"Azərbaycanla Türkiyənin
arasına girən özü-özünün
əleyhinə getmiş olur"
Əkbər Qoşalı: "O qərar
istər ermənicə yazılsın, istər fransızca, ən
yumşaq ifadə ilə desək,
atılan kağız parçası olacaq,
zamanın rüzgarı ilə sovrulacaq"
Dünya Türk Gənc Yazarlar Birliyinin (DTGYB) başqanı,
tanınmış şair-yazar Əkbər
Qoşalının "Təzadlar"a müsahibəsi
- Əkbər
bəy, 2011-ci il artıq arxada
qaldı. Ötən
il istər qurumunuzun,
istərsə də şəxsi fəaliyyətinizlə
bağlı hansı əlamətdar hadisələrlə yadda qalacaq.
İştirakçısı olduğum -
1-4 dekabr 2011-ci il
tarixdə qardaş Türkiyənin Ərzurum
şəhərində düzənlənmiş "Müstəqilliyinin
20-ci ilində Azərbaycan-Türkiyə münasibətləri" konfransı və
"Ərzurum Azərbaycan şair-ozanlar
gecəsi" haqqında oxucularımıza bilgi
verməyinizi xahiş edirəm.
- Ərzurum
konfransı Azərbaycan və Türkiyə parlamentarilərinin
iştirak etdiyi
mötəbər bir tədbir idi. EkoAvrasya, Əziziyyə Bələdiyyəsi və Avrasya Sivil Toplum
Quruluşları Birliyinin ortaq
səyləri və Azərbaycan tərəfdən bizim tərəfdaşlığımız
sayəsində gerçəkləşmiş bu
konfrans və Əziziyyə Bələdiyyəsi
ilə DGTYB-nin ortaq
layihəsi olan şair
və ozanlar gecəsi hesab
edirəm iştirakçıların çoxunun
yaddaşında 2011-ci ilin ən əlamətdar
hadisələrindən biri kimi qalacaq. Sözükeçən
tədbirə qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu
göndərməsi; iqtidar
partiyasının baş katibi
Haluk İpəyin, digər 4 millət vəkilinin,
üçü Ankaradan
olmaqla 5 bələdiyyə
başqanının iştirakı; Azərbaycan
tərəfdən 20 nəfərlik nümayəndə heyətinin,
o cümlədən Milli
Məclisin komitə sədri, Azərbaycan-Türkiyə
Parlamentlərarası Dostluq Qrupunun sədri, Atatürk
Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, Azərbaycan-Türkiyə
Parlamentlərarası Dostluq Qrupunun və AŞPA-dakı parlament nümayəndə heyətimizin üzvü Qənirə Paşayevanın, Qars konsulumuz Ayxan Süleymanovun
iştirakı, çıxışı təşkilatçı
qurumlara bəslənən etimadın,
sayğının göstəricisi idi, -
deyə düşünürəm. Bununla belə, heç şübhəsiz, hər birimizin üzərində "bir
millət, iki dövlət"in mənsubu
olmanın şərəf və məsuliyyəti vardı. Konfrans və şair-ozanlar
gecəsi barədə təşkilatçı qurumların
saytlarında, digər mətbu orqanlarda bilgi verildiyi, müvafiq foto və video materiallar
yayımlandığı üçün
təkrarçılıq etməmək istərdim. Yalnız onu deyim
ki, gərgin çalışmalar
sonrası böyük bir
tədbiri keçirə bildiyimiz üçün çox
məmnunam. Ərzurumda tarix
yazıldı. İstərdim əməyi keçən hər
kəsə, şəxsən EkoAvrasyanın başqanı Hikmət
Ərənə, Əziziyyə Bələdiyyəsinin
başqanı Fatih çingizə, "Avrasiya Sivil Toplum Quruluşları Birliyi"nin başqanı, millət vəkili
İsmayıl Safiyə bir daha
təşəkkürlərimizi yetirim.
Müzakirə
olunan məsələlərə gəlincə,
deyim ki, öncədən
tərtib olunmuş proqrama
uyğun olaraq siyasi, iqtisadi və mədəni
bloklarda cəm olmaqla üç istiqamət üzrə edilən məruzələrdə
iki qardaş ölkə
arasındakı münasibətlərin dünəni, bugünü və gələcəyi elmi yöndən
ələ alındı. Daha çox son 20 ili vurğulayan məruzəçilər
məsələlərə dünya
birliyində yerimiz, rolumuz
prizmasından, Azərbaycan-Türkiyə
qardaşlığı və siyasi partnyorluğunun xaricdə buraxdığı siyasi-ideoloji izlər baxımından
yanaşdılar.
- Ozan və şairlərimizin ifası necə
qarşılandı?
- İfalar da gözəl idi, ifalara bəslənən
münasibət də, alqışlar da...
Ən gözəl məqamlardan biri də
Ərzurumun küçə və meydanlarında iriplanda vurulmuş elanlar, elanlarda bizimkilərin
adı, DGTYB-nin emblemi...
bunlar bizə həm duyğusal
anlar yaşatdı. Yenidən səhnəyə
çağrılmalar, verilən plaketlər, yeni görüş vədləri, yeni
planlamaların cızılması, kitab
mübadilələri münasibətlərin davamlılıq amili kimi diqqəti cəlb
edirdi. Bax, işin bu yönü
mənimçün çox dəyərlidir.
- Biz əgər bir
neçə sənət adamının, elm
adamının, sənət adamı ilə
tamaşaçıların, dinləyicilərin arasında bağ qura bilmişiksə,
bu, bir mənəvi
qazancdır.
- Bu gün Azərbaycan-Türkiyə
münasibətlərini pozmağa
çalışan qüvvələr də olmamış deyil. Sizin başqanı olduğunuz DTGYB iki qardaş ölkə arasında münasibətlərin
daha da
yaxınlaşmasında böyük rol oynayır və ümumilikdə, türk dünyasının birliyi
istiqamətində önəmli layihələrə imza atır. Sizcə, bu
qüvvələr istəklərinə nail
ola biləcəklərmi?
- Hesab edirəm ki,
haqqında danışdığımız konfrans
və şair-ozanlar gecəsi
özlüyündə türk
dünyası sevdalılarının qalib
gələcəyini, qarşı duranların isə məğlub
olacağını göstərən tədbir idi. İki qardaş
ölkənin, qardaş xalqın ruh birliyini, can birliyini uzun
illər tikanlı məftillər,
yabançı ideologiyalar poza
bilmədi, indi də və gələcəkdə
də pozmağa nail ola bilməyəcəklər. Azərbaycanla
Türkiyənin arasına girən özü-özünün
əleyhinə getmiş olur.
O qərar istər ermənicə yazılsın, istər
fransızca, ən yumşaq ifadə ilə
desək, atılan kağız parçası olacaq,
zamanın rüzgarı ilə sovrulacaq.
- Son illər sizin də əməkdaşlıq
etdiyiniz Avrasiya Ekonomik İlişkilər Dərnəyi və
Dərnəyin "Ekoavrasiya" dərgisi
Azərbaycan və Türkiyə münasibətlərinin
inkişafı istiqamətində yeni layihələrə
imza atır. Qarşıda yeni
layihələrin gerçəkləşməsi gözlənilirmi?
- Əlbəttə.
Biz bir
toplantının, bir layihənin bitdiyi gün yeni bir layihə
haqqında götür-qoy edirik.
Hələ görüləcək çox
işlərimiz var. Bu
il, yəni 2012-ci ildə Xocalı soyqırımının
20-ci ildönümüdür. XX yüzilin bu
insanlıq dramını, sonra digər ortaq ağrılarımızı birgə konfrans, sərgi, aksiya və
başqa tədbirlərlə gündəmə
gətirmək, qətnamələr qəbul etmək, dünyaya haqq səsimizi bir daha və bir daha duyurmaq
niyyətindəyik. İnşallah, niyyətlərimiz
əməli müstəvi üzərində öz
inkasını tapacaq. Başqa
planlar da var, zamanı gəldikcə onlar
haqqında da danışarıq.
Elnur Eltürk
Təzadlar.- 2012.- 7 yanvar.-
S.11.