Məmmədli... Məmmədsiz dünya...

 

Sabah - 28 sentyabr tanınmış jurnalist Məmməd Nazimoğlunun doğum günüdür. Onun doğum günü ərəfəsində "Elimiz. Günümüz" qəzeti Giya Paçxataşvilinin "Məmmədli... Məmmədsiz dünya..." yazısını dərc edib. "Təzadlar" həmin yazını təqdim edir. Beşinci ildi ki, həqiqi jurnalistika, onun satirik qanadı yetim qalıb... Oxucular "Çayçı Məhəmməd"in, televiziya tamaşaçıları isə "Kosmos Məmməd"in həsrətindədirlər.

Beşinci ildi ki, dostları Məmmədsiz dünyanı özlərinə dərd eləsələr də, nə "Məmməd Nazimoğlu adına gənc jurnalistlər üçün təqaüd", nə də "Məmməd Nazimoğlu adına Söz Azadlığını Müdafiə Fondu" mövcuddur(!?)...

Məmməd Nazimoğlu 1959-cu il sentyabr ayının 28-də gəlmişdi bu fani dünyaya... Beşinci  ildi ki, payız Məmmədsiz gəlib keçir... Və bu acı həqiqət payızla "birləşərək" qəlbimizə sərinlik əvəzinə, bir üşütmə, bir sızıltı, mən deyərdim ki, bir tənhalıq gətirir... Məmməd bizləri naxələf zamanla üz-üzə qoyaraq vaxtsız köç etdi haqq dünyasına...

Beşinci ildi ki, Məmməd Nazimoğlu "arxivinin" müdiri Ellada Umudlu, onun bir-birindən dəyanətli övladları Orxan, Araz, Aruz bu itkini ürək ağrısı kimi özləriylə daşıyır... Gileylənmədən, bir kimsədən (haqları olsa da - G.P) umu- küsü etmədən...

Hərbi jurnalistikada öz yolu, öz üslubu ilə yadda qalan, Azərbaycan Dövlət Televiziyasında (indiki AzTV QSC - G.P.) 14 il "Səngər" müəllif proqramının aparıcısı olan, Məmməddən sonra Məmməd Nazimoğlunun balalarının yeganə  həyanı, mənim də, Fikrət Mursaqulovun da qız qardaşımızın - Ellada Umudlunun bu gün durumu necədir, onu narahat edən hansı qayğıları var? Bunlara aydınlıq gətirmək üçün onun yerinə getdim. Oturub bacı-qardaş dərdləşdik...

"Dünya itirdiklərimdən əvvəl daha gözəl idi..."

- Axır ki, payız da gəldi. İnsanlar da, şəhər istidən, bürküdən qurtulub rahat nəfəs aldı. Şairlərin əksəriyyətinin sevdiyi payızda Ellada xanım özünü necə hiss edir?

- Payız fəsil kimi gözəldi. Amma ən böyük itkilərim payızda olub deyə, mən payızdan qorxuram. 1986-cı ildə, sentyabrın 23-də qardaşımın toyu vaxtı insult 54 yaşlı atamı apardı. Qardaşıma toy qismət olmadı. Atamın "qırx"ını verəndən üç gün sonra gedib gəlinimizi səssiz-səmirsiz gətirdik evimizə. 2001-cı il oktyabrın 11-də infarkt anamı bizdən qopardı. Toyu çalınmayan qardaşımı da  49 yaşında, ötən il oktyabrın 4-də torpağa tapşırdıq. İli çıxmayıb hələ...

2008-in payızı o qara yayın cırhacırında, iyulun 5-də, Məmmədin işıqlı dünyadakı son günündə haqladı bizi... "Qırx" çıxana kimi hər gün yağış, külək, fırtına... Təbiət bizə qoşulub ağlayırdı elə bil...

Məmmədsiz gələn ilk ad gününü oğullarımızla birgə (Bakıdan çıxanda Əsli Xəlilqızı da öz istəyi ilə bizə qoşuldu - sağ olsun.) Ağdaşda, onun məzarı başında qarşıladıq. Narın yağış yağırdı. Məmməd yaman üşüyən idi. İndi bu həzin yağış onun üstünə yağırdı. Bir-bir ciyərparalarımın üzünə baxdım. "Mən ayaqda durmalıyam, ölümün acığına, bizi, ailəmizi çəkməyənlərin acığına..." - düşündüm.

isə, Givi, bu söhbəti bədbin notlarla davam etdirmək istəməsəm , gerçəklikdən qaça bilmirəm. Yəni mənim üçün dünya itirdiklərimdən əvvəl daha gözəl idi. Onlar da getdi, o gözəllik ...

- Əsl jurnalistikadan söhbət düşəndə, dərhal Məmməd Nazimoğlu gəlir gözüm önünə. Siz Məmmədlə həm qrup yoldaşı olmusuz. Peşəkar jurnalist Ellada Umudlu rəhmətlik həmkarı, tələbəlik dostu barədə nələri demək istərdi?

- Məmməd birinci kursun elə ilk aylarında yazdıqları ilə sübut etdi ki, o,  hamımızdan fərqlənir. Bunu onun hər misrasında, hər məqaləsində görüb etiraf edirdik. Fakültənin divar qəzeti olan "Molla Nəsrəddin"in hazırlanması tezliklə Məmmədə həvalə edildi. Bir dəfə müəllimlərimizdən biri tapşırıq verdi ki, hərəmiz bir-iki cümlə yazaq, o da baxıb görsün, kim az sözlə daha böyük məna ifadə edə bilir. Hərəmiz bir şey yazdıq. Məmməd cəmi bir neçə kəlməni təkrar işlətməklə, müəllimin tərifini qazandı.

- yazmışdı , elə?

- İlk baxışda gülməli görünən bir neçə adi söz: "Elə demə, elə demə, belə de Belə demə, belə demə, elə de... Onu demə, onu demə, bunu de Bunu demə, bunu demə, onu de..."

Ümumiyyətlə, Məmməd üçün yazmaq problemi yox idi. O, davranışı, daxili mədəniyyəti, qələmi ilə təpədən dırnağacan peşəkar jurnalist idi

- "Xalq qəzeti", "Mentalitet", "Aydınlıq", "Şans", "Ulus" qəzetlərində çalışan Məmməd Nazimoğlu bir çox qələm dostunu çörək yiyəsi edib. Görəsən, bunun müqabilində o dostlar Məmmədə dəyər verə biliblərmi?

- Bir neçə nəfəri istisna etsək, xeyr! Məmməd 1995-ci ilin sentyabrında cənab Heydər Əliyevin tövsiyəsi ilə "Xalq qəzeti"nə birinci müavin təyin edildi. Orada işə başladığı ilk gündən o, öz qələm dostlarını bir-bir kollektivə topladı, onları cəmiyyətə tanıtdı... İndi adını çəkib şərəfə mindirmək istəmirəm, o dostlardan bir neçə ədədi Məmmədin bir vergülü çəkisində olmasa belə, onun kölgəsində pöhrələnib ad-san qazandı. Yaşca kimisi Məmməddən kiçik, kimisi böyük olan o bəzi "dostlar" sağlığında Məmməd Nazimoğlu zirvəsinə çata bilmədiklərindən, ölümündən sonra Məmmədin ruhuyla alverə başladılar. Belə olmasaydı, Məmmədin üç oğlunun, həmkarı üç övladının anası - Ellada Umudlunun rəyi nəzərə alınmadan Məmməd Nazimoğluna həsr olunmuş "xatirələr" kitabında hər səfsəfə yazana hər səfsəfə yazıya yer verilməzdi. Məmmədin mötəbər nüfuzlu dostlarından biri uşaqlarıma toxtaqlıq verərək dedi ki, belə şeyləri dərd eləməyin - sürü geri dönəndə həmişə axsaqlar qabağa düşür, neyləsinlər o yazıqlar, kitabda Məmməd haqqında səmimi yazan bir çox dəyərli jurnalistin sırasında o zavallılar da öz adlarını jurnalist kimi görmək  istəyiblər... İlham Abbasov da humanist, ziyalı adamdı, üzü gəlməyib onlara "yox" desin...

- Bu bir danılmaz həqiqət idi ki, Məmməd Fikrət Mursaqulovun yanına gələndə, Fikrət hiss edirdi ki, Məmməd şairdir, jurnalistdir dostcanlı insandır. Mübaliğəsiz deyə bilərəm ki, Fikrət sağ olsaydı Məmmədin ölüm xəbərini eşitsəydi, həmin an ürəyi partlayardı... Fikrəti yada salan, yaşadan o idi - Məmməd!

- Doğrudur, Givi. Fikrət Məmməd üçün, mənim üçün çox dəyərli İNSAN idi. Onun ölüm xəbərini bizə Qulu Kəngərli gətirdi o zaman. Məmməd , mən xəbərin amansızlığından donub qaldıq. Biz dost itkisini Fikrətin ölümündə hiss etdik. O, ikimizin dostumuz olan yeganə jurnalistdi ki, onun barəsində mənim silsilə yazılarım var. "Fikrət Mursaqulov - 50" xüsusi buraxılışındakı yazımı "Geopolitika" qəzeti dərc etmişdi. Qəzetin təsisçisi, keçmiş ədliyyə naziri İlyas İsmayılov Fikrət haqqında yazımdan təsirlənərək, məni tanımadan, nömrəmi tapıb telefon açmış o yazıya görə oxucu kimi razılığını bildirmişdi... Bilirsinizmi, Fikrət mənim üçün solmaz bir insanlıq obrazıdır.

İndi ki... Məmmədsizlik... özümdən neçə yaş kiçik qardaşımın son səfəri...

...Bu itkilərdən sonra daha o Ellada Umudlu sanki yoxdu. Var olan Ellada Məmməd Nazimoğlunun balalarının - Orxanın, Arazın Aruzun anasıdı... Ovundurmağa məhkum olduğum daha dörd körpənin bibisidi... İnsan bəzən öz ömründən kənarda mövcud olur. Günlər məndən yan keçir. Bu dəhşətli bir hissdi, Givi. Adam özünü reallığa inandırsa ki, bu gedişlər əbədi ayrılıqdı, zaman dayanar.

- Məmməd Nazimoğlunun övladları onun ruhunu şad edə bilirlərmi?

- Əlbəttə! Məmməddən sonra Ağdaşa gedib qaynatamı ğətirdik Bakiya - evimizə. Yay idi. Uşaqlar babalarından aralanmırdılar. Hər gün üzünü təraş edib, yuyundurub-geyindirib havaya çıxarırdılar. Məni çağıranda "ay oğul" deyirdi. Onda ürəyim şan-şan olurdu. Həzi Həsənli o dərdi elə dəqiq ifadə edib ki... "Oğullar atadan əvvəl, ölməz, başına dönüm."

Məmməd özü 20 yaşında hansı mərtəbədə idisə, onun uşaqları 10 yaşında artıq o mərtəbədə olublar. Məmmədin atası Nazim kişi uzun illər partkom işləmişdi, öz işində sədaqətli, ciddi tələbkar bir insan olmuşdu. Məmməd hansı işdə çalışırsa-çalışsın, atası kimi öz işinə çox məsuliyyətlə, ləyaqətlə yanaşardı. Əgər Məmməd partkom Nazim kişinin oğlu idisə, Orxan, Araz Aruz ünlü jurnalist Məmməd Nazimoglunun oğullarıdır. Ellada Umudlunun Məmməd Nazimoğlunun tərbiyə etdiyi övladlar atdıqları hər addımda daim Məmmədin  ruhunu şad edirlər... Hər üçü universitet bitirib, ssenaristdirlər.

 

(Ardı var)

 

 

Giya Paçxataşvili

 

Təzadlar.- 2012.- 27 sentyabr.- S.15.