“Latın əlifbası əslində türk mənşəli etruskların əlifbasıdır”  

   

   Fəxrəddin Veysəlli: “Azərbaycanda “dil polisi”nin yaradılması təklifi ilə çıxış etmişik”

 

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilk İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəllinin APA-ya müsahibəsi

- “Azərbaycan dilinin inkişafı üzrə Dövlət Proqramı”nın hazırlanması ilə bağlı işlər hazırda hansı mərhələdədir?

- Ölkə prezidentinin “Azərbaycanda qloballaşma şəraitində Azərbaycan dilindən istifadə və dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması bir vəzifə kimi qarşımızda qoyulub. AMEA-ya tapşırılıb ki, Dövlət Proqramının hazırlanmasına nəzarət eləsin. Akademiyanın Rəyasət Heyətinin yaratdığı İşçi Qrupu 2 ay ərzində dillə bağlı bütün məsələləri geniş müzakirə edərək yekun variant hazırladı. İşçi Qrup öz işindən əlavə 6 istiqamətdə xüsusi bölmələr yaratdı. Bu bölmələrdə “Dil küçədə”, “Dil idarəetmədə”, “Dil KİV-də”, “Dil təhsil ocaqlarında”, “Dilin nəzəri məsələləri” kimi mövzular geniş müzakirə olundu. Cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə geniş müzakirələr keçirildi. Hazırda Dövlət Proqramının yekun variantı Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib. NK Dövlət Proqramını bu ay müddətində təsdiq edəcək.

- Dövlət Proqramının qəbulu Azərbaycan dilinin inkişafında nəyi dəyişəcək?

- Proqramda Azərbaycan dilinin inkişafı və gələcək perspektivləri geniş işıqlandırılıb. Mətbuatda, kitab nəşrində dilin işlədilməsində kifayət qədər səhvlər var, bunlara məsuliyyət daşıyan yoxdur. Dövlət Proqramında bu problemləri yoluna qoymaq üçün xüsusi monitorinqlər keçirilməsinə dair maddələr var. Reklamlarda nəinki görüntü, o cümlədən dil baxımından çox ciddi problemlər var. Proqramın əsas nüvəsi bundan ibarətdir ki, Azərbaycan dili, onun işlənməsi normaya uyğun olaraq qaydaya salınsın. Çünki Azərbaycan Konstitusiyasında Azərbaycan dili haqqında ayrıca maddə var, ölkə prezidentinin dəfələrlə bununla əlaqədar sərəncamları çıxıb. Bütün ölkədə dilin qayda-qanunla işlənməsinə riayət olunmalıdır. Normadan kənara çıxma hallarına qarşı ciddi mübarizə aparılmalıdır. Xüsusilə televiziya, radio, mətbuat bu yöndə işlərini daha ciddi şəkildə aparmalıdır. Proqramda dövlət qurumlarında Azərbaycan dilinin işlənməsinə diqqətin artırılması ilə bağlı xüsusi maddə olacaq. Ola bilsin ki, dövlət qurumlarında dilin işlənməsinə nəzarət edən ayrıca ştat olsun. Proqram imzalanandan sonra bu, daha dəqiq bilinəcək. Dövlət idarələrində Azərbaycan dili dövlətin dili kimi işlənməlidir. Dili bilmədiyinə görə vəzifənin aşağı salınması qurumun rəhbərindən asılıdır.

- Dilçilik İnstitutunun strukturunda da dəyişikliklər gözlənilir?

- Prezidentin sərəncamında Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi də nəzərdə tutulub. İndiki strukturla o problemləri həll eləmək çətindir. İnstitutda Müasir Azərbaycan Dili Mərkəzi yaradılacaq. Dilin müxtəlif tətbiqi məsələləri, lüğətlərin, elektron lüğətlərin hazırlanması, internetdə işlənməsi, onomastika problemləri, dialektlərin işlənməsi, tədqiqi hamısı bir mərkəzdə cəmləşəcək. Mərkəzdə dillə bağlı aktual problemlər müzakirə olunacaq.

- Dövlət Proqramında dil pozuntularına görə məsuliyyət məsələsi necə müəyyənləşdirilib?

- Belə bir presedent olub. Kanadada vaxtilə Kvebek əyalətində “dil polisi” yaradılıb. Biz də buna bənzər qurumun yaradılmasını təklif etmişik. Bakı Şəhər İcra Hakimiyyətinin, rayonlarda icra hakimiyyətlərinin nəzdində belə bir xidmət yaradıla bilər. Harda dillə bağlı pozuntu olsa, o zaman həmin qurum reaksiya versin. O cümlədən Dilçilik İnstitutunun Müasir Azərbaycan Dili Mərkəzində monitorinq qrupu fəaliyyət göstərəcək. Vaxtaşırı televiziya, radio aparıcıları, qəzetlərdə bu işə məsul şəxslərlə təlimlər keçiriləcək, bu təlimlərdən keçən şəxslərə sertifikatlar veriləcək. Əsas məqsəd vahid, bütöv Azərbaycan dili uğrunda mübarizə aparmaqdır. Dil elə bir şeydir ki, heç kimi məhz bir cür danışmağa məcbur edə bilməzsən. Amma müəyyən təbliğat vasitələri ilə, düzgün variantları tez-tez təqdim eləməklə cəmiyyətə təsir göstərmək mümkündür. Bu məsələdə cəzaverici mexanizmlər bir qədər çətin olar. Dilə bu şəkildə nəzarət etmək çətindir. Danışıq normalarını əks etdirən lüğətlər olmalıdır, burada özbaşınalığa yol vermək olmaz.

- Hazırda qüvvədə olan lüğətlər standartlara cavab verirmi? Müəllif Hüquqları Agentliyi də iki lüğəti plagiat elan eləmişdi...

- Azərbaycanın yeni orfoqrafik lüğəti üzərində işlər tamamlanıb və artıq çapa təqdim olunub. Bizim adımızdan çap olunan orfoqrafik lüğətin isə bizə dəxli yoxdur. O, pirat üsulla çap olunub. Hansısa bir qurum qazanc xətrinə bunu çap edib buraxıbsa, bizim buna aidiyyətimiz yoxdur. Lüğətdə bizim adımız gedib, amma bu, qətiyyən düzgün bir şey deyil. Həmin lüğəti məhkəməyə verə bilərik. Amma özünüz bilirsiniz ki, bu, nə qədər vaxt aparan bir işdir. Heç bilinmir ki, bu lüğəti hansı qurum buraxıb.

- Yeni yaranan orfoqrafik lüğətdə bir sıra sözlərin yazılışı dəyişdirilib. Bunlar hansı elmi əsasa söykənir və buna nə ehtiyac vardı?

- Yeni lüğətdə ciddi dəyişiklər olacaq. İndiyə qədər “şeir” “i” ilə yazılırdı, “fel” isə yox. İndi “fel” də “feil” kimi yazılacaq. Sonu “a” şəkilçisi ilə bitən (metafora, fonema kimi sözlər) sözlərdən “a” şəkilçisini atmışıq, çünki bizim dilimizə uyğun deyil. Bunların hamısı elmi cəhətdən əsaslandırılır. “Metafora” deməyin nə mənası var ki? Bu sözdəki “a” rus dilindən gəlmədir. Dilə yeni sözlərin gəlməsinin qarşısını almaq mümkün deyil. Amma yeni gələn sözlər gərək dilin mexanizminə uyğunlaşsın və mənimsənilsin. Bundan sonra artıq biz onu öz sözümüz kimi işlədirik.

- Dilçilik İnstitutunun son vaxtlar daha çox müzakirələrə səbəb olan təklifi Azərbaycan əlifbasının dəyişdirilməsi məsələsidir. Bu təklifdə məqsəd nə idi?

- Bəzən bunu səhv başa düşürlər. Mən demirəm ki, bu dəqiqə əlifbada ciddi dəyişikliklər edilməlidir, deyirəm ki, elmi cəhətdən müzakirə olunmalı məsələlər var. Məsələn, əlifbada hərflərin sırası düzgün deyil. Hansı əlifbada “ç” gəlib dördüncü yerə çıxıb? Yaxud əlifbada simmetriya gözlənilirsə, “o” hərfinin üstündə iki nöqtə olanda “ö” yaranırsa, təbii olardı ki, qalın sait olan “a”nın üstündə iki nöqtə “ə” hərfi olardı. Yenə deyirəm, bu, elmi məsələdir, müzakirə olunmalıdır, insanlar bunu yanlış başa düşürlər. Guya biz dilimizi dəyişdiririk, dilin başına oyun açırıq. Elmi məsələ varsa, onu müzakirə etmək lazımdır. Bu məsələlər institutun ayrı-ayrı bölmələrində tədqiq olunur, ondan sonra yekun nəticə ictimaiyyətin müzakirəsinə verilə bilər. Bu müzakirələr illərlə çəkə bilər. Millət bu işə hazır olmalıdır.

- Əlifbanın dəyişdirilməsindən narazı qalanların əsas arqumenti bu idi ki, son əsrdə Azərbaycan əlifbası bir neçə dəfə dəyişib. Bu isə, çox ziyanlı haldır...

- Dil məsələsi çox mürəkkəb işdir. Hər adam bundan danışa bilmir. Bu, mütəxəssis işidir. Axundov kimi böyük mütəfəkkir bütün ömrünü buna həsr eləmişdi. Düz də eləmişdi. Nəhayət ki, biz latın qrafikasına keçdik. Onu da deyim ki, bu, latınların əlifbası deyil, türk mənşəli etruskların əlifbasıdır. Sadəcə, onların adını, mədəniyyətlərini tarixdən siliblər.

- Axı əlifbadakı “ə” hərfinin günahı nədir?

- Söhbət ondan gedir ki, bu işarə latın hərfləri sandığında var, ya yoxdur. Tutaq ki, hər insanın əyninə geyindiyi paltarın öz ölçüsü var, böyük və kiçik olanda adam özünü pis hiss edir. Söhbət ondan gedir ki, bu işarə orda yoxdur, yaddır bu qrafikaya. Bütün xalqlar müəyyən diakritik işarələrdən, ya da müəyyən birləşmələrdən istifadə edir. Biz birləşmələrdən deyil, yalnız diakritik işarələrdən (“s” hərfinin “ş”dan fərqlənməsi üçün quyruq qoyulur) istifadə edirik. Başqa bir sistemdən gətirib işarə salanda düzgün olmur. Ona görə də bizim yazdıqlarımızı kompüterlə harasa göndərəndə ilan-qurbağa kimi gedib çıxır. Elmi cəhətdən belə məsələlər müzakirə olunmalıdır.

- Telekanallarda son zamanlar dialektlərdən istifadə halları da çoxalıb...

- Ekran qarşısına çıxan adam gərək xalqa hörmət etsin. Bəzən miqdar sayından sonra isimləri cəmdə işlədirlər. Bu, sadə bir qaydadır, amma bəzi aparıcılar bunu bilmir. Dialektdə danışan adamlara qarşı isə ayrıca bir veto qoymaq lazımdır. Mənim prinsipim budur. Seriallarda bu hallar daha çoxdur. Yeni çəkilən Azərbaycan serialları başdan-ayağa qədər ədəbi dildən yayınmadır. Serialların səslənməsi mütləq mütəxəssislərin iştirakı ilə müzakirə olunmalı, sonra efirə buraxılmalı idi.

Bəyənmədiyimiz sovet dövründə belə şeylər ola bilməzdi. Efirdə səslənən dil Azərbaycan dilinin normalarına uyğun olmalıdır. Azərbaycan dilində danışa bilməyən şəxsləri efirə qonaq kimi çağırmaq olmaz.

 

 

Təzadlar.- 2012.- 13 oktyabr.- S.11.