Azərbaycanın xaricdəki canli ensiklopediyası

 

Simax Şeyda: "Sevinirəm ki, şair kimi mənə həyata vəsiqəni Mircəlal Paşayev, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi böyük insanlar verib və mən onları heç vaxt unutmaram"

 

(Əvvəli ötən sayda)

 

- Simax müəllim, adını çəkdiyiniz son iki kitabınıza diqqət yetirəndə görürük ki, siz xalqımızın üzləşdiyi Qarabağ problemini uşaqlara olduqca sadə, asan sözlərlə çatdırırsınız. Buna necə nail olursunuz?

- Qarabağ problemi bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbimi ağrıdır. İstəyirəm ki, bu problem tezliklə həll olunsun, qaçqınlarımız öz doğma yurdlarına qayıtsınlar, ermənilər, nəhayət, layiq olduqları cəzanı alsınlar. Qarabağ, Xocalı, 20 Yanvar haqqında həm böyüklər, həm də balacalar üçün çoxlu şeirlər yazmışam. Uşaqlar üçün yazanda onu xeyli fikirləşirəm, məzmununu içimdə bişirirəm ki, sadə dildə onlara nəsə aşılaya bilim. Bilirsiniz, uşaqlar saxtalığı, süniliyi, boğazdan yuxarı deyilən sözləri çox tez başa düşürlər. Onların qəlbini ələ almaq çox çətindir. Amma bayaq dediyim kimi, mən uşaqların həyat tərzinə çox yaxından bələdəm. Buna baxmayaraq, indiki uşaqların da psixologiyasnı dərindən analiz edirəm. Bu baxımdan Qarabağ, Xocalı haqqında yazdığım şeirləri uşaqlar qəbul edirlər və tez də əzbərləyə bilirlər. İndi fikir verin, sadə dildə yazılmış "Azad edək" şeirini uşaqlar niyə də əzbərləməsin? Şuşa haqqında atasının xoş xatirələrini dinləyən Babək şeirin sonunda belə deyir:

 

"Fikrə gedib bir qədər,

Belə söydədi Babək:

Ata, gedək Şuşanı

Düşməndən azad edək".

 

Bu da ondan irəli gəlir ki, uşaqları heç vaxt unutmuram və onların dilini, psixologiyasını yaxşı bilirəm. Ona görə də uşaqlar üçün Qarabağ haqqında şeirləri belə asan sadə dildə yaza bilirəm. Ömür vəfa eləsə, yenə də belə şeirlər yazacağam. Axı Qarabağ mövzusu, Qarabağ dərdi bizim ən ağrılı yerimizdir. Bu baxımdan, istəyirəm balaca uşaqlar da bu dərdi bilsinlər, torpağı, vətəni sevsinlər.

- Simax müəllim, bilirik ki, siz uşaqböyük şeirləri yazmaqla yanaşı, həm klassik, həm də müasir Azərbaycan şairlərinin əsərlərini dağ yahudilərinin dilinə çevirib antalogiya halında birinci hissəsini çap etdirmisiniz. Yəqin ki, ikinci hissəsini də hazırlayacaqsınız. Bunları da İsraildə, Kanadada, Rusiyada, Almaniyadabaşqa ölkələrdə təbliğ edirsiniz. Maraqlıdır, nədir sizi buna vadar edən?

-  Məni buna vadar edən Azərbaycan ədəbiyyatının zənginliyi, Azərbaycan şairlərinin fitri istedadı, həmçinin mənim də bu şairləri yetirən torpağın suyunu içib, havasını udmağımdır. Mən bunları özümə Azərbaycan torpağının oğlu olaraq, bir mənəvi borc bilirəm. Özümklassik Azərbaycan şairlərinin vurğunuyam. Ona görə də Nizamini, Füzulini, Xəqanini, Nəsimini, S.Ə.Şirvanini, M.Ə.Sabiri, M.Müşfiqi, S.Vurğunu, R.Rzanı, S.Rüstəmi, B.Vahabzadəni, Məmməd Arazı, Nəriman Həsənzadəni və digərlərini sevə-sevə dağ yahudilərinin dilinə tərcümə edib, xarici ölkələrdə yayıram. Mən antalogiyanın birinci hissəsində 75 Azərbaycan şairinin şeirlərindən tərcümələr etmişəm. Əbu Ulla Gəncəvinin bizə çox az şeirləri gəlib çıxıb. Lakin buna baxmayaraq, onu da tərcümə etdiyim antalogiyaya salmışam. İkinci hissədə də 100-ə yaxın Azərbaycan şairinin şeirlərindən tərcümə edəcəyəm. Artıq xeyli tərcümə etmişəm. Ömür vəfa etsə, səhhətim imkan versə, yaxın iki ilə onu başa vurub antalogiyanın ikinci hissəsini çap etdirəcəyəm. Bundan əlavə, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri olan bayatıları, "Koroğlu" dastanından şeirləri də antalogiyaya daxil etmişəm. Aldığım məlumata görə, bu antalogiya yaxşı qarşılanıb. Ona görə qəlbən bir az rahat oluram ki, Azərbaycan ədəbiyyatı üçün nəsə etmişəm.

- Əslində bu işiniz Azərbaycan ədəbiyyatına çox böyük xidmətdir. Nəzərə alsaq ki, bu işləri yerinə yetirən bir dağ yahudisidir, onda bu xidmətin qiyməti ikiqat artır. Siz ömrünüzün 77-ci ilində də böyük coşqu ilə Azərbaycan həsrəti ilə yazıb yaradırsınız. Ona görə də şair Musa Ələkbərli sizi haqlı olaraq Azərbaycanın xaricdəki canlı ensiklopediyası adlandırıb. Bütün bunlara görə çox sağ olun. Amma istəyirəm indiyə qədər dostluq etdiyiniz şairlərlə olan maraqlı anlardan söhbət açasınız. Axı şairlərin biri-birilə zarafatları, yaddaqalan məqamları və s. çox olur. Bəs siz bu barədə nə deyə bilərsiniz?

- Belə məqamlar çoxdur. Məsələn, mən hələ 7-ci sinifdə oxuyarkən H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun üçüncü kursunda oxuyan N.Həsənzadə ilə 1952-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialında görüşdük, dost olduq və həmin dostluq bu gündavam edir. N.Həsənzadə çox istedadlı şairdir.

- Simax müəllim, üzr istəyirəm, gəlin yerlibazlıq etməyin...

(Xeyli gülürük)

- Axı heç birimiz gəncəli deyilik.  

- Nə olsun, ikiniz də Gəncədə yaşayıb, oxumusunuz. Nəriman Həsənzadənin necə istedadlı şair olduğunu bizbilirik. Aramızdakı yaş fərqinə baxmayaraq, mən də N.Həsənzadə ilə düz 30 ildir, 1982-ci ildən dostluq edirəm. Mən istəyirəm ki, siz canlı ensiklopediyamız olaraq, başqa şairlər barədə də xoş məqamlardan danışasınız.

- 1953-cü ildə gənc şairlərin Bakıda müşavirəsi keçirilirdi. Mən Gəncədən gəlmişdim. Müşavirədən sonra Yazıçılar İttifaqında bir görüş oldu. Rəhmətlik M.C.Paşayevlə Nəbi Xəzri bir yerdə oturmuşdular. Mən keçəndə gözəl yazıçımız M.C.Paşayev məni çağırıb dedi: "Oğlum, otur yanımda və başladı sorğu-sual eləməyə ki, kimsən, hardan gəlmisən, nə yazırsan?" və s. Dedim, adım Simax Şeydadır, Gəncədən gəlmişəm, uşaqlar və böyüklər üçün şeirlər yazıram. Dedi, çox gözəl, çox gözəl. Bu söhbətə Nəbi Xəzri də qulaq asırdı. Mircəlal müəllim soruşdu ki, gənc şair kimi sən bu müşavirədən nə götürdün? Dedim, bu müşavirədən mən çox şey öyrəndim. Mən hələ gəncəm, indi-indi şeir yazmağa başlamışam. Bu müşavirənin mənim yaradıcılığıma yaxşı təsir edəcəyini düşünürəm. Daha bir neçə sualına cavab verdim. Dedi ki, səndən xoşum gəldi, sən yaxşı şair olacaqsan. Bir gənc olaraq belə böyük bir yazıçının haqqımda xoş sözlər deməsi mənə qol-qanad verdi və mən bundan sonra şeirə, ədəbiyyata daha çox bağlandım. M.C.Paşayevlə söhbət qurtaran kimi Nəbi Xəzri dedi ki, indi dur, mən tərəfdə otur. Keçib oturdum. Dedi ki, bir şeir oxu. O vaxt "Uzaq sahillərdə" kitabı təzəcə çıxmışdı. Mən də onu oxuyub Mehdi Hüseynzadənin qəhrəmanlığına bir şeir həsr eləmişdim. Həmin şeiri oxudum. Nəbi müəllim dedi: "Şeir xoşuma gəldi. Yaradıcılığını davam elə, heç vaxt ruhdan düşmə. Sənin gələcəyin var". Bakı Dövlət Universitetində oxuyanda Bəxtiyar Vahabzadə də mənə dərs deyib. Hər görüşəndə deyirdi ki, təzə nə şeirlərin var? Semestr imtahanında məndən imtahan götürməzdi, deyərdi ki, bir şeir oxu, onunla da mənə qiymət yazırdı. Sevinirəm ki, şair kimi mənə həyata vəsiqəni Mircəlal Paşayev, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi böyük insanlar verib və onları heç vaxt unutmaram.    

- Elə bu söylədikləriniz də maraqlıdır. Məlum olur ki, Mircəlal Paşayev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi məşhur insanlar sizin kimi gənc şairə mənəvi dayaq olublar. Dəstək veriblər və siz bundan çox ruhlanmısınız. Amma bugünkü gənclərə yiyə duran, dəstək verən, yol göstərən yoxdur deyə, əksəriyyəti ağıllarına gələni yazırlar. İndi bir postmodernist deyilən bir cərəyan çıxıb ortaya. Heç bir qafiyəsi, hecası, məzmunu olmayan, söz yığınını şeir adlandırırlar. Necə baxırsınız bu postmodernistlərə və bunu qəbul edirsiniz, ya yox?

- Yox, mən onları qəbul etmirəm. Əgər onların istedadı varsa, özündən əvvəlki şair yazıçıları, klassikləri çox dərindən oxuyub öyrənməlidirlər ki, nəsə yarada bilsinlər. Bünövrə olmasa, bina necə tikilə bilər? Bu gənclər həmin bünövrədən bəhrələnib öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməlidirlər. Əgər belə olsa, onlar da cəmiyyətdə tanınacaq, qəbul ediləcəklər.

- Simax müəllim, yadınıza gəlir yəqin, Sovet dövründə tələbələrlə ictimaiyyətin müxtəlif təbəqələri ilə tez-tez şairlərin görüşü keçirilirdi. İndi çox təəssüf ki, bu ənənə unudulub. Amma sizin vətənə bu qədər bağlılığınızı görüb qəzetimizin təşəbbüsü ilə sentyabrın 19-da F.B.Köçərli adına uşaq kitabxanasında sizinlə görüş baş tutdu. Sizə müxtəlif suallar verdilər, balacalar şeirlərinizi söylədilər. Bu görüş sizdə hansı hisslər, duyğular oyatdı?

- Şeirlərimdən görünür ki, mənim uşaqlara böyük məhəbbətim var. Ona görə bir daha uşaqlarla, həmçinin böyüklərlə görüşməyim mənə böyük sevinc bəxş etdi. Balacaların mənim şeirlərimi söyləməsi məni xeyli təsirləndirdi. Bu görüş göstərdi ki, mən uşaqlar üçün yazmaqda haqlıyam. İnanıram ki, bu görüş növbəti şeirlərə səbəb olacaq. Şair üçün oxucuları ilə görüşməkdən gözəl nə ola bilər? Ona görə də mən özümü xoşbəxt sayıram ki, vətənə bu qısa müddətli səfərimdə belə görüş baş tutdu. Bunun üçün sizə də, qəzetinizin rəhbərliyinə də, həmçinin kitabxananın bütün kolleklivinə təşəkkür edirəm. Arzu edirəm o görüşdə iştirak edən 190 saylı məktəbin 3 "a" sinif şagirdləri dərslərini həmişə yaxşı oxusunlar, gələcəkdə ali məktəblərə qəbul olsunlar və vətənə layiqli övlad olaraq böyüsünlər. Onu da deyim ki, mənim uşaqlarım da vaxtilə 190 saylı məktəbdə oxuyublar. Bütün uşaqlara xoşbəxtlik arzulayıram.

- Simax müəllim, sonda bir məsələyə də münasibətinizi bilmək istərdik. Siz yaşadığınız Münhen şəhərindən İctimai Televiziyanın "Qərib axşamlar" verilişini çox diqqətlə izləyirsiniz, tez-tez ora telefonla qoşulub fikrinizi bildirirsiniz, şeir oxuyursunuz. Bununla az da olsa vətən həsrətini ovuda bilirsinizmi?

- Bu sualı lap yerində verdiniz. İctimai Televiziyanın bu verilişini nəinki mən, bütün dünya azərbaycanlıları izləyir. Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlının görüş yeridir "Qərib axşamlar". Mən o verilişlə sanki vətənə qayıdıram, o verilişdən vətəni ab-havasının alıram və bu, mənə bir az təsəlli olur. Verilişin aparıcısı Yusif Günaydın çox istedadlı jurnalistdir. Onun qəlbə yaxın xoş səsi, şirin söhbətləri həsrətilə yanan qəlbimizə sanki su çiləyir. Əlbəttə, həmin veriliş mənə Münhendə vətəni vermir. Amma verilişin özü vətənin bir parçısı olduğu üçün daha çox seviliraz da olsa, qəlbimizi ovudur. Sağ olsunlar, hamısına təşəkkür edirəm.

- Müsahibə üçün biz də sizə təşəkkür edirik. Hər il təbii ki, vətənə gəlirsiniz. Arzu edirik ki, növbəti gəlişinizdə və ömrünün 60 ilini Azərbaycan ədəbiyyatının inkişafına və təbliğinə həsr edən Simax Şeydanı xalq şairi kimi qarşılayaq. Allah bəzi qurumların qəlbinə insaf salsın ki, gecolsa sizin haqq etdiyiniz adı versinlər. Sizə yaşadığınız Münhen şəhərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

- Mən də sizə, qəzetinizin redaktorunabütün kollektivinə dərin təşəkkürümü bildirirəm.

- Sağ olun.

 

 

Söhbətləşdi: Elçin MƏMMƏDLİ

 

Təzadlar.- 2012.- 2 oktyabr.- S.15.