"Azərbaycan diasporu digər diaspor təşkilatlarından geri qalır"

 

Şəfəq Azər: "Biz həm Qarabağ həqiqətlərini dünyaya tanıtmalı, həm də ökəmizə yardım etməliyik"

 

Almaniyada yaşayan şairə-yazar Şəfəq Azərin "Təzadlar"a müsahibəsi

 

(Əvvəli ötən sayda)

 

- Şəfəq xanım, alman xalqı Azərbaycan əbədiyyatı ilə tanışdırmı? Xüsusilə, hansı yazar və şairlərimizi tanıyırlar?

- Alman xalqının Azərbaycan ədəbiyyatını tanıması ilə bağlı deyə bilərəm ki, onlar hər bir Sovet ölkəsinin tərkibində olan respublikalar kimi, Azərbaycan ədəbiyyatını da tanımırlar. Təəssüflər olsun ki, bu, danılmaz bir faktdır. Amma klassik ədəbiyatımızdan Nizami Gəncəvinin, Cəlaləddin Rumi Mevlananın bir fars yazarı kimi tanınması biz türkləri çox üzür. Mənə elə gəlir ki, gələcəkdə, inşallah, Azərbaycan ədəbiyyatı bu istiqamətdə böyük irəliləyişlər əldə edəcək. Hal-hazırkı sürətli inkişaf dövrümüzdə, əsasən də, mühacirət ədəbiyyatının kamilləşməsi və tanınması üçün müəyyən zamana ehtiyac var.

Mənim Leipzig şəhərində keçirilən kitab sərgimlə bağlı bir yazım nəşr olunub. Orada mən geniş qeyd etmişəm ki, ədəbiyyatımızı necə tanıda bilərik. Azərbaycan dilindən alman dilinə bədii ədəbiyyat tərcüməçisi tapmaqda çətinliklər çoxdur. Eyni zamanda Almaniyada nəşriyyatlar belə dil və üslub üzrə ixtisaslaşmış nəşriyyatlardır. Yəni Azərbaycandan fərqli olaraq istədiyimiz mövzulu roman, povest və yaxud şeirlərdən ibarət kitabları istənilən nəşriyyatda nəşr etdirmək olmur. Almaniyada dil çox önəmli olduğundan bir neçə dəfə təqdimatla nəyisə tanıtmaq yanlış fikirdir və yaddaşlardan tez silinəcək....

Sizə bir nümunə göstərə bilərəm ki, 2011-ci ilin fevral ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Almaniyanın Koblenz şəhərindəki Namedy qəsrində "Azərbaycan özünü təqdim edir - Azərbaycana ədəbi və musiqi ilə səyahət" mövzusunda ədəbi-bədii və musiqili tədbir keçirilmişdir. Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şeirlərini, "Tık-tık xanım" nağılını, Qurban Səidin "Əli və Nino" kitabından parçaları dinləmişlər. Bundan başqa, Anar, Çingiz Abdullayev, Kamal Abdulla və s. kimi yazarlarımız bu və ya digər alman icması tərəfindən qismən də olsa, tanınır və daha yaxından tanına bilər. Onların tərçümə edilmiş kitabları olub və oxunub. Amma bununla bizim ədəbiyyatımızı almanlara yaxından tanıtmaq mümkün deyil. Biz bunun üçün alman dilini sərbəst bilən ədəbiyyat ixtisaslı azərbaycanlılarla iş aparmalıyıq. Hesab edirəm ki, bu səpkidə işləməyə ehtiyacımız var, buna başlanmalıdır. Mən şəxsən yaşadığım ərazidə fəal üzvü olduğum Mədəniyyət Mərkəzində Azərbaycanı və Azərbaycan ədəbiyyatını təbliğ edirəm. Bu isə çox azdır. Çünki əlimizdə almancaya tərçümə edilmiş və ya birbaşa almanca yazılmış əsərlərimiz yoxdur....

- Azərbaycan diaspor təşkilatlarında fəallıq göstərirsinizmi? Azərbaycan diaspor fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bir həqiqəti deyim ki, Azərbaycan diasporu digər diaspor təşkilatlarından geri qalır. Əgər biz əgər birgə ola bilsək güclü olarıq. Bizim yaşadıgımız şəhərdə azərbaycanlı çox azdır. Onların əksəriyyətinin də maddi və mənəvi dəstəyə ehtiyacı var. Çoxu Azərbaycandan Almaniyaya böyük xəyallar quraraq gəliblər. Amma bu şəkildə yaşamağın bir yanlışlıq olduğunu anlasalar da, çox gec olduğunu başa düşənlər də var. Onları da çətinliklə tapıb yardım əlimizi uzadırıq. Bizim işlərimiz nə qədər çox olsa da, həftə sonları yardıma ehtiyacı olan, yaxud hər hansı fövqəladə bir işi olan, istər xəstəsi olsun, istər övlad sahibi olanı, hər bir azərbaycanlımız üçün Almaniyayanın ən ucqar nöqtəsinə körpə uşaqlarımla maşın sürmüşük, yaxud qatarla yola çıxmışıq... Amma çoxları bu kimi hisslərdən məhrumdurlar, deyəsən. Bizim insanlar birləşməyi  təşkilatlanmağı xoşlamır, çox təəssüflər olsun. Mən yaşadığım şəhərdə türk insanları ilə qısa müddət bir məhəllədə yaşadım. Onlar kimi mədəniyyətinə, xalqına sahib çıxan, öz aralarında birləşən ikinci bir millət görmədim. Mənə elə gəlir ki, biz - Azərbaycan türkləri az olduğumuz üçün türkiyəli qardaşlarımızla əl-ələ verib yaşamağı, mədəniyyətimizi yaşatmağı öyrənməliyik. Onlarla anlaşmaq üçün ən birinci şərt dil və dindir. Öyrənmək və əl-ələ vermək. Düşmənə qalib gəlməyin birinci şərti yalnız və yalnız bu yoldur. Ermənilər biz din qardaşıyıq deyib, bütün xiristian ölkələri ilə əməkdaşlıq etdiyi kimi, bizlər də bütün müsəlman qardaşlarımızla iş birliyi edə bilərik. Ermənilər bizim müsəlman qardaşlarımızı da ələ alıb, biz türkləri erməni düşməni kimi tanıdıblar. Odur ki, qarşımızda çox ağır şərtlər var, biz həm Qarabağ həqiqətlərini dünyaya tanıtmalı, həm də ökəmizə yardım etməliyik.

- Sizcə, alman xalqına Azərbaycanı yaxından tanıtmaq üçün nə etmək lazımdır?

- Bilirsiniz, mən Azərbaycanı alman xalqına ən sadə üsullardan başlayaraq az da olsa tanıtmışam. Birinci dəfə universitetin qonaq evində qaldığımız zaman bütün elmi işçilərlə görüşüb tanışmaq üçün təşkil olunan toplantıda kim nə gətirəcək deyiləndə ağlıma gözəl dadlı yeməklərinizdən olan yarpaq dolması, dovğa və salat gəlmişdi. O gün universitetin bir çox xarici qonaqları, professorları mənim hazırladığım yeməkdən iştahla yeyib, hazırlanma qaydasını soruşurdu. Sonra bir çox çətinliklərə baxmayaraq, qızımızın ilk yaş günündə həyat yoldaşımın iş yoldaşları almanları və tanış olduğumuz türkiyəli bacı-qardaşlarımızı qonaq çağırmışdım. Süfrədə hər cür Azərbaycan yeməyi vardı. İnsanların diqqətini ən çox çəkən plovumuz olmuşdu. Ondan sonra ad günü ən-ənəsi hər il davam etdi. Bu, məni çox sevindirirdi. Bir körpə uşaqlı ana kimi bunu bacardığıma, Azərbaycana aid olan bir tanıtma hissi yaşadığıma çox sevinirdim. Sonra bu ənənəni uşaq bağçasında da davam etdirdim. Orada da yemək kağızına hansı yeməyi gətirəcəksiniz sulalına böyük hərflərlə AZƏRBAYCAN yeməyi yazırdım. Bunu onun üçün yazırdım ki, hər kəsin diqqətini çəksin. Hər hansı ölkənin mədəniyyəti, mətbəxi ilə tanış olmağı almanlar çox sevirlər. Hal-hazırda isə bir alman kəndində yaşadığm üçün orada mədəniyyət mərkəzinin aktiv üzvüyəm. Yenə də məqsədim ölkəmi, mədəniyyətimi tanıtmaqdır. Təxminən 1000 nəfərdən çox sakini olan bu kənddə 3 ildir yaşamağımıza baxmayaraq, hər kəs bizim kim olduğumuzu bilir, və tanıyır. Kənddə elə qonşular var ki, bir-birini doğru tanımırlar. Sabah iş və axşam ev və s. Amma biz hər bir tədbirdə yaxından iştirak edirik aləlikcə. Hər bayramda öz milli geyimimizi geyinib, dadlı Azərbaycan yeməklərindən onlara təqdim edəndə, bu, onlar üçün çox maraqlı olur. Bu təşəbbüsüm onların çox xoşuna gəlir, həmçinin çox bəyənirlər. Bizim ölkədə yaşayıb bizləri saya saymayan bizə lazım deyil, deyirlər.  Mən həmçinin yaşadığım ölkənin mədəniyyəti ilə yaxından tanış olmağı özümə borc bilirəm. Hər bir azərbaycanlıdan xahiş edirəm ki, yaşadığınız ölkənin mədəniyyəti ilə yaxından tanış olun və özünüzü də, Azərbaycanı da onlara tanıdın.

- Güney Azərbaycanda gedən prosesləri izləyirsinizmi? Bir şairə olaraq Güneyin gələcək taleyini necə görürsünüz?

- Əlbəttə ki, Güney Azərbaycanın taleyi ilə maraqlanıram və hər zaman da izləyirəm. Oradakı mövcud olan vəziyyət heç də ürəkaçan deyil. Onlar da bu problemləri dünyanın gündəminə çıxarsalar, yaxşı olar. Bir də ki, bizlərə lazım olan birlik çox önəmlidir. O arzu etdiyim birliyi hələ də görmədiyim üçün çox üzülürəm. Gələcək tale yenə də öz əlimizdədir. Güney azərbaycanlı qardaşlarımızın farslaşma siyasətindən qurtulması üçün biz Quzey azərbaycanlılar onları doğruluğumuza inandırmalıyıq. Onların çoxu bizlərə inanmır, mən bunu dərk edirəm. Dində birlik, dildə birlik çox önəmlidir. Bizim ölkəni SAHAR TV-dən izləyəndə anlamışam bunu. Almaniyada, ümumiyyətlə, Avropada bütün bu TV izləyicilərini bizimlə birləşməyə hansı ümidlər bağlaya bilər? Bunun üçün biz çox işlər görməliyik... Onları özümüzə inandırmanın bir yolu var: SAHAR TV-nin alternativini qurmaq.  Amma dini söhbətlərə çox önəm verməliyik, bir müsəlman ölkəsi kimi. Dində məcburiyyət yoxdur, amma Allah deyir ki, "Sən insanların anladığı dildə onları islama dəvət et!" İran hökuməti isə insanları zorla dini qayda-qanunlara riayət etməyə çalışır, belə olmaz. Bu barədə sözsüz ki, din alimləri daha yaxşı bilər, onlar qərar verə bilər. Bu, sadəcə, bir vətəndaş kimi mənim şəxsi fikrimdir. Belə getsə, Güneyin gələcək taleyi daha da acınacaqlı ola bilər.

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2012.- 20 oktyabr.- S.12.