"Azərbaycan
ədəbiyyatı Çingiz Abdullayevin
timsalında dünya ədəbiyyatında
özünəməxsus yeri tutub"
Vahid Aslan:
"Əgər amerikalı azərbaycansayağı əsərlər
yazmaq istəmirsə, biz niyə amerikansayağı əsərlər
yazmaq üçün özümüzü zorlayaq?!"
Yazıçı-publisist Vahid Aslanın "Təzadlar"a
müsahibəsi
-
Vahid bəy, bu gün qərbdə ədəbi proses cəmiyyətin
inkişafında mühüm təsirə malikdir. Xüsusilə,
maraqlı ədəbi əsər cəmiyyəti silkələyər,
geniş diskusiyalara səbəb olar və s. Sizcə, bizdə
niyə belə bir proses yaşanmır?
- Nəzərə alsaq ki, yaşadığımız
dövr özü qlobal mənada "İnformasiyalar müharibəsi"
dövrüdür, onda
sözün gücünü,
dolayısıyla ədəbi
əsərin gücünü
daha yaxşı anlayarıq. Əlbəttə ki, söhbət
sırf demokratik və sözün, fikrin azad olduğu
cəmiyyətdən gedir.
Belə bir cəmiyyətdə yazıçı da azad olur və
rastlaşdığı problemi
azad sözün və istedadının hesabına diqqət çəkən hadisəyə
çevirə bilir.
Beləliklə, yuxarıdan aşağı
mövcud cəmiyyətin
bütün zümrələri
yazarın ortalığa
qoyduğu əsərlə
hesablaşmağı özünə
borc bilir ki, bu da
həmin cəmiyyətin
özünün tezliklə
əsərdə qabardılan
problemlərdən azad
olub, inkişaf etməsində mühüm
rol oynayır. İndi gəlin haqqında danışmaq istədiyimiz
cəmiyyətlə, mühütlə
bizim Azərbaycan cəmiyyətini və ədəbi mühütini
müqayisə edək.
Elə buradan da sizin
sualınızın riyazi
dəqiqliklə hesablanmış
cavabını alardıq.
- Bütöv Azərbaycan
ideologiyası şəxsən
sizin yaradıcılığınızda
və ümumilikdə,
ədəbiyyatımızda yetərincə özünə
yer tutubmu?
- Yaradıcılığıma az-çox
bələd olanlar bilirlər ki, bu mövzu mənim
düşüncələrimin, o cümlədən əsərlərimin
ana xətti olub. Bu nöqteyi-nəzərdən
də hesab edirəm ki, bu sualı mənə
heç də təsadüfi vermədiniz.
Hələ 1989-cu ildən, yəni
Dağlıq Qarabağ
hadisələrinin başlandığı
dövrdən, eləcə
də o zamankı sovet ideologiyasının çürümə ərəfəsində
olduğu dövrdən
başlayaraq milli ruhda şeirlər yazırdım. 90-cı illərin əvvəllərindən
başlayaraq bu yazılar mənim üçün sistemləşdi
və geniş həcmli əsərlər
yazmağa başladım.
O zamanlar hələ tələbə idim və mətbuatda yetərincə olmasa da, çap olunurdum. Elə həmin dövrlərdən
də məni milli ruhda, Azərbaycanın
azadlığı və
bütövlüyü ruhunda
yazan bir yazar kimi tanıyırdılar.
Elə
ilk kitabıma ön söz yazmış Elçin İsgəndərzadə
də haqqımda bu yönümlü fikirləri daha çox qabartmışdı.
O ki qaldı sualınızın digər
hissəsinə, hesab edirəm ki, Abbas Abdulla demiş, mənim yaradıcılığım
ədəbi mühitdə
yetərincə sərgilənməyib
və layiq olduğu yeri tutmayıb. Necə deyərlər, inşaallah,
zaman hər şeyi və hər kəsi öz yerinə qoyacaqdır.
- Bəzən eşidirik ki, dünya qlobollaşır, vahidləşir,
hamı bir ailənin üzvü olur. Belə olan halda, milli ədəbiyyat da öz funksiyasını
başa vurmaqdadır.
Siz, bu fikirlə razılaşırsınızmı?
- Qloballaşma qaçılmazdır
və bu zamanın tələbidir.
Əslində isə mən
qloballaşmanın deyil,
kütləviləşməyin əleyhinəyəm. Çünki fikrimcə, şüurun və ağlın daşlaşdığı yerdən
məhz kütləviləşmə
başlayır. Vahidləşmə və ya hamının
bir ailənin üzvü olması da hələ sırf qloballaşmanın
məhsulu deyildir və bu tamam
başqa bir söhbətin mövzusudur.
Yəni qloballaşmanın müəllifi
daha çox zamandırsa və bu təbii prosesdirsə,
vahidləşmə daha
çox kütləviləşməyə
yaxın olan bir anlayışdır və mahiyyətcə avtoritar rejimin məhsuludur. Hansı ki,
biz keçmiş SSRİ-nin
timsalında belə bir ailənin sonrakı faciələrini
yaşadıq və hələ də yaşamaqdayıq. Elə ədəbiyyat
özü də mənsub olduğu cəmiyyətin bir üzvü olduğundan kütləviləşmə hər
zaman ədəbiyyata sağalmaz yaralar vurub. Neçə-neçə istedadlı yazar
zaman keçdikcə bu yaraların ağrısını çəkib.
Qloballaşma və milli ədəbiyyat məsələsinə
gəlincə, deməliyəm
ki, qloballaşma milli ədəbiyyatın sonu demək deyildir. Əksinə, qloballaşma müəyyən
mənada həm də milliləşməyə
təkan verən bir prosesdir. Əlbəttə ki, tarixi kökü daha dərin olan və ənənələri
daha zəngin olan xalqlar qloballaşma
dövründə üstünlük
əldə edirlər
və başqalarına
özünü diqtə
edən tərəfə
çevrilirlər. Bütün bunlara
rəğmən mən
qloballaşmadan qorxmuram
və inanıram ki, milli dəyərlərimizə
mənfi mənada elə də təsir etməyəcək.
Milli ədəbiyyatımız bu
ərəfədə layiqli
bir inkişaf dönəmi yaşayacaq.
- Azərbaycan ədəbiyyatının
dünya miqyasında tanınmamasının səbəblərini
bu amillə də bağlayırlar ki, ədəbi əsərlərimiz daha çox millidir və buna görə
də dünya ədəbi prosesindən kənarda qalıb...
- Görürsünüzmü, siz
ozünüz təsdiq
edirsiniz ki, ədəbiyyatımız qloballaşmaya
məhəl qoymadan milliliyini saxlayır. Bax elə bu cəhətin
özü bizi sevindirməlidir. Necə deyərlər,
hər kəs olduğu kimi görünəndə daha
maraqlı və daha güclü olur. Belə deyək, əgər
amerikalı azərbaycansayağı
əsərlər yazmaq
istəmirsə, biz niyə
amerikansayağı əsərlər
yazmaq üçün
özümüzü zorlayaq?!
Bəlkə "Nobel" mükafatı
alarıq, deyəmi?.. Nəzərə alsaq ki, dünyanın hər hansı bir nöqtəsində istedadla
yazılmış əsər
internet vasitəsilə öz
oxucusunu tapa bilir, onda elə
yazar üçün
ən böyük mükafat həmin oxucunun sevgisidir. Bu baxımdan, Azərbaycan
ədəbiyyatı elə
təkcə çingiz
Abdullayevin timsalında
dünya ədəbiyyatında
özünəməxsus yeri
tutub. Qaldı ki, dünya
ədəbiyyatı düzənində
Azərbaycan ədəbiyyatının
o qədər də geniş əraziyə malik olmamasına, bu, təkcə ədəbiyyatımızın və ya yazarlarımızın
günahı deyil.
Burada heç kimə gizli olmayan başqa amillər də var...
Elnur Eltürk
Təzadlar.-
2012.- 24 yanvar.- S.11.