazmış ikinci görkəmli
şair kimi təqdim etmişdir.
Əli
Əkbər Müşir Səliminin “Şair qadınlar”
adlı kitabında Məhsətinin vətəni,
dövrü, adı, mühiti barədə söylənən
fikirlər tənqidi münasibət bəslənmədən
təzkirələrdən və digər mənbələrdən
olduğu kimi götürülmüşdür.
Şihab
Tahirin “Divane-Məhsəti-Gəncəvi” kitabına
yazdığı “Məhsəti haqqında bir neçə
söz” adlı müqəddimədə Mirabbas
Mirbağırzadənin 1923-cü ilin 25 noyabrında “Yeni
fikir” qəzetində çıxmış “Nizaminin qəbri”
məqaləsi bütövlükdə iqtibas edilmiş və
təbii ki, burada gedən ciddi səhvlər də təkrar
edilmişdir. Burada Nizaminin və Məhsətinin
yaşadığı illər səhv göstərilmiş, əsassız
olaraq bu iki sənətkarın eyni qəbirdə
basdırıldığı iddia edilmişdir. Məqalədə
gedən səhvlərdən biri də Məhsətinin Xocənd
şəhərinin fəqihinin qızı olmasından ibarətdir.
“Divane-Məhsəti
Gəncəvi” kitabına ikinci ön söz yazmış Əbdürrəhman
Fəramərzi Məhsətinin yüksək zövqlü,
azad təbiətli olduğunu söyləmişdir. Fəramərziyə
görə, şairənin müstəqil xasiyyətə malik
olması, azadfikirliliyi Şərq adət-ənənələrinə
uyğun olmadığı üçün onun
söz-söhbəti dillərdə dastan olmuş, haqqında
rəvayətlər yaranmışdır. Prof. X.Yusifli Məhsəti
rübailərinin Xəyyam rübailərindən daha
üstün olduğunu söyləyən Fəramərziyə
haqq qazandıraraq yazır: “Müəllifin bu sözlərində
mübaliğə ilə yanaşı, müəyyən bir həqiqət
də vardır. Xəyyamın rübailərini tədqiq edən
alimlərin də göstərdiyi kimi, onun şeirlərində
bəlağə və fəsahət qayda-qanunlarına riayət
və etina olunmur. Əlbəttə, bu heç də o demək
deyildir ki, Xəyyamın rübailəri bədii cəhətdən
zəifdir. Amma Məhsəti öz rübailərində Şərq
poetikasının bədiiyyait sahəsindəki bütün kəşflərindən
faydalanmağa çalışır və sıx-sıx
istifadə edir, lakin bununla yanaşı, Məhsətinin
şeirləri Ə.Fəramərzinin də dediyi kimi, o qədər
səlis və rəvandır, sözləri o qədər
yerli-yerindədir ki, zahiri bədii vasitələrə
xüsusi diqqət yetirildiyi əsla nəzərə
çarpmır. Fəramərzinin apardığı
müqayisə, əlbəttə, ancaq bu cəhətdən
doğrudur”.
Bundan
başqa, Əhməd Süheyli Xonsari, Qəvim Əli,
İsmayıl Əmirxizi, Firidun Nouzad kimi tədqiqatçıların
da Məhsətiyə dair ayrı-ayrı məqalələrinin
olduğunu qeyd etmək istərdik.
Məşhur
rus şərqşünası Y.E.Bertels isə 1962-ci ildə
Moskvada nəşr edilmiş “Nizami” və 1960-cı ildə
Moskvada nəşr edilmiş “Fars-tacik ədəbiyyatı
tarixi” kitablarında, ümumiyyətlə, Məhsəti
adlı bir şairənin, tarixi şəxsiyyətin
olmadığını iddia etmişdir. Bertelsə görə,
Məhsəti XII əsrin birinci yarısında
yaşamış şair Cövhəri Zəngər tərəfindən
yazılmış “Əmir Əhməd və Məhsəti”
dastanının qəhrəmanıdır, yəni bədii
obrazdır, yazıçı təxəyyülünün məhsuludur.
Belə bir qəti fikir söylədikdən sonra alim elə
bil ki, fikrində müəyyən qədər tərəddüd
etmiş, məsələni daha ətraflı öyrənməyi
gələcək tədqiqatçıların ixtiyarına
buraxmışdır: “Məhsətini real sima hesab etmək
olarmı, əsr Məhsəti real şəxsiyyətdirsə,
o, harada yazıb-yaratmışdır: Orta Asiyada, İranda,
yaxud Azərbaycanda. O XII əsrin əvvəllərində
yaşamışdır, yoxsa xeyli əvvəl?” Professor Xəlil
Yusifli haqlı olaraq göstərmişdir ki, Bertelsin bu səhvinin
səbəbi onun mövzuya dair mənbələrlə kifayət
qədər tanış olmamasından ibarətdir. “Müəllifin
“Məhsəti məsələsinə dair” adlı məqaləsindən
aydın olur ki, ona ancaq Dövlətşah Səmərqəndi
(XV əsr), Əmir Əhməd Razi (XVI əsr) və Sənaüddövlənin
(XX əsr) qeydləri məlum imiş. Bütün bunlar
göstərir ki, İ.E.Bertelsin belə bir səhv müddəa
irəli sürməsinə səbəb onun Məhsəti ilə
əlaqədar mənbələri layiqincə öyrənməməsi,
bu sahədə kifayət qədər tədqiqat aparmaması
olmuşdur… Məhsətinin tarixi şəxsiyyət olması
isə şübhəsizdir. Buna bir çox orta əsr
şair və alimlərinin müxtəlif qeydləri təsdiq
edir. Məhsəti Gəncəvinin tarixi şəxsiyyət
olduğunu Fəridəddin Əttar (1136-1229), Şəmsəddin
Məhəmməd ben Qeys Razi (XII-XIII əsrlər), Həmdullah
Qəzvini (XIV əsr), Dövlətşah Səmərqəndi
(XV əsr), Qiyasəddin Xondəmir (XVI əsr), Əmin Əhmət
Razi (XVI əsr) və b. alim və şairlər təsdiq edirlər”.
Qeys Razinin özünün “Əlmocəm” əsərində
(1230) təzad poetik fiqurundan danışarkən Məhsətinin
rübaisini nümunə gətirməsi sübut edir ki, “Əmir
Əhməd və Məhsəti” dastanı
yazılmamışdan əvvəl də Məhsətinin
özü və əsərləri məlum imiş və
farsdilli poeziyadan, poetikadan yazanlar onun şeirlərindən
nümunələr gətirmişlər.
Digər
görkəmli rus şərqşünası A.Y.Krımski Məhsətinin
Sultan Mahmud Qəznəvinin deyil, Sultan Mahmud Səlcuqi və
Sultan Səncərlə müasir olduğunu, Qafqazda,
Arranın Gəncə şəhərində
yaşadığını göstərmişdir. Məhsətinin
dövrünün müstəqil
dünyagörüşünə məxsus cəsarətli
xanımı olduğunu göstərən alim belə bir
fikirdə olduğunu bildirmişdir ki, məcmuələrdə
Məhsəti adına çıxılan şeirlərin bir
hissəsi, açıq-saçıq rubailər ona aid deyil. Bəzi
“Həvəsnamə” kimi əsər həvəskarları bu
şeirləri Məhsətinin adına
çıxmışlar.
Məhsətidən
bəhs edən ilk Avropa tədqiqatçıları
içində A.Russo, Raul Horn, Edvard Braun, Yan Ripka, Frits Meyerin
adını çəkmək olar. A.Russo 1841-ci ildə Əlcəzairdə
nəşr edilən “Parnas oriental” əsərində Lütfəli
bəy Azərin “Atəşkədə” təzkirəsindəki
məlumatlar əsasında şairəni yad etmiş, onun
şeirlənindəki incə duyğuları,
çağdaş hissləri yüksək dəyərləndirmişdir.
Paul Horn 1901-ci ildə Leypsiqdə çapdan
çıxmış “Fars ədəbiyyatı tarixi”
kitabında Məhsətini Sultan Səncərin (118-1158) nədiməsi
kimi göstərmiş, onun şeirlərindəki azad
fikirliliyi xüsusilə yüksək dəyərləndirmişdir.
E.Braun “İran ədəbiyyatı tarixi” adlı əsərinin
1906-cı ildə çapdan çıxmış ikinci
cildində Məhsəti haqqında mənbələrdəki
fikirlərin xülasəsini vermişdir. Çex şərqşünası
Yan Ripka özünün “İran ədəbiyyatı tarixi” əsərində
Məhsətinin Sultan Səncər dövrü şairlərindən
olduğunu göstərmişdir.
1963-cü
ildə Visbaden şəhərində Avropada Məhsətiyə
həsr olunmuş ilk iri həcmli sanballı əsər - alman
şərqşünası Frits Meyerin 2 cildlik “Gözəl Məhsəti”
kitabı çapdan çıxır. F.Meyer Məhsəti
haqqında bütün Şərq və Qərb mənbələrindən,
tədqiqatlarından istifadə etmiş, şairənin həyat
və yaradıcılığı, rübailərinin əsas
motivləri, səciyyəvi xüsusiyyətləri barədə
diqqətəlayiq tədqiqat əsəri ortaya
çıxarmışdır. Alim ilk dəfə olaraq mənbələrdə
Məhsəti adına qeyd olunan bütün rübailəri
toplayaraq onların elmi-tənqidi mətnini, almancaya tərcüməsini,
qısa filoloji təhlilini vermişdir. Məhsəti digər
Şərq şairləri ilə müqayisə edilmişdir.
Əlbəttə
ki, Məhsətinin həyat və
yaradıcılığının Azərbaycan tədqiqatçılarını
da ayrıca qeyt etmək lazımdır. Abbasqulu ağa
Bakıxanov özünün “Gülüstani-irəm” əsərində
Lütvəli bəy Azərin “Atəşkədə” təzkirəsindən
istifadə edərək Məhsətinin Gəncənin zadəgan
ailəsindən olub, Sultan Səncər sarayında
şöhrətə çatmasından
danışmış, rübailərindən nümunə
vermişdir. Sonralar “Azərbaycan ədəbiyyatı tarixi”
kitabında Məhsətidən bəhs edən F.Köçərli
A.Bakıxanovun bu barədə dediklərini təkrar
etmişdir.
M.Tərbiyət
“Danişməndani-Azərbaycan” əsərində Məhsətinin
Sultan Mahmud Qəznəvinin müasiri olması barədə səhv
fikri təkrar etmişdir.
Prof.
M.Rəfili, 1939-1940-cı illərdən Məhsətinin həyat
və yaradıcılığına dəfələrlə
müraciət etmiş, şairənin ədəbiyyat
tariximizdəki mövqeyinə dair əsaslı mülahizələr
söyləsə də, fikirlərində bir sra ziddiyyətlərə
yol vermişdir. Məsələn, Məhsətinin Gəncə
yaxınlığındakı Təkab (Təkav) kəndinin
sahibi olan varlı bir ailədə böyüməsi, Nizami ilə
Məhsətinin bir-birini odlu bir məhəbbətlə sevməsi
heç bir ciddi mənbəyə əsaslanmayan
yanlışlıqlardır.
Akademik
H.Araslı 1940-cı ildə çapdan çıxmış
“Şairin həyatı” kitabında, “Nizaminin müasirləri”
əsərində, orta məktəb dərsliklərində Məhsətinin
həyat və yaradıcılığına həsr
edilmiş hissələri yazmışdır. Alim bilavasitə
Məhsətinin şeirlərindən çıxış edərək
onun dünyagörüşü, ədəbi irsi, əsərlərinin
ideya və sənətkarlıq xüsusiyyətləri barədə
ciddi elmi fikir söyləmişdir. H.Araslı Məhsətinin
rübailərini təhlil etdikdən sonra onun geniş
mütaliə dairəsinə malik, yüksək səviyyəli
bir ziyalı olduğunu sübut etmişdir. Göstərmişdir
ki, şairə əsərlərində müasiri olan Azərbaycan
qadınlarının kədər və iztirablarını,
arzu və ideallarını məharətlə ifadə
etmişdir. Alim üçcildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin birinci cildindəki “Məhsəti” bəhsində
şairənin ədəbiyyat tariximizdəki mövqeyi barədə
fikirlərini yığcam şəkildə ifadə
etmişdir.
Görkəmli
ədibimiz M.S.Ordubadinin “Qılınc və qələm”
romanında, “Nizaminin dövrü və həyatı” məqaləsində
Məhsətinin həyatı və mühiti barədə
söylədiklərinin bir çoxunun yanlış olduğu
artıq ədəbiyyatşünaslığımızda qeyd
edilmişdir.
Sonrakı
dövr tədqiqatçılarından Ə.Ağayev,
Ş.Hacıyev, M.Arif, A.Hacıyev Məhsətinin həyat və
yaradıcılığına dair dəyərli mülahizələr
söyləmişlər. Prof. Xəlil Yusifli 1984-cü ildə
çapdan çıxmış “Məhsəti Gəncəvi”
əsərində şairənin həyat və
yaradıcılığına dair bütün əlyazma mənbələri
və tədqiqatlara dəyərli bir icmal vermişdir. Burada
ilk dəfə olaraq Məhsətinin rübailəri öz vəznində
tərcümə edilərək araşdırmaya əlavə
edilmişdir.
Prof.
Rafael Hüseynovun ilk dəfə 1989-ci ildə işıq
üzü görmüş “Məhsət necə varsa”
kitabı orta əsr qaynaqları, Şərq və Avropa tədqiqatçılarının
araşdırmaları, Məhsətinin şeirləri əsasında
yazılmış yüksək səviyyəli bir tədqiqat əsəridir.
Kitabda Məhsətinin həyat və
yaradıcılığı, mühiti, sələfləri,
müasirləri, xələfləri və bir sıra digər
məsələlər barədə samballı elmi fikir
söylənilmişdir. Əsərin rəvan, səlis dildə
yazılması Məhsətinin geniş kütlələr
arasında populyarlaşmasına xeyli dərəcədə səbəb
olmuşdur.
Yazı
hazırlanarkən prof. Xəlil Yusiflinin “Məhsəti Gəncəvi”
(Bakı, Yazıçı, 1984) kitabındakı məlumatlardan
istifadə edilmişdir.
Paşa ƏLİOĞLU,
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru
Təzadlar.-
2012.- 13 noyabr.- S.15.