Akademik Milli Dram Teatrında yazıçı Elçinin əsəri ilə bağlı qalmaqal yaranıb
Səbəbi göstərilmədən baş roldan çıxarılan aktyor
ərizə yazaraq işdən çıxıb
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında
10 ildir aktyor vəzifəsində çalışan,
bir çox tamaşalarda rol alan İlyas
Əhmədov teatrdan işdən çıxıb.
APA-ya daxil olan məlumata görə, aktyorun teatrdan uzaqlaşmasının
səbəbi baş nazirin müavini Elçin Əfəndiyevin
pyesi əsasında, Mehriban Ələkbərzadənin
rejissorluğu ilə hazırlanan “Qatil” tamaşası ilə bağlı olub. Belə ki,
sözügedən tamaşada
müvafiq rola təsdiqlənən və
məşqlərə gələn
İlyas Əhmədov
səbəbsiz şəkildə
roldan çıxarılıb
və bu hal aktyora pis
təsir edib. Bundan sonra aktyor haqsızlığa
uğradığını səbəb göstərərək
işdən çıxmaqla
bağlı ərizə
yazıb və ərizəsi teatrın direktoru İsrafil İsrafilov tərəfindən
imzalanıb.
İsrafil İsrafilov: “Hansısa
aktyor və ya əməkdaş ərizə yazıb işdən getmək istəyirsə, onun tələbi təmin olunur”
Teatrın rəhbəri İsrafil İsrafilov APA-ya açıqlamasında faktı
təsdiqləyərək bildirib
ki, aktyor öz ərizəsi ilə işdən uzaqlaşıb. Aktyorun işdən çıxmaqla
bağlı ərizəsinə
imza atan İ.İsrafilov bu məsələ ilə bağlı rejissor Mehriban Ələkbərzadə
ilə əlaqə saxlamağı da məsləhət görüb.
O, aktyorun işdən
çıxma səbəbi
haqqında məlumatsız
olduğunu qeyd edib: “Hansısa bir aktyor və
ya əməkdaş ərizə yazıb işdən getmək istəyirsə, onun tələbi təmin olunur. Bu qanuni
haldır və qeyri-qanuni heç nə yoxdur. Kimisə döyüb, sıxıntıya
salıb, təhqir edib burdan qovan
yoxdur. Aktyor əgər ərizə
yazıb gedirsə, bu təbii bir
haldır. Mehriban Ələkbərzadə
sağdır, ondan aktyor və rejissor münasibətlərini
öyrənə bilərsiniz”.
Akademik Milli Dram Teatrından
işdən çıxan
aktyor: “Bir ay boyunca məşq etdim, dörd serialdan imtina etdim, çörəyimdən
oldum”
Aktyor İlyas
Əhmədov APA-ya açıqlamasında həqiqətən
də teatrdan öz ərizəsi ilə çıxdığını
təsdiqləyib və
bunun səbəblərinə
də aydınlıq gətirib. Aktyor bildirib ki, o, “Qatil” tamaşasında baş rola təsdiqlənib,
lakin hansı səbəblə roldan çıxarılmasının səbəbi belə özünə deyilməyib:
“Adamı yandıran odur ki, səbəbsiz
olaraq məni o roldan kənarlaşdırdı.
Bir ay “ay
direktor, ay filankəs”
deyib səbəbini demələri üçün
arxalarınca düşdüm.
Dedim ki, səbəbini rəsmi olaraq yazın ki, “bu aktyor
məni qane etmədi”. Mənə heç bir
səbəb gətirmədən,
halbuki məşqlərin
heç birində mənə bir dəfə də olsun “alınmır” sözü belə deməyib. Bizim truppa müdiri
Elnura deyib ki, İlyasda problem yoxdur. Yaxşı, problem yoxdur, o zaman
səbəbini açıqlayın.
Əmrdə adım da yazılıb ki, İlyas Əhmədov Kişi rolunda çıxış edəcək.
Çağırmaq və demək
lazım idi ki, İlyas, bu səbəblərə görə mən səni məşqdən azad edirəm. Bu, mənə qarşı
hörmətsizlik oldu.
Mən hətta direktorun yanına qalxdım, o da dedi ki, “bəli,
rejissoru çağırın
rəsmi olaraq yazsın ki, nəyə görə İlyası biz roldan uzaqlaşdırırıq”. Bir həftə,
on gün gözlədim
və gördüm ki, mənim hisslərimlə oynanılır,
səbrim tükəndi
və ərizəmi yazdım. Ərizədə teatrdan çıxmağımın
səbəbini də yazdım”.
Aktyor bildirib ki, teatrın
direktoru İ.İsrafilov
onun yanında zəng edərək “o xanıma deyin ki, əhval-ruhiyyə ilə aktyor seçmək olmaz” söyləyib, amma yenə də nəticəsiz olub: “Səbəbsiz olması və heç bir səbəb gətirilməməsi mənə
təsir edir. Bir ay boyunca məşq etdim, dörd serialdan imtina etdim və çörəyimdən
oldum. Axı bu real deyil.
Mehriban Ələkbərzadəyə sübut
etdim ki, hər şeyi siz istədiyiniz kimi həll etmirsiniz. Mənim də öz
şərəfim, hörmətim
var. Aktyorun ürəyi
zərifdir, həssasdır,
tez inciyir, onu sındırmaq lazım deyil. Onsuz da aktyor Azərbaycanda
ən bədbəxt bir insandır. Onlar mənim hisslərimlə oynadılar. Teatrda belə heç kim işdən
çıxmağımın səbəbini bilmir. İlk dəfədir bunu sizə danışıram.
Mənim
nə dayım var, nə tapşıran
adamım var, nə də biznesmen deyiləm. O teatrda Qvazimoda, Fətulla bəy, “Uçqun”da baş rol oynamışam. Bəs bunlar hara getdi?
10 il mən
o teatrda işləmişəm
və bir anda hər şey
silinib getdi. Siyavuş Aslan, Yaşar Nuri, Kamal Xudaverdiyev, Telman Adıgözəlov,
Sevil Xəlilova getdi, onlar heç
yada salınmır. Mən kiməm? Cəmi 10 il işləmişəm.
Dostum Səbuhi Məmmədov 23 il
işlədi və iki ay bundan əvvəl
ərizəsini yazıb
işdən çıxdı.
Elə bil heç belə adamlar da yoxdur. Mən o zaman Mədəniyyət və İncəsənət
Universitetini hədər
yerə oxudum. Hamısından iyrənmişəm, heç kimə nəticəsi olmayan müraciətlər etməyəcəm”.
İ.Əhmədov deyib ki, “Qatil” tamaşasının
məşqinə çox
həvəslə gəlib,
hətta rejissordan tez: “Axı mən dördüncü məşqdə artıq teksti yerə atmışdım, hətta
qızın da sözlərini bilirdim. Nə oldu bəs axırı?
Oturub düşünürəm ki,
bəlkə nəsə
olub, amma heç nə olmayıb. Akademik Milli Dram Teatrında
elə fikir yaranıb ki, aktyorlar rejissordan asılıdır. Niyə, rejissor
bizdən asılıdır.
Mən öz istedadıma güvənirəmsə,
rejissordan nə asılacağım ola bilər? O, artıq Milli Dram Teatrında “orda oturmayın, burda oturun” söhbətinə öyrəşib, amma mən bunu etmədim.
Mən tələb edirəm ki, səbəbini açıqlasın. Əgər
o, düşünsə ki,
bir aktyorun taleyi ilə oynadı, o zaman vicdan əzabı çəkəcək...”
Mehriban Ələkbərzadə: “Hikməti seçdim və düz etdiyimi düşünürəm”
“Qatil” tamaşasının
quruluşçu rejissoru
Mehriban Ələkbərzadə
APA-ya açıqlamasında
İ.Əhmədovun roldan
çıxarılma səbəbinə
aydınlıq gətirib. Rejissor bildirib ki, iyun
ayında sözügedən
tamaşanın məşqlərinə
başlayanda hər rola iki aktyor
götürülüb: “Bu tamamilə yeni baxış idi. İlyas və Hikmət ikisi də eyni
rola təsdiq olundu. Masa arxası məşqlərdə
mən hər gün deyirdim ki, sizin ikinizdən
biriniz qalacaqsınız.
Burada mənim dublyorla işləməyə zamanım
və həvəsim yox idi, çünki
bir aktyorla işləmək daha rahatdır. Amma bu ikisinin içindən məndə
daha çox inam doğuran Hikmət oldu. Mən demirəm ki, İlyas pisdir, o biri daha yaxşıdır.
Bu rol üçün
lazımi daxili aləmi mən Hikmətdə tapdım.
Aktyor içindəki intellekt bazasından istifadə etməlidir. Bu məsələdə Hikməti
seçdim və düz etdiyimi düşünürəm. Bu, sınaq idi
və o, sınaqdan keçə bilmədi.
Bir ay məşq oldu, bir ay fasilə və daha sonra
yenidən başladıq.
Niyə bu üç ayı yaxınlaşmır
və premyeraya iki gün qalmış
bu məsələni qaldırır? Şəxsi
istəklər ola bilər, amma hamı hər şeyi edə bilməz. Yaxşı olardı ki, onlar bir
az intellektləri
ilə məşğul
olardılar, çünki
qətiyyən heç
nə oxumurlar, öz üzərlərində
işləmirlər. Bunu mən
hər bir aktyora məsləhət görürəm”.
Rejissor ”Qatil” tamaşasında
yer alan açıq-saçıq səhnələrin
narazılıq doğurması
məsələsinə də
toxunub və bildirib ki, bu
əsər 12 il bundan əvvəl qoyduğu tamaşadır və bərpası adı ilə işlənilib: “Dünən
əsərin müəllifi
Elçin müəllim
tamaşaya baxıb və çox bəyənib. Tamaşada sındırılmış stereotiplər var. Aktyor pərdənin arxasında
qucaqlaşır, öpüşür.
Bu həyatdır, çox amansız həyatdır və bu amansız həyatın amansız qanunları var. Tamaşada
açıq-səhnələrə etiraz edənlərin 90%-nin həyatda etdiklərini mənim aktyorlarım səhnədə
edir və bu, əsərin məzmunundan gələn şeydir. Elçin müəllimin baxış
zamanı ən çox qiymətləndirdiyi
də elə bu oldu”.
Təzadlar.-
2012.- 11 oktyabr.- S.15.