Həsən Turabov anıldı

 

Aprelin 2-də Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti, iki dəfə dövlət mükafatı laureatı Həsən Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Gecəni Həsən Turabovun yaradıcılığı ilə bağlı giriş sözü ilə teatrşünas, professor Məryəm Əlizadə açdı. Sonra o söz mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə verildi. Ə.Vəliyev aktyorla keçirdiyi günləri və onun sənəti ilə bağlı xatirələrini tamaşaçılarla bölüşdü. Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov Həsən Turabovun həyat və yaradıcılığından danışdı. Gecədə Yazıçılar Birliyinin sədri Anar, kino xadimlərindən Şəfiqə Məmmədova, kinorejissor Eldar Quluyev və digər sənət adamları aktyorun həyatı və sənəti haqqında xatirələrini söylədilər.

Gecənin sonunda Həsən Turabovun çəkildiyi filimlərdən və teatr tamaşalarından fraqmentlər göstərildi. Həsən Turabovun ailəsi adından həyat yoldaşı aktyora göstərdikləri diqqətə görə gecənin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

 

 

Vəli Səmədli 

 

Təzadlar.- 2013.- 4 aprel.- S.12.