Səfərovun zəfəri
31 avqust! Qubadlının işğal günüdür. Günün ilk yarısı dəhşətli bir qəza yaşandı. Səhər vaxtı qana bulandıq, Qubadlıda olduğu kimi. Üzülürdük, sürücü ittiham olunurdu, göz yaşları... Birdən bir xəbər yayıldı. Öncə bir pıçıltı kimi, sonra böyüdü səs, çox böyüdü. Kədərdən sevincə axan göz yaşları huşunu itirdi: "Ramili buraxıblar".
Dostlar, tanışlar, hətta uzun müddətdir bir-birilərinə zəng etməyən qohumlar Ramili bəhanə edib təbriklərini çatdırdılar, sonra da arvad-uşağın hal-əhvalını soruşdular. Mən Ramilin azad olunması xəbərini bir az gec öyrəndim. Burç fm-dən ayrılıb "Gənclik" metrostansiyasına tərəf addımlayanda başqa cür idim. Əli Çərkəzoğlu ilə canlı yayımdakı könül söhbətimiz uğurlu alınmışdı. Qeyri-ixtiyari üzüm gülürdü. Bilirəm, gəncliyin insana verdiyi bir hissdir, hər yeni yazı, müsahibə və yaxud fikrini ifadə etdiyin ictimai arena sənin sevincinə səbəb olur, gələcəyə ümidlər bəsləyirsən, yaşamaq istəyirsən. Bu əhval-ruhiyyə ilə telefonumu səssizdən çıxarıb, gələn mesajlara baxdım. İlk mesaj Xanım müəlliməmdən gəlmişdi: "Salam, səni dinlədim, qürur duydum. RAMİL SƏFƏROV azad olunub, bilirdin?" Həyəcandan əlimdəki telefon yerə düşdü. Əvvəlcə inana bilmədim, sonra həmin mesajı bir neçə dəfə gah əvvəldən axıra, gah da ki, axırdan əvvələ oxudum və nəhayət, anladım ki, "bizim Macarıstandakı Ramil" azaddır. Cavab ismarıcı yazan kimi anama zəng etdim: "Ana, muştuluğumu ver, muştuluğumu ver!" Anam: "Noolub, tez denən, olmaya Azərbaycan Gənclər Parlamentinə düşmüsən?!" Metroya girərkən cavab verib tələm-tələsik telefonu söndürdüm ki, kontur çox getməsin: "Yox ey, nə parlament, nə deputat, ay ana, "bizim Macarıstandakı Ramil"i buraxıblar." Stansiyadakı həmişə qara-dinməz olan işçi qadınlar indi bir-birilərini qucaqlayıb "Ramil" deyə qışqırışanda aradan sivişib kartsız keçən gənclər də eyni xoşbəxtliyi bölüşürdülər. Ramil Səfərov, həqiqətən, azad idi!
***
...Evdə xəbərləri və Ramil haqqında yazılan "feysbuk" statuslarını oxuyarkən gülümsədim, təəccübləndim və təəssüfləndim. Ramilin vətənə gəlişini və əfv olunmasını ölkənin daxili siyasi gələcəyi ilə əlaqələndirən, müxtəlif mənalara yozan, az qala Səfərovun azadlığına üzülən insanların mövcud olduğunu gördüm. Bəzi müəlliflərin düşüncələri məndə bu hissi oyatdı ki, bu adamlar prezidentin əfv fərmanındakı şəxsin kimliyinə diqqət belə eləmədən, sadəcə, siyasi manevrlər və ictimai fikir axınlarına təsir məqsədi ilə klaviaturalara üz tutublar. Cənablar, Azərbaycana gətirilən və əfv olunan Ramil Səfərovdur. Milli qürurumuzu xilas etmək yolunda şəxsi maraqlarını heçə sayan kişidən bəhs edirik. Etiraz aksiyalarında müxalif düşərgənin əlində tutduğu, həmçinin hakimiyyət təmsilçilərinin otaqlarında başlarının üzərində asılı olan Azərbaycan bayrağının şərəfini qoruyan potensial şəhidimizdən danışırıq, müxalifətin və iqtidarın Ramilindən, namuslu qarabağlı Səfərovdan.
Bəli, 8 il boyunca "cənab leytenant" sədası altında video görüntülərini izləyib hüznləndiyimiz, sığa biləcəyi ən dar yer olan səngəri millətimiz adına məsuliyyəti öz üzərinə götürərək tək nəfərlik kamera ilə dəyişən, ailəsindən, nişanlısından ayrı qürbətdə məhbəs həyatı yaşayan, minlərlə ana qazansa da bir anasını itirən Ramil ölkə prezidentinin haqqında əfv fərmanı imzaladığı Səfərov ilə eyni adamdır. Biz zatən, bunu gözləmirdikmi?! Bunu arzulamırdıqmı?! Bəs indi nə dəyişib? Ona görə də metroda, evdə, dövlət binalarında, küçədə hər kəs sevinir, elə mən də. Kimsə yanlış anlamasın, bu məsələ ilə bağlı bir gənc yazar olaraq özümün və eləcə də çevrəmdəki siyasi cəhətdən bitərəf azərbaycançı gənclərin narahatlığını bildirməliyəm. Biz Azərbaycan Respublikası prezidentinin bu mühüm dövlətçilik məsələsi ilə bağlı əldə edib sevincini xalqa ərməğan etdiyi uğurdan yanlız sevinə bildik. Bəli, biz diri qəhrəmanımızın vətəndə olmağına görə çox xoşbəxtik.
Şəhid Seyid Mübariz İbrahimovun cənazəsi də Azərbaycana gətiriləndə acımızı azaldan xəbərə görə sevinirdik. Şəhidimizin ziyarət edə biləcəyimiz, başında fatihələr oxuyub ruhuna hədiyyə edəcəyimiz bir məzarı var idi. İndi Ramil Səfərov Azərbaycandadır, Bakıdadır. İnsanlar onunla görüşürlər, söhbətləşirlər və fəxrdən doğan bir səmimiyyətlə çoxlu, bəzən lap çoxlu şəkillər çəkdirirlər. Ramil azadlıqdadır. Biz onun azad olmasına sevinirik, Bəxtiyar Hacıyev də prezidentin göstərişi ilə dəmir barmaqlıqlar arasından çıxanda təxminən eyni duyğuları bölüşürdük.
Zənnimcə, azərbaycanlı savadlı və bacarıqlı gənclərin bölüşməli olduqları ən gözəl nemət azadlıqdır. Xəbər saytlarında ardıcıl olaraq verilən "Ordumuzun əsgərləri bir-birilərini söydülər, döydülər, yaraladılar, ölüdürdülər" kimi bəd informasiyalardan üzgün düşən könüllərimiz təcrübəli bir zabitimizin - Səfərovun Bakıda və azad olması bilgisi ilə yaşam ümidini yenicə tapmışkən bu qədər qərəzli fikir yığını nəyə lazım?! Siyasi düşüncələrinizdən qaynaqlanaraq aparıcı partiyanı, ya da müəyyən siyasətçiləri dəstəkləməyə bilərsiniz. Demokratiya cəmiyyətə həmin hüququ verir və əslində müəyyən məqamlarda fikir azadlığı naminə verdiyi bu və digər hüquqlardan istifadəni də tələb edir. Amma milli vicdan sorğulaması deyə bir anlayışın da olduğunu unutmayaq. Milli məsələləri daxili didişmələrə dönüşdürmək kimi əslsiz bir davranış heç bir qəlibə sığmaz, sığa da bilməz. Belə...
Hə, bir də bəd xəbər demişkən, yazının əvvəlindəki itkiyə toxunmaq istəyirəm. Unutmayaq, bu günün ilk yarısı dəhşətli bir qəzanın ağrıları ilə sarsılmışdıq. Bu qəzadan müxtəlif mənalarda almağımız gərəkən dərslər var. Bu məsələ sürücü diqqətsizliyinin acı nəticələrindən ibarət olmamalıdır. Biz bir xalqıq. Hamımız eyni avtobusun içindəyik. Sağda oturanlar var, solda da, ayaqüstə dayananlar da. Harada oturmağımızdan, kim olmağımızdan asılı olmayaraq hamımız bu avtobusdayıq və eyni ünvana gedirik. Allah qəzadan saxlasın!
Mirbəhram ƏZİMBƏYLİ
Təzadlar.- 2012.- 4 sentyabr.- S.10.