İldönümü
günləri də özləri kimi
yaxın olan dostlar...
Dünən görkəmli alimlər
Xudu Məmmədovun, bu gün isə Nurəddin Rzanın
anım günüdür...
Nurəddin Rzayev... Bu ad - soyadlı kimlik
ünvanından söz düşəndə öncə onun əfsanəvi
cərrahlığı diqqətlərə gəlir, elmi fəaliyyəti
xatırlanır, təpərli vətəndaş mövqeyi
yada düşür.
Nurəddin
Rzayevdən söz düşəndə onun əhatəli
şəkildə bilgilərə sahib olduğundan
danışılır, ziyanlı hay-harayçılardan fərqli
olaraq onun ziyalı münasibəti göz və söz
önünə gəlir.
Nurəddin Rzayev deyəndə ictimai
xadim olaraq onun doğrudan doğruya ictimai qayğılara
göstərdiyi həssaslıq görünür. Publisist qələmi
ilə yanaşı ədəbi təhlilçi və ya
türkoloq alim kimi də o, söhbətlərə mövzu
olur.
Bütün bunlar
barədə zaman-zaman
deyilib, yazılıb.
Bu axarda bir həssas məqam da ondan ibarətdir
ki, Nurəddin Rzayev deyəndə xəyallara həm də Xudu Məmmədov
və Bəxtiyar Vahabzadə gəlir.
Bu üçlüyün
dostluğu sadəcə
olaraq məişət
qayğılarından tutmuş
ürəklərinin boşalmasına
köklənməmişdi. Bu dostluq təkcə Azərbaycanda deyil, dünyanın harasındasa
bəlkə də görünməmişdi. Tamam
yeni bir dostluq modeliydi bu.
Bu dostluqda adiliklə alilik bir-birinə yol açırdı. Bu dostluqda
fərqli düşüncələr,
fərqli yanaşmalar
belə vahid sonluğa boylanırdı.
Bu dostluqda 3 ayrı
elm adamı sanki bir elm sahəsində - Azərbaycan adlı elmdə birləşirdilər
.
Bu dostluqda dünənin yaxşı-yaman
anları çözülürdü,
fikirlər gələcəyə
tərəf yönəlirdi. Bu dostluqda ailələrin dostluğu
da dostların özləri kimi öndəydi, o ailələr
ailəvi dostlar olaraq bir-birinə isinişmişdilər.
Bu dostluq tam anlamda bir Azərbaycan
demək idi. Özü də bütöv Azərbaycan. Cənublu-şimallı, şərqli-qərbli
Azərbaycan. Dilinə
və dininə , özünə və izinə, azına və çoxuna sahib olan Azərbaycan. Oğuz elli, türksoylu, türkhoylu, türkboylu Azərbaycan vardı bu dostluqda.
Bu üçlüyü
təkcə Azərbaycanda
deyil, keçmiş
SSRİ miqyasında və
hətta dünyada belə tanıyırdılar.
İndi isə xatırlayırlar.
Bu dostluq hələ çox nəsillərə örnək
olacaq, əməl və əqidə dostluğu rəmzi kimi tarixdə yaşayacaq.
Bu dostluq barədə çox yazılıb, bundan sonra da yazılacaq.
Amma çətin ki, bu dostluğun
özəlliyi Bəxtiyar
Vahabzadənin Nurəddin
Rzayevin xahişi ilə yazdığı və Xudu Məmmədovun
xatirəsinə ithaf etdiyi "Ay dədə"
şeirində olduğu
kimi dərindən açılsın...
... Mənim beş qarışlıq dar mənzilimdən
Dünyanın dərdləri gəlib keçərdi.
Məhkum taleyilə
bu əsir Vətən
Bizim qəlbimizi
dəlib keçərdi...
... Kiçik bir otağa necə sığardı,
Yurdun özü
boyda dərdi, zilləti?
Düzü, hövsələdən
bəzən çıxardım
Əbədi sananda
o əsarəti...
... Balaca otaqda böyük dahilər
Bizim yanımızda
dövrə vurardı.
Onların sözləri
qəlbə nur çilər,
Bizə dərdimizi
unutdurardı...
Bu yazı Nurəddin Rzayevin ölümünün birinci
ildönümü münasibəti
ilə qələmə
alınıb. 16 Oktyabr
onun ölümünün
ildönümüdür. Xudu
Məmmədov da dünyasını oktyabr ayında dəyişib -
15 oktyabrda. Özləri
kimi ölüm tarixləri də yaxındır haqq dünyasında olan dostların. Elə bu baxımdan
Xudu Məmmədov haqqında da söz açılacaq bu yazıda...
1929 -cu ildə indiki Gədəbəy şəhərində həkim
ailəsində doğulmuş,
yenə indiki Gədəbəy şəhər
orta məktəbinin
ilk qızıl medalına
layiq görülmüş
Nurəddin Rzayevin sonrakı həyatı Bakı şəhəri ilə bağlı olmuşdur. 1945-ci ildə,
16 yaşında qəbul
olunduğu Tibb Universitetini 1950 -ci ildə Fərqlənmə
diplomu ilə bitirərək, 3 il təyinatla Türkmənistan
respublikasında həkim
işləmişdir .
1963 -cü ildən 34 yaşında ikən Azərbaycan EA-nın ( MEA ) Eksperimental və Klinik Təbabət İnstitutunun
direktoru olmuş Nurəddin Rzayev 1993 -cü ilədək həmin vəzifədə
işləmişdir.
İllərlə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri
işləmiş alim-cərrah
eyni zamanda Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Avropa Təxirəsalınmaz
Cərrahlıq və
Travma Cəmiyyətinin,
Nyu York EA-nın həqiqi üzvü olmuşdur. Nurəddin Rzayev 1994-1995-ci illərdə
Xəzər Universitetində
əvvəlcə Cərrahlıq
Departamentinin müdiri,
ardınca prorektor işləmişdir.
O, 1996 -cı ildə ATU-da professor-konsultant, eyni zamanda Azərbaycan Universitetində "Şərq-Qərb
Elmi Mərkəzi"nin
rəhbəri olmuşdur.
1999-cu ildən isə
o, indiki Avrasiya Universitetində Türkoloji
Araşdırmalar Mərkəzinin
rəhbəri işləmişdir.
Tibb elmləri
doktoru, professor, Əməkdar
Elm xadimi Nurəddin Rzayev 300-dək elmi məqalə yazmışdır.
Onun rəhbərliyi ilə 40-dək elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.
Nurəddin Rzayev
ABŞ, Rusiya Federasiyası,
İngiltərə, Türkiyə,
İran İR, Ukrayna,
Belorus, Özbəkistan,
Türkmənistan, Latviya,
Polşa, Moldova, Ermənistan,
Gürcüstan və
s. respublikalarda keçirilmiş
Beynəlxalq Elmi Konfranslarda iştirak və çıxış
etmişdir. Onun tibb elmi, eləcə
də ədəbiyyat
(türkologiya) və incəsənət sahəsində
zaman-zaman söylədiyi
fikirlər, elmi məqalələri illərdir
ki, aktuallığını
saxlayır. Bir çox xarici ölkədə onun çap olunmuş onlarla məqaləsi indi də istinad
olunan mənbələrdəndir.
Yazının əvvəlində qeyd etmişdim ki, söz açdığım
məşhur dostlardan
biri , böyük elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor Xudu Məmmədov da dünyadan köçüb.
"Elmdə gedilməli
bir yol varsa,
o da gedilmiş yolla getməməkdir"
-deyən Xudu Məmmədov fəaliyyətini
məhz dediyi kimi yaşadığından,
fundamental elm xadimi olaraq
xatırlanır və
xatırlanacaq.
Dostların fəaliyyətlərini
az da olsa
xatırladığımız kimi ildönümlərini
də birgə xatırlamaq yerinə düşərdi. Burada bir incə məqamı
vurğulayım ki, Xudu Məmmədovu yetərincə, dolğun anmaq üçün onunla ölənədək,
24 illik dostluğu olmuş Nurəddin Rzayevin fikirlərinə söykənməli oldum. Məhz onun Xudu Məmmədov
haqqında söylədiklərinin
- yazdıqlarının daha
təsirli olacağını
zənn etdim ...
Bu baxımdan Nurəddin Rzayevin, Xudu Məmmədovdan yazdığı "Xudu
açarı" kitabını
növbəti dəfə
vərəqlədim:
...Bizi bir-birimizlə
bağlayan ilk növbədə
yenilməz milli azadlıq və barışmaz antisovet ruhu, bir də ədəbiyyata,
musiqiyə münasibətimiz,
daha doğrusu aludəliyimiz oldu.
...Xudu Məmmədov
dünya kristalloqrafları
və kristallokimyaçıları
tərəfindən tanınmış
və qəbul edilmiş bir çox ciddi elmi yeniliklərin müəllifi, qayğıkeş
müəllim, minnətdar
tələbə və
nəhayət, publisist
və ictimai xadim kimi sevilir,
seçilirdi.
...Xudu deyirdi
ki, mənə insanı alçaldan, kiçildən, ona zəifliyini, gücsüzlüyünü,
ağlının və
düşünmək qabiliyyətinin
anadangəlmə kəmliyini
təlqin eyləyən
ədəbiyyat lazım
deyil .
...Xudu Məmmədov hər görüşdə, hər
söhbətdə "təzə"
idi. Onun bir neçə
elm sahəsinə aid konkret
və dərin biliyi hamını, o cümlədən məni
də təəccübləndirirdi.
Mənə elə gəlirdi ki, nəyisə Xudu da bilməz, danışanda isə görürdüm bilir.
...O, çox çətin işlərə
girişməyi bacarırdı,
müxtəlif elm və
sənət sahələri
arasında körpü
sala bilirdi. Burada iti və
dərinliyə işləyə
bilən ağıl tələb olunurdu. Xoşbəxtlikdən Xududa
bu var idi.
...Xudu çox
səxavətlə öz
bilik və bacarığını hamıyla bölüşdürürdü.
Onun fikir və ideyaları onlarla gənc alimin dissertasiyasının,
kitabının, məqaləsinin
əsasını təşkil
edirdi.
...Xudu Məmmədov sadəydi, səmimiydi. Belə adamla dostluq eləmək həm xoş, həm faydalı, həm də asan idi.
...Başqalarından fərqli olaraq, mənim payıma bir xoşbəxtlik düşmüşdü. XX əsrin
ikinci yarısında Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətlərdən ikisinin Xudunun və Bəxtiyarın mühitində yaşamaq!
...Xudu müəllimlik
diplomu olmayan böyük pedoqoq idi. Onun fikrincə,
dünyada pis adam yox, " yazıq adam var ".
...Xudunun elmdə və sənətdə bütün
dünya ölkələrində
yaşayan dostları,
onun şəxsi kitabxanasında qəribə
seçilmiş kitablarının
dili, sahəsi və müəlliflərin
milli mənsubiyyəti,
onun sevdiyi musiqi, rəsm, memarlıq, heykəltəraşlıq
nümunələri milliliyi
qədər də bəşəriliyindən xəbər
verirdi.
Azərbaycanın yanar ürəkli dostu Yavuz Bülənd
Bakilər: "Professor Xudu
Məmmədov tam bir türkmən əfəndisiydi.
Ürəyinin min bir yeriylə Türkiyəyə
bağlı bir türkmən".
Hafizələrdən silinməyəcək bu şəxsiyyətlər, məşhur
elm adamları, ictimai xadimlər, milli örnək və məfkurə sahibləri Nurəddin Rzayev və Xudu Məmmədovu
15 və 16 oktyabr ildönümlərində anarkən,
elə bu yerdəcə qızıl
üçlüyün daha
bir təmsilçisi,
istiqlal təpərli böyük alim və vətəndaş şairimiz Bəxtiyar Vahabzadəni də anmasam dilim və
əlim məni bağışlamazdı.
***
Məhz onun
misralarıyla
yazını qurtarmağım təsadüfi deyil...
Üç ömür,
üç tale, üç
zövq, üç ovqat,
Görən bir
məcraya necə sığışdı?
Tək bir
əqidəyə olan
məhəbbət,
Xuduyla bir
yerdə üçə
sığışdı!..
Etibar Nadiroğlu
Təzadlar.- 2012.- 16 oktyabr.-
S.7.