Heykəltəraş Cəlal Qaryağdını unutmayaq

 

Onun yaradıcılığındakı monumentallıq diqqəti çəkəndir...

 

Azərbaycanın tanınmış heykəltəraşı Cəlal Qaryağdının özünəməxsus dəst-xəttə, üsluba malik olan, romantik ruhlu, ehtiraslı və cəsarətli plastik formalara meyl göstərən tişə ustası olmuşdur. Amma təəssüf ki, belə bir istedadlı rəssam-heykəltaraşın adını gənc nəsil lazımınca tanımır. Yəqin problem həm də ondadır ki, belə insanları lazımi səviyyədə tanıtmırıq.

Cəlal Qaryağdı hələ ibtidai məktəbdə oxuduğu zaman şəkil çəkmək işinə böyük həvəs və maraqla yanaşmışdır. Odur ki, məktəbi bitirdikdən sonra onu Bakıya-Rəssamlıq Texnikumuna göndərmişlər. Daha sonra isə o, öz təhsilini Tiflis Rəssamlıq Akademiyasında heykəltəraş İ.Nikoladzenin sinifində davam etdirmişdir. 1937-ci ildə Cəlal Qaryağdı Bakıya qayıtmış, elə həmin ildən də müstəqil olaraq yaradıcılıq fəliyyətinə başlamışdır. Bu dövürdə C.Qaryağdı barelyef sahəsində (A.S.Puşkinin, Şota Rustavelinin, barelyef portretləri) və fiqurlu plastika üzərində xeyli iş aparır.

Onun Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin lociyasında yerləştirilmiş heykəlləri qeyri-qanuni, təsadüfi bəzək təsiri bağışlamır, onlar tikintinin ideyasını açıqlayır və memarlıq baxımından bütöv bədii obraz yaradır. Burada heykəllərin kompozisiyaları bütövlüklə memarlıq abidəsinin ideyasından aslıdır və onunla sıx sürətdə bağlıdır. Cəlal Qaryağdı isə M.P.Vaqifin surətində ehtiraslı şair qəlbinin incə, lirik duyğularının incəliklərinə nüfuz etmək istəyini ifadə etmişdir. C.Qaryağdının portretlerindəki plastikanın impulsivliyini, temperamentliyini müqayisə etmək kifayətdir. C.Qaryağdının məsələnin həllinə yanaşma tərzinin özü başqa yaradıcılıq üsulundan xəbər verir. O, müharibə illərində çoxtirajlı qəzetdə hərbi rəssam kimi işləyərkən etdiyi cəbhə qeydlərində müharibədən sonrakı illərdə portret janrı sahəsində çalışan zaman istifadə etmişdi. Həmin dövrlərdəki işlərində heykəltəraş barelyefə böyük diqqət yetirir. O, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr olunmuş "Bizim dövrün Koroğlusu" barelyefini yaradır. Özünün ölçüsünə görə böyük olmayan barelyef monumentallıq cəhəti daşıyır. Döyüşçünün füquru doğru və ifadəli, obraz psixoloji baxımdan inandırıcı, emosionaldır. Plastik tərzin təmkinliyi formanı ümumiləşdirir və bununla yanaşı dərk edilmənin bütövlüyünə köməklik göstərir. Məhz bu illərdə C.Qaryağdının yaradıcılığında portretçilik siması formalaşır. Sənətkar naturanı ciddi tərzdə daim öyrənir, yalnız portret oxşarlığında deyil, həm də müasirlik mənəvi aləmini açıqlamağı vacib problem sayırdı.

 

***

 

Elmlər Akademiyasının Rəyasət heyətinin binasından Gənclik meydanına qədər yaşıllığa bürünmüş böyük bir sahə Nizami meydanının yaşıl kompleksi ilə üzvi surətdə birləşmişdir. Bu yaşıllığın yuxarı hissəsində düz qala divarlarının yanında kiçik bir bağ yerləşir. Hələ 1922-ci ildə memar Q.Əsgərovun layhəsi əsasında salınmış bu bağda böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin heykəli ucaldılmışdır (heykəltəraş Y.Kelixis, memar Y.Sirişev). 1950-ci illərdə bağın sahəsi daha da genişləndirilmiş, orada yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır. Bağın yenidən qurulması və qədim qala divarlarına açılan maraqlı görünüşü sayəsində ərazinin memarlıq təsiri daha da güclənmişdir. Şairin heykəltəraş Kelixis tərəfindən işlənmiş heykəli o qədər də uğurlu həll edilməmişdi və buna görə də şairə yeni abidə yaradılması zərurəti ortaya çıxmışdı. Bu işin də öhdəsindən heykəltəraş Cəlal Qaryağdı memarlar Q.Əlizadə və E.İsmayılovla birgə çox məharətlə gəlmişdi (1958).

Özündən əvvəlki heykəlin yerində yerləşdirilmiş bu abidə ölçüsünə, işlənmə üsuluna görə nisbətən kamera xarakterli olsa da, ətraf mühitlə, onu əhatə edən memarlıqla səsləşməsi baxımından uğurlu həll olunmuşdur. Hə İstiqlaliyyət küçəsinin qaynarlığı, nə Elmlər Akademiyasının qotika təm-tərağı, nə də qədim Qala divarlarının sərt görkəmi heykəlin görünüşünə xələl gətirmir. Ətrafında şairin dövrünə uyğun lampalar asılmış heykəl İçərişəhər divarlarının arxitektura tikintisinin estetik ifadəliyinə böyük təsir göstərir.

 

***

 

C.Qaryağdı görkəmli satirik şair M.Ə.Sabirin abidəsini heykəltəraş şairin "Bənzərsən bir qocaman dağa ki, dəryada durar" məşhur kəlamının təsiri ilə yaratmışdır. C.Qaryağdı abidəni təbii səpkidə həll etmiş, oturmuş halda verilən heykəli kiçik xiyabanın mənzərəsi ilə əlaqələndirməyə çalışmışdır. Əlində kitab xəyala dalmış şairin mülayim, düşüncəli, kədərli nəzərləri irəli dikilmişdir. Onun sifətində, oturuş tərzində, libasında milli cizgilər mühüm rol oynayır. Qaryağdının yaratdığı Sabir surəti dərin zəkalı, ictimai ədalətsizliyə qarşı barışmaz mübariz, vətənpərvər şair surətidir. Bu mübariz ruh heykəlin həm ümumi kompozisiyasında, həm də şairin məğrur simasında duyulur.

 

M.Ə.Sabirin abidəsi Cəlal Qaryağdının ən uğurlu əsərlərindən biridir və şəhərimizin mühitinə uyğunlaşmaqla ona özünəməxsus gözəllik verir. Abidənin müvəffəqiyyətinin əsas səbəblərindən biri, mən deyərdim ki, heykəlin ətraf mühitlə son dərəcə səlis qovuşması və harmonik bağlılığıdır.

 

***

 

Monumental heykəltəraşlığımızda möhtəşəmliyi ilə diqqəti özünə cəlb edən heykələrdən biri də Nəriman Nərimanovun heykəlidir. Bu abidəni heykəltəraşı C.Qaryağdı və memar T.Abdullayev çox məharətlə yaratmışlar. Yuksək bir təpənin üstündə ucaldılmış heykəlin postamenti heykələ nisbətən çox alçaqdı, ancaq bu abidə aşağıdan müşahidə ediləndə tam tarazlıq özünü göstərir. N.Nərimanovun obrazı heykəltəraş tərəfindən müəyyən mənada tam əhatə olunmuşdur. Onun xarakterik geyim tərzi iti nəzərlərlə irəliyə baxması hər bir xırda detallardan uzaq durmaqla əsas məqamı vurğulayan heykəltəraşın yaptıqlarında aydınca oxunur. Burada monumentallıq zahiri görünüşlə əlaqədar olmaqdan daha çox obrazların məzmun qarşısına qoyduğu məqsədini ucaldılan abidədə yerinə yetirdiyinin şahidi oluruq. Abidədə əllərin jesti, qamət, personajın mürəkkəb səciyyəsi plastik vasitələrlə verilib. Aydın məsələdir ki, 1970-cı illərdə bütün sovet vətandaşları, o cümlədən heykəltəraş Cəlal Qaryağdı da 1917-ci ildə baş verənləri inqilab kimi dərk və qəbul edirdilər. Burada heykəltəraşın Nərimanovun obrazında açıqladığı inam məhz oktyabr inqilabının qəti qələbəsinə olan inamı ifadə edir. Bu heykəli kommunist ideologiyasına qulluq edən bir insanın obrazı kimi qiymətləndirmək yanlış olardı, çünki Nəriman Nərimanov Azərbaycan ədəbiyyatı, maarifi, elmi və xalqı üçün böyük işlər görmüşdür.

 

***

 

Son zamanlar yüksək mərtəbəli binaların tikilməsi çox müsbət hal kimi qiymətləndirilir. Ancaq harda gəldi tikilənlər sənət adamlarını narahat etməyə bilməz N.Nərimanovun heykəlinin düz qarşısında yüksək mərtəbəli bina inşa edilib, bu da heykəlin kənardan görünüşünün qarşısını alır. Bununla da şəhər mühitində heykəltəraşlıq abidələrinin açıq-aydın pozulduğunun şahidi oluruq.

Qeyd edim ki, heykəltəraş Cəlal Qaryağdı həm də Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının da büstlərini yaradıb, üzeyir Hacıbəylinin, Yusif Məmmədəliyevin, Həzi Aslanovun ölümlərindən sonra gipslə maskalarını çıxarıb. Bəli, əsil sənətkar heç vaxt ölmür, çünki o, özündən sonra böyük sənət qoyub gedir. Heykəltəraş Cəlal Qaryağdı da belələrindəndir.

 

 

Afət Axundzadə,

sənətşünas

 

Təzadlar.- 2012.- 24 yanvar.- S.13.