Qürbətdə xan olunca...

 

(Əvvəli ötən sayda)

 

Fəzi bəy Qarabağdan qaçandan sonra da xanlığın siyasi yaşamında önəmli rol oynayırdı. 

Fəzi bəy bir müddət, 1806-1809-cu illər İranda qalandan sonra Qarabağa qayıtdı.

Fəzi bəy 1810-cu  ildə  yenidən İrana  qaçmışdı. İran Qacarlar səltənətinin vəliəhdi Abbas  mirzədən  xan  ünvanı  almışdı. Elə  həmin ildə  İran  ordusunun  başında  Xudafərin  körpüsünü keçmişdi

Fəzi  bəy  savadlı,  müdrik,  təşkilatçı  bir  adam  idi. Tezliklə saraya yol tapdı. Fətəli  şahın  yaxın  müşavirlərindən  oldu. Tehranda yaşadığı müddətdə tez-tez  şahın  sarayına  çağrılır,  Rusiyaya,  Yaxın  Şərqə,  qərb  ölkələrinə  dair  bilgilər  alınırdı. Fəzi bəy 1831-ci ildə nökəri Məhəmmədi Qaradağa, Əhər şəhərinə, Bəhram mirzə Qovanlı-Qacarın yanına göndərmişdi. Bildirmişdi ki, şahın çağırışı ilə Tehrana gedir. Əgər sənin də getmək fikrin varsa, təcili Təbrizə gəl. Bəhram Mirzə Fəzi bəyə çatdırmışdı ki, "mən öncə əşyalarımı göndərirəm, özüm 12 gündən sonra gələcəyəm". (MDTA, fond 130, 1, saxlama vahidi 35, səh.92 b.).

Onun  yaşamıyla  bağlı  bir  casusluq  bilgisində bəzi notlara  ürcah  oluruq:  "Fəzi  bəy  Qarabağlı   Xorasana  göndərilmək  üçün  şahın  yanına  çağırıldı. Bəziləri  belə  güman  eləyir  ki,  şah  onu  İngiltərəyə  göndərəcək..." (MDTA, fond 130, 1, saxlama vahidi 35, səh.92 b.). Həmin qaynaqda yazılır: "İngiltərədən yüksək qiymətlərə alınmış 20 min tüfəng, 12 top və digər sursatlar gətirilir. Ona görə də Abbas Mirzə xatırlanan səfiri Təbrizə, yanına çağırdı ki, ordan Tehrana göndərsin. Fəzi bəy Qarabağlını bir inanılmış adamla ona qoşub, silah aparan məmuru müşaiyət etməsini tapşırdı. Sonra Fəzi bəyə əmr olundu ki, yoldaşını yeddi məmurun yanında qoyub, Ali Qapıya getsin".  (MDTA, fond 130, 1, saxlama vahidi 35, səh.111.). Fəzi xan səfir kimi Osmanlı ölkəsinə, ordan da İngiltərəyə getmişdi.

Fəzi xan 1834-cü ildə Qarabağa qayıtmaq üçün çar hökumətinə ərizə vermiş, çox gözləməli olmuşdu. 1837-ci ildə ərizəsinə müsbət cavab verilməmişdi.   

Fəzi xan Mazandaranın, İsfahanın, Kermanın valisi olmuşdu.

Fəzi xan Kermanın valisi işləyərkən Ağa xan Məhalatinin (1804-1881) üsyanı baş vermişdi. Tarixçi Ələskər Şəmim "İran qacar hökmüranlığı dövründə" kitabında yazır: "Ağa xan Köhəndil xan Əfqanın yerləşdiyi Babək şəhərinə hücum etdi. Qardaşı Məhəmmədbağır xanı Sircana göndərdi. Kermanın hakimi Fəzləli xan Qarabaği qoçaq, qəhrəman, qeyrətli bir adam idi ki, özünün atlıları ilə Ağa xanın üsyanını yatırmağa getdi. Zeydabad adlı yerdə Məhəmmədbağır xanı mühasirəyə aldı. Ağa xan qardaşına yardıma gəldi. Amma Fəzləli xanın hücumunun qarşısında tab gətirə bilməyib, Lar şəhərinə qaçdı. Onun müridləri və yoldaşları Babək şəhərində qalmışdılar ki, mühasirədən əl çəkib, dağıldılar. Ağa xan Lar şəhərində bir dəstə toplayıb, Ciroft şəhərinə getdi. Ciroft şəhərində İsfəndəqiyyə qalasını alıb, təsərrüf etdi. Amma bu dəfə də Fəzləli xana məğlub olub, Minab şəhərinə qaçdı. Qış yetirdiyindən o şəhərdə daldalandı. Hicri qəməri 1256-cı (1840-cı) ilin yazında Ağa xan ingilislərin yardımı ilə yenidən bir dəstə yaratdı. Bir neçə top da tapdı. Kerman tərəfə yürüş etdi.  Fəzləli xanın ordusundan iki kiçik dəstəni məğlubiyyətə uğratdı. Bu dəstənin birinə İsfəndiyar xan başçılıq edirdi. İsfəndiyar xan bu savaşda öldürüldü. Digərinə isə Abdulla xan Qaragözlü rəhbərlik edirdi. Ağa xan Kermanın 36 kilometrliyindəki Bərdsir məntəqəsinədək irəlilədi. Fəzləli xan qardaşının ölümündən çox əsəbləşmişdi, Kermandan çıxıb, Bərdsirə hücuma keçdi. Ağa xanın dəstəsinin adamları bu hücumdan qorxuya düşüb, qaçmağa başladılar. Fəzləli xan qaçanları Bəmpura qədər izlədi, çoxlu əsir ələ keçirdi. Ağa xan bu uğursuzluqdan məyus olub, Qəndəhar yolu ilə Hindistana getdi. Beləliklə Kermanın 14 illik bu üsyanı yatdı və Məhəmməd şahın rəğbətini qazandı". (Ə. Şəmim, İran dər dövreyi-səltənəti-Qacar, Tehran, 1384 hicri şəmsi, səh. 151-152).

1840-cı ildə Kerman hakimi Fəzləli xan Qarabağinin xahişi ilə ona yardım etmək üçün mükəmməl silahlanmış ordu ilə o istiqamətə gedən Həbibulla xan Əliqulu xan oğlu Şahsevən, Kerman əyalətini zəbt etmək niyyətilə hücum edən düşmənin qarşısını məharətlə almış, onu qaçmağa məcbur etmişdi.

Həbibulla xanın xidməti sayəsində Bəlucistanda da əsayiş bərpa olundu və əvvəllər baş verən iğtişaşlara son qoyuldu. O, hətta Qəndəhar yaxınlarınadək getdio hüdudu fəth etmək istədi. Dövlət isə ona mane olaraq Tehrana çağırdı. Bunun ardınca Fəzləli xan Qarabağini Kerman əyaləti valiliyindən azad edib, yerinə Abbasqulu xan Cavanşiri təyin etdilər.

Tarixçi Sepehr yazır: "Ağa xan Məhəllatinin fərarından sonra topxana əmiri Həbibulla xan  Bəlucistana tərəf hərəkət etdi. Kermandan 15 mənzil o tərəfədə Bəmpur qalasını mühasirə etdi. On gün bürc və barını gülləyə tutdu. Bəmpur camaatı aman istədi. Topxana əmiri onları düşərgəyə köçürdü və qalanı yerlə yeksan etdi. Təsadüfən bir gün topxana əmiri ova getmişdi. Əsgərlərdən biri Bəmpurlu bir qadına əliuzunluq etmişdi. O dəstə bir-biri ilə razılığa gəldi, əvvəlcə öz qadınlarını öldürdülər, sonra əsgərlərlə vuruşmağa başladılar. Onların əksəriyyəti öldürüldü. Bu zaman topxana əmiri gəlib çıxdı və vəziyyəti sakitləşdirməyə çalışdı. Buna nail ola bilmədikdə əmr etdi ki, ya onları əsir etsinlər, ya da qətlə yetirsinlər.

Sonra əsirləri özü ilə Qəndəhar yaxınlığına apardı və baş verən hadisəni Məhəmməd şah Qacara çatdırıb saraya yollandı. Bu qırğın xəbəri şaha çatdıqda şah istədi ki, orada qayda-qanun yaratsın. Fəzləli xan Qarabağini Kerman hakimliyindən azad edib Abbasqulu xan Cavanşiri KermanBelucistan ətrafına vali təyin etdi". (Lisanülmülk Sepehr, Nasexüttəvarix, Tehran, səh.244)

Fəzi xan 1841-ci ildə Kerman valiliyindən azad edildi.

Fəzi xan Kermanda bir çox quruculuq işləri ilə məşğul olmuşdu. ilk  növbədə  Kerman əyalətinin bəzi yerlərinə  su  arxı  çəkdirməsi  burada  təsərrüfatın  daha  da  inkişafına  səbəb  oldu. Onun öz əl əməyi olan "Fəthabad bağı" indi İran İrşad idarəsi tərəfindən qorunur. Kermanda Beynəlxalq qorunan irslər siyahısına salınmış "Fəzləli xanın evi" həmin sıradandır. Apardığı böyük abadlıq işləri, ədalətli hakimiyyəti onun adını ucaltmışdı. Kerman əhlinin hakimlərə şunquruq qoşması bütün İranda bəllidir. Hətta seyid kökənli, məşhur təbatəbailərdən olan Mirzə Mahmud xan Dibaya "Hakimi do xər" "İki eşşəkli hakim" ayamasını qoşan kermanlılar iki nəfərə-Fəzi xan Qarabağiyə Abbasqulu xan Cavanşirə toxunmamışdılar. 

Fəzi xanın törəmələrindən bəziləri Qarabaği soyadını daşıyırlar.

Fəzi  xan  İbrahimxəlil  xanın  qızı  Telli  bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə  ailə  qurmuşdu. Paşa  bəy, Hüseynqulu bəy  adlı  oğulları  vardı.

Paşa  bəy Şuşa  şəhərində  doğulmuşdu. Saray  təhsili  almışdı. Atası  ilə  birlikdə  İrana  getmişdi. Abbas  mirzədən  xan  ünvanı  almışdı. Şahzadənin yanında qulam-pişxidmət vəzifəsi daşıyırdı.

Paşa xan kapitan İsmayıl bəy Murad bəy oğlunun qızı ilə evlənmişdi. Əli xan adlı oğlu vardı.

Əli xan 1877-ci ildə Kirman şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.  Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, Əzizsultan Məlicəklə dost idi. Məlicək uşaq çağlarından şahın yaxını olduğundan, Əli xanı saraya dəvət etmişdi. O, tez bir zamanda şahın sevimlisi olmuşdu. Şahın qızına evlənəndən sonra daha da vəzifələrdə yüksəlmişdi.

Əli xan Nasirəddin şah Qovanlı-Qacarın keşikçi dəstəsində xidmət etmişdi. Qvardiyanın rəisi olmuşdu. 1904-cü ildə Ərşədüdövlə ləqəbini almışdı. Sərdari-Ərşad kimi tanınırdı.

Əli xan Ərşədüddövlənin həyatının bir hissəsi də Məşrutə inqilabı ilə bağlıdır. O, həmin dövrdə Qacar odusunun tanınmış komandanlarından idi.  1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. ölkədə kütləvi həbslər və təqiblər başlandı. Məclisi topa tutanlan yüksək rütbəli zabitlərin arasında Əli xan da vardı. Onun adyutantbaşı İsmayıl xan Zəncaniyə əmr verməsi ilə başlanan hücum İranda demokratiyaya zərbə oldu.

Məhəmmədəli   şah Məhəmmədvəli xan Tənkabuni Sepəhdarın  yerinə  Mirzə Əli xan  Ərşədüdövləni  Təbrizə  hücuma  hazırlaşan   şahpərəst  qoşunların   baş  komandı  təyin  edib Təbrizə  göndərdi.  Ərşədüddövlə,  Eynüddövlə,  Rəhim xan,  Səməd xan    başqa  şahpərəst rəhbərliyinin  başçılığı   ilə  Təbriz yenidən  mühasirəyə alındı.  Artıq  1908-ci  il  dekabrın  axırı     1909-cu  ilin  əvvəllərindı şəhər  şahpərəst  feodal  dəstələri    şah  qoşunları   tərəfindən  yenidən  mühasirə  olundu.

Şah irtica   qüvvələrinin  artıqlaması ilə  pulla    silahla  təmin  etdi,  Fransadan alınmış    o  dövr  üçün  ən  yaxşı silah  sayılan beşatılanla,  kazak  hissələri  isə  Fransadan  alınmış  pulemyotlarla  silahlandırılırdı.

Baş  komandan  Mirzə Əli xan Ərşədüddövlə    isə  Tehrandan gətirdiyi  yeni  toplar    kazak  hissələri   ilə  Xiyaban  tərəfdən  hücum  edirdi.

Fevralın  27-də   Ərşədüddövlənin   əmri  ilə  topla   şəhəri  atəşə  tutulması  davam  etdirilirdi.  Mücahidlər     Xiyabandan,  Əmirəxizdən    başqa  yerlərdən  düşmən  mövqelərinə cavab  top  atəşi  açdılar. 

Martın  5-də  şahpərəst   qüvvələrinin  şəhərə  baş  hücumu  başlandı.  Səməd xan Şücaüddövlə öz  qoşunları   ilə   Qaraməlikdən  Şamqazan,  Eynüddövvlə    Ərşədüdövlə  Basminc    Varenc,  Rəhim xanın  hissələri  Acı  körpü   istiqamətində   hücum  edirdilər. İnqilabi   qoşunun  sərkərdələri  Səməd xanın  yeni  istiqamətdə   hücumunun    qarşısını  almaq  üçün  Hökmabad    Axunidə  möhkəm  müdafiə  obyektləri  yaratdılar.  Eyni  zamanda  Əhrabda səngərlər  quruldu.  (Mətbuat və ədəbiyyati-İran dər dövreyi-məşrutiyyət, cilidi duvvum, Tehran, 1337, səh.  1075).

Mirzə Əli xan 1911-ci ildə arvadına məktub göndərmişdi. Həmin məktubdan: "Ey mənim əziz qadınım! Mən bu məktubu sənə ömrümün son çağında yazıram. Son nəfəsimdir. Bilirəm ki, bu məktubdan sonra məni öldürəcəklər. Qoy olsun. Mənim səndən başqa sevdiyim yoxdur. Fikrim, zikrim sənsən. Bircə ona dözürəm ki, dünyada sən varsan. Səvfətülsəltənə bu məktubu sənə çatdıracaq. Bu məktub sənə son yadigarımdı. Bil ki, səni unutmamışam. Verdiyin zəncir hələ də boynumdadır. Məktubdan sonra məni güllələyəcəklər. Əlvida, sevirəm!"

Mirzə Əli xan 1906-cı ildə Əxtərəddövlə xanım Nasirəddin şah qızı Qovanlı-Qacarla  ailə qurmuşdu.

 

 

 Ənvər ÇİNGİZOĞLU,

jurnalist-etnoqraf

 

Təzadlar.- 2012.- 17 yanvar.- S.13.