Poeziyanın
işığında keçən anlar
F.B.Köçərli adına
uşaq kitabxanasında uşaq şeirlərinin müəllifi,
Almaniyada yaşayan və qısa müddətə vətənə
gələn Simax Şeyda ilə görüş çox
yüksək səviyyədə keçdi...
Sentyabrın 19-da F.B.Köçərli adına uşaq kitabxanasının kollektivi bir az başqa aləmə düşmüşdü. Həmin gün bu kollektivlə bir yerdə hamımız bir az saflaşdıq, durulduq, bir az kövrəldik, bir az sevindik və nəhayət, poeziyanın müqəddəs işığında bir rahatlıq tapdıq, ruhumuz dincəldi. Bəli, həmin gün Simax Şeyda poeziyasının işığına yığışmışdıq. S.Şeydanın, mənə elə gəlir ki, geniş təqdimata ehtiyacı yoxdur. 76 yaşlı bu şair dağ yahudisidir. Oğuzda doğulub, Gəncədə oxuyub, Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına ADU) filologiya fakultəsini bitirib. 13 yaşından şeir yazmağa başlayan Simax Şeyda ən çox uşaq şeirlərinin müəllifi kimi tanınıb.
Bir vaxtlar hamımızın aşağı siniflərdə həvəslə oxuyub, öyrəndiyimiz “Tülkü-tülkü tünbəki” şeirini yada salmaq kifayətdir ki, şairin kimliyi aydın olsun. S.Şeyda uşaqlar üçün yazmaqdan yorulmur və onlara indiyə qədər 8 kitab həsr edib. Ümumiyyətlə isə S.Şeyda 20-dən çox kitabın müəllifidir. Ona görə də F.B.Köçərli adını kitabxananın kollektivi və 190 saylı orta məktəbin 3-cü sinif şagirdləri ilə ünsiyyət çox tez yarandı. Çünki bu böyük kollektivin əsas işi də elə uşaqlarladır. Balacaların dünyagörüşünün formalaşmasında, vətənə məhəbbət hissinin aşılanmasında, böyüklərə, müəllimlərə sayğı ilə yanaşılmasında bu kitabxana işçilərinin əməyi böyükdür. S.Vurğun küçəsi-88 ünvanda yerləşən uşaq kitabxanası ən müasir avadanlıqlarla təmin olunub. Tədbirə gələn qonaqları kitabxananın ayrı-ayrı bölmələri, fondu, uşaqlar üçün nağıl otağı və digər şöbələrlə tanış edən kütləvi işlər üzrə şöbə müdiri Leyla İbrahimova kitabxana haqqında bizə hərtərəfli məlumat verdi. Leyla xanımın sözlərindən aydın oldu ki, il ərzində kitabxananın 20 min nəfər oxucusu olur. Bu faktın özü, yəni internet əsrində bu qədər oxucunun olması tədbirdə iştirak edən şair Musa Ələkbərlini də xeyli maraqlandırdı. Leyla xanım onu da qeyd etdi ki, kitabxananın 250 min nüsxədən ibarət fondu var.
Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün isə Leyla xanımla yanaşı, milli ədəbiyyat və ölkəşünaslıq şöbəsinin müdiri Nazilə Tahirova və kitabxananın direktor müavini Zahirə Dadaşova da xeyli əmək sərf etmişdilər. Direktor Füzurə Quliyeva isə belə görüşlərin tez-tez keçirilməsinin əsas səbəbkarlarından biridir. 37 ildir F.B.Köçərli adına uşaq kitabxanasına rəhbərlik edən Füzurə xanım yoruldum demədən bu gün də fəal həyat tərzindən geri qalmır. Elə görüş günü də yol üstündə idi. Respublikamızın cənub bölgəsinə “Kitab karvanı” yürüşünü təşkil edərək sentyabrın 20-də yola düşəcəkdilər. Özləri ilə 1000-dən çox kitab götürərək Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara rayonlarının kitabxanalarına bağışlamaq niyyətində idilər. Bir sözlə, kitabxanada həyat həmişə qaynayır. Bu qaynar həyatın bir günü də dediyimiz kimi Simax Şeydaya həsr olunmuşdu.
Burada hər şey uşaqlar üçün
nəzərdə tutulub. Uşaqlara aid kitablar, jurnallar, disklər
nağıl otağında onların yolunu gözləiyr. Burada hətta
uşaqlarla psixoloqlar da işləyir. Kitabxana
ilə tanışlıq zamanı L.İbrahimova bir maraqlı
məqamı da diqqətə çatdırdı. Məlum oldu ki, Bakıda keçirilən
“Eurovision-2012” musiqi yarışmasının
iştirakçı dövlətlərinin Bakıdakı səfirlikləri
ilə əlaqə saxlayıb uşaqlar üçün xeyli
materiallar əldə ediblər. Hətta
İtaliyanın Azərbaycandakı səfiri həmişə
özü ilə gəzdirdiyi uşaq jurnallarını bu
kitabxanaya hədiyyə edib. Bu, bir daha
sübut edir ki, kitabxana yaşayır, fəaliyyət göstərir
və kollektiv uşaqların
dünyagörüşünün formalaşmasında əllərindən
gələni əsirgəmir.
Elə uşaq şeirlərinin yaradıcısı olan
Simax Şeyda ilə görüşün yüksək səviyyədə
təşkil olunması bu kollektivin öz işinə
böyük məsuliyyətlə yanaşmasının bariz nümunəsidir. Simax Şeyda,
onunla gələn şair Musa Ələkbərli və həmçinin
bu sətirlərin müəllifi həqiqətən də
kitabxananın işindən və kollektivindən çox
razı qaldı. Görüş zamanı
isə məlum oldu ki, kitabxananın kollektivi həm də
şeir sevən insanlardır. Kollektiv Simax
Şeyda ilə görüşməyi çoxdan
arzulayırdı. Bu barədə kitabxananın
biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədova da çox təsirli
çıxış etdi və şairə olan səmimi
münasibətlərini bir daha dilə gətirdi.
Bildiyimiz kimi, S.Şeyda səhhətində
yaranmış problemlə əlaqədar son 20 ildir
Almaniyanın Münhen şəhərində yaşayır. Şair hər il vətənə gəlir, qələm
yoldaşları ilə və digər dost-tanışları
ilə görüşür. Bu dəfəki gəlişində
isə ¸Təzadlar”ın
yaxın dostu olduğu üçün biz də təşəbbüs
göstərərək F.B.Köçərli adına
kitabxanada belə bir görüşün keçirilməsi təklifini
irəli sürdük və bu görüşə informasiya dəstəyi
göstərməyi qərara aldıq. Təklifimizi isə
kitabxananın direktoru Füzurə Quliyeva çox
böyük həvəslə qəbul etdi və az vaxtda çox yüksək səviyyədə
görüş keçirilməsinə nail oldu.
Tədbiri giriş sözü ilə bu sətirlərin
müəllifi olaraq özüm açdım və
görüşə gələn qonaqları təqdim etdim. Görüşdə
mənimlə birlikdə yuxarıda da qeyd etdiyim kimi, gözəl
şairimiz, Simax Şeydanın bir neçə kitabına
ön söz yazmış, bir neçə kitabının isə
redaktoru olmuş Musa Ələkbərli də iştirak edirdi.
Mən giriş sözündə
S.Şeydanın dağ yəhudisi olmasına baxmayaraq, Azərbaycana
olan sonsuz məhəbbətindən, onun vətənin əsrarəngiz
gözəlliklərinə həsr etdiyi şeirlərindən
və əlbəttə, uşaqlar üçün
yazdığı şeirlərin məziyyətindən
söz açaraq məlumat verdim. Onu da
qeyd etdim ki, Qarabağ mövzusu Simax Şeydanın uşaq
şeirlərində çox incəliklə qələmə
alınıb və bu şeirləri oxuyan uşaqlar mütləq
vətənimizin Qarabağ dərdi haqqında dolğun məlumat
alacaqlar. Bu da ki, balaca uşaqların vətənpərvər
böyüməsində mühüm rol oynayır. Şair haqqında bir qədər də ətraflı
məlumat verəndən sonra şair Musa Ələkbərliyə
söz verildi.
M.Ələkbərli
S.Şeydanın bir dağ yahudisi olaraq Azərbaycana olan
sevgisindən və Azərbaycan ədəbi dilinin incəliklərini
dərindən bilməsindən söz açaraq dedi:
- Simax
Şeydanı lap çoxdan tanıyıram. Ancaq
son 20 ildir Almaniyada yaşadığından əvvəlki illərdə
olduğu kimi tez-tez görüşə bilmirik. Onu da
etiraf etmək lazımdır ki, uşaq şeirləri yazmaq olduqca çətindir. Amma Simax Şeyda bunun öhdəsindən çox məharətlə
gəlir. Onun şeirlərini uşaqlar
çox asan və tez əzbərləyirlər. Onu da əlavə edim ki, Simax Şeyda Azərbaycan
dilində o qədər təmiz, o qədər səlist və
düzgün yazır ki, bir çox Azərbaycan şairləri
ona həsəd aparır. Azərbaycan
dilinin incəliklərini Simax Şeyda çox yüksək səviyyədə
mənimsəyib ki, bu da şeirlərin tamam qüsursuz
olmasında və uşaqların dilinə rahat yatmasında
özünü göstərir. Simax müəllim
əsasən uşaq şeirlərinin müəllifi olsa da,
doğulub, boya-başa çatdığı vətəni Azərbaycana,
yaralı yerimiz olan Qarabağa da çoxsaylı şeirlər
həsr edib. Simax Şeyda həm də
lirik şeirlər və qəzəllər müəllifidir.
Bu gözəl insan haqqında çox
danışmaq olar. Amma onun haqqında ən
sanballı sözləri elə yazdığı şeirləri
deyir. Biz bu gözəl insana hələ
çox yaşamağı və yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Sonra tədbiri,
demək olar ki, Osman Mirzəyev adına 190
saylı orta məktəbin 3 a sinif şagirdləri ələ
aldılar. Kərimova Fatimənin, Məlikova Röyanın və
Şamxorova Zöhrənin Simax Şeydanın Azərbaycan
bayrağı, Bakı və Vətən haqqında şeirlərini
çox ustalıqla söyləməsi bütün tədbir
iştirakçılarını riqqətə gətirdi. Şagirdlər təkcə şeir söyləməklə
kifayətlənmədilər. Onlar həm
də “Simax baba” -deyərək müraciət etməklə
şairə xeyli maraqlı, düşündürücü
suallar ünvanladılar. Sualların hər
birinə özünəməxsus səbrlə, təmkinlə
və uşaqlara bir baba sevgisi ilə cavab verən S.Şeyda
onların belə fəallığından əməlli-başlı
təsirləndi. Balacaların sonda “Simax baba, bizə də
şeir yazmağı öyrədə bilərsinizmi”
-sualına şair belə cavab verdi: “Əlbəttə
öyrədərəm. Amma bundan ötrü gərək
siz şirin-şəkər balalar dərslərinizi
yaxşı öyrənəsiniz. Müəllimlərin
sevimlisi, məktəbdə isə nümunəvi şagird
olasınız. Çoxlu kitablar
oxumalısınız. Bütün bunlara əməl
edəndən sonra siz də şeir yaza bilərsiniz. Yəqin o vaxta qədər Allahdan sizə bir az da
xüsusi istedad verilər və siz onda gözəl şeirlər
yazacaqsınız, mənim əziz balalarım”.
Tədbirin aparıcısı kimi mən də bu gül
balalara və onları belə tərbiyə edən valideynlərə,
həmçinin bu şagirdlərin hazırlanmasında
böyük əmək sərf edən III “a” sinfinin rəhbəri
Nərgiz Məmmədovaya təşəkkür edib, bir daha
Simax Şeydanın vətən həsrətli şeirlərinə
və vətənə olan sonsuz məhəbbətinə diqqət
yönəltdim: “Bildiyimiz kimi, S.Şeyda vətəndən
uzaqda, Almaniyada yaşayır. Buna baxmayaraq yorulmadan
uşaqlar və vətən haqqında sevgilərini sətirlərə
düzüb, yeni-yeni şeirlər yaradır. Vətən
həsrətini isə Almaniyadan Azərbaycanın televiziya
kanallarını, xüsusilə İctimai Televiziyada
istedadlı və tanınmış jurnalist Yusif
Günaydının aparıcısı olduğu “Qərib
axşamlar” verilişinə baxmaqla bir qədər ovutmağa
çalışır. Tez-tez bu verilişə
telefonla qoşulan Simax Şeyda verilişin rəngarəngliyinə
əlavə rəng qatır. Ancaq etiraf etmək
lazımdır ki, vətəndən xaricə üz tutan
soydaşlarımızın çoxsunda Simax Şeyda qədər
vətən yanğısı yoxdur. Bu
gün o yanğını qismən söndürmək
üçün Simax müəllim qısa müddətə
də olsa, doğma vətəndədir. Sevimli
oxucularının qarşısında olması isə şairə
ikiqat svinc və əlavə enerji bəxş edir. Ona görə də icazə verin indi də Simax
Şeydanın özünü dinləyək, şeirlərinə
qulaq asaq”.
Təbii ki, şair bu görüşdən çox məmnun
idi. Ona görə də özü haqqında, ədəbiyyata,
şeirə necə gəlməsindən, bu yolda ona dəstək
olmuş insanlardan və uşaq şeirlərinin necə
yaranmasından söhbət açdı.
- Mən bugünkü görüşü təşkil edənlərin, əziyyət çəkənlərin hər birinə sonsuz təşəkkürümü bildirirəm. Mən Oğuzda doğulmuşam, Gəncədə oxuyub, yaşamışam. Ona görə də bu yerlər mənə daha əzizdir. Ancaq Azərbaycanın hər bir guşəsi mənim vətənimdir və mən bunlarsız yaşadığım Almaniyada darıxıram. 13 yaşım olanda ilk dəfə “Geniş düzlər” adlı şeir yazmışdım. O vaxt Gəncədə Yazıçılar Birliyinin filialı var idi. Mənə dedilər ki, yazdığın şeiri get orada oxu. Getdim. Amma həmin gün şeir oxumadım. Xeyli müşahidə apardım ki, görüm kim necə yazır. Nəhayət, bir gün mən də şeirimi oxudum. O vaxt filialın rəhbəri olan rəhmətlik Altay Məmmədov şeiri çox bəyəndi. Sonra uşaqlar üçün şeir yazmağa başladım. Çünki yaşadığım yerin yanında bir uşaq bağçası var idi. Hər gün həmin uşaqlara tamaşa etməkdən zövq alırdım. Onların hər hərəkətini, danışığını diqqətlə izləyirdim. Ona görə də elə Altay Məmmədov da və digərləri də bildirdilər ki, məndə uşaq şeirləri yaxşı alınır. Və başladım uşaqlar üçün şeirlər yazmağa. Beləcə indiyə qədər uşaqlar üçün şeirlərdən ibarət 6 kitab nəşr etdirmişəm. Ancaq böyükləri də unutmamışam. Gəncənin özünə, Göygölə, Hacıkəndə, o cümlədən vətənimizin bütün dilbər guşələrinə şeirlər həsr etmişəm. Qarabağın işğal altında olması bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbimi göynədir. Ona görə də həm böyüklər, həm də uşaqlar üçün Qarabağa və Xocalıya aid çoxsaylı şeirlər həsr etmişəm. Daha nə deyim? Yəqin ki, məndən şeir gözləyirsiniz. Onu diqqətinizə çatdırım ki, mən bir neçə cərrahiyyə əməliyyatı keçirmişəm və bu səbəbdən çoxlu narkoz qəbul etməli olmuşam. Ona görə də yadımda çox şeir qalmır...
Bütün bunlara baxmayaraq Simax Şeyda həm uşaqlar üçün müxtəlif mövzuda, həm də böyüklər üçün lirik şeirlər söylədi. Şeirlər çox böyük alqışlarla qarşılandı. Mən də öz növbəmdə şairin uşaqlar üçün yazdığı və Şuşaya həsr etdiyi “Azad edək”, həmçinin Təbrizə həsr etdiyi “Salam Təbriz” şeirlərini söylədim.
Sonda söz F.B.Köçərli adına kitabxananın direktoru Füzurə Quliyevaya verildi. Füzurə xanım bügünkü görüşün həm uşaqların, həm də böyüklərin həyatında mühüm rol oynadığını diqqətə çatdıraraq dedi: “Belə görüşlər çox vacibdir. Uşaqlar onlar üçün şeir yazan şairi canlı görürlər. Bu isə onların yaddaşında əbədi qalacaqdır. Kitabxanamızın kollektivi belə tədbirləri keçirməkdə artıq püxtləşib. Müxtəlif şair və yazıçılarla görüşlər keçirmək bizdə ənənə halını alıb. Ona görə də bu görüşü təşkil edənlərə təşəkkür edirəm. Məktəblərin təzə açılması ilə əlaqədar görüşə çox uşaqları gətirə bilmədik. Ona görə də şairdən üzrxahlıq edirik. Amma söz veririk ki, növbəti il vətənə gəlişində şairlə keçirəcəyimiz görüş yalnız uşaqların iştirakı ilə olacaq. Bir daha Simax Şeydaya can sağlığı, uzun ömür və uşaqlar üçün yeni-yeni şeirlər yazmasını arzulayırıq”.
Bununla da uşaqların sevimli şairi Simax Şeyda ilə F.B.Köçərli adına uşaq kitabxanasında keçirilən görüş başa çatdı. İnanırıq ki, bu görüşlərin özü də gələcəkdə şairin yaradıcılığında yeni-yeni şeirlərə çevriləcək. Biz də qəzetimiz adından Simax Şeydaya uzaq Almaniyada yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2012.-
22 sentyabr.- S.14.