Dizi bərk kişi

 

Qurbanov Surxay İmamqulu oğlu Şuşa qəzasının Seyidli kəndində dünyaya gəlib.

Qurbanov Surxay İmamqulu oğlu Şuşa qəzasının  Seyidli kəndində dünyaya gəlib. 1930-cu ildə Ağdam şəhər 3 ¹-li birinci dərəcəli zəhmət məktəbində oxuyub. Həmin ilin yayında müəllimlik kursunu bitirərək əmək fəaliyyətinə başlayıb. 1930-cu ildən Ağcabədi rayonunun müxtəlif kəndlərində məktəb direktoru, savad kurslarının müdiri işləməklə bərabər, qiyabi yolla pedaqoji məktəbdə təhsilini davam etdirib. 1935-ci ildə Ağdam pedaqoji məktəbinin əyani şöbəsinə daxil olub. 1936-cı ildə oranı bitirib.

Pedaqoji məktəbi bitirdikdən sonra yenidən Ağcabədiyə qayıdaraq rayonun Hindarx kəndində orta məktəbdə direktor, Ağcabədi rayon Xalq Maarif Şöbəsində inspektor, 1938-ci ildən Ağdam rayonunun Novruzlu kənd orta məktəbində dərs hissə müdiri, Ağdam şəhər 1 ¹-li orta məktəbində direktor, eyni zamanda, rayon qəzeti redaksiyasında məsul katib işləyib. 1941-ci ilin iyun ayından 1945-ci ilin avqust ayına kimi Böyük Vətən Müharibəsində iştirak edib, Şimali Qafqazda, 1-ci və 2-ci Ukrayna cəbhələrində döyüş yolu keçib. Üç dəfə yaralanıb. Döyüş xidmətlərinə görə "Qırmızı ulduz", "Birinci dərəcəli Vətən Müharibəsi" ordenləri, "İgidliyə görə" medalı ilə təltif olunub. Ordudan təxris edildikdən sonra Ağdama qayıdıb, rayon partiya komitəsində 1946-cı ilin fevral ayına kimi təlimatçı, həmin ilin oktyabr ayına kimi isə XDS sədrinin müavini işləyib. 1946-cı ilin noyabr ayından 1948-ci ilin iyul ayına qədər Ağdam rayon prokurorunun köməkçisi olub. 1948-ci ildə Vartaşen (Oğuz) rayon prokuroru təyin edilib. 1950-ci ildə qiyabi yolla APİ-nin tarix fakültəsini bitirib. 1952-ci ildən Gəncə Vilayət prokurorluğunda istintaq idarəsinin rəisi vəzifəsində çalışıb. 1953-cü ildə qiyabi yolla Ümumittifaq Hüquq İnstitutunu bitirib, 1953-cü ildən yenidən pedaqoji işə qayıdıb, Ağdam rayon Xalq Maarif Şöbəsində inspektor, 1954-cü ildən dünyasını dəyişənə qədər Ağdam şəhər 3 ¹-li orta məktəbdə direktor işləyib.

 

***

 

Qarabağ elində sayılıb-seçilən ziyalılardan olmuş Surxay Qurbanovun barəsində bu dəyərli ziyalını dərindən tanıyan Azərbaycanın əməkdar müəllimi Səlim Əzimovun bir müddət əvvəl "Təzadlar"da dərc olunmuş (tezadlar.az saytında yerləşdirilib) yazısını aşağıda təqdim edirik və bu yazını böyük ziyalının 100 illik yubileyinə töhfə kimi dəyərləndiririk:          

 

Hər ömrün öz köçü var, karvanı var əzəldən,

Səadət karvanının sarvanı var əzəldən.

(Nizami Gəncəvi)

 

Mən onu uşaqlıq illərindən tanıyırdım. Sovet hakimiyyətinin ilk illərində dövlət əhalini savadlandırmaq üçün tək-tək kəndlərdə məktəb binası tikdirir, orada adamlara əlifba öyrədilirdi. Az da olsa, məktəblərdə təhsilli müəllimlər fəaliyyət göstərirdi.

Belə müəllimlərdən biri də Surxay Qurbanov idi. Sadəcə Surxay müəllim. Təxminən 25-26 yaşlarında, uzun boylu, göyçək bir oğlan idi. Məktəbə dərs hissə müdiri təyin edilmişdi. Məktəbin direktoru Şamil müəllim, rus dili müəllimi Bəylər Fərzəliyev idi.

1937-38-ci dərs ilində məktəbin 1-ci sinifində oxuyurdum. Sinif müəllimimiz Surxay müəllimin həyat yoldaşıSəidə müəllimə idi. Orta boylu, yaraşıqlı qadın idi. Uşaqlara analıq edirdi. O qədər mehriban idi ki, zəng vurulanda da çölə çıxmırdıq, ondan ayrılmaq istəmirdik.

Bir gün xəbər çıxdı ki, Surxay müəllimi rayonun başqa bir məktəbinə direktor göndərirlər.

Tənəffüs vaxti idi. Gördük ki, məktəbin həyətinə bir fayton gəldi, faytonçu faytonu düz pilləkənin yanına sürdü. Məktəbin müəllimləri, nədənsə, Surxay və Səidə müəllimlə görüşürdülər. Biz heç nə başa düşmürdük gördüklərimizdən. Birdən Səidə müəllimə üzün bizə çevirib "əziz balalar, mən gedirəm, daha sizə dərs deməyəcəm" dedi və ağladı. Biz də ona qoşulduq (10-15 nəfər idik), qucaqlaşdıq, ağladıq, müəllimlər də bizə qoşuldular.

Xeyli belə ağlaşma getdi, məktəbin koridoru ilə darvazanın arası 100-120 metr olardı.

Müəllimə ilə ağlaya-ağlaya darvazaya qədər getdik. Axırda Surxay müəllim Səidə müəlliməyə "Səidə, bəsdi də, uşaqlardan əl çək", - dedi. Biz ayrıldıq.

 

***

 

Mən 7 illik məktəbi bitirəndən sonra Ağdamda pedaqoji məktəbdə, 2 illik müəllimlər institutunda oxudum, ali təhsil aldım. 1951-ci ildən müəllimliyə başladım. 1952-53cü illərdə rayonun "Lenin yolu"qəzetində işlədim. 1955-56-cı illərdə Bağbanlar 8 illik məktəbində direktor, 1957-65-ci illərdə Novruzlu məktəbində direktor muavini, 1966-cı ildən 1993-cü ilə kimi həmin məktəbin direktoru, 1994-cü ildən 2011-ci ilin sentyabrına kimi Bakıda fəaliyyət göstərən Ağdam rayonu 71 saylı orta məktəbində direktor işlədim.

İşlədiyim müddətdə həmişə Surxay müəllimlə maraqlanmışam, onun fəaliyyəti haqqında məlumatım olub.

"Hər insan bir aləm, bir dünyadır" - deyirlər. Hər bir insan dünyaya gəldiyi gündən dünyadan köçənə qədər özünəməxsus yol keçir, özünəməxsus tarix yaradır. Surxay müəllim belə iz qoyanlardan idi. Onun yolu-vəzifəsi özünə, xalqına, ağıl-kamala xidmət etmək, həyatdan faydalanmaq idi. Tarixən insana müxtəlif təriflər veriblər:

 

- İnsan - Yerin, Göyün şöhrətidir;

- İnsan - Dünyanın şərəfidir;

- İnsan - Dünyanın incisidir;

- İnsan - Könül quşudur;

- İnsan - Yaradıcı varlıqdır;

- İnsan - Allahın bəndəsidir.

 

Surxay müəllimin böyüklüyü onda idi ki, bu xarakterlərin hamısı onda vardı. O, yüksək səviyyəyə ona görə yüksəldi ki, həyat hadisələrinin dalınca sürünmədi, iradəsini kənar qüvvələrə tabe etdirmədi, tale qulu olmadı. O, harada işlədisə, kişi kimi işlədi. Müəllim oldu, direktor oldu, hüquqşünas oldu, prokuror oldu, böyük vəzifələrdə çalışdı. Həmişə, hər yerdə yaxşı insan oldu, yaxşı adam oldu. Onun böyüklüyü onda idi ki, özünün əqli, fiziki, etikestetik, mənəvi-ruhi tərbiyəsi yüksək idi. O, kamil insan şərəfinə layiq adam idi. O, nəcibliyinə, xeyirxahlığına, uzaqgörənliyinə, sədaqətliliyinə, hünərinə, qüdrətinə, kamalına, incəliyinə, paklığına görə böyük adam idi. O, çay deyildi, ümman idi, ;zərrə deyildi, tükənməz xəzinə idi. O, yolu düz, sözü düz, alnı açıq, şən insan idi. Surxay müəllim həyatda daim dəyişən, inkişaf edən, dinamik insan idi. O, olduqca mədəni, diqqətcil, təmənnasız qayğı göstərən, humanist, dostcanlı adam idi.

Yadımdadır, 1952-ci illərdə Azərbaycan KP MK ilə yanaşı Gəncə vilayət partiya komitəsi, habelə inzibati orqanlar da yaradılmışdı. Surxay müəllim Gəncə Vilayət Prokurorluğunda istintaq idarəsinin rəisi işləyərkən Böyük Vətən müharibəsi illərindən yaxşı tanıdığı bir dostunun cinayət işi onun əlinə düşür. Qərəzçiliklə o adam mütləq həbs olunmalı imiş.

Surxay müəllim tərəddüd edir, ya vəzifədə qalmaq üçün onu həbs etmək, ya da buraxmaq, vəzifədən getmək. Surxay müəllim vəzifəni dostluğa, haqqa-ədalətə qurban verir.

"O zaman qorxulu idi, imzasız məktubla adamları ləkələyir, vəzifəli adamları işdən çıxarirdılar" 

Surxay müəllim ömrünün son vaxtlarında Ağdam rayon Maarif Şöbəsində inspektor, sonralar isə şəhər 3 ¹-li məktəbin direktoru işlədi. O zaman Novruzlu kənd orta məktəbinin nəzdində axşam kəndli-gənclər məktəbi də vardı. Bir dəfə məktəbdən Maarif Nazirliyinə bir neçə adamın imzası ilə məktub göndərilmişdi.

Məktubdakı imzalarda sadə adamların adı idi, amma məktub savadlı yazılmışdı. Yazmışdılar ki, axşam məktəbində dərs keçilmir, uşaq yoxdur, yalandan müəllimlər jurnal yazır, əmək haqqı alırlar.

O zaman qorxulu idi, imzasız məktubla adamları ləkələyir, vəzifəli adamları işdən çıxarirdılar. Surxay müəllim bir qrup adamla məktəbə gəldi, məktubun məzmunu ilə məni tanış etdi, bəzi müəllimlərdən, valideynlərdən izahat aldı. Axşam dərsinin başlanmasına bir qədər qalmışdı. Surxay müəllimlə məktəbin qarşısında dayanıb söhbət edirdik. Bir də gördük bir nəfər yoldan binaya tərəf ucadan danışa-danışa gəlir: "Ə, bu nə yoxlamadı, bu nə məktəbdi, mənim adımı ora kim yazıb, burda məktəb var?"

Həmin adam bizə yaxınlaşmamış Surxay müəllim soruşdu ki, bu adam kimdir? Dedim, filan müəllim var, onun qardaşıdır. Dedi ki, məktubu filan müəllim yazıb, məktubda yazılanların hamısını o adam dedi. Surxay müəllim sorğu aparmamış məktub yazanı tanıdı və yoxlamaya gələnləri götürüb şəhərə qayıtdı.

Surxay müəllim həmişə deyirdi ki, ədalət, doğruluq insanın tacıdır. Belə tacı uşaqların, gənclərin başına qoymaq bizim borcumuzdur. Surxay müəllim uzun müddət şəhər 3 ¹-li məktəbin direktoru işlədi. Məktəb şəhərin. Muradbəyli deyilən ucqar yerdə, "4" yol ayrıcında yerləşirdi. Kənardan gəlib-keçənlər sinif otaqlarının pəncərəsindən içəri baxa-baxa gedirdilər. Məktəbdə intizam yox idi, uşaqlar birbirilə, gəlib-gedənlərlə dalaşırdılar, adamlara sataşırdılar. Uşaqlar arasında xuliqanlıq baş alıb gedirdi.

Surxay müəllim məktəbə direktor təyin oldunandan sonra müəllimlər, şagirdlər arasında dedi-qodu hərəkətləri kəsildi. Məktəbin həyətinə daşdan barı çəkildi, möhkəm intizam yaradıldı. Gündə dava-dalaş salan uşaqlar sakitləşdilər. Məktəbin şanı-şöhrəti şəhərə yayıldı. Əvvəllər məktəbdə işləməkdən imtina edənlər sonradan xahiş edirdilər ki, onları oraya göndərsinlər. Uzun müddət məktəbin adı 3 ?-li yox, "Surxay müəllimin məktəbi" adlanırdı.

Surxay müəllim humanist insan idi. O, ailədə, məhəllədə, məktəbdə, ictimai yerlərdə, insanları əhatə edən mikro və makro mühitdə humanist ab-hava yaratmağa çalışır, köməyə ehtiyacı olanlara öz böyüklüyünü edərdi. Rayonda yaxından tanıdığım çox böyük humanist, gözəl insan, xeyirxah bir din xadimi vardı. Bu adam çox savadlı idi, dini ədəbiyyatı, habelə klassik şərq ədəbiyyatını dərindən bilirdi. Lakin ali dini təhsili olmasına görə onu məktəblərdə işləməyə qoymurdular. Sovet ideologiyasına zərərli hesab olunurdu. Surxay müəllim heç bir hədə-qorxuya baxmayaraq, onu əvvəlcə məktəbin kitabxanasına müdir, sonralar isə dil-ədəbiyyat müəllimi götürdü. Surxay müəllimin qayğısı həmin adama, həmin müəllimin də yaxşı işləməsi, Nizamini, Füzulini gənclərə dərindən öyrətməsi Surxay müəllimə hörmət gətirdi.

"Uşaqların qayğısına qalmaq, onları düzgün tərbiyə etməyi valideynlərdən tələb edərdi"

Məlumdur ki, şəxsiyyətin hərtəfli yetişməsində ilk məktəb həyatının böyük rolu var. Surxay müəllim rəsmi iclaslarda, yığıncaqlarda çox zaman tribunaya çıxmazdı, fikir və tövsiyələrini yerdən deyərdi. Uşaqların qayğısına qalmaq, onları düzgün tərbiyə etməyi valideynlərdən tələb edərdi. Valideynləri və ya qəyyumluğu olmayan, valideyn qayğısından kənarda qalan uşaqlara himayədarlıq edərdi, onların sağlamlığına, mənəviyyatına nəzarət edərdi, belə uşaqlarla çox mehriban rəftar edərdi.

Surxay müəllim yoldaşlıqda, dostluqda çox alicənab idi. 1970-90-cı illərdə Sovet ideologiyasının zərərli cəhətlərindən biri o idi ki, hər il sentyabrın 1-də dərslər başlanan kimi məktəbləri məhsul yığımına cəlb edirdilər, xüsusilə, pambıq yığımı zamanıməktəblərə, hər bir uşağa məcburi norma qoyulurdu, hər axşam nəticə müzakirə olunurdu, adamlar gərgin vəziyyətə salınırdı, məktəb direktorları tənqid, təhqir edilirdilər. Yadımdadı, bir dəfə gündəlik yığımın nəticəsi Xındırıstan kəndinin klubunda müzakirə olunurdu. O zaman rayon partiya komitəsinin 1-ci katibi Göytəpə kənd məktəbinin direktorunu o qədər danladı, söydü, təhqir etdi ki, yazıq direktor oturduğu yerdə dünyasını dəyişdi. Onu da deyim ki, Sovet rejimi o qədər qəddar idi ki, heç kim qorxusundan bir söz deyə bilmirdi. Belə vaxtlar çox olurdu. Bəzən belə vaxtlarda Surxay müəllim ayara qalxar, gərgin vəziyyəti yüngülləşdirərdi. Bir dəfə yığıncaqların birində raykomun 1-ci katibi pambığın becərilməsində, suvarılmasında rayon su idarəsinin müdirini çox danladı, təhqir etdi. O zaman su idarəsinin müdiri Maarif Şübəsində inspektor işləyən bir nəfərin oğlu idi. O adam BVM iştirakçısı, ordenli, medallı idi. O zaman ata yerindən qalxdı və 1-ci katibi mədəni danışmağa dəvət etdi, hətta partiya biletini cibindən çıxarıb 1-ci katibin stolunun üstünə atdı. Belə gərgin bir vəziyyətdə Surxay müəllim ağsaqqallıq elədi, onları barışdırdı. Bax, Surxay müəllim belə sayılıb-seçilən ağsaqqal idi. Surxay müəllim yaşından aslı olmayaraq hər kəslə yoldaşlıq edərdi. Amma öz tay-tuşları ilə oturub-durardı. Xüsusuilə,Ənvər Hüseynov, Şahmar Kərimov, Əhəd Ələkbərov, Bilal Quliyev, Qulam Ağayev, İldırım Cəfərov, Rüstəm Səlimov, Qara Hüseynov, Əli Eyvazov və digərləri ilə söhbətləşərdi.

Surxay müəllim xalqımızın güvənc yeri olan, qeyrətli, dizi bərk kişi idi. Tez-tez belə bir ifadə işlədirlər ki, "yaxşı kişilər gəldilər, yaxşı atlarımindilər getdilər".

"Surxay müəllimin özü kimi yaxşı adları, əməlləri, xeyirxahlığı ilə tanınan övladları var"

Bəli, burada həqiqət var. Lakin mən hesab edirəm ki, yaxşı kişilərin yaxşı, qeyrətli övladları da olur. Bu mənada, Surxay müəllim yaxşı ailə başçısı idi. Həyatda o adam xoşbəxtdir ki, sonradan adını, əslini-nəslini hörmətlə yaşadanı var. Bəli, Surxay müəllimin özü kimi yaxşı adları, əməlləri, xeyirxahlığı ilə tanınan övladları var. Atalarının yolunu ləyaqətlə davam etdirən Namiqi, Şamili, Niyazisi, Nizamisi, Habili var. Bu gün onların hər biri müdrik, ziyalı, işıqlı, nəcib, xeyirxah insan, yaradıcı, etik normaları hamıya nümunə olan insandır. Hər biri elmlər doktoru, professor, dövlət məmurudur. Əzizim Surxay müəllim, 20 ildir gördüyün torpaqlarımız, yurd yerlərimiz ermənilərin işğalı altındadır. Siz yaxşı ki, bunları görmədiniz, rahat yatın. Allah sizə rəhmət eləsin! Deyirlər ki, yaxşı adamlar heç vaxt ölmürlər, sadəcə, bizim yanımızda olmurlar. Bəli, Surxay müəllim həmişə bizimlədir, ruhu şad olsun!

 

 

Səlim Əzimov,

Azərbaycanın əməkdar müəllimi

 

Təzadlar.- 2012.- 16 oktyabr.- S.12.