Azərbaycanın teatr fədaisi - Əbülfət bəy Vəli
Azərbaycan
teatr tarixinin inkişafında əvəzsiz xidmətlər
göstərmiş sənətkarlardan
biri də Əbülfət bəy Vəlidir. Əbülfət
bəy Vəli aktyor, rejissor və teatr təşkilatçısı
kimi milli teatr tariximizdə xüsusi yer tutur. O, müxtəlif
tarixi dövrlərdə dövlət, elm, mədəniyyət
xadimləri ilə tanınan Baharlı tayfasının layiqli
övladlarındandır.
Əbülfət bəy Vəli XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan, Vorucerd, Nəhavənd hakimi Əlişəkər bəy Baharlının nəslindəndir. Əlişəkər bəy Baharlının nəslindən olan Əbülfət bəy Vəlinin ulu babaları Bayram xan Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1725-1795) isə İbrahimxəlil xanın zamanında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. Mirzə Vəli bəy Baharlı Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuşdur. Rəvayətə görə Molla Pənah Vaqifin saraya dəvət edilməsi Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur. Mirzə Vəli bəy Baharlı şair kimi də tanınmışdır.
Mirzə Vəli bəy Baharlının başqa nəvələri kimi onun atası Mirzə Məhəmmədhəsən bəy də babasının adının şərəfinə Vəliyev soyadını daşımışdır. Məhəmmədəli bəy Vəlizadənin (Baharlı) “Əhvalati-Qarabağ” (transliterasiya edəni Nazim Axundov) əsərində yazılmışdır ki, Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev quberniya idarəsinin katibi vəzifəsində çalışmış, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. O, Şirvan seyidlərinin şəcərələrini ərəb dilindən rus dilinə tərcümə etdiyi üçün çar hökuməti tərəfindən medalla mükafatlandırılmışdır.
Əbülfət bəy Vəli Azərbaycanın mədəniyyət tarixinin inkişafında xüsusi əməyi olan Nəcəfqulu bəy Vəliyevin kiçik qardaşıdır. Nəcəfqulu bəy Vəliyevin sayəsində o, yeniyetmə yaşlarından teatra maraq göstərmişdir.
Əbülfət bəy Vəli Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Ərəblinskinin yaxın dostu olmuşdur. Görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyev Hüseyn Ərəblinski və Əbülfət bəy Vəlini protip götürərək yazdığı “Ac həriflər” adlı bir pərdəli məzhəkədə Hüseyn və Vəli adlı iki aktyor surətini yaratmışdır.
Əbdürrəhim bəy Haqverdiyev Hüseyn Ərəblinskinin vəfatının yeddinci ili münasibətilə “Səhnə qurbanı” adlı bir pərdəli pyesində Əbülfət bəy Vəlinin də surətini qələmə almışdır. Bu əsərdə o, Yoldaş Vəli surətindədir.
Hər iki əsərdə onun protipi Vəli surətindədir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1886-cı ilin Şuşa şəhər əhalisinin siyahıya alınmasında o, Nəcəfqulu bəy Vəliyevin kiçik qardaşı kimi Əbülfət bəy adı ilə siyahıya alınmışdır. Bu siyahıdan məlum olur ki, Əbülfət bəyin yaşca ondan altı yaş böyük Məmmədtağı bəy adlı qardaşı da olmuşdur. Həmin ildə hər iki qardaş Şuşa şəhər məktəbində təhsil alırmışlar. O dövrün mətbuatında Əbülfət bəy Vəlinin yaradıcılığından danışılarkən onun adını Əbülfət Vəliyev, Əbülfət Vəli, Əbülfət Vəli (Vəliyev), Vəli Vəliyev kimi yazılmışdır. Əbülfət bəyin adının mətbuat səhifələrində Vəli kimi yazılması həm soyad, həmdə ad kimi qəbul edilə bilər. Əbülfət bəy Vəlinin müasiri olan Rzaqulu Nəcəfov onu “səhnədə Vəli adı ilə şöhrətlənmiş Əbülfət Vəliyev” kimi xarakterizə etmişdir. Əgər biz bunu ad kimi qəbul etsək Əbülfət bəyin teatr aləmindəki ikinci adı Vəli olmuşdur. Ulu babası Mirzə Vəli bəy Baharlının adını soyad kimi daşımaqla yanaşı adını da yaşatmaq istəmişdir.
Əbülfət bəy Vəlinin adı H.Ərəblinski, C.Zeynalov, Məhəmməd Əlvəndi, Sidqi Ruhulla, H.Q.Sarabski, M.A.Əliyev, M.Ə.Abbasov, Ə.Yüzbaşov, M.T.Ələsgərov kimi professional sənətkarlarla bir sirada çəkilir.
Əbülfət bəy Vəlinin aktyor, rejissor kimi fəaliyyəti o dövrün mətbuat səhifələrində işıqlandırılmışdır.
Əbülfət bəy Vəlinin Azərbaycanın teatr tarixində rejissor, aktyor kimi xidmətləri müasirləri olan teatr xadimləri, ondan sonra gələn teatr tədqiqatçıları tərəfindən qiymətləndirilmişdir.
XX əsrin əvvəllərində Əbülfət bəy Vəlinin yaradıcılığına aid yazılar yazmış Əlipaşa Hüseynzadə onu faciəli rollar oynayan aktyor kimi xarakterizə etmişdir.
Azərbaycan Respublikasının xalq artistləri Hüseynqulu Sarabski, Hacağa Abasov, Mustafa Mərdanov öz xatirələrində Əbülfət bəy Vəlini sadə, təvazökar, səmimi insan, istedadlı, məsuliyyətli aktyor kimi xarakterizə etmişlər.
XX əsrin əvvəllərində “Həmiyyət” dram truppasında Əbülfət bəy Vəli ilə birlikdə çıxış etmiş Azərbaycanın xalq artisti Hacağa Abasov onun aktyor olması ilə yanaşı həm də müəllimlik fəaliyyəti ilə də məşğul olduğunu yazmışdır.
Əbülfət bəy Vəlinin yaradıcılığını əsasən Qulam Məmmədli, professor Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov tədqiq etmişlər. 60-cı illərdən Əbülfət bəy Vəlinin teatr fəaliyyətini tədqiq etmiş AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov onun yaradıcılığına aid bir neçə qiymətli tədqiqat əsərlərinin müəllifidir.
Professor C.H.Cəfərov, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov onun “Nicat” və “Səfa” cəmiyyətlərinin nəzdindəki teatr truppalarında Azərbaycan və dünya klassiklərinin əsərləri əsasında qoyulmuş tamaşalarda bir-birindən maraqlı obrazlar yaratdığını və bir sıra tamaşalara quruluş verdiyini bildirmişlər. Cəfər Cəfərov öz tədqiqatlarında Əbülfət bəy Vəlini professional aktyor adlandırmaqla, onu Azərbaycan teatrının sütunlarından biri hesab etmişdir.
İnqilab Kərimovun tədqiqatına görə Hüseyn Ərəblinskinin istedadının aşkara çıxarılmasında, aktyor kimi şöhrət qazanmasında Əbülfət bəy Vəlinin böyük xidməti olmuşdur.
Azərbaycan teatrı XX əsrin əvvəllərində ən çətin dövrlərini yaşamışdır. Biz bunu Əbülfət bəy Vəlinin, onun aktyor yoldaşlarının şəxsində görə bilərik. Ehtiyac içərisində yaşamalarına baxmayaraq Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini vermiş bu insanlar bəzən haqsız ittihamlarla qarşılaşmışlar.
Qulam Məmmədli yazır ki, 1908-ci ildə rus operetta teatrının aktyorları “Məhəmmədin behişti” əsərini Bakıda rus dilində tamaşaya qoymaq istəyiblər. Teatr əleyhinə çıxan savadsız dindarlar yalandan şayiə yayırdılar ki, guya azərbaycanlı aktyorlar da bu əsəri oynamaq istəyirlər. Yalandan yayılan bu şayiəyə etiraz əlaməti olaraq “İrşad” qəzetinə bir qrup azərbaycanlı aktyorlar müraciət etmişlər. Əbülfət bəy Vəlinin də adı müraciət edən aktyorlar sırasında olmuşdur.
Azərbaycanın teatr fədaisi Əbülfət bəy Vəli öz repertuarında hər zaman Azərbaycan klassik ədəbiyyatına müraciət etmişdir. M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin, N.Nərimanovun, Ü.Hacıbəyovun, İ. Rüstəmbəyovun əsərləri əsasında hazırlanmış tamaşalarda o, bir-birindən maraqlı obrazlar yaratmış, bu əsərlərin bəzilərinin rejissoru olmuşdur.
Əbülfət bəy Vəli “Nicat” cəmiyyətinin Ə.Haqverdiyevin yaradıcılığının on illiyinin keçirilməsi ilə bağlı yubiley komissiyasının da üzvü olmuşdur. Bu barədə qəzet səhifələrində məlumat verilmişdir.
Əbülfət bəy Vəli tərcümə əsərləri əsasında hazırlanmış tamaşalarda da tamaşaçıları düşündürən maraqlı rollar ifa etmışdır. O, klassik yazıçılardan Henrix Heynenin “Əlmənsur”, Fridrix Şillerin “Qaçaqlar”, Vilyam Şekspirin “Otello”, Molyerin “Zorən təbib”, Volterin “Sultan Osman”, N.V.Qoqolun “Müfəttiş”, S.V.Lanskoyun “Azadlıq uğrunda” (“Qəzəvat”), Lentovskinin “Artistlərin məişəti” tamaşalarında bir-birindən fərqli, maraqlı rollar oynamışdır.
İnqilab Kərimov Azərbaycan-Türkiyə teatr əlaqələrindən söhbət açarkən qeyd etmişdir ki, Əbülfət Vəli, Hüseyn Ərəblinski, Məhəmməd Əlvəndi, Mirzağa Əliyev və başqa peşəkar aktyorların repertuarlarında klassik türk yazıçılarının əsərləri xüsusi yer tutur. Namiq Kamal, Rza Zəki Lətifbəyov, Vahid Lütfi, Abülhaq Hamid, Həsən Nəcmi, Rza Vaizzadə, Məhəmməd Ehsan kimi klassik türk yazıçılarının əsərləri əsasında teatr truppasının hazırladıqları bu türk tamaşaları Bakı və Azərbaycanın digər bölgələrində böyük hadisəyə çevrilirdi.
Ə.Vəlinin yaradıcılığında yaratdığı “Gavə” obrazı xüsusi yer tutur. Bu Ş.Saminin “Gaveyi-ahəngər” tamaşasında oynadığı roldur. Əsərin mövzusu İran həyatından götürülmüşdür. Bu ifanı müxtəlif vaxtlarda o, teatr tamaşalarında yaratmışdır. Əbülfət bəy Vəlinin ifa etdiyi “Gavə” rolu o dövrün mətbuat səhifələrində müsbət qiymətləndirilmişdir. Teatr tənqidçiləri bu rolu Əbülfət bəy Vəlinin teatr yaradıcılığında uğurlu rollarından saymışlar.
Əbülfət bəy Vəli iyirmi beş il Azərbaycan teatrının inkişafına xidmət etmişdir. Əbülfət bəy Vəlinin həyatı ilə yaxından tanış olarkən görürük ki, o, öz sələfləri kimi vətəninə, torpağına bağlı insan idi. Onun Azərbaycan teatr tarixində özünəməxsus rolu və yeri vardır. Azərbaycanın və dünya klassiklərinin əsərlərində bir-birindən maraqlı obrazlar yaratmış, onlarla tamaşaların rejissoru olmuşdur. Həyatı boyu yoxsulluq və ehtiyac içərisində yaşasa da Azərbaycan teatrının inkişafına öz köməyini əsirgəməmişdir.
Əbülfət bəy Vəli hər cür məhrumiyyətlərə, sıxıntılara baxmayaraq teatr truppasına rəhbərlik etdiyi vaxtlarda bəzən tamaşadan yığılan vəsaitin müəyyən hissəsini ehtiyacda yaşayanlara bağışlamışdır. Onun xarakterindəki bu alicənablıq sələflərindən ona keçmişdir. “Kaspiy” qəzetinin 1906-ci il, 18 noyabr sayında Əbülfət bəy Vəliyevin əliaçıqlığı Dərbənd şəhərinin ağsaqqallarından olan K.Heydərovun qəzetə yazdığı məktubunda özünü göstərir. Bu məktub tam şəkildə “Azərbaycan Teatrının Salnaməsi (1850-1920)” adlı kitaba daxil edilmişdir. Həmin məktubda bildirilmişdir: “Bakı müsəlman truppasının Dərbənddə verdiyi tamaşadan hasil olmuş məbləğdən qırx manatını truppanın müdiri cənab Vəli Bakıdan mənə göndərib xahiş etmişdir ki, həmin pulu realnı məktəb şagirdi Xəlilbəy Şəfibəyovun təhsil xərci edək. Şəfibəyov hazırda həmin məktəbdə oxuyan şagirdlər siyahısında yoxdur. Odur ki, sizin ianəni realnı məktəbin müdirinə göndərdim ki, yoxsul şagirdlərə xərclənsin.”
Əbülfət bəy Vəlinin hansı ildə anadan olması ilə bağlı müxtəlif fikirlər vardır. İnqilab Kərimov isə bir sıra faktları əsas gətirərək onun təxminən 1867/68-ci ildə anadan olması fikrini irəli sürür. Lakin Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1886-cı il Şuşa şəhəri əhalisinin siyahıya alınması sənədinə görə Əbülfət bəy Vəliyevin həmin il 12 yaşı olmuşdur. Bu faktı əsas götürsək o, 1874-cü ildə anadan olmuşdur.
Əbülfət bəy Vəli 1918-ci ilin dekabr ayında Göyçayda vəfat etmişdir. Onun vəfatı münasibətilə Kərim bəy Məlikov, Xəlil İbrahim məqalələr yazmışlar.
Bu məqalələr tam halda 1975-ci ildə Bakıda nəşr edilən “Azərbaycan Teatrının Salnaməsi (1850-1920)” kitabına daxil edilmişdir. Kərim bəy Məlikova, Xəlil İbrahimə aid bu yazılar “Azərbaycan Teatrının Salnaməsi (1850-1920)” kitabına istinadən yazılmışdır.
Kərim bəy Məlikov “Azərbaycan”, “Azerbaydjan” qəzetlərinin 1918-ci il 2 dekabr tarixli saylarında Əbülfət bəy Vəliyevin vəfatı münasibətilə yazdığı məqalədə onun teatr aləmindəki xidmətini bu cür ifadə etmişdir: “O, müsəlman teatrının 25 illik xidmətində nəinki əməyini, canını belə əsirgəməmişdi.
Onun müsəlman kütləsinə olan xidməti çox qiymətlidir. Vəlinin təşəbbüsü ilə Bakıda birinci truppa təşkil edilmiş və kütləyə çatan tamaşalar verilmişdir. Teatrı atəşin məhəbbətlə sevən Vəli həmişə çalışırdı ki, müsəlman teatrı da lazımi yüksəkliyə qaldırılsın, onu geniş yola çıxartsın, həqiqi sənət dərəcəsinə çatdırsın.
Xalqının namuslu zəhmətkeşi və istedadlı artisti olan Vəliyə rəhmət olsun.”
O illərdə “Azərbaycan” qəzetinin əməkdaşı
olmuş Xəlil İbrahimov
1918-ci il, 3 dekabr
nömrəsində Əbülfət bəy Vəlinin aktyorluq yaradıcılığına bu cür qiymət vermişdir: “Gavə
rolunda tamaşaçıların vücudunu Vəli kimi lərzəyə
salan hanki artistdir? “Əlmənsurə”dəki Həsən
rolunu oynayan artistlərin
hamısı yenə də Vəlini təqlid etmirlərmi? “Nadir şah”ın Ədhəm və Heydər kimi hiyləgər vəzirlərini Vəli kimi yaradan kimdir?
Şillerin qoca qraf Maksimilyan rolunda hankı artist Vəli qədər təsir bağışladı...”
Beləliklə, Əbülfət bəy
Vəlinin yaradıcılığı
hər zaman teatr tədqiqatçılarının diqqət
mərkəzində olmuşdur.
Onun Azərbaycanın
teatr tarixinin inkişafındakı xidmətləri vaxt ötdükcə elmi ictimaiyyət tərəfindən
layiqli qiymətini alacaqdır.
Orxan Zakiroğlu (Baharlı)
Təzadlar.-2012.-
17 noyabr.- S.13.