Aşıq sənətinin sərkərdəsi
Diriykən bu kişiyə
heykəl qoyulmalıdır...
Aşıq İsfəndiyar Rüstəmov... Bu ad hər bir türk övladına tanış olvuğu qədər də doğma və əzizdir. Onun adıyla birgə telli saz, misilsiz ifaçılıq, bədii yaradıcılıq, bənzərsiz səs diapazonu vəhdət təşkil edir. Aşıq İsfəndiyar Rüstəmovun el şənliklərindəki, konsert salonlarındakı misilsiz çıxışlarını xatırlayıram.
O vaxtları Aşıq İmran, Aşıq Əkbər kimi Aşıq İsfəndiyarın da növbəsinə iki ay əvvəlcədən yazılırdılar. Övladı olmayanlar əhd edirdilər ki, oğlum olsun toyunu Aşıq İsfəndiyara etdirəcəyəm. Yəni arzulu toyların kralı idi bu kişi. Həmişə şuxluğu, şahanə ifaçılığı, natiqliyi, ciddiliyi ilə tanınıb. Q, əlçatmaz dağların saf havasını təbii olaraq özündə yaşadır. Bu müqəddəslik ömrünün bu piran çağında da duyulmaqdadır. 40 ildən çoxdur ki, onun səsini, nəfəsini duyub dinləyənlərdənəm. Ətrafına topladığı aşıqların hər birinə ustad və böyük rəhbər olmuşdur. Aşıq Sədaqətin, Aşıq Məlikin, Aşıq Sayyadın və onlarla gənclərin yolgöstəricisi məhz Aşıq İsfəndiyardır. Xüsusən on minlərlə Azəri türklərinin daim dinləyib mənəvi zövq aldığı Gədəbəy aşıqlarına düşən ən böyük minnətdarlıq da məhz onları hər yerdə tanıtmağında xüsusi rol oynamış Aşıq İsfəndiyar Rüstəmova düşür. Dəfələrlə respublikamızın mərkəzi konsert salonlarında, xaricdə, əsgər və zabitlərimiz qarşısında, televiziya və radio dalğalarında konsertləri onu yetərincə ürəklərə həkk etdirib. Onun söylədiyi “Valeh və Zərnigar”, “Qurbani”, “Abbas və Gülgəz”, “Koroğlu” dastanları nə qədər şirin və yapışqanlılığı ilə bizləri ovundurur. Onun kirvəsi və dostu olan dünya şöhrətli sənətkar Aşıq İmranla münasibətlərini göz önünə gətirirəm. Aşıq Əkbər, Mikayıl Azaflı, Əlixan Niftalıyev, Hüseyn Saraclı və onlarla kamil sənətkarla qırılmaz xoş münasibətləri bir daha onun aliliyidir.
Aşıq İsfəndiyar aşıq sənətinin bir daha yaşamasının, təbliğinin tədrisinin, təhqiqinin fədailərindən biridir. Neçə-neçə folklorşunas alimin güvənc yeridir. Təkcə onu demək kifayətdir ki, Dədə Qurbaninin haqqında professor Qəzənfər Kazımovun nəşr etdirdiyi kitab məhz onun arxiv yaddaşından qələmə alınıb. Atası Aşıq Ədilin ruhu bir daha ona görə şaddır ki, bütün aşıq sevənlər hər dəfə onun oğlunu və yetirmələrini dinlədikcə deyir ki, “Allah sənə rəhmət eləsin, ay aşıq Ədil! Nə yaxşı ki, sənin İsfəndiyar kimi şahənşah sənətkar övladın var”. Bu sözü bir sənətkar kimi mən də deyirəm. Təkcə onu demək istəyirəm ki, Gədəbəyi aşıq diyarına çevirdiyinə görə diriykən bu kişiyə heykəl qoyulmalıdır. Ona görə ki, qoşunda sərkərdə olduğu kimi, sənətdə də rəhbər və ustad gərəkdir. Şükür ki, o da bizim Aşıq İsfəndiyar Rüstəmovdur. Mən onun orden-medallarından, fəxri fərmanlarından, diplomllarından söz açmaq istəməzdim. Haqqında dövri mətbuatda da yetərincə yazılıb. Ömrünü-gününü xalqının, milli dəyərlərimizin tərəqqisinə sərf edən belə bir sənətkar hesab edirəm ki, ən yüksək ada layiq görülməlidir. Məncə, aidiyyəti qurumlar Aşıq İsfəndiyarı yaxşı tanıdığına görə əlavə müraciətə ehtiyac yoxdur.
Qocaman ustadın 75-ci ömür baharı tamamlanmaqdadır. Daim gənclik eşqi ilə yaşayan ustadın müqəddəs arzularından biri də işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasıdır. Arzuların çin olsun, ustad!
Sarılanıdı
İnsanın ucası, şah vüqarlısı
Ürəkdə, könüldə qurulanıdı.
Vətən haraylısı, el haraylısı
Vətəndaş gözündə durulanıdı.
Başlar
başa çəkər ağıllı başı,
Olmaz bu dünyada naqafıl, naşı,
Böyüyün böyüyü, dostu, qardaşı
Yaxşı insanlara vurulanıdı.
Xeyirxah
nur saçar əməldə çoxlu,
İşi ətir verər, gül kimi qoxlu.
Kimsəni eyləməz kürəkdən oxlu,
Yaxşılıq o kəsin hər bir anıdı.
Məhərrəmin çoxdu qeyrətkeşləri,
Baş ucaldıb təmənnasız işləri,
Şərəflə keçibdi keşməkeşləri,
Sevəni qol açıb sarılanıdı.
Məhərrəm Hüseynli,
aşıq, şair-publisist
Təzadlar.- 2012.- 20 noyabr.- S.15.