Urmuda ermənilərin törətdiyi
soyqırımları təsdiq edən arxeoloji
qazıntılar üzə çıxdı
Mühəndis Fəri: “Toplu məzarlıqlar
Qərbi Azərbaycan üçün strateji əhəmiyyət
daşıyır"
Güney
Azərbaycanın Urmu şəhərində 15 Xordad Orta Məktəbinin
həyətində 1918-ci ildə erməni, aysor və
kürdlərdən ibarət hərbi dəstələr tərəfindən
Azərbaycan türklərinə qarşı aparılan
soyqırımları təsdiq edən arxeoloji
qazıntılar üzə çıxmışdır. Tarixdə
"Cilovluq soyqırımı" kimi tanınan bu faciəni
təsdiq edən çoxsaylı tarixi faktlar yazılsa da, ilk dəfə olaraq arxeoloji qazıntılar zamanı bütün bunlar bir daha təsdiq olunmuşdur. Bundan əlavə,
Urmudakı "Qarasandıq" məzarlığı ilə
tanınan ərazidə də soyqırımı təsdiq edən
toplu məzarlıqlar yerli
arxeoloqlar tərəfindən aşkar olunmuşdur.
Yasaq edilmiş soyqırımın gizlinləri
1925-ci
ildə sonuncu türk
hökmdarı Əhməd Şah Qacar devrildikdən sonra
hakimiyyətə gətirilmiş fars mənşəli
Rza Pəhləvinin əmrilə Güney Azərbaycanda 1914-1919-cu illərdə
İngiltərə, Fransa və
Rusiyanın maliyyə, silah və digər
yardımları ilə erməni, aysor və
kürdlərdən ibarət xüsusi
təlim görmüş silahlı dəstələrin
törətdikləri soyqırımların adını
çəkmək yasaq edilmişdi.
Tarixi qaynaqlarda qeyd olunduğu kimi, Güney Azərbaycanın Urmu,
Sulduz, Xoy, Qoşaçay, Səlmas, Makı, Marağa, Mərənd və digər şəhərlərində
törədilən soyqırımların nəticəsində
200 min nəfərdən çox
Azərbaycan türkü qətliam olunmuşdur. Bu
qanlı soyqırımın adını çəkmək Məhəmmədrza
Pəhləvinin hakimiyyəti dönəmində nəinki
yasaqlanmış, hətta bu yöndə xüsusi cinayət məsuliyyəti qanunu da mövcud
idi. Bunun əsas səbəbi fars şovinist siyasətinin dövlətin ideoloji ehkamları ilə yanaşı, həm
də İranın güneyindəki iri neft və qaz
yataqlarının istismarı məsələsində geniş səlahiyyətlərə malik olmaq istəyən
İngiltərənin "BP", ABŞ-ın "Standard OİL", Fransanın "Total" şirkətlərinin də müstəsna xidmətləri olmuşdur. Çünki
I Dünya Savaşında Osmanlı və
Qacarlar xanədanlığının
dağılması prosesində iri neft yataqlarını ələ keçirmək
üçün Qərb dövlətlərinə
məxsus iri şirkətlər
xalqları, hətta eyni soya
malik olan tayfaları
belə üz-üzə qoyaraq qanlı
münaqişlər yaratmaqla
bu yöndə istənilən siyasəti
yürütmüşlər. İranı tamamilə
çökdürmək və Qacarlar xanədanlığını
devirmək üçün ən əlverişli
məqam isə Urmu vilayəti boyunca soyqırım siyasətinin
aparılmasına üz tutulmuşdu.
Zəifləmiş Qacarlar xanədanlığını
çökdürmək üçün
Qərb dövlətləri hələ 19-cu yüzillikdə Urmu vilayəti boyunca erməni,
kürd və aysorlar üçün missioner məktəbləri
açmışdılar. I Dünya
Savaşı dönəmində bu toplumlardan silahlı dəstələr
yaradılaraq Azərbaycan türkləri qəddarcasına
soyqırım olunmuşlar. Güney Azərbaycandakı
soyqırımlar məsələsində 1978-ci il 23 Bəhmən İnqilabından sonra hakimiyyətə gəlmiş klerikal rejim tərəfindən
qanunla yasaq olmasa da, inzibati
təsir vasitəsi kimi bu
yöndə fəaliyyət göstərənlərə
dolayı yolla maneələr törədilmişdir.
Dağlıq Qarabağ uğrunda ermənilərin
işğalçı siyasətinə qarşı Güney Azərbaycanda milli
dirənişlər başlayandan sonra Tehran rejimi
“erməni məsələsi"nə bir
qədər loyal münasibət göstərməyə
məcbur olmuşdur. Məhz
belə bir məqamda görkəmli tədqiqatçı
alimlərdən Səməd Sərdarniyanın "Arazın
hər iki tayında müsəlmanların
soyqırımı", Tohid Məlikzadə
Dilməqaninin "Güney Azərbaycan I Dünya Savaşı illərində
soyqırım", Rza Taləbinin "Güney Azərbaycanda erməni, kürd və aysorların soyqırım cinayətləri"
və digər kitablar nəşr olundu.
Toplu məzarlıqların
izi ilə
Bu gün
Güney Azərbaycanın Urmu
vilayəti boyunca toplu
məzarlıqlara daha çox
rast gəlinməkdədir. Tarixçi və arxeoloq
alimlər də sübut edirlər ki, bu məzarlıqlarda
gömülən insan cəsədlərinin
sayı 10, 50 və 100 nəfərlikdir. Həmin məzarlıqda
insan cəsədlərinin üzərindəki
toz qatı, eləcə də
sümüklərin üzərində aparılan ekspertiza da sübut
edir ki, onlar xüsusi qəddarlıqla
öldürülmüşlər. Hətta bəzi toplu məzarlıqdakı insan
cəsədlərinin yandırılması faktları da mövcuddur. Bir ay öncə Urmu şəhərində
15 Xordad Məktəbinin köhnəlmiş
binasını sökərək onun yerində
yeni bina tikməyi
planlaşdıran vilayət rəhbərliyi və burada çalışan işçilər
qazıntı işləri aparılarkən dəhşətə
gəlmişlər. Belə ki, kiçik bir ərazidə
100-dən çox insan
cəsədi üst-üstə qalaqlanmış vəziyyətdə
idi. Bu cinayət
faktının nə zaman və kimlər
tərəfindən törədildiyini dəqiqləşdirmək
üçün arxeoloqlar
və kriminalistlər dəvət olunmuşlar.
Onlar bu qanlı cinayətin
94 il öncə törədildiyini təsdiq
etmişlər. Beləliklə, yerli
əhalinin yaşlı nəslinin açıqlamaları, erməni,
kürd və aysorların birlikdə
törətdikləri soyqırımlar haqqında arxiv mənbələri əsasında
yazılan tarixi əsərlərin bir-birini tamamlaması, eləcə də cəsədlərin
üzərində mövcud olan işgəncə faktları bir araya gətirilmişdir.
Hal-hazırda 15 Xordad Məktəbinin ərazisinin
tarixi əhəmiyyəti olan
qoruq məkanı kimi
saxlanılması və ya həmin toplu məzarlığın
köçürülməsi üzərində vilayət
ziyalıları və yerli hakimiyyət
arasında mübahisələr yaranmışdır.
Ziyalılar bildirirlər ki, bu ağır faciəli tarixi
həqiqəti gizlətmək olmaz. Bu, Güney Azərbaycanda
beynəlxalq imperializmin siyasi
və strateji maraqları əsasında baş vermiş
soyqırımdır. Erməni, kürd və
aysorlar həmin siyasi
iradənin iştirakçısı rolunda
çıxış etmişlər. Çünki
Urmu vilayətinin tarixi
ərazisinə elə bu gün
də genişmiqyaslı iddialar ortaya qoyulmaqdadır. Heç
də təsadüfi deyil ki,
Londonda kürdlər tərəfindən
açılan "Urmu TV" kanalı bu soyqırımlara haqq
qazandıran verilişlər yayınlamaqdadır. Guya həmin soyqırımlar kürdlərin milli azadlıq hərəkatının tərkib
hissəsi olmuşdur. Vilayət rəhbərliyi,
xüsusilə də mədəniyyət idarəsi Tehran rejimi və bölgə
əhalisinin iradəsi arasında qalmışlar. Belə ki, bu toplu
məzarlıq haqqında dərhal internet
şəbəkəsi ilə sosial paylaşmada çoxlu sayda şəkillər və məlumatlar bütün dünyaya
yayılmışdır. Elə Güney
Azərbaycanın özündə də bu
fakt indiki həssas məqamda
qəzəblə qarşılanmışdır. Yerli mütəxəssislərin
əlində olan digər faktlara
görə, Urmu vilayətində "Cilov soyqırımı" adını
almış bu tarixi həqiqətin
izləri digər bölgələrdə də yetərincədir.
15 Xordad Məktəbinin düz
yaxınlığındakı Qarasandıq qəbiristanlığının
ətrafında bir neçə belə
toplu məzarlıq mövcuddur.
Arxeoloqlar və yerli
ziyalılar həmin toplu məzarlıqlarda
araşdırma aparılması təklifini irəli
sürmüşlər. Arxeoloji tədqiqatların
aparılması istiqamətində bütün
maliyyə xərclərini vilayət hökumətinin büdcəsindən
ödənilməsi də bu tələblərə
daxildir. Vilayətdəki mədəni miras idarəsinin nümayəndəsi Rza Heydəri bildirmişdir
ki: "Burada
gömülən insanların çoxu vəhşicəsinə
yandırılmışlar. Qazıntılar 4 metr
dərinlikdə yerləşir. Biz cəsədləri
tibbi cəhətdən də incələdikdə
dəhşətə gəldik. Məzarlıq demək olar ki, başdan-başa
küllükdən ibarətdir. Ekspertlərimiz
çalışmalarını davam
etdirirlər. Ermənilər tərəfindən törədilən
bu faciənin izlərini bütün
dünyaya göstərmək
lazımdır".
Mühəndis Fəri: "Toplu məzarlıqlar Qərbi Azərbaycan üçün strateji əhəmiyyət
daşıyır"
Urmu vilayəti mədəni irsin qorunması idarəsinin nümayəndəsi Mühəndis Fərinin rəhbərliyi altında xüsusi qrup toplu məzarlıda araşdırmalarını davam etdirirlər. Bu barədə Mühəndis Fəri belə bir açıqlama vermişdir: "Qazıntının həcmi bir metrdən dörd metrə qədərdir. İşimiz çox çətindir. Yandırılmış insan cəsədlərini bir-birindən ayırmaq bizim üçün problemlər yaradır. Bununla yanaşı, "Qarasandıq" qəbiristanlığında tədqiqatlarımızı davam etdirəcəyik".
Urmu şəhərində erməni, kürd və aysorların birlikdə törətdikləri soyqırımın tarixi izlərinin digər bölgələrdə olması faktlarını ortaya qoymaq üçün yerli ziyalılar da fəallaşmışlar. Belə ki, tarixi mənbələr, yaşlı insanların xatirələri əsasında Güney Azərbaycanda soyqırımlar haqqında xeyli məqalələr, araşdırmalar və reportajlar dərc olunmağa başlamışdır. Prosesin belə bir yöndə davam etməsi Tehranda narazılıqla qarşılanıb. Hələlik yerli əhalinin ciddi təpkiləri əsasında klerikal rejim susmağa üstünlük verir. Urmudakı Kazım Xan Daşı, Qırxlar Qalası, Göyərçin Qalası, Köhnə şəhər, Əsgərabad və digər ərazilərdə Azərbaycan türklərinə qarşı 1915-1919-cu illərdə aparılmış soyqırımların izləri ciddi şəkildə araşdırılmaqda və bu yöndə elmi məqalələr dərc edilməkdədir. Bu yöndə aparılan tədqiqatların hamısı Güney Azərbaycanın gələcək strateji taleyində müstəsna xidməti olacaq. Belə ki, son illər çox təəssüflər olsun ki, Avropanın bir sıra ölkələrində Urmunun qədim kürd torpaqları olması və buranın Elxanlılar hakimiyyəti dönəmində türkləşdirilməsi iddia olunur. İsveçdəki "Kürd Strateji Araşdırmalar İnstitutu" tərəfindən hazırlanmış bu uydurma tədqiqatlar bütün dünyaya yayılmışdır və həmin saxta elmi araşdırmalar elmi həqiqət kimi beynəlxalq səviyyədə tanıdılmışdır. 1915-1919-cu illərdə Güney Azərbaycanda türklərə qarşı aparılan soyqırımların da guya kürd, erməni və aysor toplumlarının öz tarixi ərazilərini azad etmək üçün apardıqları milli azadlıq hərəkatı kimi təqdim olunmuşdur. Halbuki Urmu vilayətinin Həsənlu Təpə kurqanında hələ 1960-cı illərdə məşhur amerikalı arxeoloqlar Hilen Kantur və Pinaz Delokas tərəfindən aparılan qazıntılar zamanı burada aşkar olunan maddi mədəni abidələrin yaşının 7 min il zamanı əhatə etməsi və həmin mədəni irsin türklərə məxsus olması elə bu iki alim tərəfindən təsdiqlənmişdi. Həmin dönəmdə Məhəmmədrza Pəhləvi şah dünyanı sarsıdan bu abidələrin izini itirmək üçün çoxlu cəhdlər göstərdi. Çünki Pəhləvi rejimi "İranda ariya, yəni fars mədəniyyətindən savayı tarixi və mədəni abidə ola bilməz" iddiasını sərgiləyirdi. Urmu şəhərində toplu məzarlığın izi ilə aparılan ən son tədqiqatlarda aydın olmuşdur ki, yandırılan insanların arasında qız və qadınlarla yanaşı, çoxlu uşaq cəsədləri də vardır. Tarixdə o da məlumdur ki, Andranik Ozanyan, Aram Manukyan, İsmail Simitko (kürddür) və digər terrorçu silahlı birliklər 80 min nəfərlik peşəkar silahlı ordu ilə birlikdə 7 topçu alayından, 29 süvari və 5 zirehli alaydan ibarət hərbi qüvvənin sayəsində Güney Azərbaycanın Urmu vilayəti boyunca soyqırımlar törətmişlər. Bu hərbi birliklərin komandanlığında Rusiyanın 800, Fransanın isə 76 nəfərlik hərbi mütəxəssisləri təmsil olunmuşlar. Urmudakı toplu məzarlığının araşdırlması ermənilərin öz himayədarları ilə birlikdə Azərbaycan türklərinə qarşı aparılan soyqırım siyasətinin və vəhşiliklərinin bir daha təsdiq edir. Bu yöndə fikrimizcə, yeni elmi tədqiqatlar Güney Azərbaycan, Azərbaycan Respublikasında və Türkiyədə ümumi səylərin birləşdirilməsi üçün ən əlverişli bir fakta çevrilməlidir. Çünki yaxın gələcəkdə baş verə biləcək təhlükələrin qarşısının alınmasında bunun strateji əhəmiyyəti tarixi zərurətin tərkib hissəsi olacaq.
Ənvər
BÖRÜSOY,
Ekspert
Təzadlar.-
2012.- 25 oktyabr.- S.11.