“Bizə “Leyli” olmağa imkan vermirlər...”
“Hərdən fikirləşirəm
ki, bəlkə də mən qadınlıqdan biraz kənara
çıxmışam”
Azərbaycanın gənc və
istedadlı xanandəsi İlahə İbadovanın
“Qafqazinfo”ya müsahibəsi
-
İstəyirəm biz söhbətimiz dostcasına, səmimi
olsun. Sadəcə bir Azərbaycan gənci kimi sizin
dünyagörüşünüz,
davranışlarınız, həyata, ictimai-siyasi proseslərə
münasibətiniz mənə maraqlıdır. Bilmək istəyirəm
ki, xanəndə bir xanım ölkədə baş verənlər
haqqında nə düşünür.
- Əslində
mənim işim bir tərəfdən şou-bizneslə
bağlı olsa da, bu sahədən həmişə yan
qaçıram. Bizim ailədə musiqi ilə məşğul
olan olmayıb. Ziyalılarımız, vəzifədə
çalışanlarımız çox olduğundan mən
belə tərbiyə görmüşəm. Bizdə
gülümsəməyin, zarafatın öz yeri var. Amma mən
xanəndə olsam da, özümü şou-biznes sahəsinin
adamı saymıram. Ancaq hardasa ondan da yan keçmək olmur.
Çünki toy əldə etmək məsələsi də
var. Amma məsələ bütövlükdə dediyim kimidir.
Hətta məni sevənlərə maraqlıdır ki, niyə
yanımda yaxınlıq etdiyim sənətçi yoxdur. Deyirəm
ki, var, onlarla salam-sağ ol edirəm. Amma oturub danışmaq,
çay içmək, xüsusi münasibət yoxdur.
- Yəni
siz musiqidən kənar dünyanın olduğundan xəbərdarsınız.
- Əlbəttə,
maraqlanıram. Ən çox marağım bu tərəfədir,
daha düzü başqa sahələrədir. Hətta mən deyirdim
ki, müğənni olmasaydım, mütləq
hüquqşünas olacaqdım. Yəni hüquq sahəsinə
marağım daha çoxdur. Bir də astronomiya elmi mənə
maraqlıdır.
-
Sizdən müsahibə almaq istəyim “Facebook”da görəndən
sonra yarandı. Bilmək istəyirəm ki, “Facebook”da aktiv olursunuz,
yoxsa necə?
-
Axır vaxtlar çox aktivəm.
-
Girirsiniz hər gün? - Hər gün, hə.
-
“Facebook”da nəyə baxırsınız?
-
Birinci öz səhifəmi açanda mənə
maraqlıdır ki, insanlar nə yazıb. Yəni mən
yaşadığım ölkədə necə rəy yarada
bilmişəm. Tənqidləri də normal qəbul edirəm.
Və yaxud da maraqlı hər hansısa bir şey lazım
olanda, özüm tapa bilməsəm də, köməkçilərim,
prodüsserlərim mənə kömək edirlər.
-
Bilirsiniz, mən nəyi demək istəyirəm. Azərbaycanda
“Facebook”un istifadəçilərini iki qrupa bölmək olar.
Bir ciddi ictimai-siyasi qrupun adamları, bir də məişət
insanları. Birinci qrup ölkədə baş verənlərlə
bağlı statuslar yazır, şərhlər verirlər.
İkinci qrup isə bütün günü toyda çəkdirdiyi
şəkli paylaşmaqla məşğuldur. Yəni əyləncə
kimi istifadə edir. Bilmək istəyirəm ki, siz hansı
qrupun dostluğundasınız?
-
Bütün tərəflərin paylaşdıqlarına,
fikirlərinə baxıram. Hərənin fikri başqadır.
Oxuyub özün üçün rəy
çıxarırsan. Yəni “Facebook”da hər şey var.
- Məsələn
son günlərin olayına çevrilən Gülər Əhmədovanın
rüşvət videosundan xəbərin var?
-
Var, hamısından xəbərim var.(gülür)
- Bu
söhbət sizinçün ağır gələ bilər.
Bunları ona görə soruşuram ki...
- Mən
konkret olaraq hər şeylə maraqlanıram. Mən
başımı musiqi ilə qatıb tək onunla
maraqlanmıram. Mənim bir insan kimi xoşum gəlmir ki, deyəndə
ki, filan hadisədən xəbərin var, yox desəm, bu biraz
pis rəy yaradar ki, sən necə azərbaycanlısan ki, Azərbaycanda
olan bir şeydən xəbərin yoxdur. Yəni əgər o,
geniş yayılıbsa, xəbərim var. Beş-on nəfər
arasında olan şeydən təbii xəbərim ola bilməz.
- Necə
həyat tərzi keçirirsiniz? Səhər yuxudan
oyandınız, tutaq ki, hansısa mahnının məşqinə
getdiniz. Sonra?
- Mənim
həyat tərzim tamam ayrıdır.
- Necədir
ki?
-(Gülür)
Necə də maraqla soruşursunuz. Bax deyim, belədi: bir həftəyə
yaxındır ki, sırf tədbirlərlə məşğulam.
Hər günə azı 2 tədbirim olur. Axşam da toy olsa,
toya gedirəm. Ümumiyyətlə, mənim həyat tərzim
əhval-ruhiyyəmlə bağlı olur. Yəni məsələ
mən səhər yuxudan necə durmağımdan
asılıdır. Ola bilər ki, həmin gün mənim
iş planım çox olsa da, onların hamısının
üstündən xətt çəkə bilərəm. Yəni
mənim kefim bir yerə getmək istəmirsə, getməyə
bilərəm. Yenə də deyirəm, ən çox
maraqlandığm başqa sahələrdir. Mənim elə
dostlarım var ki, 40, 50, 60 yaşı var. Mən öz
yaşıdımla heç vaxt dostluq etmirəm.
Çünki onun fikri mənimki ilə üst-üstə
düşmür.
-
Qadınlar psixolji baxımdan yaşlı olurlar...
-
Dünyagörüşü az olan adamla mənim söhbətim
tutmur. Mən onu başa salıram, öyrədirəm. Amma mən
öz dünyagörüşümü artırmaq istəyirəm,
azaltmaq istəmirəm. Bir müddətdən sonra baxıram
ki, mən onu öyrətməklə özüm heç bir
şey öyrənə bilmirəm. Yaşca balaca adamlar da belədir
deyə onlarla görüşə bilmirəm. Hətta
yaşca böyüklərə, 30-35 yaşında olan adamlara
da baxırsan ki, araya nəsə bir mövzu salırlar. Ən
zəhləm gedən mövzu isə maşın
mövzusudur. Biri deyir əsgərlikdə filan şeyi
etmişəm, biri deyir filan paltarım bu rəngdədir. Belə
mövzuları danışanda mən artıq yoxa
çıxıram.
-
İstəyirsən nə danışsınlar?
-
Başqa şeylər. İşə, gündəlik həyatımıza
aid olmayan şeylər. Məsələn, gəlib desinlər
ki, filan yerdə təzə bir proyekt olacaq. Belə şeyləri
bölüşsünlər. Amma olanları
danışmasınlar, xoşuma gəlmir.
-
Onda sən Azərbaycan xalqından qaç...
- Elə
onu da deyirəm ki, mən qaçmaq istəyirəm.
Burdakı insanlar məni bezdirir. Bayaq bura telefon ilə
danışa-danışa gəlirdim. Görürəm ki, bir
dostum gecə saat 5-də mənə yazıb ki,
özümü çox pis hiss edirəm. Zarafatla deyirəm
ki, mən Dədə Qorqudam. Kimin nə sirri olursa, mənə
deyir. Mən müsbət enerji verə bilirəm. Zarafata
qatıb dedim ki, yat, nəyə görə beləsən?! Məndən
yaşda çox uşaqdır. Səhər tezdən durub ona
zəng etmişəm. Gecədən ondan narahat idim.
Danışıram, deyir ki, dostlarımın fikirləri mənimlə
üst-üstə düşmür və bezirəm. Digər
tərəfdən də bizim dövrdə inanılası adam
yoxdur ki, ona oturub sirrini deyəsən və rahatlaşasan.
Çox təəssüf ki, mənə deyirlər, amma mənim
sirr bölüşdüyüm adam hələ yoxdur.
- Təksiniz?
-
Daxili aləmimdə mən təkəm. Heç nəyi
bölüşmürəm. Qorxuram ki, məni başa
düşməyəcəklər.
-
Müsahibə üçün müraciət edəndə xəbərdarlıq
edildi ki, şəxsi suallar olmasın. Nədən
qaçırsız ki?
-
Şəxsi həyatdan ona görə söhbət açmaq
istəmirəm ki, həyatımda hər şey normal
qaydasındadır. Bu ailə həyatından söhbət edəndə
deyirəm ki, hamı necə mən də elə. İşə
getməkdi, evə gəlməkdi, uşaq gəzdirməkdi.
Amma hər kəsin qəlbində bir incə sarı tel,
kövrək məqamlar olur. Bilmirəm, bəlkə də o
haqda danışanda kövrəlirəmmi ya nədənsə,
o mövzu haqqında danışmaq istəmirəm. Sən mənim
işimdən, daxili aləmimdən sual ver.
- O
zaman mən sizə bu sualı sizin
özünüz-özünüzə verməyinizi belə rəva
görmürəm. Nəyi bilmək istəyirəm. Gedirsiniz
toya? Sizin ətrafınızda bu işləri görən
neçə adam var?
-
Produsserim çox vaxt yanımda olur. PR-menecerim,
bir də mətbuat katibim.
- Yəni
3 nəfər
-
Üç nəfər mənimlə toya getmir. Onlardan kimsə toya gedəndə yanımda olur.
- Bir də
ansamblınız var.
- Hə, əgər
bütöv toyu istəsələr, ansambl var. İstəməsələr,
yarım saatlıq gedirəm.
- İndi niyə bu yarım saatlıq moddadır?
- Bilmirəm.
Bəlkə də istəyirlər toylarında müğənni
çox olsun. Hamısı gəlib
yarım saat oxusun.
-
Yarım saatlıq toya gedəndə bir proqramla
çıxış edirsiniz?
- Proqram
deyəndə ki, mən toya girəndə muğam
ifaçısı olduğum üçün birinci ab-havaya
baxıram. Məsələn, hər toyda eyni
proqramı oxumuram. Qəti fonoqram oxumuram.
Son 1-2 toyda oxumuşam. O da təzə
mahnılarım çıxıb deyə yalnız onları
fonoqramla təqdim etmişəm.
-Toya
neçəyə gedirsən?
-
Yarım saatı 1000 manat.
- Bəs
bütöv toyu necə?
-
Baxır ansambla. Mən iş gördüyüm ansambl
tanınmış, yaxşı uşaqlardır. Odur ki, 4000-4500 manata.
- Bu toyun
qiyməti Azərbaycan reallığında baha deyil?
- Bir
şey deyim. Bizdə çox təəssüfedici
bir şey var. Məsələn, mən eşidimki filankəs
məni doğurdanda toyuna istəyir, pulsuz oxuyuram. Mən
iki il toylarda pulsuz oxudum.
- Pulsuz
oxumusunuz?
- Hə,
5 toydan ikisi pulsuz idi.
- Niyə?
-
Baxırdım ki, kasıb insanlardır amma məni
toylarında istəyirlər. Niyə onların
qəlbini qırım? Şərtdirmi ki,
hamısında pulla oxuyum?! Bir insanın ürəyini
sevindirmək.....
- Yəni
bir neçə il insanların ürəyini
sevindirdin.
- Sevindirmək
deyəndə ki, elə indi də toylar başlayandan elə
gedirəm. Elə muğam
ifaçılarımız var ki, mən onların toy
aparmaqlarını sevirəm.
- Məsələn?
-
Gülyaz, Gülyanaq gözəl toy aparır. Elton,
Nadir Qafarzadə, Samir Piriyev gözəl toy aparırlar. Gözəl deyəndə, yəni repertuar
baxımından nəzərdə tuturam. Ayaz,
Zamiq də var.
-
Abbasın da adını yaxşıya çəkirlər. -
Hə
-
Ümumiyyətlə, bu gün enerjili gənclər var.
- Məsələn,
öz qohumlarımızın da toyu olanda mən onların
hamısını dəvət edirəm. Özüm
sırf onları toyda görmək istəyirəm. Çünki mənim özüm elitar toy keçməyini
sevirəm. Başa düşürəm
ki, hər cürə toy var, hər toyun da öz musiqisi var.
Toy olanda biz birinci soruşuruq ki, hansı şadlıq evindədir?
Səviyyəli restoran olanda fikirləşirsən
ki, burda nə oxumaq lazımdır. Amma elə
bir balaca restorana gedib elitar toy görmüşəm ki,
gözlərimə inana bilməmişəm. Toya girəndə publikaya baxırsan ki, burda hansı
mahnını oxusam tutacaq.
- Kim olmaq
istəyirsiz? Şövkət Ələkbərova, Alim
Qasımov?..
-
Özüm olmaq istəyirəm. Birinci növbədə
insan olmaq istəyirəm. Çünki
“Alim olmaq asandır, insan olmaq çətin”. Ola bilər ki, mənim səsim bata, oxuya bilməyim.
Amma qabiliyyətim olsa, istənilən sahədə
çalışa bilərəm.
- Nə
işləyə bilərsən?
- Mən
gözəllik aşiqiyəm. Hətta vəzifədə
də çalışa bilərəm, bu səviyyədə
savadım var. Ancaq istəyirəm ki, sənətimə qiymət
verilsin. Öz sənətimdə zirvəyə
çatım. Çox şey istəmirəm.
Normal yaşamaq istəyirəm.
- Siz
toylarda ciddi mahnılar ifa etdiyinizi deyirsiniz. Birdən kimsə
böyürdən çıxıb dedi ki, bir Üzeyir var ee,
ondan oxu. Nə cavab
verirsiziniz?
- Yox, o mənlik
deyil.
- Elə
belə deyirsiz?
- Hə,
elə də deyirəm. Deyirəm ki, mən
normal repertuarımı ifa edəcəm. Mən
əvvəlcədən deyirəm ki, repertuarımda belə
mahnılar olacaq, istəyirsən gəlim, istəmirsənsə,
yox. Yanımda bir oğlan oxuyan da
aparıram. Əgər o, bilirsə, oxuyar.
Üzeyir deyəndə sevinmişdim, elə
bildim Üzeyir Hacıbəyovu deyirsiniz.
- Axı
xalqımız toyda “Ay canı yanmış”ı oynayır...
Bu havanı sevir...
- Mən
şəxsən oynamıram. Mən
ömrüm boyu elə mahnıları oynamamışam.
- Necə
yəni?
- Qətiyyən
elə mahnıları oynaya bilmərəm. Uzaq
başı bir dəfə “Tərəkəmə” və ya
“Süleymani” oynayıb oturaram. Və yaxud
da mən oynamağa dururamsa, gedib deyirəm ki, gözəl
musiqilərimizdən birini, məsələn, “Basqal”ı
çal. Və ya “Bayatı-şiraz”
üstündə elə gözəl mahnılarımız
var. Oxuyarsa, oynayaram. Oxumasa yox. Mənə başqa “Sarı gəlin”i sifariş
veriblər, lakin mən xalq mahnısı “Sarı gəlin”i
oxumuşam.
- Sizin bir
qızınız var. Necə tərbiyə edirsiniz? - Çox
yaxşı.
-
Neçə yaşı var?
- 3
yaşı var. O, həyətə düşür,
oğlanlar-qızlar birlikdə oynayırlar. Aralarında
söyüş söyəni də var. O, evə gələndə
həmin sözü deyəndə mən ona deyirəm ki,
qızım elə şey olmaz, yaxşı bir şey deyil.
--
Baxçaya qoymamısınız?
- Hələki
qoymamışam. Amma qoymaq fikrindəyəm.
- Narahat
deyilsən ki, bu uşaq bu cəmiyyətdə necə böyüyəcək ?
- Əgər o mənim qızımdırsa, iradə cəhətdən
mənə oxşayacaq, güclü olacaq. Çünki
o uşağın elə böyük danışmaqları
var ki, eşitsən inanmarsan ki, bu uşaq ağlıdır.
- İndiki uşaqlar belədir.
- Bu
uşaq fərqlidir. Uşaqlar var ki,
böyüklərə aid elə şeylər
danışırlar ki. Amma o, belə
şey danışanda da arxasınca elə söz deyir ki, mən
hətta məəttəl qalıram. Arada
anam zarafatla deyir ki, bu uşaq səndən
ağıllıdır. Yəni, uşağın
düşüncə tərzi bir az fərqlidir.
Mənim hiss etmə qabiliyyətim güclüdür. Mən gördüyüm yuxudan və
gözümün qabağına gələn şeylərdən
qorxuram. Çünki bilirəm ki, o
şeylər olacaq. Mən hiss edirəm ki, o uşaq gələcəkdə
ziyalı bir xanım olacaq. Həm də
çox nazlıdır.
- Siz o qədər
də nazlı deyilsiniz?
- Yox, məndə
kişi xasiyyəti var. Naz etməyi qəti
sevmirəm.
- Yəni
ki, Azərbaycan xalqının xanım obrazına
uyğunsunuz...
- Hətta
deyirlər ki, sevənlər bir-birinə naz edir. Məndə belə şey yoxdur. Hərdən fikirləşirəm ki, bəlkə də
mən qadınlıqdan biraz kənara
çıxmışam. Amma baxıram ki,
uşağım nazlıdır. Saçlarını
oynada-oynada gəzir. Zövqü də var.
Bəzən olur ki, mən hansısa paltarı geyinib evdən
çıxanda, deyir ki, “Ana, o biri paltarını geyin”.
- Sizcə
bizim söhbətimiz tutdu?
- Tutub. Onu müsahibə çıxandan sonra daha
yaxşı biləcəm. Amma fikrimi
bölüşmək istəmirəm.
- Adamlar
var müsahibə verirlər, yazıb qoyursan sayta. Sonra başlayırlar ki, “O başlığı dəyiş”,
“Sən Allah onu elə qoyma”.
- Elə
şeyə mən fikir vermirəm. Sadəcə
olaraq, məni maraqlandıran odur ki, başa düşürəm
ki, mövzu oxunmaqçün elə ad qoyulur ki, cəlb etsin.
Amma biri var ki, danışdığın mövzunun
içindən bir ad qoyulsun və yaxud da biraz
şişirdilmiş forması ola bilər.
Amma mən bu yaxınlarda saytda bir şey oxudum,
gözüm kəlləmə çıxdı. Mənim haqqımda idi. Mənim
müsahibəm belə olub. Açıq
geyimlərdən söz düşdü. Mən də
dedim ki, hər açıq geyinmək o demək deyil ki, insan
müasirdir. Qadın nə qədər
bağlı geyinsə, kişiyə bir o qədər maraqlı
olur. Mənə sual verildi ki, muğam sahəsində
açıq geyinənlərə necə
baxırsınız?
- Bir
fotosessiya etdirmişdiniz, yəqin ondan irəli gəlib.
- Yox,
ondan sonra da alıblar. Mən fikirləşdim
ki, mən açıq heç nə geyinməmişəm.
Dedim ki, uzun şeyi hamı geyinə bilər, amma zövqdən
hər şey asılıdır. Uzun elə bir
paltar geyinə bilərəm ki, çox gözəl
yaraşır.
- Sizə
uğurlar arzulayıram və demək istəyirəm ki, səziniz
var...
-
(Gülür) Çox sağ ol, təşəkkür
edirəm. Səsin var deyəndə, mən bunu
təhsilini almışam.
- Yox, mən
təhsilə görə demirəm. Bütün
oxuyanların aşağı, ya yuxarı səsi var. Ancaq
baxır kimi dinləyirsən. Məsələn
mən, Aygün Bayramovaya qulaq asmaqdan doymuram. Halbuki, eyni nəsildən olan Nəzakət Teymurova
da var. Ancaq mən Aygunu dinləyirəm. Hər
şeydən əvvəl ürəkdir. Səs
yetərli deyil. Gərək sənətçinin
səsi ilə yanaşı, urəyi də olsun.
- Hə,
düzdür, mənim ürəyim var. Mənə də sizin
zövqünüz maraqlı gəldi.
- Yox, mən
özümü çox ciddi zövqü olan biri hesab edirəm.
Mən heç vaxt musiqini təsadüfən
dinləmirəm. Siz “Xalq ulduzu”nda ifa edəndə dostum
Zaura demişdim ki, bu qız “Leyli” ola bilər.
- Siz məni
nə üçün Leyli obrazında gördünüz? Maraqlı odur ki, mən konservatoriyada oxuyanda mənə
bu söz çox deyilib. Mənə deyirdilər ki, bir dənə
“Leyli” varsa , o da sənsən. Bunu hətta bizim prorektorumuz Səyavuş Kərimli
də bilirdi.
- Mən
operaya gedirəm və “Leyli və Məcnun”a baxanda fikrləşdim
ki, 50 yaşında “Leyli” olmaz. Mənim düşüncəmə
görə Nəzakət Teymurova indi “Leyli”nin
anası, Mənsum İbrahimov isə “Məcnun”un atası rolunu
oynamalıdır. Bax indi “Leyli” siz
olmalısınız. Çünki “Leyli”nin
hisslərini siz daha yaxşı yaşaya bilərsizin. Mən belə düşünürəm.
- Bizə
“Leyli” olmağa imkan vermirlər... Ancaq düşünürəm
ki, bu zamanla həllini tapacaq və opera səhnəsində
yeni “Leyli”, yeni “Məcnun”lar olacaq. Bir iki dəfə belə nümunələr olub.
Vüsalə “Leyli”ni oynayıb. Məncə pis də alınmayıb. Yetər ki, gənclərə inanılsın və
onlara şans verilsin. Onsuz da gec-tez estafet bizə
ötürülməlidir...
Təzadlar.- 2012.- 9 oktyabr.- S.16.