Qanlı Qara Yanvar...
Yaxud, acı həqiqətlər
İstedadlı şairə, naşir, publisist, "Vəfa" jürnalının baş redaktoru Xuraman Vəfa həm də 100-dən artıq populyar mahnı mətninin müəllifidir. Diqqətəlayiq haldır ki, Xuraman xanımın işıq üzü görən hər bir kitabı ziyalı mühitmiz tərəfindən diqqət və maraqla qarşılanır. Xuraman Vəfanın son dövrlərdə işıq üzü görmüş maraqlı sənət nümunələrindən biri də Azərbaycan və rus dillərində nəşr olunmuş və sırf Qara Yanvar müsibətinə həsr edilmiş "Acı həqiqət" kitabıdır. Kitaba müəllifin "Acı həqiqət" poeması və Qanlı Yanvar mövzusunda qələmə aldığı ayrı-aryı şeirləri daxil edilmişdir. Kitabın redaktoru, istedadlı şair Ədalət Əsgəroğlunın yazdığı ön sözdə oxuduğumuz cümlələr şairənin bir vətəndaş kimi qayəsini və qələmə aldığı mövzunun leytmotivini açıq-aşkar ifadə edir: "Xuraman Vəfanın şeirlərində və poemasında lirik qəhrəmanın vətənpərvərlik ruhunun güclü olması, həyat həqiqətinin bədii həqiqət kimi sənət müstəvisində canlandırılması şairin vətənə, xalqa sonsuz məhəbbətindən xəbər verir.
Xuraman xanımın "Acı həqiqət" poemasında tarixə və müasir dövrə aid ayıq-sayıq münasibətdə yeni tipli, vətəndaş qayəli, mənəvi və əxlaqi yetkinliyi ilə seçilən insanların hünərindən söz açılır". Xuraman Vəfa "Acı həqiqət" poemasını daha maraqlı və təsirli etmək məqsədi ilə ayrı-ayrı fəsillərin əvvəlində zaman-zaman Velikorus şovnizminin bu xalqa qarşı törətdiyi tarixi cinayətləri əks etdirən rəsmi sənədlərdən təsirli məqamları oxucunun diqqətinə çatdırır. Beləliklə də, diqqətli oxucu tarix boyu keçilmiş qanlı-qadalı yollara nəzər saldıqca Qara Yanvar və Xocalı kimi müsibətlərin hansı dəhşətlərdən mayalandığını əyani şəkildə başa düşür. O da maraqlıdır ki, "Acı həqiqət" poeması da kitaba daxil olan 30 digər şeirlərin böyük əksəriyyəti də məhz Qanlı Yanvar faciəsinə həsr edilib. Şairənin "Qara Yanvar" adlı şeirində oxuyuruq:
Xain güllə-baran əmrini verdi,
Mərd oğlu, qızları torpağa sərdi.
Allah götürərmi bu boyda dərdi,
Dərindir yarası Qara Yanvarın.
Yoxdur təravəti gələn baharın,
çox evlər itirdi övlad-nübarın,
Əlində qalmışıq dərdin-qubarın,
Dərindir yarası Qara Yanvarın.
Bu
misralarda fikir o qədər sərrast və aydın ifadə
olunub ki, daha əlavə şərhə və izaha heç
bir ehtiyac qalmayıb.
Biz də bir oxucu kimi kitabı çox böyük diqqət və maraqla oxuyub, təhlil süzgəcindən keçirdik. "Acı həqiqət" poemasından əlavə, kitabda yer almş "İllərdir fərman gəzirəm", eləcə də "Dünya aləm qan qoxuyur" şeirləri də daha maraqlı, mənalı və təsirlidir. Biz "Acı həqiqət" kitabının bədii məziyyətləri, şeirlərdə ifadə olunmuş fikir yükü barədə istənilən qədər söhbət aça bilərik. Bu, əlbəttə ki, işin bir tərəfidir. Lakin oxucu marağını nəzərə alaraq biz bu günlərdə ayrı-ayrı tanınmış şəxsiyyətlərlə görüşüb, söhbət etdik. Eləcə də onların "Acı həqiqət" kitabı və Qara Yanvar faciəsi barədə fikirlərini dinləyib yazıya köçürdük. Həmin söhbətlərdən bir sıra diqqətəlayiq məqamları nəzərinizə çatdırırıq.
Tanınmış müğənni və hərbi diktor Şəmistan Əlizamanlı: "Hüzn gününə həsr olunmuş tədbirləri hazırlayan insanlardan xahiş etmək istəyirəm ki, belə məqamlarda ağlaşmanı, bədbinliyi bir kənara qoyub, nikbin əhvali-ruhiyyədə köklənmək gərəkdir. Biz hara düşəcəyimizi bilmirik, amma Yanvar şəhidləri tarixə düşdülər. Adam var evdən, adam da var ki, eldən gedir. O müqəddəs şəhidlərimiz də elin kisəsindən getdilər. Məhz buna görə də tariximizə qəhrəmanlıq səhifəsi yazan bu adamları ah-nalə ilə, sızıltı ilə yad etmək qəbahətdir. Belə şeyləri görənlər yazıqlaşmaqdan uzaq olmalı, özləri qəhrəmanlıq ruhu üzərində köklənməlidir".
Tanınmış müğənni Aybəniz Haşımovanın dediklərindən: "İnsan hər yaşadığı anı, hətta məqamı da dəyərləndirməyi bacarmalıdır. Dünyaya gələn uşaqlar onları qarşıda nələr gözlədiyindən xəbərsiz olurlar. Mən də 1990-cı ilə kimi ömrümün xoşbəxt, qayğısız uşaqlıq çağlarını yaşamışdım. Bilmirdim ki, həmin ildən etibarən bu böyük müqəddəs şəhid adı mənim də adıma, taleyimə bağlanacaq. O dəhşətli 20 Yanvar gecəsi mən başqa bir dövlətə səfərə hazırlaşırdım. Həmin gecə baş vermiş qanlı qırğını öz gözlərimlə seyr eləmişəm. Bəlkə də o tanklardan atılan güllələrdən biri mənə də dəyə bilərdi. Güllə mənim bədənimə dəyməsə də, ruhuma, düşüncəmə dəydi. çünki ondan bəri bütün ömrümü acılar içində yaşamağa məhkum edildim. O mənhus gecədən il yarım sonra mənim qızımın atası Qarabağ cəbhəsində şəhidlik zirvəsinə ucaldı. Həmin vaxtdan da mənim sevinərək nəğmələr söyləyən ürəyim qan ağlayır. Amma məni hardasa sevindirən amillər də var ki, bu gün xalqımıza qürur gətirən, başımızı ucaldan ziyalılarımız mövcuddur. Mən Xuraman xanımın özünü, daxili aləmini, mənəvi zənginliyini çox sevirəm. Onun "Acı həqiqət" və "Taleyimiz yaddaşımız" adlı kitabları heç də asanlıqla başa gəlməyib. O sözləri, o dəyərli ifadələri yazmaq üçün ürək ən azı gərək dönə-dönə ağrı-acılara tuş gəlsin. Mən bu çətin sənət yolunda ona daha parlaq yaradıcılıq uğurları arzu edirəm".
Şair Ramiz Məmmədzadə: "Mən Xuraman xanımın bu kitabını diqqətlə oxudum və çox təsirləndim. İndi məni həm də başqa mətləblər düşündürür. O vaxt KP-nın MK dururdu və mən də bu orqanın mərkəzi aparatında çalışırdım. Mən o vaxt Yanvar Qırğınına həsr etdiyim "O gecə" adlı kitabımı yazdım və bu kitab 100 min tirajla çap olundu. Elə hesab etməiyn ki, mən özümü reklam edirəm, yox, sadəcə, həqiqəti deyirəm. O vaxt mənə çatmalı olan 13 min manat dəyərində qonorarı Şəhidlər Xiyabanının yaradılması üçün nəzərdə tutulmuş fonda keçirdim. "Gənclik" Nəşriyyatının o vaxtkı direktoru Əlican Əliyev də bu fikri razılıq hissi ilə qarşıladı. Amma o kitaba görə bir az başımız da ağrıdı. Yanvarın 19-da biz Bakı şəhər Partiya Komitəsinin binasında, Rafiq Əsgərovun kabinetindən 4-5 nəfər MK binasının qarşısında gedən mitinqə tamaşa edirdik. Orada çıxış edənlərin birinin də burnu qanamıdı, heç qulağının dibindən də güllə keçmədi. O zaman mənim yaşxı tanıdığım Şəki şəhər Partiya Komitəsinin ikinci katibi İzzət Həmidov həlak oldu. Mən o adamı şəxsən tanıyırdım. Fərmanın qızı, məktəbli Larisa həlak oldu, Sumqayıta gedən kimyaçı alimlər həlak oldu. O vaxt Ali Sovetin orqanı olan "Həyat" qəzetində bizim Yazıçılar Birliyinin üzvü Əfqan Əsgərov yarım səhifəlik "Göz yaşından pul qazananlar" adlı məqalə yazmışdı. Halbuki nə mən, nə kitabın redaktoru çingiz Əlioğlu o kitabdan 1 manat da qonorar almamışdıq. Mən Əfqanın yanına gedib, ona etirazımı bildirdim. Amma o, öz tərs mövqeyindən əl götürmədi. Nəticəsi də o oldu ki, məhz o kitaba görə Əlican Əliyevə töhmət verdilər. Mən başa düşmürəm ki, bizim içimizdə olub, bizə qarşı gedənlər kimə xidmət göstərir? Vaxtilə qələm adamlarına yazdığına görə pul verirdilər, indi isə ondan pul almamış, yazısını çap eləmirlər. Həmin mərhələdə bəzi qaraguruhçu qüvvələr ermənini, digər düşmənlərimizi bir tərəfdə qoyub, qələm adamalrına qarşı mübarizə aparırdı. Mən 1988-ci ildə Yevlaxda mitinqdə olarkən, çox təsirli bir mənzərənin şahidi oldum. 10-12 yaşlarında balaca bir oğlan uşağı, bir şagird vərəqinin üstündə "Qarabağ bizimdir" yazıb, başının üstünə qaldırmışdı. Onda dedim ki, yaxşı baxın, bizim əsl qəhrəmanlıq tariximizi bu uşaqlar yaradacaq".
"Acı həqiqət" kitabının redaktoru, şair Ədalət Əsgəroğlunun dediklərindən: "Yarvarın 19-u günü günortadan sonra, keçmiş Çapayev küçəsində qonşumuz anası erməni olan 2 uşağı evində gizlətmişdi. O uşaqların özləri də, ev yiyəsi də çox həyəcan keçirirdi. Əgər belə demək mümkünsə, mən o vaxt bir qəhrəmanlıq elədim. Evin arxasına keçib, soyuq havada əncir ağacına çıxdım. Arxadan pəncərəyə yaxınlaşıb, şüşəni sındırdım və o 2 erməni uşağı ziyankar qüvvələrdən xilas edib, lazımi yerə təhvil verdim. O vaxt həmin binanın qarşısında çoxlu yad adamlar toplaşmışdı. Mən indi də dərk edə bilmirəm ki, o insanlar kim idi və nə istəyirdi. Sonra mən həmin günün axşamı keçmiş Səttərxan zavodunun qarşısına getdim. E.Məmmdov, R.Qazıyev, Ə.Elçibəy, N.Pənahlı da burda idi. Bu adamlar əli armaturlu dəstəyə göstəriş verirdi. Sonra mən indiki Prezident İqamətgahının qarşısına gəldim. Orada Nəriman Qasımoğlunu gördüm və xeyli söhbətləşdik. Sonra mən onun atısı Qasım Qasımzadə ilə zəngləşdim. Qasım müəllim məndən dönə-dönə xahiş elədi ki, burdan çıxım, düz evə gedim. Sonra mən evə gəldim və bir müddət keçəndən sonra atışma səsləri eşidilməyə başladı. Gecə yarısı məlum oldu ki, bacanağım yoxa çıxıb. Küçəyə çıxıb onu axtarmağa başladıq. Bu zaman mən vahiməyə düşmüş insanların qaranlıq dalanlarda dolaşdığını gördüm. O məqamda bacanağımı sağ-salamat tapıb evə gətirdim. Aradan 3-4 gün keçdikdən sonra mən Neftçalaya səfər elədim. Bankə qəsəbəsində bir hamamda bizim cəbhəçiləri güllələmişdilər. Rus cəlladları bir yaralı oğlanın nişan üzüyünü götürmək üçün onun barmağını kəsmişdilər. Mən sonra "Qan qoxulu bənövşələr" adlı məqaləmdə bu müdhiş faktı qələmə aldım və həmin yazı "Azərbaycan" qəzetində çap olundu. Bu yazı bəzi qalmaqallara səbəb oldu və DTK-nın Salyan-Neftçala şöbələrinin rəisi, yazıçı Aydın Abdullayev gəlib həmin "Azərbaycan" qəzetində məsələ qaldırmışdı ki, guya o hadisə heç yerli-dibli olmayıb. Sonra mən gedib o Əbülfət Cəfərovu yuyub torpağa tapşıran adamları və valideynlərini tapdım. Hamısı da təsdiq elədi ki, basdırılan Əbülfətin barmağını kəsmişdilər. Sadəcə, bu faktı gizlətməyə çalışırdılar. Söz-söhbət şişib böyüdüyü üçün xalq yazıçıları Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, digər qələm sahibləri Şamo Arif, Sabir Rüstəmxanlı hamısı bir yerə yığıldı. Onda Mirzə müəllim Aydına dedi ki, bu hadisənin olub-olmaması bu gün bəlkə də o qədər önəmli deyil, amma o yazını oxuyanlar 100 il sonra biləcəklər ki, rus cəlladları burda hansı vəhşilikləri törədiblər. O baxımdan, o, tariximiz üçün çox ciddi bir fatdır. Beləliklə, mən bu ağır söhbətdən yaxşı qurtardım. Allah Mirzə müəllimə rəhmət eləsin".
Şair İslam Sadığın dediklərindən: "İndi tarixi çoxları təhrif edir. 22 ildir ki, mən televiziyaya baxıram, 20 Yanvar faciəsi haqda o hadisədən xəbəri olmayan, qırğın vaxtı evində rahatca yatan, ya da o gecə Bakıda olamyanlar danışırlar. Elələrindən fərqli olaraq mən şəhərirn küçələrində olmuşam. Yan-yörəmdən yüzlərlə, minlərlə güllə keçib. Tam səmimi deyirəm ki, sonra kənardan gələn qoşunlar heç kəsə güllə atmayıb. Qırılan 150 nəfərin hamısını 4 tank güllələyib. Hər tankın da üstündə 2 nəfər vardı. O adamlar 40 yaşında, adına "smertnik" deyilən cinayətkar ünsürlər idi. Onlar 2 gün əvvəl Aeroportdan birbaşa Salyan Kazarmasına gətirilmişdir və bu 2 günü əsasən yemək içməklə məşğul olublar. Onlar insanları avtomatla biçdikcə gülürdülər. Küçələrdə qurulan barrikadaları da o 4 tank dağıdıb. Gecə saat 12:00-dən sonra Nasosnudan gələn qoşun şəhərə girdi. 10-ca dəqiqənin içində maşınlarla bağlanmış yollar təmizləndi. Küçələrdə qara "QAZ-24" markalı maşınlar şütüyürdü. Qışqırıb adamlara benzin paylayır, onları 20 Yanvar meydanına səsləyirdilər. Benzin paylayanlar deyirdi ki, bunları E.Məmmədov göndərib, gələndə tankların üstünə atarsız. 20 Yanvar meydanının yaxınlığında 16 mərtəbəli bina var. Həmin bina betondan olmasa idi, sözsüz ki, dağılıb yerlə-yeksan ediləcəkdi. Çüki həmin 4 tank o binanı atəşə tutmuşdu. Həmin binadan kimsə göyə fişəng atır, fişəngin işığında cərəyan edən görüntülfəri videolentə köçürürdü. Mənim o vaxt çap etdiyim "Fəryad" qəzeti təbiəti mühafizə cəmiyyətinin orqanı kimi dövlət hesabına çıxırdı. Mən mətbəəyə məktub yazdım ki, 2 nömrəni birlikdə buraxacağam. Tankın altında qalan adamların şəkillərinin mətbuata çıxmasına qəti şəkildə yol verilmirdi. Düşünürdülər ki, bu cür vəhşiliyi xalqa göstərmək olmaz. Mən bu qəzetin əvəzinə, senzuraya tamam başqa qəzet verdim. çapa imzalandıqdan sonra montaja dəhşətli materiallarla dolu olan nömrəni verdim. Burada bütün 20 Yanvar şəhidlərinin şəkilləri və hər birinin haqqında yazdığım bayatı vardı".
Şair İlyas Tapdıq: "O vaxt hərbçilər mənim də iş otağıma soxulub, hər şeyi alt-üst etdilər. Mənim bacardığım o oldu ki, bir çox dəhşətli şəkilləri gizlədə bildim. Onda "Azərnəşr"də Əjdər Xanbabayevin Rizvan adlı bir qohumu mənimlə birgə çalışırdı. Hərbçilər içəri soxulanda şəkilləri cəld Rizvana verib dedim ki, sən qaç, aradan çıx. Əgər o məqamda hərbçilər şəkilləri tapsaydı, biz Azərbaycan və rus dillərində olan "Qara Yanvar" kitabını çap edə bilməzdik. Bir də o vaxt Əjdər Xanbabayev dedi ki, sizin adınızın o kitaba düşməyi vacib deyil. Sonra elə oldu ki, o kitabda Çingiz Abdullayevin və bəzi başqa yoldaşların adı getdi. Kitab qısa vaxtda çap olunub Milli Məclisə, Moskvaya göndərildi. Təsəvvür edin ki, o kitabı görüb dəhşətə gələn Qorbaçov marşal Yazovun üstünə qışqırıb demişdi ki, bu cür kitab çap olunursa, bəs sən nə işlə məşğulsan?!"
Şair Ramiz Duyğun: "Nə yaxşı ki, Azərbaycanımızın qəhrəmanlıq dastanı olan 20 Yanvar hadisəsi zamanı xalqımızın heç bir nümayəndəsi kənarda qalmadı. 1990-cı il yanvarın 19-da olan mitinqdə mən X.R.Uluturkün köməyi ilə çox çətinliklə söz alıb, mitinq iştirakçılarına müraciət etdim. Dedim ki, ey mənim əzizlərim, dağılın. 1956-1957-cü ildə Macarıstanı, 1968-ci ildə Çexoslavakiyanı, 1989-cu ildə Gürcüstanı qana bələyən sovet silahlı qüvvələri bu dəfə də heç kəsə güzəşt etməyəcək. Yanvarın 20-də qırmızı imperiya tarix səhifəsinə öz rəzalətini qanla yazmış oldu".
Şair Oktay Rza: "Xuraman Vəfanın "Acı həqiqət" adlı kitabının çap olunması əlamətdar bir hadisədir. Mən Xuraman xanımın 3 kitabının redaktoru olmuşam. Sevinirəm ki, son 2 kitabının redaktoru da Ədalət Əsgəroğludur. Mənim yanvar şəhidlərinə həsr etdiyim "Vətən daha yas saxlama" adlı kitabım 22 il bundan əvvəl 10 min tirajla çap olunub. Fikrimi həmin kitabda çap olunmuş şeirlə tamamlamaq istəyirəm.
Sıramızda təzə gəlin, məktəbli qız var,
Sıramızda ata, oğul, ağbirçək ana.
Hər qırmızı qərənfildə al qanımız var,
Al qanımız hopub sübhün şəfəqlərinə.
Üstümüzdən tank keçsə də əzilməmişik,
Vətən daha yas saxlama, biz ölməmişik."
Bayram Afurcalı
Təzadlar.- 2012.- 19 yanvar.- S.13.