Qədirli... Qədirsiz günlər...
Qədrin şəxsiyyətinə, mənəviyyatına, xasiyyətinə,
xarakterinə, istedadına tam uyğun olaraq onu xanəndə adlandırmaq əsl dəyərini
verməkdir. Yaradan onu
insanlar içərisindən seçib füsunkar, valehedici, ecazkar, qeyri-adi səs ifa tərzi
bəxş etmişdir. Seyidə, Cabbara, Xan Əmiyə, Yaquba artist adı
yaraşmadığı kimi, Qədirə
də yapışmırdı. Artistlik əlamətləri
başqa məna kəsib edir,
yəni kimisə əyləndirmək. Keçmişdə onlara mütrüf deyərmişlər.
Yəni bu ifadə bir
növ kloun - təlxək
mənasını verir. Sovetlər dönəmindən
qalmış miras kimi
indi də guya fəxri
ad altında cəmiyyətdə müxtəlif
sahədə seçilən şəxslərə əməkdar,
xalq və s. kimi fərqləndirici, fərəhləndirici
rütbələr verib digərlərindən
seçilsinlər deyə, onları ruhlandırır -
şirnikləndirirlər.
Xan Əmi və Yaqub
Cabbardan, Seyiddən sonra
muğamlarımıza müasir üslub gətirdilər. Ancaq
Qədir onların muğam oxu tərzinə uyğun yeni nəfəs, ruh gətirdi.
Qədir insanları əyləndirmirdi, şənləndirmirdi,
şadlandırmırdı. O, qartal tək
cikkə çəkib, haray qoparıb
insanların vücudunu ənginliklərə,
zirvələrə qaldırırdı ki,
onlar da bu ecazkar dünyanın
varlığını dərk etsinlər. Qədirin üzərinə
düşən xanəndəliyin öhdəsindən məharətlə
gəlirdi. Allah-Taala da
ona dayaq olub hünər, təpər verirdi.
Qədirə rəhmətlik demək də adamın dili gəlmir. öz səsi,
varlığı ilə dünya durduqca yaşayacaq, Nizami, Fizuli, Üzeyir bəy kimi
dahilərlə bir sırada adı çəkiləcək.
Xəstəlik
dövründə və dünyasını dəyişəndən
sonra onun haqqında mətbuatda,
telekanallarda müxtəlif peşə
sahibləri fıkirlərini, sözlərini yüksək səviyyədə
dedilər, yazdılar. Göstərilənlər
insanlarımızın Qədirin qədrini uca
tutub, öz sevgilərinə
uyğun sözün əsl
mənasında ona layiq
"Qədir ağacı" əkdilər. Həmin insanlara Allah-Taladan can sağlığı, şəxsi həyatlarında
səadət arzulayıram. Mənim bunları deməkdə
haqqım var. çünki
Qədirlə mən bir
bacı-qardaşın nəvələriyik.
Yazılıb-deyilənlərlə yanaşı, mən də
Qədirlə bağlı xatirələrimi oxuculara
çatdırmağı özümə borc
bildim.
Osmanlılar cavanlara "dəliqanlı" deyirlər.
Bizdə də bu ifadə var,
ancaq az işlənir.
Deyərlər, qanı-qaynayan vaxtıdır, dəlidoludur. Rəhmətlik
Hüseyn Cavidin
sanballı deyimi yada düşür: "İnsan
qan artanda coşar, qan azaldıqca susar". Yəni dəliqanlıhq
uşaqlıq və cavanlıq dövrünün
əsas əlamətidir. Nadir hallarda qocalarda dəliqanlılıq
olur - Qədir kimi.
çoxlarına elə gəlir ki, dəli
sözü, basdan pozuğa, xaraba deyilməlidir.
Ancaq başı pozuğa,
sərsəmə, sarsağa ruhi xəstə deyirlər. Koroğlunun
igidlərinə "dəli" deyib dillərdə
dastan ediblər. Qədirin dəliqanlı
olması nə ilə bağlı idi? Əksər
insanlarımız zarafatdan
pozuluşmasınlar deyə onu
xoşlamırlar. Zarafatın məğzi əslində kimisə
alçaltmaqdan, kiminləsə məzələnməkdən
ibarətdir. Qədirdə ciddi xarakter, xasiyyət vardı. Kimsə onu zarafatyana
aşağılamağa cəhd etsəydi, nəticə dava-dalaşla bitərdi. Yəni o, ayıq-sayıq, həssas, "sayanın qulu, saymayanın ağası" idi. Sadəliyi, səmimiliyi ilə
yanaşı, yumor hissiyyatı da vardı.
Haşiyə: Mən
1947-ci ildə doğulmuşam. Qədir məndən
12 yaş böyük
idi. 1957-ci ilin yay günlərinin birində həmyaşıdlarımla
birlikdə Ağdamda, Ağamalı oğlu küçəsində futbol oynayırdıq. Bu vaxt bizim küçə
ilə kəsişən Füzuli
küçəsindən sağ qarın
nahiyəsindən bıçaqlanmış, qan
içərisində olan
dayılarımın dostu Yunisin
(rəhmətlik batalyon komandiri
Cəfərin doğma dayısı) bizə
tərəf qaçdığını gördüm.
O, mənə Ənvər dayımı
çağırmağı tapşırdı. Mən həyətə
girib dayımı haraya
çağırdım, küçəyə
çıxanda Xansənəmlilərdən olan
Firuzun sol qarın
nahiyəsini əli ilə tutduğunu və
qan axdığını gördüm.
Deyim ki, onlar da dəliqanlı cavanlar idilər. Onları xəstəxanaya
apardılar. Qeyd edim ki, həmin vaxtlar qanı qanla yuyardılar, qisas
alardılar. Şikayət edib adam tutdurmazdılar. Bu an eşitdik ki, hadisə Füzuli
küçəsində baş verib, qaçdıq ora tərəf.
Gördük ki, Qədir
əlində qəmə Fazili qovalayıb
vurmaq istəyir. Səbəb isə
uşaqlıq dostu, qonşusu
Fazilin onu sakitləşdirməyə
cəhdi olub. Xətrinə dəyib ki, niyə onları öldürməyə
qoymayıb. Qədir onsuz da
qana batmışdı, xəsarət yetirmişdi. Həmçinin, Fazil
də. O, Qədirin qabağından qorxusundan
sürətlə aralanıb, özünü
tikanlı çəpərdən atmışdı qonşunun həyətinə. O vaxtlar hamının həyətində çoban itləri olardı, zəncirlə
bağlanardı. Tərslikdən Fazil itin qabağına düşmüşdü.
İt də onun
yancağını parçalamışdı. Bıçaq
yarası onun yanında yalan
olmuşdu. Davanın səbəbi isə Yunisgilin onların məhləsinə gələrək,
nəsə anlaşılmaz bir məsələni
ayırd etməyə cəhd göstərmələri idi. Yəni bu olay Qədirin dəli-dolu olmasını təsdiqləyirdi.
Həmin ilin payızında gurrah,
şən, ləzzətli Qarabağ, Ağdam toyları başladı. Toylar iki-üç gün davam edərdi. Diş həkimi Naibin toyu idi. Toyun
gur vaxtında Qədir oturanların xahişi ilə ayaq üstü segah oxumağa başladı. Hamı durdu ayağa. Qədir
insanları ovsunlamışdı. Təsəvvür edin, 22 yaşında o həvəslə,
o səslə hamını cuşa gətirdi. O dövrdə o, xanəndəlik etmirdi, toylara da getmirdi.
Ancaq fitri istedadı olduğuna görə ustalıqla oxuyurdu. Qədir həmin vaxt
püxtələşmiş, təhsilsiz xanəndə idi. O, bunu uşaq
dövründən Cabbarı, Seyidi,
Keçəçi oğlu Məhəmmədi
patifon vasitəsilə dinləyib mənimsəmişdi.
Sonrakı illərdə davaların birində böyrəyinin
birini itirdiyindən zəifləmişdi.
Həmin toydan bir az sonra Qədir Təvəkküllə
dalaşdı. Təvəkkülün sol
qolu nahiyəsindən bıçaqla
yaralayıb şikəst etdi. Təvəkkül
isə onun tək böyrəyinə
bıçaq yeridib şikəst etmişdi. Bu hadisədən
sonrakı davada Qədir həbs olundu. Əzablı günlər
yaşadığından xeyli zəifləmişdi.
1967-68-ci illərdə mərhum tarzən Əhsən Dədaşovla
onu tanış etmişdilər. Əhsən
müəllim onun səsinə məftun olmuşdu. "Sona
bülbüllər" lentə yazıldı. Cəmiyyət
bu musiqinin
füsunkarlığından, cəzbediciliyindən mehribanlaşmağa, milliləşməyə
başladılarr, Qədir məşhurlaşdı, artıq onu bölgələrə, ölkənin
hüdudlarından kənarlara toylara,
şənliklərə aparırdılar. 70-ci-illərin əvvəllərində
Ağdamda toylarda cavanlar Qədrin ifasını kasetlərə
yazıb hər yerdə səsləndirirdilər. Onların
qarşısını almaq mümkün olmadığından Qədir
şəhər toylarından imtina edirdi. Bu ərəfədə
uşaqlıq dostum Elxan
həkimin toyu olmalı idi.
Toyun necə keçməsi xanəndənin
kim olacağından çox
asılı idi. Elxan,
qardaşım Hüseyn və mən
1974-cü ilin iyununda
gəldik Qədirgilə. Qədir 4-5 yaşlı oğlu ilə çıxdı
qabağımıza. Salamlaşdıq. Oğluna
bizim gəlməyimiz münasibətilə
oxumağı tapşırdı. Uşaq
Qədrin üslubunda oxumağa
başladı. Tüklərimiz biz-biz oldu. Gəlişimizin səbəbini dedik. Əvvəlcə razılaşmadı ki, "yox, yox e... mən özümə
söz vermişəm, qərarım qətidir,
şəhər toylarında oxumayacağım". Lakin tez də
yumşaldı və dedi: "Amma şərtim var, toya maqnitofon gətirilməyəcək,
çalğıçıları da özüm gətirəcəm. Yeməyim də
ki, çolpanın ciyəri olacaq". Onun iki şərti ilə razılaşdıq. Ancaq xahiş etdi ki, tarçalan
dostumuz olsun. Bizimlə
razılaşdı, ancaq onun
çalğısı ilə bir dənə
də nəfəs vurmayacağını bildirdi.
Elxana dedim, ciyər məsələsini
nə edək, bazarda toyuq
od qiymətinədir. Anası Qələm
xalaya desək, daş
atıb başın tutacaq. Elxan dedi ki,
qazanları həyətin girəcəyindəki heyva ağacının altında
quracağıq. Aşbaz ağacdakı toyuqlardan kəsib ciyərini Qədirə
bişirər, ətini də özümüz
yeyərik. Elə də oldu. Aşbaz gözünə döndüyüm
xəlvəti toyuqları budaqdan alıb cəld
qaynar suya salıb
tüklərini təmizləyirdi. Aş
qazanının altından közü
ayırıb, çay daşlarından
düzəltdiyi manqalda kababı bişirib verərdi bizə. Kimsə bizi Qələm xalaya
satmışdı. Qələm xala məni
çağırdı, gəldim ki, Elxanla Hüseyn aradan çıxıb. Qələm xala mənə dedi ki, ağaca bax, 20-30 toyuqdan cəmi
3-4-ü qalıb, bu aşbazın adı
nədir? Dedim, Ləvə. Rafael də balacaboy idi.
Elə bildi
ki, arvadı dolayıram. Dedi, a bala, məni dolamısan, bundan dəvə olar, cırtdan boydadır?! Gülüşdük. Sonra
məsələni açdım:
- Sən özün dedin Qədiri gətirim. Bax, gör toya
nə qədər adam gəlib? Hamısı puldu, qazancdı. Qədir xəstədi, dedi, mən toyuq ciyəri ilə qidalanıram. Biz də bu yolu seçdik.
Sənə qalsaydı,
bazardan toyuq alan deyildin.
Yenə gülüşdük.
Onlardan ayrılıb
gəldim toy mağarına.
Bakıdan təşrif
buyuran qonaqlar xahiş etdilər ki, Qədir "Kəsmə-şikəstə" oxusun, ancaq oxumadı.
Dedilər ki, bəlkə onu sən razı salasan. Rəhmətlik sözümü yerə salmadı. Başladı, nə başladı. Hamı mat-məəttəl
qaldı. Qədir
"Kəsmə-şikəstə"ni elə yanıqlı, ah-naləilə oxudu ki, iraq olsun,
toy döndü yasa. Ağlayan kim, hönkürən kim. Rəhmətlik Qələm
xalanın təpkisi hamını qəflətdən
ayıltdı:
- Ə, bura yasa gəlmisiniz? Bu nə pəstəhadı?
Qədirdən xahiş etdim ki, "valı" dəyiş, keç
"Heyratı"ya... Məclisin
ab-havası dəyişdi.
Sonralar məlum
oldu ki, Qədir nəyə görə toylarda oxuduqlarını maqnitofona
yazılmasının əleyhinə
idi. İstəyirdi ki, onları studiyada lentə aldırıb, qızıl
fonda saldırsın. Əgər Qədir zərb-muğamlarımızı, "Kəsmə-şikəstə"ni, "Heyratı"nı, "Şirvan-şikəstəsi"ni
və digər mahnıları lentə yazdırsaydı, onlar heç də "Sona bülbüllər"dən
geri qalmazdı. Qədir bu niyyətin
həyata keçməsinə cəhd etdi,
amma heyiflər olsun ki, arzusu həyata
keçmədi...
...Toy bitdi. Hamı
dağıldı, yaxın dostlardan başqa. Səhərə yaxın idi. Gəldilər ki, Qədir
qardaşımla məni görmək istəyir. Getdik. Bizdən bir az aralıda işıq dirəyinin
altında
yığışıb siqaret çəkirdilər.
Yaxınlaşdıq. Qədir dedi:
- A qardaş, mənim sizinlə şərtim olub? Dedimmi ki, mən
tarla oxumayacağam. Oxudum? Yox! Ona
sifariş verən oldu ki, bir
tarı dınqıldat?
Yox! Nə oxumuşam, Eldarla - gitarayla toyu yola vermişəm. İndi o deyir, pulu qoy ortalığa,
dədə malı kimi bölək.
O dövr üçün çox böyük məbləğ
olan 4-5 min manat pul toplanmışdı. Sonra Qədir əlavə etdi:
- İki gün dəridən-qabıqdan
çıxıb sizin
xətrinizə o səviyyədə
toy keçirmişəm. İndi
buna bax, mənimlə şərik
olmaq istəyir.
Biz həmişə haqqın tərəfdarı
olmuşuq. Qədirə
dedim ki, tarçalana 100 manat ver. Bununla da söhbət
bitdi. Hamı dağılışdı.
1987-ci il idi. Hər il
olduğu kimi, avqust ayında məzuniyyətimi Ağdamda,
Şuşada keçirərdim.
Gəlişimi səbirsizliklə
gözləyən dostum
Allahverdi Bağırov
(Qəbri nurla dolsun!) qabaqcadan hazırlıq görürdü.
Vədələşmişdik. Ona məxsus olan restoranda yığışıb bulaq
üstünə getməli
idik. Rəhmətlik Sədi Məmmədov, əziz dostumuz Hafız Sədirzadə, Allahverdi, Ləvə və digərləri ilə birlikdə idik. Allahverdi həmişə olduğu
kimi, yüksək səviyyədə hazırlıq
görmüşdü: basdırma,
lüləkabab, tabakalar,
nərə balığından
basdırma və s. Yığışdıq ki,
maşınlarla yola düşək, dedilər,
Qədir bazarın yanındadır. Harayladılar,
Qədir arxaya dönüb bizə yaxınlaşdı, əsəbi
idi. Dedi, nə haray qopartmısınız,
xeyir ola? Məni görüb yumşaldı, qucaqlaşdıq,
görüşdük. Deyim
ki, Qədir, gəl, bizimlə gedək bulağa. Razılaşdı. Getdik Şuşaya, İsa bulağına. Orada olan insanlar yığışdı
başımıza. Rəhmətlik
Sədi başladı
oxumağa. Növbə
ilə Hafız, Qədir də oxudular...
Əbədiyyətə qovuşan Qədirə
Allah-Təaladan rəhm
diləyirəm.
Yaşar Hacı oğlu
Təzadlar.- 2012.- 19 yanvar.-
S.10.