Avrasiya İttifaqı konsepsiyasına bu gün ən yaxın dövlət Türkiyədir"

 

Ərəstun Baxşəliyev: “Bu gün həm Qərb, həm də Rusiya problemli bölgələrdə fəallıqlarını daha çox artırmaq istəyir"

 

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyevin “Təzadlar”a müsahibəsi

 

 - Ərəstun bəy, son günlər Rusiyanın bölgədə fəallığını necə dəyərləndirirsiniz?

- Son dövrlərdə Rusiyanın Cənubi Qafqazdakı fəallığı özünü daha çox büruzə verməyə başlayıb. Əslində bütün bunlar gözlənilən idi. Bilirsiniz ki, hələ bir müddət öncə Rusiyada Vladimir Putinin hakimiyyət başına gəlməsi ilə bərabər Rusiyanın keçmiş postsovet ərazisində də yenidən fəallaşacağı ilə bağlı bəlli siqnallar gəlməyə başlamışdı. O zaman “Avrasiya İttifaqı” adlı yeni bir qurumun formalaşdırılması üçün taktiki addımlar da atıldı. Maraqlıdır ki, bütün bunlar qlobal miqyasda iri güclərin daha qabarıq şəkildə qarşı-qarşıya durduğu bir zamana təsadüf etmişdi.

- Bəs bunların arxa fonunda nə dayanır? Nədən Rusiya bu gün bölgədə daha fəallıq göstərir?

- Bilirsiniz ki, 2009-cu ildə Rusiyanın strateji önəm kəsb edən milli təhlükəsizlik konsepsiyası işəlnib hazırlanmışdır ki, burada da 2020-ci ilə kimi ölkənin qarşısında duran hədəflər, gözləntilər, Rusiyanın dünyada oynadığı önəmli rol, mümkün təhlükələr və onlardan müdafiə olunmaq üsulları, təhlükələr qarşısında atılacaq addımlar kimi önəmli məsələlər öz əksini tapmışdır. Sənədin ən dəyərli hissəsi isə rusiyalı analitiklərin növbəti onillikdə baş verə biləcək hadisələrlə bağlı irəli sürdükləri bir qisim proqnozlar olmuşdur. Və burada göstərilirdi ki, cox da uzaqda olmayan bir dövrdən başlayaraq dünyada enerji mənbələrinə nəzarət uğrunda mübarizə həddən ziyadə kəskinləşməyə başlayacaq. Bu mübarizənin əsas obyektləri isə a) Yaxın Şərq, b) Barens dənizi şelfi, c) Arktikanın digər regionları, d) Xəzər hövzəsi və e) Mərkəzi Asiya regionu olacaq.

Son dövrlərdə yaşadığımız və yaşamaqda olduğumuz hadisələr də bir daha onu göstərdi ki, Rusiya əslində bu kimi regionlarda baş verən proseslərə biganə deyil, tam tərsi olaraq məsələlərdə mümkün qədər öz mövqeyini ortaya qoyaraq, onu daha da möhkəmlətməyə can atır. Bu kimi addımlar isə təbii və birmənalı olaraq keçmiş Sovet ölkələri üçün ciddi və təhlükəli xarakter daşıyır.

- Yəni vəziyyət bu qədər ciddidir?

- Əslində bu kimi təhdidlərin artan xətt ilə gedəcəyini biz öncədən də proqnozlaşdırmışdıq. Bu gün dünyada baş verən proseslər - Avropanın iqtisadi böhran içində boğulması, ABŞ-ın hələ ki, məsələlərə əvvəlki kimi müdaxilə edə bilməməsi və bunların fonunda Türkiyə kimi bölgəsəl güc mərkəzinin formalaşması, rəsmi Bakının isə haqlı olaraq müharibənin başladılmasına yönəlik cəhdləri, təbii olaraq Rusiyanı narahat edən ən ümdə məsələlərdən biridir. Bunlar bu gün üçün adi görünə bilər. Ancaq real olan odur ki, aysberqin görünməyən tərəfi ilə bağlı irəli sürülən iddialar, getdikcə daha çox ortaya çıxmaqdadır.

Qərb artıq öz köhnə problemlərindən qurtularaq, yeni və özü üçün gözlənilməz nəticələr doğura biləcək yeni problemlərin həllində maraqlıdır. Təsadüfi deyildir ki, Belçikada - NATO-nun mənzil qərargahında Qərbin marqlarına xidmət edəcək yeni bir toplantının keçirilməsi də məhz bu amilə xidmət etmişdir. Bu gün həm Qərb, həm də Rusiya problemli bölgələrdə fəallıqlarını daha çox artırmaq istəyir. Və deyərdim ki, bunda israrlıdılar da. Əgər bu belə olmazsa, nəticədə, bu dövlətlərin itirəcəkləri mövqelər və yeni dünya düzənin formalaşması qaçılmaz olacaq.

- Bu proseslərdə Türkiyənin rolunu necə görürsünüz?

- Avrasiya İttifaqı konsepsiyasına bu gün ən yaxın dövlət Türkiyədir. Çünki bu gün bu dövlətin istər Yaxın Orta Şərq regionundakı, istər Cənubi Qafqaz və Orta Asiyadakı, istərsə də Rusiya daxilində yer alan Türk Muxtar qurumlarındakı nüfuz dairəsi durmadan genişlənməkdədir. Türkiyənin belə bir nüfuz sahibi olmasında isə Cənubi Qafqaz ölkəsi olan və Xəzər vasitəsilə Orta Asiya ölkələrindəki enerji resurslarına qapı aça biləcək

- Dəyişən geosiyasi hadisələr içərisində Azərbaycanın rolu haqda fikirlərinizi eşitmək maraqlı olardı?

- Azərbaycanın yeri danılmazdır. Rusiyada o zaman bu konsepsiya işlənərkən 2020-ci ilə kimi dünyanın müxtəlif bölgələrində mövcud olan münaqişə ocaqlarının yenidən qızışacağı və bu faktın beynəlxalq duruma neqativ təsir göstərəcəyi ehtimal edilirdi. O zaman hazırlanmış olan bu konsepsiyanın tezisləri sırasında Azərbaycanla bağlı yeganə məqam - Xəzər hövzəsinin beynəlxalq aləmdə enerji mənbələrinə çıxış əldə etmək uğrunda mübarizənin əsas obyektlərindən birinə çevriləcəyi ilə bağlı ifadənin daha qabarıq formada göstərilməsi idi. Bu gün Rusiyanın siyasi planları sırasında Xəzər hövzəsinin enerji mənbələri uğrunda bu kimi rəqabətə girişməsi və bu rəqabətin fonunda həm Xəzər hövzəsindəki hərbi qüdrətini artırması, həm terroru dəstəkləyən Ermənistana hərtərəfli şəkildə dəstək göstərməsi, digər yandan bütün bunlar azmış kimi, regionda yaşayan xalqları bir-birilərinin üzərinə qaldırmağa səy göstərməsi də əslində gözlənilən idi.

Təbii olaraq bu gün Azərbaycanın düşmüş olduğu bu durumdan faydalanmaq istəyən başqa bu kimi dövlətlər də olacaq. Ancaq yürüdülən siyasətdə vəziyyətə uyğun çevik addımların atılması bu gün üçün olduqca mühümdür. İnsanlarımızın və mediamızın, bir sözlə, bu vətən üçün çalışan hər bir şəxsin və qurumun boynuna bu gün ən ağır yük düşür. Fikrimcə, bizlər bu kimi provakasiyaların qarşısını almaq üçün ilk növbədə dövlətin yanında olub, onunla bərabər addımlamalıyıq. Ölkə müxalifəti bu durumdan hansısa öz ambisiyaları üçün yararlanmamalıdır. Bu gün ölkə müstəqilliyinə, onun ərazi bütövlüyünə qarşı yaranmış hər hansı bir təhlükə təbii olaraq son da hər birimiz üçün qəbuledilməz nəticələr doğura bilər.

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2012.- 22 noyabr.- S.12.