Kəlbəcərsiz 20 il...

 

Artıq Kəlbəcərsiz doğulanlarımız gəlin köçür, ev-eşik sahibi olur. Bu Kəlbəcərsiz doğulub ailə quranlar Kəlbəcəri yalnız telekanallarda görürlər. Onların övladlarının ağlına isə Kəlbəcər adlı bir diyar ümumiyyətlə gəlmir...

Respublikanın 60-dan çox rayonuna səpələnən kəlbəcərlilərin qəbirləri də Azərbaycan boyu səpələnib. Bu insanlar çox vaxt doğmalarının xeyir-şərini belə, günlər keçəndən sonra eşidirlər. Maddi sərvətləri milyardlarla ölçülən kəlbəcərlilər bu gün xeyr-şər məclislərini də lazımınca yola verə bilmirlər. Onlar bu çətinliklərə dözsələr də, Kəlbəcərsiz dünyalarını dəyişmələrini heç bir şeylə müqayisə edə bilmirlər.

Mənim valideynlərim kimi. 1993-cü ildə Tərtərdə məskunlaşan anamı 2 il sonra itirdim. Məzarını Kəlbəcərə yaxın, Tərtər torpağına əmanət etdik. 19 il sonra atam Bakıda vəfat etdi. Onu da Tərtərə, Kəlbəcərə yaxın əraziyə apardıq. Başdaşına bu sözləri yazdım: “Nəşimi Tərtərə, üzümü qibləyə, yönümü Kəlbəcər tərəfə qoyun”. Məncə bu arzu təkcə mənim doğmalarımn yox, bütün yurd itirənlərin fəryadıdır.

Son dövrün statistikasından məlum olur ki, artıq o torpaqda doğulub, oranın şirinliyini varlıqlarına hopanların böyük əksəriyyəti dünyadan köçürüblər. Orta nəslin isə bir çoxu mühacirətdə, bir qismi biznesdə, bir qismi də məskunlaşdığı yerlərə qaynayıb-qarışıb ki, onları da artıq Kəlbəcər az maraqlandırır. Ola bilsin ki, bu ifadəmdən vətənpərvər insanlarımız hiddətlənsinlər. Amma etiraf etməliyik ki, böyük vətənpərvərlikdən hələ çoxumuzun o qədər də xəbəri yoxdur. Olsaydı, bu 20 ildə kəlbəcərlilərin kürəyinə yapışdırılan “qoyub qaçdılar”a bir tutarlı cavab verilərdi. Bunlar azmış kimi, siyasi avantüristlər erməninin, rusun, farsın və Türkiyədə kök salmış düşmənlərin əliylə işğal edilən torpaqlarımızın baiskarı kimi qaçqın və köçkünləri “qoyub qaçmaqda” ittiham etməkdədilər.

Yaxşı xatirimdədir ki, torpaqların işğala “hazırlanması” ərəfəsində birinci olaraq hakimiyyətə can atanlar vətənpərvər könüllüləri min bir bəhanəylə döyüşdən uzaqlaşdırırdılar. O könüllüləri ki, onlar Kəlbəcərin mühasirədə olmasına baxmayaraq, 1988-ci ildən işğala qədər qanları bahasına yurdlarını qoruyurdular. Bunu görən hakimiyyət hərisləri 1992-ci ilin payızından bu qüvvələri tərksilah etməyə başladılar. Yəni Kəlbəcərin müdafiəsini kəlbəcərlilərin əlindən alaraq, S.Hüseynovun dəstəsinin ixtiyarına verdilər. O S.Hüseynovun ki, Kəlbəcərin işğalıyla eyni vaxtda AXC-Müsavat hakimiyyətinə qarşı qiyama başlayaraq, ölkəni vətəndaş müharibəsinin bir addımlığına gətirdi. Yaxşı ki, rəhmətlik Elçibəy bunun baş tutmasına imkan vermədi. Hakimiyyət devrildi, S.Hüseynov isə xidmətinə görə baş nazir postu ilə mükafatlandırıldı. Aradan bir qədər keçəndən sonar rəhmətlik H.Əliyev S.Hüseynovun da “mükafatını” verdi... O, ömürlük həbs cəzasına məhkum olundu. Ancaq sonradan əfv edildi.

Bütün bunları bu gün hər bir kəlbəcərli xatırlayır. Sadəcə, onları rayonun işğal tarixlərində efirlərə çıxarıb yalan danışmağa vadar edirlər. Təəssüflər olsun ki, belə adamlara nəinki kəlbəcərlilər arasında, işğal olunmuş rayonlarımızın hər birində rast gəlmək olur. Bu insanları o vaxtkı icra başçılarını söydürməyə təhrik edib cəmiyyəti çaşdırırlar. Cəmiyyət isə fikirləşmir ki, müharibəni icra başçılarıyla deyil, hərbi kontingetlərlə edirlər. Bu efirə çıxardılanlar da ağızları köpüklənə-köpüklənə ağına-bozuna baxmadan döşüyürlər onların ünvanlarına.

İşğalın ilk illərində bir neçə kəlbəcərlini telekanallara çıxarıb günahı o vaxtkı icra başçısı İlham Həsənovun boynuna qoydular. Eyni ilə digər rayonların da işğal olunmasında icra başçılarını günahlandırdılar. Buradan belə nəticəyə gəlmək olur ki, torpaqları icra başçıları “təhvil veriblər”. Bu biabırçılığa heç olmasa indi son qoymaq lazımdır... Beləliklə də, ermənilərə haqq qazandırmış oluruq.

Bu gün heç kim demir ki, Laçının işğalından sonra Kəlbəcər düz bir il üç tərəfdən mühasirədə qaldı. Rayona gediş-gəliş Murovdağ aşırımından açılan dar bir cığırla tənzimləndi. Buna baxmayaraq, kəlbəcərlilər xəyanətə qədər torpaqlarına düşmən ayağının dəyməsinə imkan vermədilər. Paytaxtdan 450 km, ən yaxın rayonlarımızdan isə 150-160 km məsafədə yerləşən Kəlbəcərə hərbi kömək etmək digər regionlarımıza nisbətən çox çətin idi. Buna baxmayaraq, mərd oğullarımız qanları bahasına rayonu müdafiə edə bilirdilər. O vaxta qədər ki, bıçağı arxadan kəlbəcərlilərin kürəyinə sapladılar... Üç günün içərisində 60 min əhali ayaqyalın-başıaçıq qarlı Murov dağına tərəf qaçmağa məcbur oldu. Bu insanlardan bir çoxu qarlı Murovdağ aşrımında qırıldı, düşməndən namusunu qoruyan onlarla qız-gəlin ələ-ələ tütub özlərini Tərtər çayına atdılar… Beləliklə, qədim insan məskənlərini və alban-türk tarixini özündə yaşadan Kəlbəcər düşmən əlinə keçdi...

Təəssüflər olsun ki, bir dəfə də ayağı Kəlbəcərə dəyməyən “ziyalılar” var ki, işğal günlərinin yad edilməsi zamanı ekranlardan həqarətlər yağdırır, kəlbəcərlilərin torpağı “qoyub qaçdıqlarını” iddia edirlər. Hətta Kəlbəcəri kiçik bir dəstə ilə qorumağın mümkünlüyündən danışırlar. Həmin şəxslərə sözüm budur ki, Kəlbəcər coğrafi məkanına görə ermənilərin əhatəsində yerləşməklə yanaşı, həm də mərkəzdən 450 km aralıda idi. Külli Azərbaycan isə Şuşaya, Laçına, Xocalıya və digər işğal olunmuş ərazilərimizə Kəlbəcərə nisbətən həm yaxın, həm də birbaşa qapısı vardı. Elə isə niyə bu rayonların düşmən əlinə keçməsinin qarşısı alınmadı? Deməli, həqiqət kiminsə torpağı qoyub qaçmasında yox, ordusu olmayan bir ölkəyə birləşmiş düşmən qüvvələrinin basqınıdır. Sadəcə, bu müharibədə güc nisbətləri fərqli olduğundan uduzduq. Əsas səbəb isə, əsrlərdən bəri sərvətimizdə və coğrafi məkanımızda gözü olan rus imperiyasının düşmənçiliyi, fars iştahası, erməni xislətidir ki, bundan da hamımızın az da olsa xəbəri var. O da məlumdur ki, 1988-ci ildən bu günümüzə qədərki faciələrin kökündə yuxarıdakı amillərlə yanaşı, xəyanət də var. Nə qədər ki, bunu başa düşməyəcəyik, beynəlxalq aləm də bizi başa düşməyəcək. Bu gün rayonların işğal tarixlərini televkanllarda 2-3 dəqiqəlik süjetlə verməkdənsə, filmlər çəkilməlidir. Əks halda, Qarabağsız doğulanlarımızda ətraflı təsəvvürlər yaranmayacaq.

Rayonlarımıza dəymiş maddi zərər o vaxtın təqribi hesablamaları ilə aparıldığından mövcud gəncliyimizin bundan xəbəri yoxdur. Belə statistika ərazilərimizə dəymiş ziyanın miqyasını kiçildir. Təkcə son 20 ildə Kəlbəcərdən daşınan yeraltı faydalı sərvətlərimiz olan civə, qızıl, mərmər yataqlarıyla yanaşı, istisu, qiymətli ağac materialları itirdiklərimizdən qat-qat çoxdur. Deməli, Kəlbəcərə dəymiş maddi ziyan milyardlarla deyil, triliyonlarladır. Sərvətlərimizin tamamilə məhv olmaması üçün orduya hücum əmri verilməlidir. Bu əmrin vaxtı gecikdikcə nəinki Kəlbəcərə, ümumiyyətlə, Qarabağa, Göyçəyə qayıtmaq istəyənlər tükənəcəklər. Bu da nəticədə torpaqlarla birdəfəlik vidalaşmağa şərait yaradacaq. Nə qədər gec deyil, torpaqlarımızı azad etmək üçün döyüşə atılmalıyıq, nəinki əlimizdə dəsmal göz yaşı tökməliyik...

Heç kəsə sirr deyil ki, Suriyadan, Livandan, İraqdan və digər dövlətlərdən minlərlə erməni ailələri Laçına, Kəlbəcərə köçürülür. Bununla bağlı ölkə mətbuatı illərdir yazılar günəmə gətirir, təhlillər aparırlar. Artıq Qafqazda “Gənc PKK”çılar özəyinin yaradılması heç kəsə sirr deyil.

Qarabağ hadisələri vaxtı Ermənistanın Amo rayonundakı Zovuni kəndində xeyli sayda yezidi kürd ailələri qalıb yaşayırdılar. Bu gün həmin ailələr Dağlıq Qarabağa köçməyə başlayıblar. Onlar Kəlbəcər rayonunda “Nov Amo”, yəni “Yeni Amo” kəndini salıblar. Bu icmanın başçısı sayılan Kyalaş Avdalyanın yaydığı məlumata görə, artıq Kəlbəcərdə özlərini çox sərbəst ifadə edirlər. Əsasən maldarlıqla məşğul olan bu toplumun geniş ərazilərdə mal-qoyun sürülərini bəsləmələri üçün şəratin də olduğu məlumdur. Burada məskunlaşan kürdlər təlimatlandırılaraq guya Ermənistan rəhbərliyinin onlara qarşı laqeyd davranmasına görə onlar bu ərazilərə köçüblər. Nəzərə alsaq ki, onların hal-hazırda yaşadıqları ərazilər də ermənilərin nəzarətindədir, onda hansı diskriminasiyadan danışmaq olar? Onlar bir qədər də qabağa gedib beynəlxalq birlikləri çaşdırırlar.

Sitat: “40 ildi ki, problemlərimiz davam edir. Hakimiyyətlər dəyişir, rəhbərlər gəlir-gedir, amma dərdlərimizə çarə edən tapılmır. Buna görə də kəndi tərk edərək Dağlıq Qarabağa köçmək qərarına gəlmişik. Ora da əslində Ermənistanın nəzarətində olan ərazidir, amma düşünürük ki, qarabağlı ermənilər bizə problemlər yaratmazlar”, - deyə Draşar Tatursi bildirib.

3,2 milyon əhalisi olan Ermənistanda 40 min yezidi kürd yaşayır və yezidi icmasının sayı baxımından qonşu ölkə hətta həmin kürdlərin vətəni olan İraqı da geridə qoyub.

Özlərini “şərfədin” adlandıran yezidi kürdlərin Dağlıq Qarabağa köçünə gəldikdə isə, onlar ilk əvvəl Şuşada məskunlaşmaq istəyiblər. Hətta 5 ailə “kəşfiyyat” məqsədilə Şuşaya da gedib. Dağlıq Qarabağdakı separatçı rejim nəzarətdə saxladığı ərazilərdə kürdlərin kompakt yaşadığı məkanın yaranmasının gələcəkdə “biçarə haylara” nə kimi problemlər yarada biləcəyini anladığından, Şuşanın qapılarını kürdlərin üzlərinə bağlayıb.

Zovunini kürdlər daha sonra Hadrut, Ağdərə, Laçın, Zəngilan rayonlarını seçsələr də, hələlik mədəni şəkildə rədd cavabı alıblar və sonda Kəlbəcərdə qərarlaşıblar. Xankəndindəki rejimə isə Kəlbəcərin ucqar kəndlərində yezidi kürdlərin məskunlaşması bir çox baxımdan sərfəlidir.

Əvvəla, Kəlbəcər işğal ediləndən bəri həmin kəndlərdə ermənilər məskunlaşmayıblar və ən yaxşı halda oralarda hərbi postlar olub. Yezidi kürdlərin həmin məkanlara köçmələri isə rayonun indi qurdlar ulayan ərazilərinin canlanması deməkdir.

Bundan başqa, yezidi kürdlərin Kəlbəcərə köçü həm də “iqtisadi baxımdan” qarabağlı ermənilərin başağrısı olan, daim dotasiyalar hesabına yaşayan və sakinləri, yəni işğaldan sonrakı ermənilərin sayı çox az olan rayonda yerli təsərrüfatla iqtisadiyyatın inkişafına təkan verə bilər.

Xankəndindəki separatçı rejimin mənsubları ilə Ermənistan Yezidi Kürd Cəmiyyətinin lideri Həsən Tamoyan arasında aparılan danışıqlara görə, qarabağlı haylar Kəlbəcərə köçərək orada məskunlaşacaq yezidi kürdlər üçün məktəblər, uşaq bağçaları və poliklinikaya qədər hər şeyi vəd ediblər.

Son zamanlar İraqın şimalındakı uydurma Kürdüstan Muxtariyyətinə daxil olan şəhərlərdə yaşayan ermənilər də Ermənistan vətəndaşlığını qəbul ediblər. Onların sayı ən azından 10 min nəfərdir. Türkiyə, Suriya kimi dövlətlərdə müxtəlif cinayətlər törətmiş, terrorçu birliklərdə təmsil olunan və yaşadıqları dövlətə xəyanət etmiş minlərlə kürdlər son 15 ildə Ermənistan vətəndaşlığını qəbul ediblər. İndi Ermənistan hökuməti bu erməni və kürd vətəndaşlarından istifadə edərək Urmu vilayətində çox böyük bir silah bazarı yaradıblar. Bu silah qaçaqmalçılığından hər il orta hesabla Ermənistanın dövlət büdcəsinə 2 milyard dollar vəsait daxil olur. Bundan əlavə, Ermənistanda iqtidarda olan hərbi xuntanın rəhbərlərinin şəxsi cibinə isə ən azından milyardlarla dollar vəsait axır.

Ermənistan vətəndaşlığını qəbul etmiş kürdlər və ermənilər, eyni zamanda Pakistan, Hindistan və digər ölkələrdəki terrorçu təşkilatları silahlandırmaqla məşğuldurlar. Ermənistan ordusunda toplam 60 min nəfər xidmət etdiyi halda, bu dövlətin silah ehtiyatları ordunun sayından 15 dəfə artıqdır. Deməli, ordunun silahla təmin edilməsi siyasətinın ardında Orta Şərqdəki radikal terrorizmin silahlandırılması və bunun müqabilində böyük pulların qazanılması durur. Bu arada ABŞ-da fəaliyyət göstərən Amerika-Kürd İnformasiya Şəbəkəsinin internet saytından əldə etdiyimiz son məlumatda bildirilib ki, şəbəkənin xətti ilə bir qrup kürd Dağlıq Qarabağa göndərilib. Səfər “Manukyan Simon” Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilib. Məqsəd Ermənistan-Kürd Beynəlxalq Təşkilatının Dağlıq Qarabağ ofisinin açılışında iştirak etməkdir. Qrupa Əli Midhət adlı kürd rəhbərlik edib. Şuşada onları 1992-ci ildə Livandan Dağlıq Qarabağa gəlmiş 32 yaşlı Danelyan qarşılayıb. Bu xəbər isə “DQR”in internet saytında verilib. PKK-ASALA bu gün dünyanın terror məkanında mövqelərini möhkəmləndirmək və türklərə qarşı təxribatlar hazırlamaq məqsədilə səylərini birləşdiriblər. İraqda aparılan müharibə başa çatdıqdan sonra bu proses daha da sürətlənib.

Türkiyə və Azərbaycana düşmən kəsilən dövlətlərdə məskunlaşan PKK-çılar bu ərazilərdən “hücum” planları üzərində işləyirlər. Bu faktı separatçıların özləri də etiraf ediblər. Bir vaxtlar “Media TV” telekanalına müsahibə verən Abdulla Öcalanın Tehranda yaşayan qardaşı Hüseyn Öcalan PKK-nın dünyanın 26 ölkəsində dayaqları olduğunu iddia edib. O həmçinin Ermənistanda siyasi, iqtisadi, ideoloji “klinikalar”ın olduğu faktını da söyləyib. 2001-ci il noyabrın 17-də Texas ştatında, dekabrın 9-da isə Parisdə Kürd-Erməni Strateji Araşdırma İnstitutunun təşkil olunması buna əsas verir.

Fransada çap olunan “Bülleten-Paris” adlı məlumat kitabçasında (“Kürdlərin Paris bülleteni”) Parisdə kürd diasporunun tanınmış siyasi liderlərindən biri Əhməd Alim göstərir: “Yaratdığımız mərkəz əsasən MDB çərçivəsində məişət, siyasi, ictimai, hərbi durum haqqında strateji məlumat bazasıdır. Artıq mərkəzin İrəvan, Astana, Moskva ilə güclü informasiya əlaqələri var”. Hətta “Kürd günləri” konfransında çıxış edən ekspert Lətif Cinqelli çıxışında Qafqazdakı KİV-də çalışan əlaqələndiricilərinin sayının 26 nəfərdən 37 nəfərə çatdığı faktını da söyləyib. “Kürdüstan” agentliyinin Bağdad bürosunun açıqlamasına görə, MDB çərçivəsində, əsasən də Qafqazda “Gənc PKK-çılar”ın özəkləri yaranmaqdadır.

Göründüyü kimi, mətbuatın yazdıqları ondan xəbər verir ki, artıq torpaqların müharibə yolu ilə azad olması da hələ o qədər asan məsələ deyil. Bu, vaxt uzandıqca düşmənlər işğal olunmuş ərazilərimizdə güclənməklə torpaqların azad olmasının mümkünsüzlüyü görüntüsünü yaradır. Qalır milli birliyə nail olub Türkiyə ilə hərbi ittifaqın yaradılmasına nail olmaqla beynəlxalq aləmdə siyasi üstünlüyü ələ almağımıza, görəsən, edə biləcəyikmi?

 

 

Allahverdi Dönməz

 

Təzadlar.- 2013.- 2 aprel.- S.12.