Məmmədli...
Məmmədsiz dünya...
Sentyabrın
28-də tanınmış jurnalist Məmməd Nazimoğlunun
doğum günü idi. Onun doğum günü ərəfəsində
“Elimiz. Günümüz” qəzeti Giya Paçxataşvilinin
“Məmmədli... Məmmədsiz dünya...”
yazısını dərc edib. “Təzadlar” həmin
yazını təqdim edir.
(Əvvəli
ötən sayda)
Məmməd Nazimoğlu olduğu
kimi
- Məmməd
Nazimoğluna həsr edilmiş “Mənim bir dostum vardı “
kitabında ailənizdən
heç kimin yazısına rast gəlmədim. Nədən?
- Təbii
ki, Məmmədin dostu İlham Abbasovun amacı o kitabı Məmmədin nakam ömrünə bir ehtiram
nümunəsi kimi ərsəyə gətirmək olub. Buna ilk
baxışdan da şübhə etməmişik. Amma... səmimi
Məmmədsevərlərin xatirələri ilə
yanaşı, bəzi sayıqlamaçılara da o kitabda yer
ayrılması Məmmədin ruhuna
hörmətsizlikdən başqa bir şey deyildi. Məmmədin
can çəkişdirdiyi anların görüntülərini
əks etdirən bəzi fotoşəkilin da kitabda dönə-dönə
göstərilməsinə lüzum yox idi. Məmmədsiz
ötən illərdə onun xatirəsinə ünvanlanan ən
içdən gələn yazı İlhamın builki
yazısıdı... Amma, İlham, xətrinə dəyməsin,
sənə “əmi” , “dayı” deyən balalarımı əmək
sərf etdiyin o kitab ovundurmadı, malisəf...
- Mən
eşitdim Məmmədin çap olunmuş və
olunmamış bütün yazılarını bir yerə
toplayıb nəşr etdirmək fikrindəsiniz.
-
Düz eşitmisən. Məmmədin çap olunmamış
çox sayda şeirləri, məqalələri qalıb ki, mənim
arxivimdədi. İnşallah, istərdim ki, bu kitabın da nəşrində
İlham Abbasov yaxından iştirak etsin və əminəm
ki, gələcək kitabların səhifələrindən Məmməd
olduğu kimi boy göstərəcək oxucularına...
-
Çətin olsa da, bu sualın cavabını eşitmək
istəyirəm. Məmmədin son anları...
-
Givi, sən eşitmişdin də, mən iki ilə yaxın
çarpayı dustağı oldum. Hətta qrup
yoldaşlarımızdan Cavid mənə vaxtilə anasına
aldığı iki qoltuqağacı gətirdi. “Ürəyini
sıxma - dedi, anam da bir müddət bunlarla yeridi, sonra
özü sağaldı, sən də sağalacaqsan”. 412
gün qardaşlarımın, onların ailə üzvlərinin
himayəsinə sığındım. Məmməd ən
çox o dönəmdə bəzi “yeyib-içən”
dostları ılə daha sıx vaxt keçirdi. Və
bütün bunlar onun səhhətinin əleyhinə işlədi.
Şəkər xəstəliyi də belədir ki,
etinasızlığı bağışlamır.
Sualının
cavabına gəlincə, Məmməd koma vəziyyətində
olanda - 2008-ci ilin 4 iyulunda 4 nömrəli şəhər xəstəxanasının
həyətində bir izdiham vardı. Orada olan qohumlarım da,
Məmmədi istəyən dostları da - hamı onun həyata
dönməsi üçün dua edirdi. Üç
uşağımla mən son dəqiqəsinə kimi
reanimasiyada Məmmədin
yanında olduq. Arada ani olaraq ayılanda bizi tanıyır, həkimin
və bizim dediyimizə reaksiya verirdi. Son dəqiqələrində
demək olar ki, tamamilə ayıldı, huşu özünə
qayıtdi, işarə ilə su istədi. Limonlu suyu
dodağına sürtdüm. Çətinliklə udqundu.
Sağında mən idim, solunda Orxan. Arazla Aruz bizdən arxada
dayanmışdı. O, gözlərini açdı,
baxışlarını suallı-suallı mənimlə
Orxanın üzünə dikdi. Tez-tez, kəsik-kəsik “az...
az...” dedi. Arazı gözünün qabağına
keçirtdim. Uşaq göz
yaşları içində atasını öpdü. Bir
neçə saniyə sonra Məmməd yenə
yarımçıq hecaları tələsə-tələsə
dedi. Huşu başinda idi. Bu dəfə də sonbeşiyimizi
istəyirmiş... Aruz atasına sarı əyilib onun
alnından öpdu, “burdayam e, papa” deyəndə Məmmədin
hər iki gözündən iri yaş gilələri
qulağına doğru süzüldü. Bu anlar onun
işıqlı dunyayla son vida dəqiqələri idi.
Doymadığı, toylarını görmədiyi
balalarının surətini gözlərinə hopdurub
dönüşü olmayan son səfərinə qoşdu...
Sonra biz onu Tusi xəstəxanasına da apardıq. Amma
artıq o, ölüm köhləninin belindəydi. Yeri gəlmişkən,
ən böyük ağ yalan Məmməd dünyasını
dəyişən günü ayaq tutdu yeridi: güya, Məmməd
vəsiyyət edibmiş ki, rayonda dəfn olunsun. Hələ
1986-cı ildə atamı öz kəndimizə aparanda Məmməd
mənə demişdi ki, hamınız rayondasınız, niyə
o ucqar kəndə apardınız kişini? Qəbir də qərib
olur. İndi bu gün Məmmədin öz məzarı o
qonşu kəndin qəbiristanlığında qəribdi...
Kim ziyarət edir Məmmədi?
Mən, övladlarım... bir də Axund Cəfər hərdən İlqarın, Səmədin,
Cumayevin Məmmədi ziyarət etdiklərini deyir. İndi
Givi... illərin keçməyinə baxma ey, nə anlar
keçir, nə də anılar...
Bizim bir dostumuz var...
Diktofonu
söndürüb sağollaşdım Ellada xanımla.
İllərin, dərdlərin bolluğunda həmişəki nikbinliyindən
əsər-əlamət qalmamış bu xanım-xatın
bacım səmimiyyətini itirmədən,
çiynini əzən vəzifələri kimsəyə
şikayət etmədən daşıyır, Məmməd
Nazimoğlunun işıqlı obrazını yaşadır.
Ellada xanımla sağollaşandan sonra xatirələr məni
dağdan arana, arandan dağa apardı. Qəzet səhifələrinə
düşən və düşməyən etiraflardan
işıqlı surəti boylanan, ölümü
dostlarının tostları hesabına bir az da tezləşən
Məmməd Nazimoğlunun obrazı gəldi xəyalıma. O
Məmməd ki, bəzi nankorlar, Məmmədin sayəsində
evinə çörək aparanlar onun xatirəsini də,
övladlarını da bu beş ildə bir yol yada
salmayıblar. Sağlığinda Məmməd Nazimoğlunun
öz imzası ilə şərəfləndirdiyi Azərbaycan
mediası isə Məmmədi çox tez unutdu.
Mən
- sağlığında Məmmədin “Gürcü
balası - Givi bəy” çağırdığı dostu
kimi deyirəm: bizim bir dostumuz var - Məmməd Nazimoğlu. O,
yaşayır... balalarının qazandığı halal
çörəkdə, əsl dostlarının qəlbində,
xanımı Ellada bacımızın dəyanətində.
Bizim
Məmməd adında əbədiyaşar bir dostumuz var və
həmişə də var olacaq... Çünki biz varıq. Gəlin,
heç olmasa, qalan ömrümüzü Məmməd
Nazimoğlu kimi yaşayaq - humanist, xeyirxah, alicənab.
Gün
gələcək, Məmməd Nazimoğluna həsr
olunmuş neçə-neçə kitablar işıq
üzü görəcək. Və biz fəxarətlə,
Fikrət Mursaqulovsayağı deyəcəyik: xoş
gördük, a Məmməd, xoş gördük!!!
Giya Paçxataşvili
Təzadlar.- 2012.- 29 sentyabr.- S.15.