Salam, 20 yanvar şəhidləri!

 

Şəhidliyimizin 22 yaşı da oldu! Bu illər necə sürətlə gəlib keçdisə, xəbərimiz də olmadı, Allaha and olsun...

Məlumunuz olsun ki, başqa günlər istisna olmaqla "20 yanvar" tarixində hələ ki, yad edilirsiniz, ildə cəmi bircə gün.

Bizləri bağışlayın ki, 22 il keçməsinə baxmayaraq, çox əfsuslar olsun, siz şəhidləri al-qana boyayıb, üstünüzdən tankları sürdürənlərdən hələ heç kimi məsuliyyətə cəlb edə bilməmişik. Amma elə bilməyin ki, adam tuta bilmirik...

Bir də, narahat olmayın, hadisədən elə də çox vaxt keçməyib, 22 il nədir ki?.. Təhqiqatlar, istintaq əməliyyatları da hələ bitməyib axı, uzağı 20-30 ilə hamısını tutub cəzalandıracağıq, arxayın olun..

20 Yanvar günü ulduz yarışmaları, Rəqsanə, Aygün Kazımova, Faiq, Samir kimilərini göstərən möhtəşəm telekanallarımız sizlərdən danışdı, ağlamalı proqramlar göstərdi, həzin musiqilər səsləndirdi.

Həmin gün sizlərin hesabına heç olmasa, onların sifətini görmədik.

Belə də biabırçılıq olarmı? Şəhidlərimizin qanı yerdə qalıb, torpaqlarımız işğal altındadır, hələ də soydaşlarımız əsirlikdədir, bütün bunlar barədə verilişlər hazırlayıb göstərmək, gənclərimizə vətənpərvərlik hissləri aşılamaq əvəzinə, səhərdən axşama qədər hansı kanalı açırsan, ya qol götürüb oynayırlar, ya da saz, ya da zurna-qaval çalırlar. Bizim haramıza və hansı günümüzə oynamaq yaraşır?

Unudulmaz şəhidlərimiz!

"Atəşkəs"imizi əvvəlki illərdə olduğu kimi, bu ilgöz bəbəyi kimi qoruyub saxlayacağıq. Onu pozub, sizlərin yuxusuna haram qata bilmərik, rahat yata bilərsiniz. Ancaq bu "Atəşkəs" dövründə də o qədər şəhid vermişik ki, sizlərin sayından çoxdur. Ermənilərin isə nə qədər şəhid verməsi barədə elə də məlumatım yoxdur.

Amma onu da deyim ki, hərdən yuxunuza haram qatırıq, yəni "Atəşkəsi" pozuruq. Yox, yox, elə bilməyin ki, ermənilərə hücum edib torpaqlarımızı azad etməyə başlayırıq, yox, belə etmərik, nə danışırsınız, gül kimi neçə illərdir sülh danışıqları aparırıq, deyirsiniz zəhmətimiz hədər getsin? Bu parta-part toylardan, nişanlardan, bayramlardan sonra düşür, narahat olmayın, siz rahat yatın, millətimiz kefdədir, kefdə...

Ona görə də belə atəşləri eşidəndə qorxmayın, deyirsiniz camaat kef eləməsin, bəs bu qədər pulları hara sərf eləsinlər?!

Nə isə, hələlik vəziyyət belədir. Torpaqlarımız da bilirsiniz ki, hələlik işğal altındadır. Bu vaxta qədər müqəddəs sülh danışıqlarından da bir müsbət xəbər yoxdur. Bu sülh danışıqlarına, gəlib-gedənlərə verilən qonaqlıqlara milyonlarla pul xərclənib, hansı ki, həmin pulla yüzlərlə tank almaq olardı.

Neçə illərdir deyirik ki, "lazım" gəlsə, torpaqları azad edəcəyik. Bu əjdaha ilində də çətin ki, o "lazım" qorxusundan gələ bilsin...

Gənclərimizin də təlim-tərbiyə, vətənpərvərlik hissləri ölüb getməkdədir. Bu hissləri aşılamalı olan telekanallarımız elə üzdəniraq verilişlər göstərirlər ki, sizlər onları görsəniz, qəbriniz od tutub yanar...

İndi hərə bir veriliş açıb millətin başını qatmaqla məşğuldur. Görün, vəziyyət nə həddə çatıb, azərbaycanlı kişisi "Toy olsun" verilişində deyir, elə arvad axtarıram ki, mənə və uşaqlarıma yiyə dursun.

Bir az da tıxac problemindən sizlərə məlumat verim. Bakıda tıxacın əlindən heç yerə getmək olmur, maşına benzin çatdıra bilmirsən.

Bakıda hazırda sabitlik olsa da, ara-sıra kriminal hadisələr, qazdan baş verən partlayışlar baş verir.

Hələ yaxşı ki, "Azəriqaz" səhmdar cəmiyyəti qapalı tipli cəmiyyətdir, yəni qazı qapayıb açıq havaya çıxmağa qoymurlar. Əgər "Azəriqaz" açıq tipli olsaydı, onda evimiz yıxılardı ki... yəni hər yerə qaz dolardı.

Yadımdan çıxmamış bir şad xəbəri nəzərinizə çatdırmaq istəyirəm. Keçən il "Eurovision" yarışmasının qalibi olduq axı. Bu ilin may ayında Bakı şəhərində həmin yarışma keçiriləcək.

Deyirlər, yarış ərəfəsində dünyada qədər "mavi"lər var gəlib burada parad keçirəcəklər. Əslində, o paradı öz qüvvəmizlə keçirə bilərik...

Bütün bunlara baxmayaraq, ölkədə güclü inkişaf gedir, özü bu inkişafın dünyada analoqu yoxdur...

Düzdür, bir "Tarif Şuramız" var, qiymətləri tez-tez qaldırır. Ancaq eybi yoxdu, inkişaf olan yerdə belə məsləhətdir yəqin.

Onu qeyd edim ki, imkansız ailələrə "ünvanlı sosial yardım" verilir. Ancaq elə ailələrə verilir ki, işləməsin, evi, maşını olmasın, yəni bir sözlə kirədə, ya da küçədə-zadda qalsın ki, o yardımı ona versinlər. Bax analoqsuz inkişaf buna deyirlər...

Yadımdan çıxmamış onu da nəzərinizə çatdırım ki, sovetin vaxtından banklarda qalan pulalrı nənələrimiz, babalarımız hələ ala bilməyiblər. Nefti, qazı olmayan kasıb ölkələr, hətta düşmən Ermənistan belə bu problemi çoxdan həll edib, bizdə isə hələ qalıb Allahın ümidinə.

Tamam unutmuşdum, sizlərin böyründə yerləşən "ANS" kanalında məzəli bir "Günəbaxan" verilişi hər səhər saat 10:00-dan günortaya qədər camaatı gic eləyir. Verilişin maraqlı tərəfi odur ki, yayım zamanı telestudiyada hər gün eyni adamlar tamaşaçılıq edir. Günortadan sonra isə həmin adamlar gedirlər başqa kanallardakı verilişlərə. özü hansı məsələ olur-olsun, o məsələyə qarışıb fikir söyləyirlər. Hərdən oynaq hava sədaları altında qalxıb süzürlər.

Elə bu sətirləri yazarkən, "Günəbaxan"ın" reklamında xəbər verildi ki, "Rəqsanəni döyən şəxs "Günəbaxan"da danışacaq", "Rəqsanəyə qarşı daha hansı ittihamlar irəli sürüləcək?", "Röyanı özündən çıxaran qrup haqqında o söyləyəcək?" s. 

Deyəsən, sizləri yordum axı, elə isə, di rahat yatın, Allah sizlərə rəhmət eləsin! Məni isə bağışlayın, "Günəbaxan" başlayır, gedim görüm Rəqsanə deyəcək?..

 

 

Eldar Əzizli

 

Təzadlar.- 2012.- 24 yanvar.- S.14.