Şairlər
yarımçıq ömür yaşayır
Yaxud,
Naxçıvanda bir dostum var
Adam var,
ömrümdən pay qıyıb ona,
Mənim əvəzimdə yaşa, demişəm.
Adam var,
önümdə girib min dona,
Niyə dönməmisən daşa, demişəm.
Haçansa oxuduğum və indi müəllifini belə
yadıma sala bilməyəcəyim bu bəndin ikinci beytini
tez-tez xatırlamaq məcburiyyətindəyəm. Səbəbi?
Çox sadədir. Az
qala günaşırı rastlaşdıqlarımızın
riyakarlığı, yalançılığı,
yaltaqlığı bunu diqtə edir. İlk
misraların təlqin etdiyi xüsusiyyətlərin
daşıyıcısını isə daim arzulamışıq.
Bəli, gündəlik həyatımıza nəzər
saldıqda, bir dayanacaq yol yoldaşlığından sonra həmişə,
hər yerdə gözümüzün axtardığı
insan da var, ömrü boyu yanımızda olub can qurtarmağa
fürsət gəzdiyimiz məxluq da. Dünya
isə bir el məsəlində deyildiyi kimi, yaxşıların
hesabına fırlanır.
Naxçıvan
Muxtar Respublikası Kəngərli rayonunun Xok kəndində
bir dostum var: Novruzov Zeynalabdin Novruz oğlu. Y.Məmmədəliyev
adına Naxçıvan Dövlət
Universitetinin tarix fakültəsini bitirib. Şeirləri
dövri mətbuatda, "Azərbaycan", "Ulduz"
jurnallarında, "Ədəbiyyat qəzeti"ndə
müntəzəm çap olunur. Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvüdür. "Zaman yaşatmağa qadir deyilsə..."
(1998) və "Əldə gül, dildə
tikan" (2009) kitabları işıq üzü görüb.
Ədəbi mühitdə lZeynalabdin
Novruzoğlu» kimi tanınır.
Zeynalabdin
müəllim "Girov gedir" adlı həcmcə
kiçik, amma böyük məna ehtiva edən şeirində
yuxarıda söhbət açdığımız
insanlıq elminə agahlığın məşəqqətlərindən
müqayisəli şəkildə belə söhbət
açır:
Qəhrəman
da insandı,
İnsan da qəhrəmandı.
Atalar
demiş, bunun,
İncə
bir fərqi vardı:
Qəhrəman olmaq üzün.
An da
kifayət edir.
İnsan
olmaq üçünsə,
Bir ömür girov gedir.
Gül-bülbül münasibətləri, təkqütblü
duyğular, nakam məhəbbətin vəsfi poeziyamızda
köhnə ənənədir. Sözügedən mövzuda
min illərdir ki, yazılır və bu gün də yüzlərlə
müəllifin yaradıcılığının ana xəttini
təşkil edir. Məna və struktur
yeniliyi baxımından müvəffəq olanlar da var,
keçmişin tapdaq yolunu gedənlər də. Əslində arı-çiçək deyişməsinin
təkrarçılığı yaradıcılıqda
yüngül taktika, arzuedilməz "məhsuldarlıq",
söz yığını planını doldurmaq vasitəsi
sayılır. Bizdə hər hansı
aşağı ranqlı siyasətçinin gənclik illərində
belə, şeir yazmasının xatırlanmasını istəməməsi
məncə, elə həmin bayağılıqla əlaqədardır.
Xüsusən Şərqdə, İslam
dünyasında bir çox dövlət rəhbərlərinin
hətta xarici qonaqlarla görüşlərdə öz
şeirlərini oxumaqdan çəkinməmələrinin səbəbi
isə artıq şam-pərvanə fəlsəfi
düşüncəsinə keçiddir. Mən
İranın ali dini lideri Seyid Əli
Xamneyi kimi cahanşümul dövlət xadiminin simasında
bunun dəfələrlə şahidi olmuşam. Deməli, şəxsiyyətin kamilliyi və
sözün sanballılığı bir-birini tamamlayan amillərdir.
Məhz bu mövqedən çıxış edən
Zeynalabdin Novruzoğlu da ciddi ədəbi mühiti öz
doğma yurd-yuvası sayır. Bəxtiyar Vahabzadəyə
həsr etdiyi şeirdə ustada müraciətlə "şəxsiyyətin
ağır olar, ya şeirin?" sualı elə növbəti
misradaca "sözün öz yeri var, sənin öz
yerin" qənaəti ilə möhkəmlənir. Əsərdəki:
Dərdi
duymaq azdı, gərək qanasan,
Dərdi
qanmaq azdı, gərək yanasan,
Gördün
vətən yanır, haray salasan,
İlk
harayı salanlardan birisən,
"Gülüstan"da doğramısan simi sən.
- səmimiyyəti sağlığında mərhum
şair tərəfindən yüksək qiymətləndirilmişdi.
Təbiətdəki əbədi dövran - suyun
yağış şəklində torpağa düşüb
buxarlanaraq geri qayıtması təki, köhnə kişilərə
xas ağırlıq, təmkin, müdriklik də sanki onun
xarakterindən yaradıcılığına hopub sonra
müxtəlif yerlərdən bulaq təki qaynayır. Ramiz Rövşənin
"hər kəs elə öz adının quludur" təbirini
həyat meyarına çevrərək hər kiçik hərəkəti,
kəlməsi, fikriylə belə, özünün, valideynlərinin,
şəcərəsinin ad-sanını suvarmaqla, göyərtməklə,
şöhrətləndirməklə məşğuldur:
Demirəm
ki, ölümsüzlük qazan sən,
Zaman kimi sonsuzluğa uzan sən.
Bir taleyin
dastanını yazan sən,
Tərəzini yüngül çəkmə,
ağır ol.
Gəl, lətifə
olma, ömrüm, nağıl ol!..
Min illərdir
ki, dünya hayana dönür-dönsün, Nizami, Füzuli, Nəsimi,
Sabir, Mirzə Cəlil öz möhtəşəm yerlərindən
zərrə qədər də tərpənməyiblər,
söz mülkünün sultanı kimi qərar tutublar. Dahi
Hüseyn Cavid, Məhəmməd Hadi, Mikayıl Müşfiq
məhz əlidolu, yüklü olduqlarına görə səbrlə
yeni dövrün platformaya yan almasını gözləməli
idilər. Onda da elə hərəkətdə
ikən tullanıb qatara minən, pilləkəndən
yıxılan, yaxud tərəddüdün
yaratdığı çaşqınlıq üzündən
aşağı atılan xeyli sərnişin vardı. Bu kontekstdən yanaşdıqda ədəbiyyatda əqidə
və əxlaq məsələləri eyniləşir, bərabər
məna yükü daşıyırlar. Deməli,
ziyalının alış-veriş obyektinə çevrilməsi,
məqsədə, mərama, sözə, kəlama
barmaqarası münasibət elə mənəviyyatsızlığın
göstəricilərindən biridir.
Zeynalabdin müəllimin ən çox qorxduğu da fərdin
özgələşməsi,
yabançılaşmasıdır. Bütün neqativ
hallar - dünyaya bağlılıq, maddiyyata meyl, bəlalar, fəlakətlər
də məhz bundan sonra başlayır. Şeiriyyatında
əbədi aləmə sevgi aşılamaqla kamillik tərbiyə
edən, "cadar-cadar səhra torpağına bənzər qəlbini
nə yağış, nə də qarın
soyutmadığı" müəllifə görə,
"hər şeydən əl üzən tərkidünyanı
dünya özü dilə tutsa da, ovuda bilməz". O,
daim özü olmağının əzablarını
yaşasa da, xoşbəxtdir:
Neyləyim,
özgə cür ola bilmirəm,
Xəyalım çırpınır qanad
çalmağa.
Mən
tonqal axtarıb, alov gəzirəm,
Səməndər yaranıb odda yanmağa.
Z.Novruzoğlu qələminin məhsulları mövcud
reallıqlara güzgü tutmaq baxımından həm də
siyasi lirikanının layiqli nümunələri sayıla bilər. Şair
insanlarla yanaşı, cəmiyyətdə gördüyü
naqislikləri də nəinki tənqid edir, eyni zamanda vəziyyətdən
çıxış yolları axtarır, hədəfləri
göstərir. Bunun üçünsə
sözü vaxtında və yerində demək
bacarığı, fitri qabiliyyət, kütləyə
müraciət haqqı, ən başlıcası cəsarət
gərəkdir. "Araz izimizdən
axırmış bizim" sadalanan həmin keyfiyyətlərin
məcmusundan doğulub. Şeirdə bəşər
övladının vəzifə borcunu çayın üzərinə
yükləməsi, illərlə bitib-tükənməyən
ahu-zarvari şikayətlər, sərhədlərin
açılmasından sonra cazibə qüvvəsinin
azalması, müqəddəs idealların bazar
iqtisadiyyatına qurban verilməsi kəskin qınanır.
Yaxud, "nifrət toxumunun əkildiyi, hərə əlində
bir balta fırlatdığı, xalqların bir-birinə qənim
kəsildiyi, zorun ətəyindən yapışan, zənci
saçı kimi qarışıq dünyada etnik
ayrıcılıq, separatçı planlar üzrə ölkələr
dağılır, ocaqlar sönür". Lakin
"baş verənlər məsul şəxslərin,
yüksək çinlilərin vecinə deyil",
çünki neft iyindən, qaz qoxusundan başlar sərməstdir".
Müəllif terrora yol açan səbəbləri də
müəyyənləşdirir və güclülərin
ayaqları altında tapdalanan zəiflərin başqa çarəsinin
yoxluğu qənaətinə gəlir:
Bəs
sivil ölkələr, mədəni xalqlar,
Niyə bu vəhşəti görmür, görəsən?
Rütbəsi
boyundan uca cənablar,
Niyə xəcalətdən ölmür, görəsən?
Dəlisi
ağıllı donuna girib,
Bölünən dünyanı bölmək istəyir.
Ağıllı
əcəli qənimət bilib,
Əclafın yerinə ölmək istəyir.
Şair müasir zəmanəmizdə meydan sulayan
yerlibazlığı, rüşvətxorluğu,
"daydayı"sız irəliləyişin
mümkünsüzlüyünü təbiətdəki
müxtəlif vasitələrə köçürərək,
poetik boyalarla işləyib. Bu prosesdə el
arasında yayılmış ifadə üsullarından, sadə
xalq inanclarından və deyimlərindən geniş istifadə
edilib. Bildiyimiz kimi, dağ əzəmət,
yenilməzlik rəmzidir. Dayağı
möhkəm adamlar da dağa, qayaya söykənmiş halda təsvir
olunurlar. Amma Zeynalabdin müəllimin qələmi
yasaq qaydalarla oynayan dünyanın sərt üzünü
realistcəsinə cızdığından güc mərkəzinə
söykənməyən dağın özü də
yazıq, köməksiz təsiri bağışlayır.
Daha doğrusu, əsl dağ söykənən yox, elə
söykəniləndir:
Dərələr
dolaşar ayaqlarına,
İldırım
od ələr qayalarına,
Çiçək
məlhəm olmaz yaralarına,
Dağın arxasında dağ olmayanda.
Z.Novruzoğlunu bitkin satira və təmsil ustası da
saymaq olar. Çünki Mirzə Ələkbər Sabirlə
başlanan Hikmət Ziya, Rüfət Əhmədzadə, Baba
Pünhanla günümüzə gəlib çatan alleqorik
janrın mahir davamçılarındandır. Bu tipli
yazılarda lakoniklik, az sözlə
böyük məna ifadəsi daha güclüdür. Məsələn, dörd misralıq təmsildə
"şirin qəfəsdə saxlandığı, qurdun
ağzının bağlandığı, tülkünün
bəy olduğu dərədə çaqqalın yeyib
yağlanması" barədə həyəcan təbili
çalınır. Başqa bir yerdə
"tülküdən bir günlük hiylə borcu alan ayının aqibəti sirkdə
oynaqlamaqla" sonuclanır. "Peyinlikdə
eşələnən qarğanın qönçə
gülün qaymağından dadıb sərxoş olan
bülbülü yanındakı bolluğa
çağırması" isə müşahidəçini
lap hövsələdən çıxarır. Onun
bütün yaradıcılığını "bu necə
meşədir hər yanı tülkü" heyrəti ilə
"tülküyə kim verib bu boyda
mülkü" təəssüfqarışıq
hayqırtısı izləyir.
Ümumiyyətlə, əsərləri ilə
yaxından tanışlıqda duyulur ki, həyatda ən
çox ehtiyatlandığı və görmək istəmədiyi
hiyləgərlik və yaltaqlıqdır. Elə buna
görə də xəbərdarlıq edir ki, "öz
adından əl çəkib, imza qoyub, qol çəkib, məddahlığa
yol çəkib, yaltaq tərif deyəcək"sə dəyərli
örnəkləri qorumaq lazımdır. Çünki:
Hər
gün olur toybəyi,
Bundan çıxır çörəyi.
Yeyib
yağlı dürməyi,
Yaltaq tərif deyəcək.
Ulu Nizamiyə
ruhən bağlılığı olan şair öyüd-nəsihət
vermək, doğru yol göstərmək missiyasını
öhdəsinə götürməkdən də çəkinmir:
Təkcə
yemək üçün çalışan hər kəs,
Düşünsün, heyvandan fərqi nədir bəs?
Əsrarəngiz Naxçıvanın ləyaqətli
oğlu yurd-yuvasını vurğunluqla gəzib
dolandığından, doğma torpağın hər otuna,
daşına yaxşı bələd olduğundan təbiət
lövhələrinin də sənətkarcasına tərənnümçüsüdür. Belə məqamda
qəlbimizin dərinliyində şair yox, rəssam;
gözümüzün qarşısında şeir deyil, tablo
canlanır. Gəlin "Axı qurd düşəcək
göbələklərə" rəsminə nəzər
salaq: "Süsənə dolaşıb sarmaşıq
yatır, xallı kəpənəklər meydan sulayır, nərgiz
örpəyini başından atır, arılar çiçəyi,
gülü qoxlayır." Yaxud da,
"çobanyastığıdı o ağ çiçəklər,
həm də at yoncası örtüb torpağı, əmənköməncidi
o düyməciklər, bu turşəng, əvəlik,
quzuqulağı..."
Allahın zənginlik, füsunkarlıq bəxş etdiyi
vətənin bir parçasını seyr edə bildinizmi? Müəllif
Kəngərlinin Xok kəndindəki həyətindən,
bağçasından, talasından yazıb. Amma mənə elə gəldi ki, Zaqataladayam.
Bir başqası özünü illərdir gedə bilmədiyimiz
Şuşada, Kəlbəcərdə... Göygölün kənarında
hiss edəcək. Bax, budur əsl peşəkarlıq, oxucunun
zövqünü qidalandırmaq bacarığı:
Kəkotu
qarışıb çöl nanəsinə,
Təbiət gör necə ətrə boyanır.
Çay
coşub hay verir bulaq səsinə,
Çöl-çəmən yuxudan qəfil oyanır.
Zeynalabdin müəllimin poeziyasında tarixin dərin
qatlarından süzülüb gələn təsəvvüfün
ştrixləriylə də rastlaşmaq mümkündür. İki
dünya fəlsəfəsi, kandan məkana yol, ruhun əbədiliyi
həmin xəttin əsasında dayanır. Lakin sevindirici haldır ki, durduğu aləmin müvəqqətiliyi
lirik qəhrəmanı avara dərvişliyə deyil, uca
arifliyə səsləyir, becərilən əməl zəmisinin
axirət ruzisinə çevriləcəyini xatırladır.
Geninə-boluna yaşanan ömürlərin, nəhayət,
qürub çağı yetişir, uzun sürən oyunda tale
mat elan edəndə:
Dayanıb
talada ixtiyar qoca,
Baxar ətrafına heç nəyi görməz.
Bir
ömür yaşadı zirvədən uca,
Bu dünya bir yaşıl yarpağa dəyməz.
Naxçıvanda yaşayan bütövlük rəmzi və
şeir-sənət vurğunu dostumun poetik
dünyagörüşündən zox yazmaq olar. Amma o özü
sözün məsuliyyətindən bərk qorxduğundan az yazır. Nə olsun? İzzəddin Həsənoğlunu yaşadan
dövrümüzə gəlib zatan iki qəzəli deyilmi?
Zeynalabdin Novruzoğlunun yaddaşlarda qalması
üçün də heç nə yazmasa belə,
"Şairlər yarımçıq ömür
yaşayır" şeiri yetərlidir. Qəribədir
ki, onunla heç vaxt görüşməmişik,
üç dəfə telefonla danışmışam və
iki kitabını vərəqləmiºəm, vəssalam.
Şəxsiyyətlə
yaradıcılığın vəhdəti də elə
budur. Uğurlar olsun, Zeynalabdin müəllim, unutmayın
ki:
Dərisi
soyulan özü diri var,
Çoxunun alnında güllə yeri var.
Şair doğulan da ölümdən qorxar?
Şairlər yarımçıq ömür
yaşayır.
Qurban Cəbrayıl
Təzadlar.- 2012.-
18 oktyabr.- S.10.