Qarabağlıların
kitabı hələ ki bağlı... Bəs
Övliya Mir Möhsün Ağanın?
Dustaqlıq - fiziki, psixoloji, mənəvi, maddi və sairə işgəncələrin, cəzaların ən fərqli durumlarındandır. Ən dəhşətli dustaqlıq - bir ölkənin böyük ərazisini işğal altında saxlamaqdır. Bu elə çoxvariantlı işgəncədir ki, həmin ərazidəki torpağın, suların, ağacların, havanın, quşların və orada qalan bütün canlıların sıxıntıları öncə həmin ərazidən zorla çıxarılmış qaçqın, qovğun, köçkün yüz minlərin ruhlarına onların duyarlılıq nisbətində sirayət edir. Bunu hər bir qarabağlı öz varlığında, yaxınlarının həyat tərzində, mənəvi-psixoloji, maddi və sair yaşantılarında hiss etməyə bilməz. Həbsxanada dustağı olan ailə həmin dustağın əzablarını cüzi istisnalarla paralel yaşayır. Bu baxımdan, Qarabağın 20 il işğal altındakı əsirliyi - elə öncə qarabağlıların ruhlarının əsirliyidir. Niyə məhz öncə qarabağlıların? Çünki şərti desək, ağrıyan kötük diş (erməni əsarəti) qarabağlıların ağzındadır. Bu dəhşətli ağrını yurdu Qarabağ olmayanlar ürək ağrısı ilə, təəssüflə təsəvvür edə bilər. Amma həmin Qarabağsızlıq ağrısını qarabağlılar kimi dərindən yaşaya bilməz.
Təbii ki, bu halda
istisnalar da mövcuddur. Çünki Qarabağda yalnız qarabağlılar vuruşmayıb.
Amma söz torpağın əsarəti
ilə ağrını
yaşamağın uzun
illərindən gedir.
Bəzi gerçəkliklərə
baxaq: işğalçılara
qarşı qeyri-bərabər
döyüşlər getdi.
Qeyri-bərabər, ona
görə ki, qarabağlıları işğalçılar
da vururdu, Rusiya da, onların
Azərbaycandakı əlaltılarının
istiqamətləndirdiyi təxribatçı
dəstələr də.
Hələ Qarabağın
təsliminə fərqli
niyyətlərlə çalışan
gizli qüvvələri
demirəm. Ordunun olmaması faktı da mövcud idi, Azərbaycanın şantajla bir neçə yerə parçalanma təhlükələri
də. Bununla belə, həmin ağır dövrdə Qarabağ 7 ilə qədər işğalçılara
qarşı dirəniş
göstərdi. Yəni
Qarabağ iki açıq və bir neçə gizli düşmənçiliyin
birləşmiş cəbhəsində
tam təklənmişdi... Ən
çox dirəniş
göstərən də,
ən çox canlı tələfat verən də, ən çox əlil-şikəst edilən
də, insanlarından
ən çox əsir-girov götürülən
də, şəhərlərini,
yüzlərlə kəndlərini
itirən də, 20 ilə qədər yurd-yuva həsrətini ağır məhrumiyyətlərlə
çəkən də,
əzizlərini doğma
torpaqlarda dəfn edə bilməyənlər
də daha çox qarabağlılardır.
Təbii ki, Qərbi Azərbaycandan çıxarılan soydaşlarımızı
da unutmaq olmaz. Əgər Azərbaycanın müstəqilliyindən
xüsusi fəxrlə
söz gedirsə, bunu alqışlayırıq.
Amma bu müstəqlliyin
bədəli (ödənci)
Qarabağdır, qurbanları
isə qarabağlılar.
Adəmlə Həvvanın
günahları vardı,
Cənnətdən qovuldular.
Və Tövbə sonrası döndülər.
Qarabağlılar isə
elə qarabağlı
olduqlarına görə
Yer Cənnətindən
çıxarıldılar. Günahları isə qarabağlı olmağın
mahiyyətini və onlara qarşı çox uzun illər planlaşdırılmış
məkrlərin, hərbi
hiylələrin dərinliyinə
varmamaqları idi. Vaxtıilə Bakıda “qarabağlı” sözündən
bir şahanəlik yağırdı. İndi
həmin söz sanki göyçək ağızlarda miskinliyə
bürünüb. Allahın
deyil, allahsızlığın
töhməti və möhnəti altında əzilirik. Sızlamağı
xoşlamıram. Amma adam doğrananda istər-istəməz “uf”
deməyə bilmir. Nə isə... Təfərrüatlara
varıb, mövzunu narazı duyğularla uzatmaq istəmirəm.
İnananlar kimi inanmaq istəyirəm ki, dövlətimiz
qarabağlıların çağdaş
yaşantılarını nəzərə alıb onlara sosial
himayəsini artıracaq. Müsbət yönlü hər nə
edilirsə, təşəkkürlər doğurur. Amma tələbat
çoxşaxəli və durum çox ağırdır. Ona
görə təklif də doğur. Qayğıların
önlənməsi insanların Qarabağa qayıtmaq ümidlərini
gücləndirər, yaşamaq imkanlarına pozitiv impulslar
qatar və dövlətə inam daha da artar.
Yaxşısını əziz Allah bilər.
Yeri gəlmişkən,
ümumazərbaycanın (xüsusən bakılıların)
sevgili marağında olan bir diləyi də deyim. Bu dilək də
çoxdandır ruhumu sızladır. 7 ildir ki, Azərbaycanın
böyük Övliyası rəhmətlik Mir Möhsün
Ağa haqqında 600-700 səhifə arası 2 cildlik nəsr
və nəzmlə kitablarımı toplu halında
çıxara bilmədim. Bu işin əhli olanlardan təklif
gözlədim, gəlmədi, susdum. Ayrı-ayrı cildlərdə
(I-II hissə) 18 min nüsxəlik əsərləri ziyarətgah
və İçərişəhər çap etdirib pulsuz
paylatdırdı. Allah razı olsun! Amma bu kitabın müəllifi
olaraq deyim ki, əsər mənəvi miras hökmünə
keçib. Böyük Ağanı Allah xatirinə 100 minlər,
milyonlar sevir. Həmin kitabları son dəfə
yarıbayarı təkminləşdirib, 300 səhifəyə
endirməyə vadar oldum. 09.09.2011-ci ildə Heydər Əliyev
Fonduna çap xahişi ilə yazılı müraciət
etdim. Tbilisi prospektindəki İdman Sarayında Fondun
adını çəkmək istəmədiyim hörmətli
nümayəndəsinin qəbulunda oldum. Anlaşılmaz vəziyyət
yarandı. Baxmayraq ki, qələm əhli
anlaşılmazlığı da anlayır, amma hər
anlaşılmazlığı anlatmağa ehtiyac duymur.
Doğrusu, o zaman Fondun rəhbəri möhtərəm Mehriban
xanım Əliyeva xarici səfərlərdə idi. Və
düşünürəm ki, müraciətim Mehriban
xanımın nəzərinə çatmadı. Baxmayraq ki,
Prezident Administrasiyası yanındakı Fonda aid poçta da
yazılı müraciət atmışdım. Araya “Avroviziya”
musiqi tədbirinə hazırlıq düşdü. Sonra da tədbir
oldu. Və o vaxtdan gözlədim. İndi müraciətimin
ünvanına çatdırılması üçün bu
yazını vasitə etməkdən başqa yolum qalmadı.
Az-çox istedadı olan onu gerçəkləşdirməyin
də münasib istedadlı yolunu tapmalıdır. Layiqli
ünvana müraciət edərlər. Təbii ki, yazıdan
sonra həmin kitabın 5 min tirajla nəfis çapı
üçün Fonda təkrar müraciət etmək niyyətindəyəm.
Əziz Allah buyurur ki, niyyət nəcibdirsə, qapını
israrla döymək lazımdır. Mir Möhsün
Ağanın əsərinin kitabxanamda dustaq qalması
günahdır. Yəqin ki, Mehriban xanım Əliyeva məsələdən
agah olub bu mövzudakı istəkləri reallığa
çevirər İnşaallah!
20 il ərzində
heç vaxt dövlət rəhbərlərinə,
üstün insanlara ağız açmamışam. Əgər
qələminə güvənən
şair-yazıçılara uyğun faizlə bank krediti
verilsəydi və ya şəxsi evim olsaydı, onu tərəddüd
etmədən girov qoyardım. Çünki bilirəm ki,
ağız açmaq o qədər də yaxşı iş
deyil. Amma neyləməli ki, hər şeyi də açıb
danışmaq, yazmaq olmur? Onu da deyim ki, öncədən haqq
etmədiyim heç bir işə görə ağız
açmıram. İnsanın istəyi ilə ona çatmaq
arasında uyğunluq olmalıdır. 18 min nüsxə ilə
iki dildə (Azərbaycan, rusca) fərqli formatlarda çap
edilib yayılan həmin əsərlər indi bir cilddə 300
səhifədə hikmətlər toplusuna çevrilib. Və
toplunun gözlərinin kökü saralıb. Görkəmli
dövlət xadimi Heydər Əliyev hələ sovet
dövründə “İtkin gəlin”i bir rayon
pambıqçılarının xahişi ilə 100 min tirajla
çap etdirdib, zəhmətkeşlərin istəyini
gerçəkləşdirmişdi.
Mənim
də xahişim ictimaidir. Həmin xahişin gerçəkləşməsi
çoxminlik Ağasevərlərin xeyir-duasını bu kitaba
maddi-mənəvi himayə duranın möhtərəm
adına hansı hökmlərdə savablara keçməz
ki... Mənəvi aləmin öz qanunauyğunluqları olur. Hər
şeyi nəzarətə götürmək olar, amma mənəvi
gedişat İlahi nəzarətdədir. Yanlışlıq
odur ki, Azərbaycanda səmimi irada, doğru sözə məsuliyyət
həvalə edilənlərin bəzilərində
inkarçı immunitet yaranıb. Bu əcaib ruh halətidir.
Xeyirxahlığın fəlsəfəsi elə
xeyirxahlığı Allah rizasına etməkdir. Qəbula gələnə,
müraciət edənə yox, Göndərənə, Etdirənə
baxmaq daha doğrudur. 2013-cü il çox böyük sınaqlar,
müşküllər ili olacaq. Biz dünyada baş verən
çox dəhşətli proseslərin yedəyindəyik.
“Allah bəzi insanların gizli-açıq günahı
ucbatından xalqı cəzalandırmaz. Amma imkanları
ola-ola, yaxşılar da susub, günahlara mane olmazlarsa, Allah cəzalarını
ümumiləşdirib xalqı da, günahkarları da bəlaya
uğradar”. Bəlaları önləmək üçün
öncə Allaha yalvarılır. Gözəl işlər
görülür, Allah xatirinə Onun Peyğəmbərlərinə,
Övliyalarına üz tutulur. Övliya Mir Möhsün
Ağa xalqımızın içindəki (qəlbindəki,
ruhundakı) gücü Allahın izni ilə hərəkətə
keçirməyə qabildir. Əvvəla, Övliyalara məkan
və zaman məsafəsi təsirsizdir. İkincisi də
böyük Ağa çoxdan maddilikdən çıxaraq,
tam mənəviləşib. Övliyamız ad və soy addan
ibarət İslami və insani şəxsiyyətdən
çox keçmiş, indiki və gələcəyi (qiyamət
saatına qədər) əhatə edən zəmanədir. O,
xeyir qavramının (anlamının) inkaredilməz
simvollarnıdandır. Amma təbii ki, bu barədə hər
şeyin açıq olması imtahan-sınaq dünyası
prinsiplərinə zidd olardı. Elə sirlər var ki, onlar
insan dərrakəsinə qapalıdır. Elə sirlər də
var ki, onlar haqqında Peyğəmbərimiz (s.) buyurub: “Sirri
qorumaq ibadətdir”.
Müqəddəs kəlamda deyilir ki, Allahdan başqa köməyi olmayanların köməyi məhz Allahdır. O, əziz Allah dövlətimizi, xalqımızı qorusun, qarabağlılar da onların içində... Amin!
Nizami SÜLEYMANOĞLU
Təzadlar.- 2012.- 15 sentyabr.- S.14.