Kədərlə sevinc
arasında
(Sənədli hekayə)
...Dadaş dayı Ağdamın Alıbəyli kəndində doğulmuş keşməkeşli həyat yolu yaşamışdı. İndi isə ömrünün müdrik çağında idi. Həyatın hər üzünü görmüş bu ahıl insan tez-tez xəyal aləminə qapılır, ömür yolu kinolent kimi gözləri qarşısında canlanırdı. Qayğısız uşaqlıq illəri doğma kəndində keçmiş, bu yerlərin bənzərsiz ab-havasını udmuş, şır-şır bulaqlarından içmiş, əsrarəngiz meşələrində, dağlarda gəzib-dolaşmış, saflığı, təmizliyi, sədaqəti bu yerlərdə qazanmış, texnikum və ali məktəbdə acılı-şirinli təqaüd ehtiyaclı tələbəlik illərini başa vurmuşdur. Daha sonra da ölüm saçan, hər dəqiqəsində həyatla vidalaşma təhlükəsi gözlənilən dəhşətli müharibə illəri, yüksək vəzifələr, haqq və ədalətin keşiyində durması, neçə insanın hüquqlarını müdafiə etməsi, kömək üçün qapısını döyənləri naümid geri qaytarmaması...
Bu gün 90 yaşını arxada qoyan Dadaş dayı artıq müharibədə "qazandığı" yazarların ağrısını unutmuş, ömrünün ahıl çağını rahat yaşayırdı. O, imanlı adam idi. Hələ uşaqlıqdan Allaha, onun varlığına inanırdı. Amma bəzi şeylərə nədənsə inana bilmir, şübhə ilə yaşayırdı. Xüsusən o dünyanın olduğuna heç cür inana bilmir, bu barədə şübhələr onu tərk etmirdi. Bu yaşına qədər özünü həmişə gümrah və qıvraq hiss edən Dadaş dayı son vaxtlar nədənsə yaman narahat görünürdü. Bunu da yaşı ilə əlaqələndirirdi. Onun tayları nə vaxtdan dünyasını dəyişib, o isə əlhəmdulla, buz baltası kimidir.
Hə, Dadaş dayı 90-nın belini qırıb, 100-ə addımlayandan bir neçə gün sonra, sanki özünün-özünə gözü dəydi. Qəflətən kişidə təngənəfəslik yarandı, ürəyi sıxılmağa başladı, mənzilinin 3-cü mərtəbəsinə zorla qalxırdı artıq. Bunu da yaşla bağlı hesab edən Dadaş dayı, ürəyinin üstündə sanki ağır yük asıldığını hiss edəndən sonra dərdini övladlarına açdı. Övlad və nəvələr bu müdrik insanın həkimə müraciət etməsini məsləhət bildilər. Amma Dadaş dayı əhəmiyyət verməyib hamıya "keçib gedər", cavabını verirdi hər dəfəsində. Lakin kişinin vəziyyətinin getdikcə pisləşdiyini, ürək ağrılarından əziyyət çəkdiyini görüb Dadaş dayını birbaşa xəstəxanaya aparmağı lazım bilirlər. O da gedib orada müayinə olunur, ondan analizlər götürülür, həkimlər konsilium keçirir və bu qənaətə gəlirlər ki, kişinin ürəyində əməliyyat keçirilməlidir, özü də təcili sürətdə. Dadaş dayı isə daş atıb başını tutur, ipə-sapa yatmaq istəmir, biz sözlə, əməliyyat olunmağa razılıq vermir.
- Onsuz ömrümü pis-yaxşı yaşamışam. 90 il ərzində köksüm altda döyünən ürəyimə vəfasızlıq edib onu doğratmağa heç cür razı ola bilmərəm.
Vəziyyət isə getdikcə ağırlaşır, ürək sözünü deyirdi. Əməliyyat aparılmalıydı, əks halda, kişinin yaşamasına ümid tükənirdi. İnsan nə qədər uzun ömür sürsə də yenə yaşamaq istəyir. Dadaş kişi də "Allaha pənah", - söyləyərək əməliyyata razılıq verir:
- İndiki məsləhət bilirsiniz, razıyam, ancaq bir şərtlə: əməliyyatı cərrah Cümşüd aparsın. Mən ancaq ona inanıram, ürəyimi ona etibar edirəm. Ölsəm də qoy onun əlində ölüm, - deyə qəti fikrini deyir. Hamı bu razılığa sevinirdi. Eyni zamanda bu fikri də haqlı idi: görən kişi bu əməliyyatdan sağ çıxarmı? Bəlkə cərrah Çümşüdə inamı ona kömək etdi.
Bu da cərrah Cümşüd. Cərrahı görən kimi Dadaş dayının üzünə gün doğdu, eyni açıldı. Cərrah analizləri diqqətlə nəzərdən keçirdikdən sonra xəstəyə təskinlik verərək sonra sözə başlayır:
- Dadaş dayı, siz o dəhşətli müharibənin od-alovundan xəsarətlə çıxmısınız. İndi burada nə var ki? Sizin kimi neçə xəstənin ürəyində mürəkkəb əməliyyatlar aparılıb. Özü də uğurla başa çatıb.
Dadaş dayını quş qanadlı xəyalları bir andaca öz aləminə apardı: Kənd həyatı, ailənin keçirdiyi acı illər, tələbəlik dövrü, qanlı-qadalı müharibənin acı məhrumiyyətləri, 60 il ərzində əmək cəbhəsində insan taleyi naminə çarpışmalar, bir sözlə, xoş və kədərli günlər. Xəyallardan ayrılıb nəzərlərini cərrah Cümşüdün çöhrəsinə tuşladı. Onun üzünə yaraşıq verən xoş təbəssüm xəstəyə də güc, qüvvət verdi:
- Milyon illər bundan əvvəl Yer kürəsində ağıllı adamlar, peyğəmbərlər bu qənaətdə olublar ki, bütün canlı və cansızları yaradan və onları idarə edən bir qüvvə var. O, Ulu Tanrıdır. Mən də ağlım kəsəndən o qadir Allaha inanmışam. Allaha inandığım kimi sizə də inanıram.
Bu arada cərrah çıxılmaz vəziyyət qarşısında dayandı. Axı o, ürək cərrahı yox, burun-boğaz cərrahı idi. Kişi oğlu tək mənə inanır, necə deyim ki, əməliyyatı ürək cərrahı aparmalıdır. O fikrini dəyişib, əməliyyatın aparılmasından imtina edə bilər. Axır ki, həqiqəti açıb söyləyir:
- Sizin ürəyinizdə əməliyyatı ürək cərrahı aparmalıdır. Mən məsləhət görürəm ki, bu əməliyyatı Gömrük Mərkəzi Hospitalında işləyən cərrah Qalib həyata keçirsin. Ona 100 % inanıram. Mən isə burun-boğaz üzrə cərraham.
Bu sözlərdən sonra Dadaş dayını sanki ildırım vurdu. Bütün ümidləri puç oldu. Ümidlə ümidsizlik yolunun ayrıcında qaldı. Beynindən acı bir fikir keçdi: "Demək keçiriləcək əməliyyata ümid yoxdur ki, cərrah Cümşüd bunu boynuna götürmür.
Cərrah Cümşüd Dadaş dayının pərişan vəziyyət aldığını görüb, ona ürək-dirək verməyə cəhd etdi:
- Qalib məşhur ürək cərrahıdır, mən ona özüm qədər inanıram. Hər şey yaxşı olacaq.
Ertəsi gün xəstəni deyilən hospitala, cərrah Qalibin yanına apardılar. O da analizləri nəzərdən keçirdi, xəstəni uzandırıb fenodoskopla əzalarını yoxladı, o cümlədən ürəyini diqqətlə yoxladı və qərarını verdi: Əməliyyat mütləq aparılmalıdır. Əlavə etdi: - Ancaq ürək damarlarının birində problem var. Odur ki, əməliyyata qədər bir həftə müalicə olunmağa ehtiyac duyulur.
Ertəsi gün xəstəni palataya yerləşdirirlər, ciddi müalicəyə başlayırlar. Bir neçə gündən sonra əməliyyata hazırlıq görülür. Nəhayət, xəstəni əməliyyat otağına yerləşdirirlər. Dadaş dayı yenə xəyallara meydan verir: "İnsanların bir-birinin ətini yediyi müharibədən qalib çıxdıq. İndi isə düşmən öz sinənmdədir. Özüm özümə qarşı olum ya ölüm savaşı aparmalıyam. Amma düşmənlə vuruş bundan asan idi... Müharibədə əlimdə silah var idi. İndi isə silahsızam. Əlibıçaqlı cərraha möhtacam...
Keyləşdirici iynə vurulur. Sonra da xəstəni əməliyyat stoluna yerləşdirirlər. Bir neçə saat davam edən əməliyyat uğurla başa çatır. Palataya gətirilən Dadaş dayı burada daim nəzarət altında olur. Cərrahın özü də gündə bir neçə dəfə palataya girib onun vəziyyəti ilə tanış olur, hətta axşamlar da evdən telefonla yaşlı xəstəsi ilə maraqlanır. Özünü qənaətbəxş hiss edən Dadaş dayını evə buraxırlar.
Evdə atasının müalicəsi ilə qızı Mahirə məşğul olur, hər cür qulluğunda dayanır, necə deyərlər pərvanə kimi başına fırlanır ki, atası tez sağalsın.
Dadaş kişi bir az özünə gələr-gəlməz başqa bir problemə tuş gəlir. Bu dəfə böyrəkləri ona əziyyət verməyə başlayır. Onu bir anda gözdən qoymayan, bu pəhləvan cüssəli el ağsaqqalının növbəti dəfə böyrəklərdən əziyyət çəkdiyi xəbərini eşidəndə doktor Cümşüd qocaman dostunun böyrəklərində belə tezliklə əməliyyat aparılmasını məsləhət görmür. Çünki o əvvəlki əməliyyatda çox qan itirmişdi, gemoqlobini aşağı düşmüşdü, üstəlik də necə olmasa da yaş da öz işini görürdü. Bir-birinin ardınca iki çətin əməliyyata dözmək hər adamın hünəri deyildi. Odur ki, növbəti əməliyyatın aparılmasına 1 ay vaxt tələb olunurdu.
Son ağrılar Dadaş dayını əldən saldıqda, bu dəfə cərrah Cümşüd onun başqa tibb ocağına - "Medikal Plaza Klinikası"na aparmasını məsləhət bilir. Yenidən müayinələr, analizlər, konsiliumlar. Başqa tibb mərkəzlərindən də tanınmış mütəxəssislər Dadaş dayı üzərində müayinə aparır, məsləhətlər keçirirlər. Nəhayət, ümumi bir rəy formalaşdı ki, böyrəklər üzərində əməliyyatı gecikdirmək olmaz. Əməliyyatı isə uroloq-cərrah elnur həyata keçirəcəkdi. Çünki o bu sahənin təcrübəli və tanınmış mütəxəssisi idi. Bütün şəhər onu lazımınca tanıyırdı.
Dadaş dayı sevinirdi ki, onun inanıb, sənətinə və insanlığına hörmət bəslədiyi cərrah Cümşüd də bu əməliyyatda iştirak edəcək. Odur ki, razılığını verir və xəstəni əməliyyat otağına aparırlar. Cərrahlar əməliyyat otağına daxil olurlar. Cərrah Cümşüd Dadaş dayıya tərəf əyilərək qulağına pıçıldayır:
- Narahat olmayın, mən yanınızdayam, hər şey ürəyinizcə olacaq. Xəstə ona xoş təbəssümlə cavab verir.
Əməliyyat başlayır. Cərrah Cümşüd də xəstənin başı üstündə dayanmışdı. Nədənsə xəstəyə yerli narkoz vermişdilər. Heç bir ağrı hiss etmirdi. Əməliyyat xeyli davam etdi və başa çatdı. Amma xəstəni palataya aparmırlar. Bunu hiss edən Dadaş dayı narahat olmağa başlayır. Cərrahlar da on xəstənin ətrafında var-gəl edirdilər. Tibb işçiləri əməliyyat olunan yeri silməklə məşğul idilər. Sən demə xəstədə qanaxma baş vermiş, qanaxmanı dayandıra bilmirmişlər. Getdikcə xəstənin qanı azalırdı. Ona görə də qan axtarışına başlayırlar. Dadaş dayının qan qrupuna uyğun donor tapılmır. Cərrah Cümşüd özünə yer tapa bilmirdi. Bu xəbəri eşidən Dadaş dayının qızı tibb işçisi Mahirə əməliyyat otağına daxil olur. Atasının ağarmış çöhrəsini görüb həyəcan keçirməyə başladı və həkimləri tələsdirdi... Qızı onun qan qrupunun atasınınki ilə eyni olduğunu bildirir və qolunu çırmalayıb ondan qan götürmələrini tələb edir. Həyəcan və təlaş içində söylədi:
- Mən nəyinki qanımı, canımı belə atama verməyə hazıram.
Təcili sürətdə qızının qanından Dadaş dayıya köçürürlər. Lakin qanaxma öz işində idi, dayanmaq bilmirdi. Hamı həyəcan içində idi. Hamıdan çox cərrah Cümşüd narahat görünürdü. Çıxış yolu axtarırdı ağxalatlılar. Fikirlər haçalanırdı. Birdən cərrah Elnur xəstəni yenidən cərrah stoluna yerləşdirməyi lazım bildi. Elə də etdilər. Qanaxma verən damarı bağlamaq lazım idi. Bu dəfə də xəstəyə narkoz verdilər. Əməliyyat aparıldı amma uzun çəkmədi. Xəstə isə xabi-xubda, öz aləmində idi. Hərdən qışqırırdı: Məni buraxın gedim. Beləcə bir xeyli davam etdi. Yavaş-yavaş xəstə özünə gəlib gözlərini açdı. Cərrah Cümşüd xəstəyə yaxınlaşdı, üzündən öpdü. Yaman kövrəlmişdi.
Dadaş dayı, təbrik edirəm! Sən yaşayacaqsan! Xəstənin bir əlini Mahirə, o biri əlini isə nəvəsi Eldar tutmuşdu. Bunu hiss edən xəstə səbəbini soruşdu. Cavab vermədilər və əllərini buraxdılar.
Xəstəni palataya
apardılar. Ertəsi gün Mahirə nəvələri
Eldar Gülnarə ilə xəstəyə
baş çəkməyə gəlmişdilər.
Mahirə fürsət tapıb atasından soruşdu:
- Ata, sən niyə qışqırıb, məni buraxın söyləyirdin. Xəstə cavab verdi:
- Məni gül-çiçəkli bir parkda mələklər mindirmişdi bir yellənçəyə, səmaya uçurdurdular. Kimsə iki nəfər mənim qolumdan tutub buraxmırdı. Mən də qışqırırdım ki, buraxın gedim. Gözümü açanda isə nə park gördüm, nə yelləncək, nə də o iki nəfəri.
- Atacan, qollarından tutan mənlə Eldar idi. Sən də
qışqırırdın ki, buraxın gedim.
Dadaş dayı xeyli fikrə gedib xəyal aləmindən ayılandan sonra söhbətə başladı.
- 90 il ömrümdə o gözəgörünməz Allaha inanmışam, o dünyanın varlığına isə yox. Əməliyyat zamanı məlakələrin məni yelləncəkdə apardıqlarını görəndən sonra qəti inandım ki, o dünya, ruhlar dünyası da var. Qışqırmağıma gəldikdə, görünür mələklər məni qızımın əlindən ala bilməyiblər. Hələ o dünyaya gedə bilməməyimin səbəbkarları isə insanları ölümün pəncəsindən xilas edən cərrahlar Cümşüd, Qalib və elnurdur ki, onlara öz dərin minnətdarlığımı bildirirəm. Çoxları əməliyyat üçün əcnəbi ölkələrə üz tutur. Ancaq əbəs yerə. Bizim öz milli mütəxəssislərimiz heç də xaricdəki həmkarlarından geri qalmırlar.
... Sonuncu əməliyyatdan 3 gün sonra Dadaş dayının yatdığı palataya Həsən müəllimin nəslinin yadigarı və ağbirçəyi Əfruz xanım və həkim gəlini Lətafət xanım daxil oldular. Dadaş dayı bu barədə belə söyləyir:
- Gözlərimə inanmadım. Yenə xəyallarım məni öz qanadlarına alıb keçmişə - Qırxlar dağından axan xırda, lakin dəli, Taxma körpü çaylarının birləşdiyi ərazidə yerləşən Ərəfsə kəndinə, Qırxlar kəndi ətəyindəki çiçəkli çəmənliklərə apardı. İndi o yerlərə həsrət qalan Əfruz xanımın gəlini Lətafət xanımın mənimlə görüşə gəlmələrinə həm hədsiz dərəcədə sevindim, həm də xeyli kədərləndim. Ona görə sevindim ki, belə hörmətli insanlar xəstəxanaya - mənə baş çəkməyə gəliblər. Ona görə kədərləndim ki, cərrah Cümşüdün sağlamlıq durumunun ağır olmasını eşidib, Allah eləməmiş, onunla vida görüşünə gəliblər. Sevinclə kədər arasında qalmışdım. Əziz qonaqlarla ürəkdən xeyli söhbət etdik. Mənən rahatlandım, gümrahlandım. Onlar Allahdan şəfa diləyib məni tərk etdilər.
...Bir həftədən sonra Dadaş dayını xəstəxanadan evə buraxdılar. Ağır əməliyyatdan sonra özünü nisbətən yüngül hiss edirdi. Çoxları onun bu yaşda belə ağır əməliyyatdan uğurla çıxmasını möcüzə sayırdı. Əlbəttə, onlar haqlı idilər. Dadaş dayı ölümə qalib gəlmişdi. Əsas da o idi ki, kişi o dünyanın - axirət dünyasının varlığına bütün varlığı ilə inanmışdı. Gündə 7 dəfə Ulu Tanrının hüzurunda dayanıb kəramətinə, möcüzələrinə dualar edirdi. Göydə Allahın mərhəməti, yerdə həkimlərin şəfalı əlləri onu yenidən həyata qaytarmışdı. Ömrünün qalan hissəsini narahat yaşayır, vaxtının çox hissəsini təmiz havada, təbiətin qoynunda, bağ və parklarda öz ahıl yaşıdları ilə birgə keçirirdi...
Həzi Məmmədov,
Böyük Vətən Müharibəsi
veteranı
Təzadlar.-
2012.- 24 noyabr.- S.14.