Ömür elə şirindir
ki...
O,
yerləri, göyləri süsləyən gözəlliklər
qoynunda - qədim Lahıcda dünyaya göz açıb. Hər
qayasında, daşında sirlər gizlənən təbiətin
möcüzəsi olan bu yerlərin şüşə kimi
saf, təmiz havasını udub, bulaqların zümzüməsini,
dağ ağırı ağsaqqalların sözünü,
söhbətini eşidib.
Müharibədən sonrakı illərdə - əllinci illərin əvvəllərində doğulan bir çox uşaqlara xas olan ciddilik, zəhmətsevərlik, dərdçəkərlik Hikmət Ağaməmməd oğluna da xas olan cizgilərdir.Ziyalı ailəsində böyüyən Hikmət Haqverdili zəhmətin, çətinliyin, halallığın nə olduğunu yaxşı bilirdi. O, kövrək, duyğulu qəlbiylə valideynlərinin bu çətin vaxtlarda kirpikləriylə od götürdüyünü hiss edir, duyurdu. Ona görə işdə onlara kömək etməyə çalışır, dərslərinə ciddi hazırlaşır, böyüklərin Lahıcın keçmişi haqda şirin söhbətlərinə maraqla qulaq asırdı. Xüsusən çar tərəfindən 1888-ci ildə Lahıcda məktəb açılması ilə bağlı verilmiş fərmandan sonra bu məktəbə ilkin təyinat almış pedaqoq Səməd bəy Hacıbəyov və ondan sonra Lahıc məktəbində dərs demiş Məmmədhəsən Əfəndiyev haqda olan söhbətlər ona yuxu kimi gəlirdi. Yeddi min əhalisi olan Lahıca Qori seminariyasını bitirmiş tanınmış ziyalı Səməd bəy Əfəndiyevin müəllim təyin edilməsi hamıda bayram əhvali-ruhiyyəsi yaratmışdı. O, məktəbin ən çətin vaxtında məsuliyyəti, ağırlığı öz üzərinə götürmüş, bütün məsələləri təkbaşına həll etmək kimi çətin işin öhdəsindən bacarıqla gəlmişdi. Bir il sonra Bakı quberniyasının Lahıc qəsəbəsinə təyinat almış ikinci müəllim Məmmədhəsən Əfəndiyev məşhur pedaqoq və etnoqraf idi. 1867-ci ildə Şamaxıda anadan olmuşdu. 1893-cü ilə qədər Lahıc məktəbində İşləmişdi. Sonrakı illərdə bu məktəbdə Baba bəy Səfəralıbəyov (1899-1901), Qafur Rəşad Mirzəzadə (1901-1906), Hüseynalı Qarabağlı (1907-1910), Mirzə Bəbəl bəy Yolçuyev (1911-1918) kimi məşhur ziyalılar, müəllimlər dərs demişlər.
Hikmət üçün ideala çevrilmiş bu insanlar vətənini zülmətin qoynundan çıxaran işıq, nur mənbəyi idilər.
Orta məktəb illərində gələcək yolunu müəyyənləşdirən Hikmət Haqverdili 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olundu. 1973-cü ildə təhsilini uğurla başa vurub əvvəlcə İsmayıllı rayonunun Həftəsiyab kənd orta məktəbində, sonra isə Lahıc qəsəbə orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başladı.
Uşaqlıq illərindən qəlbində yaşatdığı ideal müəllim obrazını əsl həyatda yaşatmağın, ucaltmağın vaxtı, məqamı yetişmişdi. Müəllimlik sənətinə böyük sevgisi olan Hikmət müəllim gözəl ənənəsi olan bu məktəbdə çalışdığı üçün özünü xoşbəxt sayırdı. Şagirdlərini öz doğma balası kimi əzizləyən, sevən, onlara riyaziyyatın sirlərini sevə-sevə öyrədən Hikmət müəllim təkcə riyaziyyatçı deyil, Azərbaycan sevdalısıydı. O, balalarımıza doğma vətənin dağını, daşını, bulağını, ağacını sevməyi öyrədirdi. Görünən dağa nə bələdçi. Bu işgüzar, fədakar vətən sevdalısı gənc müəllimi də gördülər, irəli çəkdilər. 1982-1988-ci illərdə Hikmət müəllim Lahıc qəsəbə orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini işlədi. 1988-ci ildən günü bu günə qədər məktəbin direktoru vəzifəsində çalışır. 24 il bir igidin ömrüdür. 24 il bir kollektivə rəhbərlik etmək, çətinliyə qatlaşmaq, sevdiyin sənətinlə bağlı istədiyin işləri həyata keçirmək sizə asan gəlməsin.
İndi maarif sahəsində Hikmət müəllimin qazandığı uğurlara çoxları həsəd apara bilər. O, 1984-cü ildə "Qabaqçıl maarif xadimi" döş nişanı, Təhsil Nazirliyinin, İsmayıllı rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilmiş, Azərbaycan müəllimlərinin X, XI və XIII qurultaylarının nümayəndəsi seçilmişdir. Fəal təlim metodlarının tətbiqi ilə əlaqədar 2006-cı ildə Litva Respublikasının Vilnüs şəhərində və 2008-ci ildə Türkiyə Respublikasının Bilkənd Universistetində ezamiyyətdə olmuşdur. Hikmət müəllim həmçinin "SPARE" beynəxalq təşkilatının xətti ilə 2011-ci ildə Gürcüstan Respublikasının Batumi, 2012-ci ildə isə alternativ və bərpa olunan enerji məsələsi ilə əlaqədar Telavi şəhərində seminarlarda iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 03 oktyabr 2007-ci il tarixli sərəncamı ilə ona "Respublikanın əməkdar müəllimi" fəxri adı verilmişdir. Yüzlərlə şagirdin sevimli müəllimi olan Hikmət müəllim xoşbəxt ailə sahibidir. Böyük oğlu Abbas hərbçi, Milli Ordunun kapitanıdır. Kiçik oğlu Mirəhməd gömrük ixtisası üzrə kolleci bitirmişdir. Hazırda neft şirkətində işləyir, qızları Şölə orta məktəb müəllimi, Sima bağça müdiri, Xanım tibb işçisidir.
Hamısı vətəninə, xalqına, ata ocağına layiq övladlardır. Hikmət müəllimin Lahıc qəsəbə orta məktəbi, onun şərəfli tarixi, müəllimlik sənəti ilə bağlı fikirləri maraqlıdır: Lahıc Azərbaycanın özünəməxsus qədim mədəniyyət ocaqlarından biridir. Bu gün Lahıca gələnlər, özlərini qoynunda hiss edirlər. İnsan burada özünü daha narat, daha güclü hiss edir. Çünki hər daşda, qaya parçasında dədə-babalarımızın səsi, nəfəsi var. Bu əzəməti, bu qüruru duyduğum, yaşadığım üçün özümü xoşbəxt sayıram. Şagirdlərimə həmişə demişəm, indi də dönə-dönə deyirəm: siz canlı muzeyin qoynundasınız. Əlinizlə toxunduğunuz, gözünüzlə oxşadığınız hər şey tarixdir. Bunları qoruyun, qayğısına qalın ki, gələcək nəsillər bizi hörmətlə yad etsinlər, xatırlasınlar. "Müəllimlik dünyada ən şərəfli səətdir" deyənlər eləbelə deməyiblər. Müəllim yaradıcı sənətdir. Yolgöstərəndir. Sən işinlə, əməlinlə başqalarına nümunə olmalısan. Biz keçən əsrin əvvəllərindəki maarifpərvər ziyalıları niyə hörmətlə, izzətlə xatırlayırıq, yad edirik? Çünki onlar həqiqətən işıq, nur daşıyıcıları olublar. Lahıcda dərs deməyin bir gözəlliyi ondadır ki, sən o qədim kişilərin zəhmətini, qırımını hiss edirsən, özündə məsuliyyət duyursan.
Burada - 124 yaşı olan bu Lahıc qəsəbə məktəbində kimlər dərs deməyib?! Adlarını sadalayanda adam qürur hissi keçirir: Əlövsət Talıbov, Ənvər Balayev, Mirzəli Axundov, Mehdi Mehdiyev, Həlimə Haqverdiyeva, İbad Xancanlı, Nərgiz Rəhimli, Ənisə Axundova, Nəcməddin Hüseynov, Hacağa Hüseynov, Rəhim Bağırov, Ələkbər Ələkbərli, Xanım Əlimərdanova... Bunlar ölməz maarif fədailəridir.
1959-cu ildə məktəbimizin 70, 1998-ci ildə 110, 2008-ci ildə 120 - illik yubleyləri təntənə ilə qeyd olunub. Sonuncu tədbirdə təhsil naziri Misir Mərdanov iştirak edib. Bu illər ərzində məktəbi 8 min şagird bitirmişdir ki, bunun da 3 min şagird yaxını ali və orta ixtisas təhsili almışdır. Bunlardan 1000 nəfəri müəllim, 100 nəfərdən çoxu hərbçi, 100 nəfərdən çoxu iqtisadçı və başqa sənət sahibləri olmuşlar.
Məktəbin yetirmələrindən 500 nəfərdən çoxu alim, yazıçı, şair, mədəniyyət və incəsənət xadimi, yüksək rütbəli zabitlər olmuşlar. 120 nəfərdən çox elmlər doktoru və professor, 4 nəfər akademik bu məktəbin yetirməsidir. Mən fəxr edirəm ki, nümunə ola biləcək bir təhsil ocağına rəhbərlik edirəm. Bunlar mənim çiynimə böyük məsuliyyət hissi, məsuliyyət yükü qoyur. Azərbaycanın gələcəyi onun təhsili, elmi, mədəniyyəti ilə bağlıdır. Hər bir kəs, xüsusən müəllimlər, qabaqcıl ziyalılar bu aydın həqiqəti dərk etməli, yüksək intellektli, qlobal düşüncəli, aydın təfəkkürlü sağlam gənclik yetişdirmək üçün əllərindən gələni etməlidirlər. Mən təhsilə, elmə, mədəniyyətə böyük önəm verən, qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Onlar Azərbaycanımızın xoşbəxt gələcəyi üçün çox işlər görmüşlər".
Hikmət müəllimin təvazökarlıq edib rəhbərlik etdiyi Lahıc qəsəbə orta məktəbinin qazandığı bir çox uğurları sadalamadı.
Son illərdə məktəb bir neçə dəfə rayon üzrə "İlin ən yaxşı tədris müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin "Lahıc" folklor kollektivi 3 dəfə respublika müsabiqəsinin qalibi olmuşdur. Məktəbin beynəlxalq əlaqələri durmadan inkişaf edir. ABŞ, Fransa, İsrail, Norveç səfirlikləri, xarici təşkilatlarla əlaqə saxlanılır. 2005-2007-ci illərdə Dünya Bankının "Məktəb Qrant Proqramı" çərçivəsində məktəbin 3 layihəsi qalib gəlmiş və reallaşmışdır. 2008-ci il avqustun 19-da Prezident İlham Əliyevin sərəncamı ilə məktəbə "İlin ən yaxşı ümumtəhsil məktəbi" fəxri adı verilmişdir.
Məktəbin mövcud binasının əsaslı təmiri və 400 yerlik yeni tədris korpusunun tikilməsi nəzərdə tutulmuşdur. Pedaqoji kollektiv 2013-cü ildə 125 illiyini qeyd edəcək Lahıc qəsəbə orta məktəbinə akademik Zərifə xanım Əliyevanın adının verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmək qərarına gəlmişdir.
Oktyabr ayının 1-də 60 yaşı tamam olacaq Hikmət Ağaməmməd oğlu Haqverdili ömrünün ən gözəl çağlarını Azərbaycan maarifinin, təhsilinin inkişaf etməsinə, çiçəklənməsinə həsr etmişdir. Bu gün respublikamızın müxtəlif guşələrində çalışan yüzlərlə yetirməsi bir vaxt onun şagirdi olmasıyla fəxr edir, qürur hissi duyur.
Biz də respublikanın əməkdar müəllimi, gözəl insan, bənzərsiz pedaqoq, əsl vətəndaş, Azərbaycan sevdalısı Hikmət müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, gələcək işlərində uğurlar arzulayırıq.
Cəmilə İSBƏNDİYAROVA,
tədqiqatçı-publisist,
AJB-nin üzvü
Təzadlar.-
2012.- 2 oktyabr.- S.10.