Azərbaycanın
xaricdəki canlı ensiklopediyası
Simax Şeyda: "Əgər indiyə
qədər 10-12 cərrahiyyə əməliyyatından
salamat çıxmışamsa, deməli, Allahın əli həmişə
üstümdədir"
Simax Şeyda adı oxucularımıza artıq tanışdır. Dağ yahudisi olan bu gözəl şair son 20 ildir ki, səhhəti ilə əlaqədar Almaniyada yaşamağa məcbur olub. Hər il vətəni Azərbaycana gəlməsə, rahat ola bilmir. Bir-birindən maraqlı uşaq şeirləri yazan Simax Şeyda artıq uşaqlar üçün 6-dan çox kitabın mülləlifidir. Ümumiyyətlə isə, şair indiyə qədər 20-dən çox kitab çap elətdirib. Uşaqlar üçün həm şeirlər, həm də mənzum pyeslər müəllifi olan Simax Şeyda onları həmişə çox sevib. Onun hamımızın uşaq vaxtı həvəslə oxuyub, öyrəndiyimiz “Tülkü-tülkü tünbəki” şeirini genişləndirib bu adda uşaqlar üçün mənzum pyes yazması da uşaqlara olan sonsuz məhəbbətidir. Elə budəfəki gəlişində qəzetimizin təşəbbüsü və informasiya dəstəyi ilə F.B.Köçərli adına uşaq kitabxanasında keçirilən görüş də şairin uşaqlara yeni bir töhfəsi idi. Çox maraqlı keçən görüşdən sonra, 76 yaşı olmasına baxmayaraq, hələ də xeyli gumrah görünən şairi redaksiyamıza dəvət edib müsahibə götürmək istədik. Dəvətimizi qəbul edib, redaksiyamıza təşrif buyuran Simax Şeyda ilə çox maraqlı söhbətimiz alındı. İnanıram ki, söhbətimiz həm balacalar, həm də böyüklər üçün maraqlı olacaq.
- Simax müəllim, sizi doğma vətəndə salamlamaq yenə bizə xoşdur. Necə deyərlər, həmişə vətəndə. Artıq bir neçə gündür doğulub, boya-başa çatdığınız Azərbaycandasınız. Maraqlıdır, nə kimi hisslər keçirir şair?
- Çox sağ olun ki, mənə diqqət göstərirsiniz. Doğurdan da Azərbaycanda, onun paytaxtı Bakıda olmaq mənə səadətdir. Mən özümü burada çox sərbəst hiss edirəm. Almaniyada elə bilirəm məhbəsdəyəm. Amma burada özümü sanki azadlıqda sanıram. Çünki mən bu torpaqda doğulmuşam, bu torpağın suyunu içib, çörəyini yemişəm, burada şair olmuşam və bu torpaqda özümə çoxlu dost-tanışlar qazanmışam. Hər dəfə təyyarə Bakıya yaxınlaşanda, mən də qol-qanad açıram, vətənə tez çatmağa tələsirəm. Artıq bir neçə gündür ki, burdayam və çox rahatam.
- Doğurdan da, vətənin şirinliyini sizin kimi qürbətdə yaşayan daha yaxşı bilər. Çox sağ olun ki, vətən həsrətli bu xoş hissləri bizimlə bölüşürsünüz. Amma bir məsələ məni yaman düşündürür. Sizin ötən il 75 yaşınız həm Azərbaycanda, həm Amerikada, həm də İsraildə təntənə ilə qeyd olundu. Adətən, insan yaşlaşdıqca elə bil yorulur, bəzən həvəsdən düşür. Amma sizdə isə əksinədir. Çünki siz elə böyük bir enerji ilə işləyirsiniz ki, adam sizə baxıb həyata yenidən vurulur. Haradan alırsınız bu qədər gücü, enerjini?
- Mən özümü həmişə gumrah hiss edirəm. Baxmayaraq ki, səhhətimlə əlaqədar çoxsaylı cərrahiyyə əməliyyatları keçirmişəm. Amma heç vaxt ruhdan düşməmişəm. Mənə belə gücü, enerjini verən birinci Allahdır. Əgər indiyə qədər 10-12 cərrahiyyə əməliyyatından salamat çıxmışamsa, deməli, Allahın əli həmişə üstümdədir. Mən Allahıma çox minnətdaram. Sizin qeyd etdiyiniz kimi, ötən il 75 yaşım Qubada, Bakıda, Tel-Əvivdə və Nyu-Yorkda qeyd olundu. Şairə nə lazımdır? Onun yaradıcılığına qiymətin verilməsi. Bunu da ki, həm Azərbaycan dövlətindən,həm də xaricdəki qələm sahiblərindən həmişə görürəm. Ona görə hər gün böyük enerji ilə yazıram, yaradıram.
- Söhbət özü gəlib növbəti verəcəyim suala çıxdı. Siz gecə və gündüz, böyük bir coşqu, böyük bir həvəslə yazırsınız. Bildiyimiz kimi, hər bir şairin arzusu yazdıqlarının kitab kimi dərc edilməsidir. Bəzən bir şair illərlə 1-2 kitab çıxara bilmir. Amma siz, maşallah olsun, ildə bir kitab çap etdirirsiniz. Bundan əlavə, Azərbaycanda baş verən bir çox hadisələri diqqətlə izləyirsiniz, onlara şeirlər həsr edirsiniz və s. Bütün bunları siz axı necə çatdırırsınız?
- Bildiyimiz kimi, bunun da səbəbkarı qürbətdə yaşamağımdır. Orada, yəni yaşadığım Münhendə Azərbaycan dilində danışan dost-tanış yoxdur ki, darıxanda onlarla söhbətləşim, bir az başım qarışsın. İsraildə olanda yenə bir az yaxşı idi. Çünki orada bir bağ var idi, Azərbaycandan gedən xeyli söz, sənət adamları o bağa yığışırdı və biri-birimizlə dərdləşirdik. Təbii ki, Azərbaycan dilində. Münhendə isə belə imkan olmadığına görə yazmağa güc verirəm. Uşaqlar, vətən haqqında müxtəlif şeirlər yazanda elə bil gedib Azərbaycanı gəzib, gəlirəm. Ona görə də yorulmadan işləyirəm ki, vətən həsrətini bir az da olsa, unuda bilim. Nəticədə yeni-yeni şeirlər yaranır ki, bu da dostların sayəsində müxtəlif qəzet və jurnallarda, həmçinin sizin köməkliyinizlə “Təzadlar”da, “Respublika gəncləri”ndə çap olunur. Sonra bunları yığıb kitab halına salıram. Beləcə özümə iş tapıram və darıxmağa vaxt qalmır. Mən yazanda elə bil ruh gəlir, cavanlaşıram, onda bir az da artıq enerji ilə yazıram. Bu yazıları da təbii ki hər Bakıya gələndə yığıb bir kitab halına salaram. Bu dəfəki gəlişimdə isə 2 kitab hazırlandı. Biri, “Qürbətdən gələn səslər” artıq çap olunub, o biri isə nəşriyyatda hələ çap ərəfəsindədir. Tezliklə yəqin ki, çap olunacaq. Daha nə deyim?
- Simax müəllim, sizi uşaq şeirlərinin müəllifi kimi tanıyırıq. Düzdür, vətən, dostlar, xeyirxah, məşhur insanlar haqqında da şeirləriniz var. Amma ən çox uşaqlar üçün yazırsınız. Sizi uşaqlara bu qədər bağlayan hansı hissdir?
- Bu çox gözəl sualdır. Bu haqda çox geniş və əhatəli danışmaq olar. Ancaq qısa şəkildə belə deyə bilərəm. Mən hələ 6-cı sinifdə oxuyarkən ədəbiyyatı çox sevirdim. Ədəbiyyat müəllimi öyrənmək üçün şagirdlərə verdiyi şeiri həmişə birinci məndən soruşurdu. Mən də şeiri çox tez əzbərləyirdim və şeir söyləməyimi də hamı bəyənirdi. Mənim şeir söyləməyimi müəllimimiz həmişə tərifləyərdi. Mən də bundan ruhlanıb həm ədəbiyyata daha çox bağlanırdım, həm də ara-sıra şeirlər yazırdım. Bir gün mənə dedilər ki, Yazıçılar Birliyinin Gəncədə filialı var, get şeirlərini orada oxu. Getdim və orada gördüm ki, çox istedadlı bir şair oturub. Bu Müzəffər Piriyev idi. Özü də II dünya müharibəsində iştirak etmişdi. Mikayıl Müşfiqi başdan-ayağa əzbər bilirdi. Hansı ki, o dövrdə bu nakam şairin adını çəkmək qadağan idi. Mənə Mikayıl Müşfiqə də məhəbbəti Müzəffər Piriyev yaratdı. Bir gün mən də orada “Geniş düzlər” şeirini oxudum. Dedilər sənin bu şeirin uşaq psixologiyasına yaxındır və sən uşaq şeirləri yaza bilərsən. Mən də məsləhətə qulaq asıb, bir neçə uşaq şeiri yazdım. Bunun da səbəbi o vaxt Gəncədə yaşadığım evin yanında bir uşaq bağçasının olması idi. Mən hər gün orada uşaqların bütün hərəkətlərini izləyirdim. Yıxılmağını, durmağını, bir-biri ilə dalaşmağını, ağlamağını, gülməyini, sevinməyini, oynamağını hər gün müşahidə edirdim. Bəlkə də buna görə yazdığım uşaq şeirləri filialda bəyənilirdi. Sonra mən beləcə uşaq şeirləri yazmağa başladım və onlar o dövrün uşaq qəzet və jurnallarında “Azərbaycan pioneri” qəzetində, “Göyərçin” jurnalında çap olunurdu. Bu münvalla bir də gözümü açıb, gördüm ki, çoxlu uşaq şeirləri yazmışam və hamı məni artıq uşaq şeirlərinin müəllifi kimi tanıyır. Elə o vaxtdan da mən uşaqları sevməyə başlamışam. Bu gün mən bu gül balalara artıq 6-dan çox kitab hədiyyə etmişəm. Birinci kitabım olan “Təyyarə” 1961-ci ildə çıxıb, sonra “Mən balaca kosmanavtam”, daha sonra “Yaxşı qız”, “Tülkü-tülkü tünbəki”, “Nəğməli meşə” və s. kitablarım işıq üzü görüb.
- Bildiyimiz kimi, hər bir yaradıcı insanın bir şah əsəri, həyata vəsiqə verən sanki pasportu sayılan bir işi olur. Sizin də “Tülkü-tülkü tünbəki” şeirinizi pasportunuz saymaq olar. Çox az adam bu şeirin müəllifinin kim olduğunu bilməsə də, amma şeiri mütləq oxuyub və tanış olub. Mümkünsə deyin, necə yarandı bu və ya digər belə məşhur şeirləriniz?
- Bilirsiniz mən, heyvanlar, quşlar haqqında çoxlu kitablar oxumuşdum. Ona görə də “Tülkü-tülkü tünbəki” şeirini yazdım və gördüm ki, çox maraqla qarşılandı. Hara gedirdimsə, bu şeiri söyləməyimi xahiş edirdilər. Bundan ruhlanıb “Bir xoruzum var” şeirini yazdım. Zaqataladan bir musiqi müəllimi ona musiqi də bəstələyib. Onu Gəncədə mənə də gətirmişdi. Həmin vaxt “Göyərçin” jurnalının baş redaktoru Yusif Əzimzadə Gəncəyə gəlmişdi. Mən də mahnının notlarını verdim ona ki, tanış olsun. Üstündən bir ay keçəndən sonra bir də gördüm, “Bir xoruzum var” mahnısını uşaqlar televizorda oxuyurlar. Uzun müddət o mahnı uşaqların dilindən radio və televiziyada səslənmişdi. İndi həmin mahnı radionun qızıl fondunda saxlanılır. Sonra gözəl bəstəkarımız Oktay Zülfüqarov mənim bir çox şeirlərimə musiqilər bəstələyib.
- Bunlar hamısı çox gözəl. Amma “Tülkü-tülkü tünbəki” şeiriniz çox populyar oldu. Sonralar bunu bir az da genişləndirib, bu adda mənzum bir pyes də yazdınız. Bəs bu “Tülkü-tülkü tünbəki” pyesiniz necə yarandı?
- Mən tülkülər haqqında biliyimi bir az da artırdım. Onların yaşayış tərzinə bir az da yaxından bələd oldum və gördüm ki, bu haqda uşaqlar üçün daha geniş əsər yaza bilərəm. Ona görə də “Tülkü-tülkü tünbəki” mənzum pyesini yazdım. Uşaqlar üçün indiyə qədər 6 pyes yazmışam, hamısı da mənzum janrdadır.
- Heyvanlardan söhbət düşmüşkən, növbədən kənar bir sual yarandı. Şairlərin çoxsu alleqorik şeirlər yazıblar. Sizdə də belə şeirlər varmı?
- Bəli var. Mənim
“Gözəllik dostları” mənzum pyesim
alleqorik janrdadır. Bunu
kukla teatrı və bir
çox teatrlar tamaşaya qoyublar və uşaqlar tərəfindən çox
maraqla qarşılanıb. Bu janrda bir neçə şeirim də var. Bunlar hamısı çıxan kitablarımda
var.
- Maraqlıdır ki, son iki ildə uşaqlar
üçün dalbadal
2 kitabınız çıxıb.
Bu barədə də
bir az
məlumat verməyiniz
yaxşı olardı
ki, görək, bu kitablar necə
yarandı?
- Düz deyirsiniz. 2010-cu ildə “Yoxdur
belə nənədən”,
2011-ci ildə isə
“Qızım qızlar
içində” kitablarım
nəşr olunub.
Bu o deməkdir ki, mənim gənc yaşlarından uşaqlara olan sevgim hələ tükənməyib. Əksinə,
bir az
da artıb. Çünki indi mən özüm də babayam. Xeyli nəvələrim və nəticələrim
var. Uşaqların hamısını
öz nəvələrim
kimi sevirəm. Elə bu sevgidən doğan şeirləri toplayıb son illər 2 kitab çap elətdirdim. “Qızım
qızlar içində”
şeirinin yaranmasının
kiçik bir tarixçəsi var. Gəncədə
olarkən Atif Zeynallanın qızı Səyyarə xanım mən dedi ki,
ay Simax müəllim,
sizin uşaq şeirlərinizi oxuyuram və çox xoşuma gəlir. İstəyirəm siz el arasında
çox işlənən
“qızım qızlar
içində” sözlərinə
bir şeir yazasınız. Bu sözlər çox xoşuma gəldi və sonralar mən bu haqda
bir şeir yazdım. Elə uşaqlar üçün
yazdığım sonuncu
kitabıma da bu adı qoydum.
Beləliklə o şeirin yaranması
bu kitabın araya, ərsəyə gəlməsinə səbəb
oldu.
- Simax müəllim elə adını çəkdiyiniz son 2 kitabınıza
diqqət yetirəndə
görürük ki, siz xalqımızın üzləşdiyi Qarabağ
problemini uşaqlara elə sadə, elə asan sözlərlə
çatdırırsınız ki, doğrudan da adam məəttəl
qalır. Məsələn,
“Azad edək”, “Apar məni” və s. kimi şeirləriniz bu qəbildəndir. Uşaqlara bu boyda problemi çox sadə dildə çatdırmağa
necə nail olursunuz?
(Davamı var)
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2012.- 29 sentyabr.- S.7.